Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2292/2024 11.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil və cavadbehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Valiyeviçin cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Valiyeviçin cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona güzəştli şərtlərlə 50 yaşından pensiya təyin edilmiş, 01 yanvar 2023-cü il tarixə kimi həmin pensiyanı almışdır. Daha sonradan pensiya məbləği heç bir əsaslı səbəb olmadan azaldılmış, tutulmalar aparılmışdır. Halbuki, pensiya aldığı dövrdən cavabdehin əvvəlki və yeni əməkdaşları tərəfindən yoxlanılmış, düzgünlüyü barədə aktlar tərtib edilmiş, ödəniş aparılmışdır. Odur ki, pensiyanın azaldılması və tutulma aparılması qanunsuz və əsassızdır. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya 12 fevral 2007-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilmişdir. İddiaçının 01 yanvar 2006-cı il tarixə ümumi iş stajı 32 il, güzəştli iş stajı 15 il olmuş, pensiya hesablanarkən 20 ildən artıq olan 12 ilə görə 24 faiz, 10 ildən artıq olan güzəştli iş stajına görə 5 faiz olmaqla orta aylıq əmək haqqının 99 faizi miqdarında məbləğ müəyyən edilmiş, 01 yanvar 2006-cı il tarixə orta aylıq əmək haqqına uyğun olaraq hesablanma aparılaraq məbləğ müəyyən edilmiş, məbləğ indeksləşdirilərək 1090,47 manat qeyd edilmişdir. Fərdi hesabın sığorta hissəsində 01 yanvar 2006-12 fevral 2007-ci il tarixədək dövr üzrə qeydə alınmış 2962,08 manat sığorta kapitalına əsasən pensiya məbləği 1161,04 manat təşkil etmişdir. Əlavə edilən pensiya məbləği indeksləşdirilərək və sonrakı yenidən hesablamalarla 31 dekabr 2022-ci il tarixədək 4407,12 manat ödənilməli olduğu halda, 1271,22 manat 31 dekabr 2022-ci il tarixədək 4986,89 manat məbləğində artıq hesablanmışdır. Odur ki, son üç tutulma ilə bağlı tələb də nəzərə alınmaqla 19396,36 manat məbləğində artıq ödənilmiş pul vəsaiti müəyyən edilmişdir və hər ay 510,43 manat tutulmaqla büdcəyə bərpa edilməkdədir. İddiaçının əmək pensiya məbləği 4423,78 manatdan indeksləşdirilərək 5074,07 manat təşkil etməkdədir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək əmək pensiyasının yenidən hesablanması barədə 26 aprel 2023-cü il tarixli qərarın ləğv edilməsini, artıq ödənilməsi qeyd edilən 19396,36 manat pul vəsaitinin tutulmasının qadağan edilməsini, tutulmuş 3062,58 manat pul vəsaitinin geri qaytarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan: Pensiya işində olan məktubda qeyd edilmişdir ki, ümumi iş stajınız 32 il, güzəştli iş stajınız 15 il təşkil etməklə pensiyada hesablama aparılmış və müəyyən edilmişdir ki, artıq əmək pensiyası hesablanmışdır. 19396,36 manat təşkil edən həmin artıq ödəmə hər ay üzrə 510,43 manat olmaqla pensiyaya bərpa edilməkdədir. Əmək pensiyasının yenidən hesablanması barədə 26 aprel 2023-cü il tarixli qərarda qeyd edilmişdir ki, hazırkı pensiya məbləği 5074,07 manatdır, 01 yanvar 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək isə ödənilməli olan pensiya məbləği 4407,12 manat təşkil edir. Cavabdeh tərəfindən mütəxəssis rəyi adı ilə təqdim edilmiş məktubda qeyd edilmişdir ki, 01 yanvar 2006-cı il tarixə ümumi iş stajı 32 il, güzəştli iş stajı 15 il olmuş, pensiya hesablanarkən 20 ildən artıq olan 12 ilə görə 24 faiz, 10 ildən artıq olan güzəştli iş stajına görə 5 faiz olmaqla orta aylıq əmək haqqının 99 faizi miqdarında məbləğ müəyyən edilmiş, 01 yanvar 2006-cı il tarixə orta aylıq əmək haqqına uyğun olaraq hesablanma aparılaraq məbləğ müəyyən edilmiş, məbləğ indeksləşdirilərək 1090,47 manat qeyd edilmişdir. Fərdi hesabın sığorta hissəsində 01 yanvar 2006-12 fevral 2007-ci il tarixədək dövr üzrə qeydə alınmış 2962,08 manat sığorta kapitalına əsasən pensiya məbləği 1161,04 manat təşkil etmişdir. Əlavə edilən pensiya məbləği indeksləşdirilərək və sonrakı yenidən hesablamalarla 31 dekabr 2022-ci il tarixədək 4407,12 manat ödənilməli olduğu halda, 1271,22 manat 31 dekabr 2022-ci il tarixədək 4986,89 manat məbləğində artıq hesablanmışdır. Yəni 12 fevral 2007-ci il tarixdə 1161,04 manat əsas götürülməli olduğu halda 1271,22 manat əsas götürülmüşdür. Ümumilikdə 3062,58 manat əmək pensiyasından tutularaq bərpa edilmiş, 01 dekabr 2023-cü il tarixdən tutulma dayandırılmışdır. Qalıq vəsait 16333,78 manat olmuşdur. Hazırda pensiya məbləği 5642,37 manat təşkil edir. Odur ki, son üç tutulma ilə bağlı tələb də nəzərə alınmaqla 19396,36 manat məbləğində artıq ödənilmiş pul vəsaiti müəyyən edilmişdir və hər ay 510,43 manat tutulmaqla büdcəyə bərpa edilməkdədir. İddiaçının əmək pensiya məbləği 4423,78 manatdan indeksləşdirilərək 5074,07 manat təşkil etməkdədir. İşin faktiki hallarından da görünür ki, iddiaçının tələbi əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi və onun hüquqi nəticələrinin aradan qaldırılması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş qərarın həm mahiyyəti üzrə, həmçinin də prosessual baxımından əsassız olduğu qənaətindədir. İddiaçı hesab edir ki, cavabdeh ümumiyyətlə qərarı qəbul etməzdən əvvəl iddiaçının dinləmə hüququnu təmin etməmiş, iddiaçını məlumatlandırmamış, bununla da onun hüquqlarını pozmuşdur. Məhkəmə icraatı zamanı təqdim olunmuş sənədlərdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanaraq azaldılması barədə qərar cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir. Qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: -fiziki və ya hüquqi şəxsin ərizəsi; -inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; -inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə əmək pensiyasının yenidən hesablanmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul etsə də, həmin qərar “İnzibati icraat haqqında” Qanunun tələblərini pozulmaqla qəbul edilmişdir. Bir daha qeyd olunur ki, cavabdeh iddiaçının dinləmə hüququ təmin etməli olduğu halda, onun inzibati araşdırmaya dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmışdır ki Bu səbəbdən Məhkəmə hesab edir ki, əmək pensiyasının yenidən hesablanması haqqında 2 qərar prosessual baxımından əsassız olduğundan, ləğv olunmalıdır. Məhkəmə əmək pensiyasının azaldılmasına yönəlmiş həmin yenidən hesablama barədə qərarın ləğvinin prosessual əsasları ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, inzibati icraatla bağlı oxşar prosessual normalar, eyni zamanda inzibati məhkəmə icraatı ilə bağlı da mövcuddur. Belə ki, AR İPM-nin: 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.1. Məhkəmə qərarı aşağıdakı hissələrdən ibarət yazılı formada tərtib edilməlidir: 69.1.3. əsaslandırma hissəsindən; 9.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. İnzibati prosessual qanunvericiliyin inzibati məhkəmə icraatının işin mahiyyəti üzrə nəticələrini əks etdirən yekun qərarının tərtib edilməsi ilə bağlı məcburi normalarının tələbindən də göründüyü kimi məhkəmə yekun nəticəyə gələrkən, o cümlədən şəxsin iddiasının rədd edilməsi kimi iddiaçıya münasibətdə əlverişsiz olan nəticəyə gələrkən öz qərarında mövqeyini əsaslandırdığı səbəbləri göstərməli, faktlar və sübutlara əsaslanmalıdır. Qərarın əsaslandırma hissəsində isə faktlar və sübutların qiymətləndirilməsi əks etdirilməli, məhkəmə hansı səbəblə iddianın təmin, o cümlədən rədd edilməsinə qiymət verməlidir. Eyni zamanda oxşar normalar inzibati icraatı həyata keçirən inzibati orqanın qərar qəbul edilməsinə münasibətdə də öz əksini tapmışdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun: 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi məhkəmə qərarında olduğu kimi inzibati aktın qəbulu zamanı da, həll edilən məsələnin dəqiq göstərilməsi, aydın və anlaşılan olması, əsaslandırılmalı olması, əsaslandırma zamanı faktiki və hüquqi halları, bununla bağlı sübutların qiymətləndirilməsi mütləq şərt kimi göstərilmişdir. Qeyd olunmalıdır ki, inzibati icraat haqqında qanunvericiliklə inzibati aktın əsaslandırılmasına inzibati orqanın borclu olmaması kimi ayrıca müddəada nəzərdə tutulsa da, hazırkı növ işlər üzrə hesablamanın həmin şərtlər daxilində olması istisna edilir. Odur ki, məhkəmə hesab edir ki, necə ki, pensiya təminatı ilə bağlı iddialarda daxil olmaqla məhkəməyə daxil olan iddia ərizəsinin mahiyyətinə qiymət verilən zaman, eləcə də iddia rədd edilən zaman, rədd edilmənin əsaslandırılması məhkəmə tərəfindən inzibati prosessual qanunvericiliyin tələbləri əsas götürülməklə həyata keçirilir, inzibati orqan tərəfindən də inzibati icraat haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla əsaslandırma olmalıdır. Necə ki, heç bir əsaslandırma olmadan iddia tələbi rədd edilsin, çünki belə hesab edirəm formasında birinci instansiya məhkəməsinin yekun qərarı yuxarı instansiya məhkəməsi tərəfindən mahiyyəti düzgün olsa belə ləğv üçün əsasdır, eləcə də cavabdehin heç bir əsaslandırma olmayan əmək pensiyasının yenidən hesablanması barədə qərarı mahiyyət baxımından gəlinən nəticə düzgün olsa belə prosessual baxımından ləğv edilməlidir. Həmçinin, qeyd edilməlidir ki, inzibati icraatla bağlı qanunvericiliyin aydın tələbidir ki məlumatlandırma aparılmaqla, yəni, şəxs barəsində açılmış inzibati işlə bağlı şəxsə xəbər verilməklə inzibati icraat aparılmalı, indiki halda şəxs pensiya təyin etmiş orqana çağrılmalı, ya da iştirakı digər vasitələrlə təmin edilməli, maraqlı şəxsin izahatı dinlənilməli, ehtimal olunan azaldılmanı istisna edə biləcək halların mövcudluğu həmin şəxsin iştirakı ilə araşdırılmalı, daha sonra bu barədə qərar qəbul edilməlidir. Hazırki halda inzibati prosessual qanunvericiliklə tərəfin iştirakı olmadan, məlumatlandırma aparmadan qəbul ediləcək qərar hüququ baxımından mahiyyəti üzrə düz olsa belə inzibati orqanın qərarının inzibati icraat baxımından qanuniliyindən söhbət gedə bilməz. Necə ki məhkəmə inzibati məhkəmə icraatı gedişində iddiaçıya yardım edirsə, onu dinləyirsə, ərizə və izahatlarına qiymət verirsə, məhkəmə hesab edir ki, həmin tələblər inzibati orqan üçün də keçərlidir. Bu zaman heç bir izahat alınmadan, məhkəmə iclası keçirilmədən şəxs dəvət edilmədən məhkəmə qərarı mahiyyəti baxımından düz olsa da, necə ki prosessual baxımından qanunilik meyarından uzaqdırsa, məlumatlandırma aparmadan, inzibati orqanın maraqlı şəxs barəsində çıxardığı qərarın da qanuniliyindən, mahiyyəti baxımından düz olsa da söhbət gedə bilməz. Məqsəd isə konkretdir. maraqlı şəxs, xüsusi ilə də hazırki halda pensiya alan şəxs (iddiaçı) pensiya məbləğinin azaldılması və ya dayandırılması barədə pensiya məbləğinin azaldılmasını pensiya kartından pul çəkərkən müəyyən etməsin, ehtimal olunan azaldılma barədə əvvəlcədən məlumatlı olsun ki, minimum yaşayış üçün nəzərdə tutulmuş məbləğin azaldılmasına münasibətdə həyat tərzini, maddi ehtiyaclarla uyğun məbləğ bölgüsünü əvvəlcədən müəyyən edə bilsin. Halbuki, cavabdehin mübahisələndirilən pensiyanın yenidən hesablanması barədə qərardan görünür ki, qərarda təyin edilmiş pensiya məbləğinin əvvəlki dövrlər üzrə alınmalı olduğu məbləğ və indiki aldığı məbləğ qeyd edilmiş, hər hansı əsaslandırma nəzərə alınmadan pensiya məbləği öz əksini tapmışdır. Beləliklə Məhkəmə belə nəticəyə ki, əmək ləğv edilməsi ilə bağlı qərar mahiyyəti etibarı ilə hətta əsaslı olsa belə, inzibati orqan inzibati icraatı qanunvericiliyin tələblərinə riayət etmədən apardığından və nəticədə qərar qəbul etdiyindən, həmin qərar (əmək pensiyasının ləğv edilməsi barədə) ləğv edilməlidir. Qeyd olunmalıdır ki, işin birmənalı həlli üçün məhkəmə mahiyyəti üzrə cavabdehin pensiyanın azaldılmasına yönəlmiş hərəkətlərinin qanuniliyi əlavə araşdırılmış, təqdim edilən sənədlərlə də pensiya məbləğinin düzgün hesablanıb-hesablanmaması aydın olmamış, məhkəmə cavabdehin aldığı rəqəmlərin daha konkret düzgünlüyü ilə bağlı daha da irəli araşdırmanın aparılmasının, cavabdehin etməli olduğu inzibati icraatın məhkəmə müstəvisində edildiyi nəticəsinə gəlinməsinə əsas olmaması nəzərə alınmaqla yekun məhkəmə aktının iddiaçının xeyrinə olması barədə qənaətə gəlmişdir. Qeyd olunmalıdır ki, cavabdehin mütəxəssis rəyi adlanan məktubunda pensiyanın hansı qaydada hesablanması ilə bağlı izah verilməyə çalışılsa da, yenə də məbləğin alınmasına əsas olmuş məlumatlar (pensiya kapitalının hansı qaydada hesablanması, stajların hesablanması, hansı qaydada indeksləşdirmənin aparılması və s) aydın olmayaraq qalmış, inzibati icraatın düzgün aparılmadığı hər bir halda müəyyən edildiyindən həmin məlumatların təkrarən düzgün təqdim edilməsinə zərurət müəyyən edilməmişdir. Göründüyü kimi əmək pensiyasının yenidən hesablanması barədə qəbul edilmiş qərar hər bir halda ləğv edilməlidir. Məhkəmə, iddianın ikinci hissəsinə (pul məbləğinin qaytarılması və tutulmanın qadağan edilməsinə) münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Nəzərə alınmalıdır ki, iddiaçının həmin tələbi İPM-nin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. İnzibati hüquq münasibətlərini tənzmiləyən İnzibati Prosessual Məcəlləsinin: 2.2.1.Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə diqqətə çatdırır ki, mübahisələndirmə haqqında iddia İPM-nin 2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən biri olmaqla, inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsini ehtiva edir. Nəzərə alınmalıdır ki, bu növ iddialarda qüvvədə olan qanunvericilik vətəndaşlara inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması barədə ərizə ilə müraciət etmək hüququ vermişdir. Buna misal kimi hazırki iddia ilə mübahisələndirilən halı, yəni pul məbləğinin qaytarılması və artıq ödəmə adı ilə ödənilməsi tələb edilən pul məbləğinin tutulmasına yönəlmiş hərəkətlərin qadağan edilməsini, həmçinin də iddiaçının almalı olduğu, lakin əmək pensiyasının yenidən hesablanması barədə qərar səbəbi ilə ala bilmədiyi, hesablama əvvəlki rəqəmlər nəzərə alınmaqla hesablanmalı olan əmək pensiyasının yenidən hesablanması barədə qərar nəzərə alınmamaqla ödənilməmiş pensiya məbləğinin ödənilməsini əsas gətirmək olar. Belə ki, iddia tələbinin əsasında inzibati aktın (qərar) ləğvi dayanır. İddiaçı həmin inzibati aktın, yəni əmək pensiyasının yenidən hesablanması barədə qərarın icra olunması nəticəsində meydan gəlmiş nəticənin aradan qaldırılmasını arzulayır. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi ilə qərar ləğv olunduğundan, inzibati aktın icrasının nəticəsinin aradan qaldırılması məqsədi ilə iddiaçının pul məbləğinin qaytarılması və tələb edilən məbləğin tələb edilməsinin qadağan edilməsi, ödənilməmiş pensiya məbləğinin ödənilməsi cavabdeh tərəfindən təmin olunmalıdır. Tutulmuş pul məbləğinin geri qaytarılması və artıq ödəmə adı ilə tutulması nəzərdə tutulan pul məbləğinin tutulmasının qadağan edilməsinə münasibətdə, məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, hətta əmək pensiyasının yenidən hesablanması barədə qərar qanuni və əsaslı olsaydı belə əlavə ödənilmiş məbləğin geri qaytarılmasından, buna münasibətdə tutulmaların aparılmasından söhbət gedə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun: Maddə 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə iddiaçının əmək pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmir. Qeyd olunan hal isə pensiya orqanına artıq ödənildiyi ehtimal edilən məbləğin məhkəmə qaydasında geri tələb edilməsinə dair iddia qaldırılmasına əsas verir. Lakin, məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçı hazırkı iddia tələbi ilə pul tutulmalarının aparılması ilə bağlı cavabdehin hərəkətlərini mübahisələndirir və tələb bir hissədə pul məbləğinin tutulmasının qadağan edilməsi və məbləğin geri qaytarılması ilə bağlıdır, məhkəmə cavabdehin iddiaçıdan pul məbləğinin tutulması ilə bağlı hərəkətlərinin qanuni olub-olmamasına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsi ilə tələb olunan yeni məhkəmə mübahisəsinin yaranmaması, prosessual qənaət prinsipləri nəzərə alınmaqla qiymətləndirməsini zəruri sayır və ümumilikdə iddia tələbinin göstərilən qadağan etmənin tətbiq edilməsinin qanuni olub-olmaması ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Yuxarıda qeyd edildiyi kimi hər nə qədər hazırkı mübahisənin həlli ilə bağlı tələbin qanuniliyi baxımından həll edici əhəmiyyət daşımasa da pensiya təyini qərarının və faktiki xarakterli hərəkətlərinin hüquqi nəticələrinin mövcudluğu baxımından əhəmiyyət daşıyır. Aydın məsələdir ki, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır.Qanunsuz inzibati aktın ləğvi isə onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edib-edə bilməməsindən asılıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda adıçəkilən müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, cavabdeh rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasına dair məhkəməyə müraciət oluna bilər. Lakin işin faktiki hallarından göründüyü kimi qeyd olunan halların heç biri mövcud olmamışdır ki, iddiaçının cavabdehdən asılı olmayan hallar nəticəsində əmək pensiyası artıq ödənilmişdir ki, məhkəmə hesab edir ki, iddiaçıdan ödənişin tutulmasına əsas yarada bilməz. Belə ki, əmək pensiyasının ehtimal olunan artıq ödənilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçı onun pensiya məbləğinə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Beləliklə, maraqlı şəxs kimi iddiaçı etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya təyin edilməsi, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, iddiaçının səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun tutulması əsası da mövcud olmayacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə və ya faktiki xarakterli hərəkət qanunsuz əlverişli hərəkət hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə də ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq pulun tutulması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, qərar əlverişli inzibati aktların və ya inzibati orqanın əlverişli xarakter daşıyan hərəkətlərinin iddiaçıya pul ödənişinin həyata keçirilməsi ilə nəticələnən hüquqi nəticəsinin aradan qaldırılmasına yönəldiyindən, əlverişli inzibati aktın isə hazırkı işin faktiki halları nəzərə alınmaqla hüquqi nəticələrinin aradan qaldırılmasına yol verilmir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə Məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi inzibati orqan tərəfindən səhv hesablama nəticəsində artıq pensiya ödənilsəydi belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yol verilməzdir. Göründüyü kimi əmək pensiyasının artıq hesablanması şəxsin ziyanına şərh olunacağı halda belə, həmin hərəkətin əlverişli hesab edilməsi xarakteri aradan qalxmır və hazırkı faktiki hallar nəzərə alınmaqla iddiaçının etimad hüququna istinad etməsi istisna olunmadığından hazırkı tələb göstərilən hissədə də təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, əmək pensiyasının yenidən hesablanmasının düzgünlüyü qəbul edilmiş, lakin əaslandırılmamış əmək pensiyasının yenidən hesablanması barədə qərarla müəyyən edilmir. Odur ki, həmin əsaslandırılmamış əmək pensiyasının yenidən hesablanması barədə qərar ləğv edilməlidir. İddiaçıdan həmin qərarın qəbulunun nəticəsi kimi tutulması nəzərdə tutulan pul vəsaitinin tutulması qadağan edilməli, tutulmuş pul vəsaiti isə geri qaytarılmalıdır. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş İddiaçı Valiyeviç barəsində qəbul edilmiş 26 aprel 2023-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar ləğv edilsin. Artıq pensiya ödəməsi adı ilə 19396,36 manat pul vəsaitinin iddiaçıdan tutulması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qadağan edilsin. Artıq ödəmə adı ilə tutulmuş 3062,58 manat pul vəsaitinin iddiaçıya geri qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-2292/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2292/2024
11.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver