Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2290/2024 28.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli 401-K nömrəli əmrinin ləğv edilməsi və onunla bağlanmış əmək müqaviləsinə “öz istəyi ilə xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci il tarixindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin X1 həkim cərrahı vəzifəsində t/x leytenantı olaraq əmək fəaliyyətinə başlamışdır. Son vəzifəsi isə Müalicə Müəssisəsinin tibb xidməti cərrahiyyə şöbəsinin böyük həkim-cərrahı olmuşdur. xx.xx.2023-cü il tarixində Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdən “öz arzusu” ilə işdən çıxarılması üçün ərizə vermişdir. Ərizəsinə cavab olaraq ona göndərilmiş xx.xx.2023-cü il tarixli, 312/2023 saylı cavab məktubunda göstərilmişdir ki, ədliyyə orqanlarında xidmətə qəbul olunarkən öz üzərinə 10 təqvim ili müddətinə işləmək öhdəliyi götürmüş və bu səbəbdən də, işdən çıxmaq istəyi ilə bağlı müraciəti nəzərə alınmamışdır. Bundan sonra 29 iyul 2023-cü il tarixdə “öz istəyi” ilə ədliyyə orqanlarından xaric olunması üçün yenidən ərizə ilə Ədliyyə Nazirliyinə müraciət etmişdir. Müraciətindən sonra, yəni 03 avqust tarixindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli 401- K nömrəli əmri ilə intizam tənbehi alaraq ədliyyə orqanlarından xaric edilmiş və müdafiə nazirinin sərəncamına qaytarılmışdır. Hesab edir ki, heç bir intizam pozuntusuna yol vermədiyi halda ədliyyə orqanlarından xaric olmaq istəyinin intizam pozuntusu kimi qəbul edilməsi və bunun nəticəsində də, ona intizam tənbehi verərək ədliyyə orqanlarından xaric etmək qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasıdır. Bu səbəbdən də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli 401-K nömrəli intizam tənbehi əmri ləğv edilməli və ədliyyə orqanlarında öz istəyi ilə xaric olunmasına dair yeni əmr verilməlidir. Bundan əlavə, cavabdehin xx.xx.2023-cü il tarixli, 312/2023 saylı cavab məktubunda göstərdiyi ədliyyə orqanlarında xidmətə qəbul olunarkən öz üzərinə 10 təqvim ili müddətinə işləmək öhdəliyi götürməsi ilə bağlı mülahizələrini də, tamamilə əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının 24 mart 2000-ci il tarixli Qanununu ilə ratifikasiya edilmiş “İcbari əməyin ləğv edilməsi haqqında” 105 saylı Cenevrə Konvensiyasına əsasən, Konvensiyasını ratifikasiya edən bir Üzvü icbari və ya məcburi əməyi ləğv etməyi və onun hər hansı bir formasına müraciət etməməyi öhdəsinə götürür. Beləliklə, onunla bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin 6.2-ci bəndində qeyd edilmiş “ədliyyə orqanlarında 10 təqvim ili fasiləsiz işləmək” öhdəliyi yuxarıda göstərilən qanunvericilik aktlarının tələblərinə zidd olduğundan həmin bənd əsassız və qanunsuzdur.
3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli 401-K nömrəli əmrinin ona aid olan bəndinin ləğv edilməsini və onunla bağlanmış əmək müqaviləsinə “öz istəyi” ilə Azərbaycan Respublikası müdafiə nazirinin sərəncamına qaytarılmamaqla xitam verilməsi kimi dəyişdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 iyun 2009-cu il tarixli 130s saylı sərəncamına əsasən ali təhsil müəssisələrinin bakalavr pilləsinə tələbə qəbulunun hədləri təsdiq edilmiş, kadr çatışmazlığının aradan qaldırılması məqsədilə Azərbaycan Tibb Universitenin hərbi tibb fakültəsi üzrə bakalavr pilləsinə qəbul olacaq 90 nəfər tələbədən 20 nəfəri Ədliyyə Nazirliyinin tibb xidmətinin tələbatı üçün müəyyən edilmişdir. Bundan sonrakı illər müəyyən yazışmalar aparılaraq penitensiar xidmətin tibbi kadrlara olan ehtiyacı ilə bağlı həmin təhsil müəssisəsindən qəbul həyata keçirilmişdir. Kursant İddiaçı da penitensiar müəssisələrdə işləmək üçün dövlət sifarişi əsasında 2020-ci ildə təhsilini bitirərək müdafiə nazirinin şəxsi heyət üzrə 2020-ci il 19 iyun tarixli məxfi əmri ilə zabit hərbi rütbəsi verilərək həqiqi hərbi xidmətini davam etdirmək üçün ədliyyə nazirinin sərəncamına göndərilmişdir. İmtiyazlı əsaslarla tibb təhsili aldığı və ədliyyə nazirinin sərəncamına ezam edilmiş həqiqi hərbi xidmət zabiti olduğu üçün onunla baş idarə arasında müvafiq müqavilə bağlanılmış, o cümlədən İddiaçı 10 il ədliyyə orqanlarında işləmək öhdəliyini üzərinə götürmüşdür. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.9-cu maddəsinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinə uyğun olaraq kadr zabit heyətindən olan şəxslər öz arzusu ilə yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etdikdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. O, müvafiq əmrlə xx.xx.2020-ci il tarixdə ədliyyə orqanlarında daimi qulluğa qəbul olunmuşdur. Hərbi qulluqçu kimi ədliyyə nazirinin sərəncamına ezam olunması nəzərə alınaraq, Tibb baş idarəsi X1 həkim-cərrahı vəzifəsinə müsahibədən kənar təyin edilmişdir. Baş idarədə hərbi qulluq nəzərdə tutulmadığından ona müdafiə naziri tərəfindən verilən rütbəyə uyğun tibb xidməti leytenantı xüsusi rütbəsi verilmişdir. Həkim mütəxəssislərə ehtiyac olduğu üçün Müalicə müəssisəsi tibb xidmətinin Cərrahiyyə şöbəsinə ezam olunmuşdur. Müvafiq vakansiya yarandıqda o, Müalicə müəssisəsinin tibb xidməti Cərrahiyyə şöbəsinin həkimcərrahı vəzifəsinə təyin edilmiş və vəzifədə irəli çəkilərək xx.xx.2022-ci il tarixdən həmin şöbənin böyük həkim-cərrahı vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixdən tibb xidməti baş leytenantı xüsusi rütbəsində olmuşdur. Penitensiar müəssisələrdə mövcud vəziyyətlə bağlı həkimmütəxəssislərə ciddi ehtiyac olduğu nəzərə alınaraq İddiaçı qulluq keçməsinə xitam verilməsi barədə etdiyi müraciətinə “məsələyə hazırda baxılmasının mümkün olmadığı” məzmunlu cavab verilmiş, lakin o, qanunvericiliyin tələblərini və onunla bağlanılmış müqavilə şərtlərini, o cümlədən üzərinə götürdüyü öhdəliyi kobud şəkildə pozaraq xəstə məhkumlara kömək etməyə borclu olduğu halda işə gəlməyərək digər əməkdaşların işini çətinləşdirmiş, iş yükünün artmasına və ümumilikdə qurumda iş ahənginin pozulmasına səbəb olmuşdur. Əmək intizamını və etik davranış qaydalarının tələblərini pozduğuna görə xx.xx.2023-cü il tarixli əmrlə ona şiddətli töhmət verilmişdir. Lakin, o, intizam tənbehindən lazımi nəticə çıxarmayaraq qanunla müəyyən edilmiş əsas vəzifələrini yerinə yetirməmiş və xidməti intizamı kobud və mütəmadi pozduğuna görə xx.xx.2023-cü il tarixli əmrlə ədliyyə orqanlarından xaric edilmişdir. İddiaçı qulluğa qəbul edilərkən ilk dövrdə özünü müsbət tərəfdən göstərmişdir. Lakin, sonradan xidməti intizamsızlığa başlamış, iş yerinə gəlməmiş, üzərinə düşən vəzifəni yerinə yetirməkdən yayınmışdır. Qeyd edilməlidir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 34.3-cü maddəsinə görə hərbi qulluqçular müdafiə xarakterli işlərin yerinə yetirilməsi üçün həqiqi hərbi xidmətdə saxlanılmaqla dövlət orqanlarına, təşkilatlara ezam oluna bilərlər. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 84-cü maddəsinə əsasən hərbi qulluqçular həqiqi hərbi xidmətini davam etdirmək üçün qanunvericiliyə uyğun olaraq başqa qurumlara və əksinə ezam oluna bilərlər. İddiaçı ezam edilməsi barədə müdafiə nazirinin əmrində də, məhz həmin maddəyə istinad edilmişdir. Bundan başqa, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 77-ci maddəsinin altıncı hissəsinə uyğun olaraq mülki idarə, müəssisə və təşkilatlara ezam edilmiş hərbi qulluqçuların vəzifəyə təyin edilməsini və xidmət üzrə yer dəyişməsini həmin hərbi qulluqçuların ezamiyyətinin məqsədinə müvafiq olaraq mülki idarə, müəssisə və təşkilat rəhbərləri həyata keçirirlər. Yuxarıda qeyd edildiyi kimi, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.9-cu maddəsinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinə uyğun olaraq kadr zabit heyətindən olan şəxslər öz arzusu ilə yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etdikdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 40.3-cü maddəsinə əsasən zabitlər “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı (Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və s.) tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. İddiaçı hərbi və şəxsi işindən görünür ki, o, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmamışdır və həqiqi hərbi xidmətdə hesab olunduğu üçün və onun həqiqi hərbi xidmət müddəti 10 ildən az olduğundan və ehtiyata buraxılması üçün əsaslar mövcud olmadığından ədliyyə orqanlarından xaric edilərək Azərbaycan Respublikası müdafiə nazirinin sərəncamına geri qaytarılmışdır. Məlumat üçün bildirilmişdir ki, İddiaçı Azərbaycan Tibb Universitetinə daxil olduğu 2014-cü ildə keçid balı təxminən ödənişsiz 600-dən, ödənişli 450-dən yuxarı olduğu halda o, fakültəyə 304 balla qəbul olunaraq ödənişsiz əsaslarla təhsil almışdır. Həmin dövrdə isə təhsil haqqı 3000 (üç min) manat təşkil etmişdir. Qeyd olunanlara baxmayaraq o, əsassız iddialar qaldırmaqla dövlət tərəfindən onun təhsili üçün çəkilən xərcləri və güzəştləri də heçə saymış olur. Nəzərə alınmalıdır ki, hərbi tibb fakültəsi hərbi qulluqçu hazırladığından və kursantların həqiqi hərbi xidmətində hesab edildiyi üçün İddiaçı müddətli həqiqi xidmət keçməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edirlər ki, İddiaçı hərəkətləri dövlətin yaratdığı imkanlardan sui-istifadə edərək ədalətsiz qaydada tibb təhsili almaq üçün güzəştdən istifadə etmək, habelə müddətli hərbi xidmətdən və zabitlərin həqiqi hərbi xidmətindən yayınmaqdır. Qanunvericiliyə əsasən bu kimi mübahisələrə dair iddia müddətinin buraxılıbburaxılmadığı iddiaçının üzərinə düşür və məhkəmənin səlahiyyətinə aiddir.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. 7.Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasına əsasən o, xx.xx.2020-ci il tarixində Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbul olunaraq, Tibb Baş İdarəsinin X1 həkim-cərrahı vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə tutduğu vəzifədən azad olunaraq Müalicəmüəsissəsinin tibb xidməti Cərrahiyyə şöbəsinin həkim-cərrahı təyin edilmiş, xx.xx.2022-ci il tarixdə tutduğu vəzifədən azad olunaraq həmin şöbənin böyük həkim-cərrahı vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixdə əsas vəzifələri yerinə yetirməyərək xidməti intizamı kobud və mütəmadi pozduğunda görə “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu, 31.1.8-ci, 31.5-ci, 31.2-ci, 40.1.11-ci maddələrinə və “Ədliyyə oranları işçilərinin etik davranış Qaydaları”nın tələblərinə əsasən Ədliyyə Orqanlarından xaric edilərək Azərbaycan Respublikası Müdafiə Nazirinin sərəncamına qaytarılmışdır.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış “Ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilməsi barədə daxil olmuş müraciətinə baxılması barədə” xx.xx.2023-cü il tarixli 3-16-6/2-312/2023 nömrəli məktuba əsasən bildirilmişdir ki, o, imtiyazlı qaydada (keçid balı və ödənişsiz təhsilə görə), penitensiar müəssisələrdə işləmək üçün dövlət sifarişi əsasında Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə qəbul olunmuş, 2020-ci ildə orqanı hərbi həkim işi ixtisası üzrə bitirmiş, kazarma şəraitində hərbi xidmət keçmiş və təhsili başa vurduqdan sonra müdafiə nazirinin - əmri ilə tibb xidməti leytenantı hərbi rütbəsi verilməklə Ədliyyə Nazirliyinin sərəncamına göndərilmişdir. Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbul zamanı bağlanmış əmək müqaviləsinə əsasən o, 10 il ədliyyə orqanlarında işləmək öhdəliyini üzərinə götürmüş və barəsində müvafiq əmr verilmişdir. Müraciəti ilə bağlı onunla xidməti qaydada danışılmış, fakültəyə qəbul və təhsil almaq şərtləri, qulluq keçmədən irəli gələn güzəştlər, öhdəliklər, penitensiar xidmətdə ixtisaslı kadrlara olan ehtiyac bir daha diqqətinə çatdırılmışdır. Həmçinin, o, Tibb baş idarəsində qəbul olunmuş və müvafiq izahlar verilmişdir. Göstərilənlər nəzərə alınaraq müraciətinin təmini hazırda imkan xaricindədir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 401-K nömrəli xx.xx.2023-cü il tarixli “İntizam məsuliyyətinə cəlb etmə haqqında” əmrinə əsasən Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində xüsusi ali təhsil alaraq Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbul olunmuş Müalicə müəssisəsi tibb xidmətinin həkimləri İddiaçı, Natiq Nəzirlinin, Mirsadıq Əskərovun və 14 saylı cəzaçəkmə müəssisəsi Tibb-sanitar hissəsinin həkimi Fuad Həsənovun əmək intizamını kobud pozduqları müəyyən edilmişdir. Belə ki, onlar eyni xarakterli pozuntuya görə barələrində tətbiq olunmuş intizam tənbehlərindən lazımi nəticə çıxarmayaraq uzun müddət üzrsüz səbəbdən işə gəlməməklə xidməti vəzifələrini icra etməmişlər. Göstərilənlərə əsasən, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu, 31.1.8-ci, 31.5-ci, 32.1 -ci və 40.1.11-ci maddələrini və "Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nın tələblərini rəhbər tutaraq, 1. Qanunla müəyyən edilmiş əsas vəzifələrini yerinə yetirməyərək xidməti intizamı kobud və mütəmadi pozduqlarına görə: 1. Müalicə müəssisəsinin tibb xidməti Cərrahiyyə şöbəsinin böyük həkim cərrahı tibb xidməti baş leytenantı İddiaçı; ... ədliyyə orqanlarından xaric edilərək Azərbaycan Respublikası müdafiə nazirinin sərəncamına qaytarılmışlar.
11. Cavabdeh tərəfindən məhkməyə inzibati icraat materiallarının (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 130 s nömrəli, 09 iyun 2009-cu il tarixli sərəncamı, Azərbaycan Tibb Universitetinə güzəştli əsaslarla qəbul olunmuş şəxslərin (iddiaçı da, daxil olmaqla) siyahısı, iddiaçının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 363-K nömrəli xx.xx.2020-ci il tarixli “Tibb xidmətində təyinatları haqqında” əmri əsasında ATU-nun Hərbi tibb fakültəsinin məzunu kimi Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbul olunaraq əmrdə göstərilən vəzifəyə təyin edilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 61-S nömrəli xx.xx.2020-ci il tarixli “Ezamiyə haqqında” müalicə müəssisəsi tibb xidmətinin Cərrahiyyə şöbəsinə ezam olunması, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 38-K nömrəli, 05 avqust 2021-ci il tarixli “Təyinatlar haqqında” əmrinə əsasən iddiaçının Tibb baş idarəsinin Hospitalı Cərrahiyyə şöbəsinin həkim-cərrahı tibb xidməti leytenantı X3 tutduğu vəzifədən azad olunaraq Müalicə müəssisəsinin tibb xidməti Cərrahiyyə şöbəsinin həkim-cərrahı vəzifəsinə təyin edilməsi barədə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 29-K nömrəli, 01 iyun 2022-ci il tarixli “Təyinatlar haqqında” əmrinə əsasən Müalicə müəssisəsinin tibb xidməti Cərrahiyyə şöbəsinin həkim-cərrahı tibb xidməti leytenantı vəzifəsindən azad edilərək həmin şöbənin böyük həkim-cərrahı vəzifəsinə təyin edilməsi barədə, “Xüsusi rütbələrin verilməsi haqqında” əmrlərin, əmək müqaviləsi bildirişinin, iddiaçının müraciətlərinə cavab məktublarının, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin 25-K nömrəli 17 aprel 2023-cü il tarixli “İddiaçı intizam məsuliyyətinə cəlb edilməsi barədə” əmrinin (əmrə əsasən Müalicə müəssisəsinin tibb xidməti Cərrahiyyə şöbəsinin böyük həkim-cərrahı İddiaçı rəsmiləşdirmə olmadan “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nı kobud şəkildə pozaraq xx.xx.2023-cü il tarixdən işə çıxmadığından şiddətli töhmət verilmişdir), Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 401-K nömrəli xx.xx.2023-cü il tarixli “İntizam məsuliyyətinə cəlb etmə haqqında” əmrinin) surətləri təqdim edilmişdir.
12. İddiaçı tərəfindən məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq əmri əsasında Azərbaycan Respulikası Müdafiə Nazirliyinin sərəncamına göndərilmiş şəxslin sonradan onun Azərbaycan Respulikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə ünvanlanmış müraciəti əsasında sənədlərinin yenidən baxılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə geri qaytarılması barədə məktubun surəti təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
14. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
17. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər
18. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.
19. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.
20. Hazırkı iş üzrə işin hallarından müəyyən edilir ki, cavabdehin xx.xx.2023-cü il tarixli əmrindən iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə şikayət ərizəsi ilə müraciət edilmişdir.
21. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
22. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
23. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərilən qanunvericiliyin normaları ilə əsaslandırır.
24. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.
25. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
26. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
27. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
28. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.
29. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun: M a d d ə 1. Ədliyyə orqanlarında qulluq keçmə 1.1. Ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. 1.2. Ədliyyə orqanları işçilərinin qulluq keçməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş ədliyyə orqanlarının fəaliyyət prinsiplərinə əsaslanır. Ədliyyə orqanlarının işçiləri qulluq keçərkən qanunun tələblərini rəhbər tutaraq səlahiyyətləri hüdudlarında fəaliyyət göstərirlər. M a d d ə 2. Ədliyyə orqanlarında qulluq keçmənin hüquqi əsasları 2.1. Ədliyyə orqanlarında qulluq keçmənin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Qanun, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi, “İcra haqqında”, “İcra məmurları haqqında”, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “Notariat haqqında” Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları təşkil edir. 2.2. Ədliyyə orqanlarında qulluğa qəbul və qulluq keçmə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun vətəndaşların dövlət qulluğuna qəbul edilmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, bu Qanun və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir. M a d d ə 10. Ədliyyə orqanları işçilərinin əsas vəzifələri 10.0. Ədliyyə orqanları işçiləri vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 10.0.1. qanunvericiliyi və müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi normativ hüquqi aktları həyata keçirməli; 10.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 10.0.3. başqa ədliyyə işçilərinin işini çətinləşdirən, yaxud ədliyyə orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 10.0.4. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 10.0.5. lazım gəldikdə, öz ixtisası hüdudunda ədliyyə orqanının rəhbərinin göstərişi ilə əlavə iş görməli; 10.0.6. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən işdən çıxdıqdan və ya pensiyaya getdikdən sonra da saxlamalı; 10.0.7. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; 10.0.8. qulluq etdiyi ədliyyə orqanının rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə xarakterli məlumatları təqdim etməli; 10.0.9. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə işləməli və ya başqa vəzifələri icra etməli; 10.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli; 10.0.11. etik davranış və intizam qaydalarına əməl etməlidirlər. M a d d ə 31. İntizam məsuliyyətinin növləri 31.1. Ədliyyə orqanlarının işçisi bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 31.1.1. irad tutma; 31.1.2. töhmət; 31.1.3. şiddətli töhmət; 31.1.4. tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 31.1.5. aşağı vəzifəyə keçirmə; 31.1.6. xüsusi rütbənin bir pillə aşağı salınması; 31.1.7. vəzifədən azad etmə (bu halda ədliyyə orqanlarının işçisi müvafiq icra hakimiyyəti orqanının əmri ilə sərəncamda ola bilər və həmin müddət ərzində şəxsin ədliyyə orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, ədliyyə orqanlarında işə təyin edilir); 31.1.8. ədliyyə orqanlarından xaric etmə; 31.1.9. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə ədliyyə orqanlarından xaric etmə. 31.2. Ədliyyə orqanlarının işçisi intizam məsuliyyətinə cəlb edilərkən onun xidməti və şəxsi keyfiyyətləri, törədilən xətanın xarakteri, törədilməsi şəraiti və digər hallar nəzərə alınır. 31.5. Bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq yol verilmiş pozuntulara və ya bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş qulluqla bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. Maddə 32. Ədliyyə orqanları işçisinin intizam məsuliyyətinə cəlb edilməsi qaydası 32.1. İntizam tənbehlərinin tətbiqi müvafiq icra hakimiyyəti orqanının rəhbəri və ya onun müvafiq səlahiyyətlər verdiyi vəzifəli şəxslər tərəfindən həyata keçirilir. Maddə 40. Ədliyyə orqanlarında qulluq keçməyə xitam verilmə əsasları 40.1. Aşağıdakı əsaslar olduqda ədliyyə orqanları işçisinin qulluq keçməsinə xitam verilir: ... 40.1.11. ədliyyə orqanlarından xaric edildikdə;
30. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 34. Hərbi qulluqçular tərəfindən tutulmalı olan ştat vəzifələri 34.1. Bu Qanunun 34.5-ci maddəsində göstərilən hallardan başqa hərbi qulluqçular ştat vəzifələrində həqiqi hərbi xidmət keçirlər. 4.2. Hərbi qulluqçular tərəfindən tutulmalı olan ştat vəzifələri və bu vəzifələrə uyğun hərbi rütbələr hərbi hissələrin (gəmilərin, idarəetmə orqanlarının, idarələrin, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin) ştatlarında nəzərdə tutulur. 34.3. Hərbi qulluqçular müdafiə xarakterli işlərin yerinə yetirilməsi üçün həqiqi hərbi xidmətdə saxlanılmaqla dövlət orqanlarına, təşkilatlara ezam oluna bilərlər. Zabitlər xidmətlərini davam etdirmək üçün müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən beynəlxalq təşkilatlara ezam oluna bilərlər. 34.4. Hərbi qulluqçuların xidmətdə bir hərbi vəzifədən başqa hərbi vəzifəyə keçirilməsi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə tənzimlənir. 34.5. Hərbi qulluqçular ali zabitlər tərəfindən tutulmalı olan hərbi vəzifələrə, qanunvericilikdə başqa qayda nəzərdə tutulmamışdırsa, müvafiq icra hakimiyyəti orqanının təqdimatına əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunurlar.
31. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 84-cü bəndinə əsasən Hərbi qulluqçular həqiqi hərbi xidməti davam etdirmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrindən — Silahlı Qüvvələrin şəxsi heyət siyahılarından çıxarılmaqla Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və əksinə ezam oluna bilərlər. Hərbi qulluqçuların bu maddəyə uyğun olaraq ezam edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin rəhbərliyi arasında razılaşmaya görə hərbi qulluqçunun razılığı ilə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) yerinə yetirilir və müvafiq olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və həmin birləşmənin əmrləri ilə rəsmiləşdirilir.
30. Beləliklə qanunvericiliyin yuxarıda sadalanan normalarının işin faktiki halları ilə birgə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 iyun 2009-cu il tarixli 130s saylı sərəncamına əsasən ali təhsil müəssisələrinin bakalavr pilləsinə tələbə qəbulunun hədləri təsdiq edilmiş, kadr çatışmazlığının aradan qaldırılması məqsədilə Azərbaycan Tibb Universitenin hərbi tibb fakültəsi üzrə bakalavr pilləsinə qəbul olacaq 90 nəfər tələbədən 20 nəfəri Ədliyyə Nazirliyinin tibb xidmətinin tələbatı üçün müəyyən edilmişdir. Bundan sonrakı illər müəyyən yazışmalar aparılaraq penitensiar xidmətin tibbi kadrlara olan ehtiyacı ilə bağlı həmin təhsil müəssisəsindən qəbul həyata keçirilmişdir. Hazırki iş üzrə iddiaçı olan İddiaçı da, kursant olaraq, penitensiar müəssisələrdə işləmək üçün dövlət sifarişi əsasında 2020-ci ildə təhsilini bitirərək müdafiə nazirinin şəxsi heyət üzrə 2020-ci il 19 iyun tarixli məxfi əmri ilə zabit hərbi rütbəsi verilərək həqiqi hərbi xidmətini davam etdirmək üçün ədliyyə nazirinin sərəncamına göndərilmişdir. İmtiyazlı əsaslarla tibb təhsili aldığı və ədliyyə nazirinin sərəncamına ezam edilmiş həqiqi hərbi xidmət zabiti olduğu üçün onunla baş idarə arasında müvafiq müqavilə bağlanılmış, o cümlədən İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.9-cu maddəsinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinə uyğun olaraq kadr zabit heyətindən olan şəxs kimi öz arzusu ilə yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etdikdə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı üçün 10 il ədliyyə orqanlarında işləmək öhdəliyini üzərinə götürmüşdür. O, müvafiq əmrlə xx.xx.2020-ci il tarixdə ədliyyə orqanlarında daimi qulluğa qəbul olunmuşdur. Hərbi qulluqçu kimi ədliyyə nazirinin sərəncamına ezam olunması nəzərə alınaraq, Tibb baş idarəsi X1 həkim-cərrahı vəzifəsinə müsahibədən kənar təyin edilmişdir. Baş idarədə hərbi qulluq nəzərdə tutulmadığından ona müdafiə naziri tərəfindən verilən rütbəyə uyğun tibb xidməti leytenantı xüsusi rütbəsi verilmişdir. Həkim mütəxəssislərə ehtiyac olduğu üçün Müalicə müəssisəsi tibb xidmətinin Cərrahiyyə şöbəsinə ezam olunmuşdur. Müvafiq vakansiya yarandıqda o, Müalicə müəssisəsinin tibb xidməti Cərrahiyyə şöbəsinin həkim-cərrahı vəzifəsinə təyin edilmiş və vəzifədə irəli çəkilərək 01,06.2022-ci il tarixdən həmin şöbənin böyük həkimcərrahı vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixdən tibb xidməti baş leytenantı xüsusi rütbəsində olmuşdur. Penitensiar müəssisələrdə mövcud vəziyyətlə bağlı həkim-mütəxəssislərə ciddi ehtiyac olduğu nəzərə alınaraq İddiaçı qulluq keçməsinə xitam verilməsi barədə etdiyi müraciətinə “məsələyə hazırda baxılmasının mümkün olmadığı” məzmunlu cavab verilmiş, lakin o, qanunvericiliyin tələblərini və onunla bağlanılmış müqavilə şərtlərini, o cümlədən üzərinə götürdüyü vəzifə öhdəliyini yerinə yetirməyə borclu olduğu halda işə gəlməyərək digər əməkdaşların işini çətinləşdirmiş, iş yükünün artmasına və ümumilikdə qurumda iş ahənginin pozulmasına səbəb olmuşdur. Əmək intizamını və etik davranış qaydalarının tələblərini pozduğuna görə xx.xx.2023-cü il tarixli əmrlə ona şiddətli töhmət verilmişdir. Lakin, o, barəsində intizam tənbehi tətbiq edilməsinə baxmayaraq qanunla müəyyən edilmiş əsas vəzifələrini yenidən yerinə yetirməmiş və xidməti intizamı kobud və mütəmadi pozduğuna görə xx.xx.2023-cü il tarixli əmrlə ədliyyə orqanlarından xaric edilmişdir. İddiaçı hazırda ona aid olan bəndinin ləğv edilməsini və onunla bağlanmış əmək müqaviləsinə “öz istəyi” ilə Azərbaycan Respublikası müdafiə nazirinin sərəncamına qaytarılmamaqla xitam verilməsi kimi dəyişdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Halbuki, iş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçı öz istəyi ilə xidmətdən azad olunması barədə ərizə verdikdən sonra konstitusion hüququ olan inzibati və məhkəmədə müdafiə hüququndan istifadə etməmiş, əksinə işə gəlməməklə xidməti intizamı kobud və mütəmadi olaraq pozmuş, habelə barəsində xx.xx.2023-cü il tarixdə tətbiq olunmuş intizam tənbehi barədə əmri də, mübahisələndirməmişdir. Belə olan təqdirdə, iddiaçının “öz arzusu ilə” qulluqkeçmədən azad olunması barədə tələbi əsaslı hesab edilə bilməz.
31. Eləcə də, işin hallarından göründüyü kimi, iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq müdafiə nazirinin şəxsi heyət üzrə əmri ilə zabit hərbi rütbəsi verilərək həqiqi hərbi xidmətini davam etdirmək üçün ədliyyə nazirinin sərəncamına ezam edilmiş həqiqi hərbi xidmət zabiti olduğu üçün cavabdehin mübahisəli əmri onun ədliyyə orqanlarında qulluqkeçməsinə xitam verilməklə Müdafiə Nazirliyinin sərəncamına göndərilməsi hissəsində də, qanuni və əsaslı olmuşdur.
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
33. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
34. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
35. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva