Məhkəmə qərarları › İş №2-1(112)-2293/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2293/2022

26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2293/2022 26.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı (üçüncü şəxs: X14, X18 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 Ağasəməd oğlunun, İddiaçının nümayəndəsi (vəkili) Vəkil2, Cavabdehin nümayəndəsi X16, Cavabdehin nümayəndəsi X10, Üçüncü şəxs X4 nümayəndəsi (vəkili) Vəkil3, Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X17 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı (üçüncü şəxs: X14, X18 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfatı Departamentin 05.02.2021-ci il tarixli 05 saylı Sərəncamının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi 03.09.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. 17.11.2021-ci il tarixli məhkəmə iclasında X14 hazırkı inzibati iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. 11.02.2022-ci il tarixli məhkəmə iclasında X18 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi hazırkı inzibati iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum X11 1968-ci ildə X19 ilə rəsmi nikaha daxil olmuşlar. Həmin nikadan İddiaçı 05.05.1973-cü ildə dünyaya gəlmişdir. Ailə Bakı şəhəri ünvan 1 ünvanda yerləşən yaşayış sahəsində yaşamışlar. Daha sonra tərəflər arasında rəsmi nikah pozulmuşdur. Mərhum K.D.İvlev bundan sonra ikinci dəfə X20 ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan cavabdeh X14 08.03.2003 il tarixdə dünyaya gəlmişdir. Mərhum X11 X20 ilə bir gündə 19.04.2020-ci il tarixdə dünyasını dəyişmişlər. Mərhum X11 dünyasını dəyişdikdən sonra İddiaçı tələbi ilə onun adına 12 saylı notariat kontorunda vərəsəlik işi açılmışdır və bu barədə atadan bir olan qardaşı A.K.İvlevə məlumat verilmişdir. Məqsəd mərhum atasından qalan əmlakı digər vərəsə olan X15 ilə aralarında məcburi pay altında bölgüsünün təmin edilməsi olmuşdur. Eyni zamanda, vərəsəlik işinin qanuna uyğun həll olunması məqsədi ilə həm İddiaçı nümayəndəsi A.A.Səmədov, həmdə 12 saylı notariat kontoru tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinə, həmin mənzil balansda olduğu Mənzil Kommunal Təsərrüfat Departamentinə, 158 saylı MKİS-ə müvafiq soğular və məktublar göndərilmişdir. Həmin məktub və sorğulara bir-birinə zidd olan və həqiqətə uyğun olmayan cavablar alınmışdır. Belə ki, 158 saylı MKİS-in rəisi R.A.Məmmədovun A.K.İvlevə verdiyi 05.11 2020-ci il tarixli 245 saylı forma 2-də qeyd olunmuşdur ki, Bakı şəhəri Yasamal rayonu S.Dadaşov küçəsi (keçmiş 6-cı Xrebtovıy) 523-cü məhəllədə yerləşən 34/1 saylı mənzilin icarədarı mərhum K.D.İvlevdir və həmin mənzildə yeganə qeydiyyatda olan şəxs X2. Lakin, həm nümayəndə A.A.Səmədova 18.03.2021-ci il tarixli, həmdə 12 saylı notariusa 21.01.2021-ci il tarixli cavablarda 158 saylı MKİS-in rəisi R.A.Məmmədov bildirir ki, qeyd olunan ünvana 158 saylı MKlS-də heç bir sənəd yoxdur. Bu da onu göstərir ki, A.K.İvlev kirayəçi kimi tanınması üçün Mənzil Kommunal Təsərrüfat Departamentinə müraciət edən zaman artıq həmin dövlət qurumunda bu mənzilin mübahisə obyekti olması və 12 saylı notariat kontorunda vərəsəlik işinin açılması barədə məlumat var idi. Lakin, buna baxmayaraq Mənzil Kommunal Təsərrüfat Departamenti tərəfindən 05.02.2021-ci il tarixli 05 saylı sərəncam çıxarılmışdır. (Qoşmada bunu təsdiq edən sənədlərin sürətləri təqdim olunur). Nəticə etibarı ilə A.K.İvlev və ona himayədarlıq edən M.V.Popova Bakı şəhəri İcra hakimyyətinin Mənzil-Kommunal Təssərrüfatı Departamentininə müraciət edərək, adıçəkilən mənzilə digər şəxsin də iddialı olduğunu və 12 saylı Notariat Kontorunda açılmış vərəsəlik işinin oduğunu bilə-bilə gizlədərək bildirməməklə, dövlət orqanını aldatmaqla, mənzilə iddialı İddiaçı Russiya Federassiyasında yaşadığından istifadə etməklə X5 həmin mənzilin kirayəçi hesab edilməsi barədə 05.02.2021-ci il tarixli 05 saylı sərəncamın çıxarılmasına nail olmuşlar və bunun əsasında həmin mənzilə 09.03.2021-ci il tarixdə çıxarış rəsmiləşdirmişdir. Növbəti addımı ilə İddiaçı tam hüquqlarındamnməhrum etmək məqsədi ilə 3-cü şəxsə bağışlama yolu ilə özgəninkiləşdirmişdir. Beləliklə də, İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hüquqları pozulmuşdur və mərhum atasından qalmış mənzil 3-cü şəxsin mülkiyyətindədir. Bu sərəncamın mübahisələndirilməsinə dair kifayət qədər əsaslar var. Belə ki, sərəncamın təsviri hissəsində onu qəbul etmiş Mənzil- Kommunal Təssərrüfatı Departamentin sədri Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 85-ci maddəsinə əsaslandığını vurğulayır. Məlumat üçün qeyd olunmalıdır ki, həmin maddə “Evin sökülməsi ilə əlaqədar sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsi qaydası” adı ilə qeyd olunub və onun mətnində: "Sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir" qeyd olunmuşdur. Məlum olduğu kimi, həmin mənzilin sökülməsi barədə heç bir məlumat yoxdur və bu maddə mövcud vəziyyətdə tədbiq oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 26 aprel 2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə və vəkilləri iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndələri iddianı qəbul etməyərək iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək inzibati iş üzrə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin X4 nümayəndəsi (vəkili) inzibati iş üzrə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi inzibati iş üzrə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Sadıq Dadaşov küçəsi, 523-cü məhəllədə (keçmiş 6-cı Xreptovıy) yerləşən 34/1 saylı mənzilin kirayə müqaviləsinin dəyişdirilməsi haqqına Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 05.02.2021-ci il tarixli, 05 saylı sərəncamının ləğv edilməsi tələbi aşağıda göstərilənlərə əsasən tamamilə əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2015-ci il tarixli 25s nömrəli Sərəncamına əsasən, əvvəllər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus olmuş, ünvan 2 ünvanında yerləşən ev dövlət mənzil fonduna aid yaşayış sahəsi kimi balansa qəbul edilmişdir. ünvan 3 ünvanında daşınmaz əmlak üzərində mülkiyyət hüququnun X3 adına qeydiyyatdan keçməsi ilə bağlı sənədlər ərazi üzrə mənzil istismar təşkilatında aşkar edilməmiş, həmin yaşayış sahəsi dövlət mənzil fonduna aid olmuşdur. Qeyd edilən mənzil Yasamal Rayon icra Hakimiyyəti başçısının 326 nömrəli 04.12.2020-ci il tarixli sərəncamına, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 05.02.2021-ci il tarixli, 05 saylı sərəncamına, 05.11.2020-ci il tarixli, 143 nömrəli Forma 2 arayışa, 03.02.1951-ci il tarixli, 140 nömrəli orderə əsasən ilkin olaraq 09.03.2021-ci il tarixində X14 tərəfindən özəlləşdirilmiş, daha sonra Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 15.04.2021-ci il tarixli 4Ə-322 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən 08.04.2021-ci il tarixində bacısı X4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14.06.2021-ci il tarixli, 2(004)-3351/2021 saylı qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, Sadıq Dadaşov küçəsi, 523-cü məhəllədə yerləşən 34 saylı ev dövlət mənzil fonduna aid olmaqla, öldüyü məqamadək X3 mülkiyyətində olmadığından, bu səbəbdən də ondan miras qalmış əmlak kütləsinə daxil olmadığından həmin mənzilə dair cavabdehlər X18 və X5 arasında bağlanmış 05.04.2021-ci il tarixli daşınmaz əmlakın bağlanması müqaviləsinin İddiaçı hüquqlarını pozması və maraqlarına toxunması müəyyən edilmədiyi üçün onun iddia tələbi rədd edilmişdir. Bundan əlavə, Yasamal Rayon Məhkəməsinin 15.02.2001-ci il tarixli 349/2001 saylı qətnaməsi ilə X6 və İddiaçı X7 və qeyrilərinə qarşı iddiası təmin edilərək qeyd edilən evin bölünməsi və istifadə qaydaları müəyyən edilmişdir. İddiaçı İvleva Lyüdmila Andreyevna Rusiya Federasiyası, Moskva şəhəri, Orexovıy Bulvar, ev 51, mənzil 134 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq orada yaşayir və Bakı şəhəri, Yasamal rayonu, Sadıq Dadaşov küçəsi, 523-cü məhəllədə (keçmiş 6-cı Xreptovıy) yerləşən 34/1 saylı mənzilinə dair 05.02.2021-ci il tarixli, 05 saylı sərəncam verilərkən onun dövlət mənzil fonduna aid yaşayiş sahəsinə istifadə hüququ olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə, dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsinə köçmək üçün yeganə əsas verən sənəd order sayılır. Həmin Məcəlləsinin 51-ci maddəsinə görə, dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla-mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə, idarə, təşkilat) ilə icarədar- adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanılır. Bu Məcəllənin 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi- bulluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. 1 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən şəxsin, müəyyən ediləndən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Bu Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq ücün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab olunur. Qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 10-cu maddəsinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələri təsbit edilmişdir ki, həmin Məcəllənin 10.0.13-cü maddəsinə görə, yaşayış sahələrindən istifadə qaydalarını və bu Məcəllənin 10.0.14-cü maddəsinə müvafiq olaraq vətəndaşların yaşayış sahəsindən çıxarılmasının əsaslarını, qayda və şərtlərini müəyyən edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 82.3-cü maddəsinə görə, kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Məlumat üçün bildiririk ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı strukturunda mənzil-kommunal xidməti sahələri bazasında vahid idarəetmə orqanı kimi yaradılmış və ona şəhər təsərrüfatının ən mühüm sahələrini əhatə edən dövlət və ictimai mənzil fondunun istismarını, idarə olunmasını və qorunmasını təşkil etmək, bu sahədə fəaliyyət göstərən idarələrin fəaliyyətini əlaqələndirmək və digər funksiyaları həyata keçirmək vəzifələri həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»yə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının verdiyi səlahiyyətlər həddində Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamenti idarəetmə orqanı funksiyalarını həyata keçirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasada bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla sahiblik edən şəxsə də məxsusdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 164.1-ci maddəsinə görə, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Həmin Məcəllənin 165.1-ci maddəsinə görə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyması üçün iddia verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüququ aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallan başqa sübutlarla təsdiq oluna bilməz. Mahmudov, Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya Araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipini rəhbər tuturlar. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzib edilməsi oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov, Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq sübut standartları tətbiq edilir. Üçüncü şəxs X4 nümayəndəsi (vəkili) Vəkil3 tərəfindən iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, 2021-ci ilin aprel ayında İddiaçı X13 və X1rşı “əqdin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iş üzrə istər cavabdehlər tərəfindən təqdim olunmuş sənədlərdə, istərsə də məhkəmə sorğusuna əsasən müxtəlif dövlət qurumları tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən biri, hazırda mübahisə edilən 05.02.2021-ci il tarixli, 05 saylı sərəncam olmuşdur. Sözügedən sərəncam barəsində həmin məhkəmədə kifayət qədər müzakirələr olmuş, hansı ki, Yasamal rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(004)-3351/21 saylı 14.06.2021-ci il tarixli qətnamədə öz əksini tapmışdır. Daha sonra iddiaçı 14.07.2021-ci ildə həmin qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində bir neçə dəfə hazırda mübahisə edilən sərəncamla bağlı fikirlərini bildirmiş, sərəncamın surətini isə apellyasiya şikayətinə əlavə etmişdir. Göründüyü kimi iddiaçı hazırda mübahisə edilən sərəncam barəsində 2021-ci ilin aprel ayında məlumatının olmasına, dərhal sonra onu əldə etməsinə, məhkəmə prosesində onu müzakirə etməsinə, son olaraq iyul ayında apellyasiya şikayətinə əlavə etməsinə baxmayaraq, həmin sərəncamın ləğv edilməsinə dair iddia ərizəsi ilə 2021-ci ilin sentyabr ayında məhkəməyə müraciət etmiş, bununlada İPM-də göstərilmiş iddia müddətinə dair normalara riayət etməmişdir. Belə ki, İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.3-cü maddəsinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qaydalar nəzərdə tutulmayıbsa, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri verilmir. İş materiallarından göründüyü kimi, İddiaçı əcnəbi vətəndaşdır, bu isə onun qanunvericiliyin tələblərinə görə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrinə dair sosial kirayə müqaviləsinin bağlamasını istisna edir. Hesab edir ki, sosial kirayə müqaviləsi bağlamaq hüququ olmayan şəxsin, həmin kirayə müqaviləsinin dəyişdirilməsinə dair sərəncamın ləğv edilməsinə dair iddianın qaldırılması üçün subyektiv hüququ yoxdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub- olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Göründüyü kimi prosessual qanunvericiliyin tələblərinə görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər mübahisələndirmə haqqında iddia növünə də aiddir. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olub olmaması ilə yanaşı iddia müddətinə də riayət edilib-edilməməsi yoxlanılmalıdır. Hesab edir ki, mübahisəli məsələyə münasibətdə AR Konstitusiya Məhkəməsinin Plenumunun “T. İdrisovun şikayəti üzrə AR Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair “ 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir. Qeyd olunan qərarda vurğulanmışdır ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prossesual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə(İPM-nin 35- ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-nin 38.1-ci maddəsi) əməl olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3, 38.1, 47.2-ci maddələrini rəhbər tutaraq İddiaçı İvlena Nina Konstantinovnanın cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinə qarşı, Bakı şəhəri, Yasamal rayonu, Sadıq Dadaşov küçəsi, 523-cu məhəllədə yerləşən 34/1 saylı mənzilin kirayyə müqaviləsinin dəyişdirilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 05.02.2021-ci il tarixli, 05 saylı sərəncamının ləğv edilməsinə dair iddiasının mümkün sayılmaması barədə qərardad qəbul etməsini xahiş etmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - X3 Ölümü haqqında AZ-İİ 104848 nömrəli Şəhadətnamənin surəti. - İddiaçı Doğumu haqqında AZ-İ 149338 nömrəli Şəhadətnamənin surəti. - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 24.09.2021-ci il tarixli məktubla məhkəməyə göndərilmiş 05.02.2021-ci il tarixli 05 saylı sərəncamın və həmin sərəncamın verilməsinə əsas olmuş sənədlərin surəti. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 03.02.2022-ci il tarixli məktubla məhkəməyə göndərilmiş Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, məhəllə 523, ev 34, 1 saylı mənzilə dair müvafiq sənədlərin surəti. - Bakı şəhəri 12 saylı notariat ofisi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 09.03.2022-ci il tarixli məktubla məhkəməyə göndərilmiş vəfat etmiş X3 adına açılmış vərəsəlik işinə daxil olan sənədlərin surəti. - Yasamal Rayon Məhkəməsinin 2-348/2001 saylı qətnaməsinin təsdiq edilmiş surəti.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Məhkəmə iddia müddəti ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan iddiaçının nümayəndəsinə ünvanlanmış ünvan 4 Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 09.06.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçıya bildirilmişdir ki, Mənzil-Kommitfial Təsərrüfatı Departamentinin 05.02.2021-ci il tarixli 05 saylı sərəncamına əsasən Yasamal rayonu, S.Dadaşov küçəsi 523-cü məhəllədə yerləşən 34/1 saylı mənzilin kirayə müqaviləsi həmin sakinin A.K.İvlevin adına dəyişdirilmişdir. Həmin məktuba qoşma olaraq 05.02.2021-ci il tarixli 05 saylı sərəncamın surətinin göndərildiyi göstərilmişdir. Lakin, qoşma olaraq qeyd edilmiş sərəncamın surəti göndərilmədiyindən, iddiaçının nümayəndəsi tərəfindən təkrar olaraq cavabdehə müraciət edilmişdir. Daha sonra ünvan 4 Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 14.07.2021-ci il tarixli məktubu ilə mübahisə predmeti olan Sərəncam iddiaçı tərəfə təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən Sərəncamda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadığndan həmin Sərəncamdan şikayət müddəti “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 64-cü və 73-cü maddələri nəzərə alınmaqla hesablanmalıdır. Beləliklə, ehtimal edilsə ki, mübahisələndirilən sərəncamın surəti iddiaçı tərəfə 09.06.2021-ci il tarixli məktubla göndərilmişdir, bu halda belə mübahisələndirmə iddia növü üçün nəzərdə tutulmuş xüsusi mümkünlük şərti olan iddia müddətinə riayət edilmişdir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Üçüncü şəxs iddiaya daair yazılı etirazında bildirmişdir ki, İddiaçı əcnəbi vətəndaşdır, bu isə onun qanunvericiliyin tələblərinə görə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrinə dair sosial kirayə müqaviləsinin bağlamasını istisna edir. Hesab edir ki, sosial kirayə müqaviləsi bağlamaq hüququ olmayan şəxsin, həmin kirayə müqaviləsinin dəyişdirilməsinə dair sərəncamın ləğv edilməsinə dair iddianın qaldırılması üçün subyektiv hüququ yoxdur. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddianın predmetini iddiaçı ilə sosial kirayə müqaviləsinin bağlanılması təşkil etmir. Həmçinin, müvafiq qanunvericilikdə maraqlı şəxsin icarədar hesab edilməsi və ya kirayəçi kimi tanınmasının tələb edilməsi üçün kirayəçi ilə birikdə yaşamasından və ya xarici ölkə vətəndaşı olmasından asılı olmayaraq mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvlərinin razılığı tələbi müəyyən edilmişdir. İ.N.Konstantinovnanın Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi (6-cı Xrebtovıy) 523-cü məhəllədə yerləşən 34 saylı ünvanda yerləşən mənzilin əvvəlki kirayəçisi olmuş X3 ailə üzvü (qızı) olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, X3 digər ailə üzvləri ilə yanaşı onunda həmin mənzilə dair müvafiq hüquqları mövcuddur. Beləliklə, məhkəmə hesab edir ki, İ.N.Konstantinovnanın hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququnun olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İş materiallarında olan 140 nömrəli Orderin surətindən görünür ki, Bakı şəhəri, ünvan 5 mənzil X25 ayrılmışdır. Azərbaycan Respublikası Xəzər Dəniz Gəmiçiliyi Mənzil Komunal Təsərrüfatı İdarəsinin 22.07.1996-cı il tarixli məktubundan görünür ki, X23 vəfatı ilə əlaqədar ona ayrılmış mənzil onun oğlu X3 adına keçirilmişdir. İş materiallarından müəyyən edilir ki, 1968-ci ildə X19 ilə X11 arasında nikah bağlanılmış və bu nikahdan 1973-cü ildə qızları İddiaçı doğulmuşdur. Daha sonra 1983-cü ildə İvleva Lyudmila ilə İvlev Konstantin arasında bağlanılmış nikah pozulmuşdur. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2-348/2001 saylı qətnaməsindən görünür ki, ünvan 7 ünvanda yerləşən 2 otaqlı ümumi sahəsi 48,0 kv.m olan 20,0 kv.m və 10,0 kv.m iki yaşayış otağı, 4,0 kv.m mətbəx, 5,0 kv.m dəhliz, 4,0 kv.m hamam, 1,0 kv.m tualet və şüşəbənddən ibarət mənzil X19, İddiaçı və X11 arasında bölünmüşdür. Qətnamə 16.04.2001-ci il tarixdə qanuni qüvvəsini almışdır. İş materiallarından görünür ki, X11 19.04.2020-ci il tarixdə vəfat etmiş və İddiaçı müraciəti əsasında onun adına 07.10.2020-ci il tarixdə Bakı şəhəri 12 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Eyni zamanda iş materiallarından görünür ki, Yasamal Rayon İcra Hakimiyyətinin 326 nömrəli 04.12.2020-ci il tarixli Sərəncamı ilə 08.03.2003-cü il təvəllüdlü X5 atası X3 və anası X8 vəfat etməsi ilə bağlı azyaşlı olan X12 mülkiyyətlərinə hüququ olmadan bacısı X18 himayədar təyin edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfatı Departamentin 05.02.2021-ci il tarixli 05 saylı Sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, 523-cü məhəllədə yerləşən, yaşayış sahəsi 10,0 kv.metr olan 1 otaqlı 34/1 saylı evin kirayə müqaviləsi X9 adına dəyişdirilmiş və o, həmin mənzilin kirayəçisi hesab edilmişdir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 09.03.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən ünvan 8, mənzil 1 X5 xüsusi mülkiyyətində olmuşdur. İş materiallarından görünür ki, 05.04.2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən X14 xüsusi mülkiyyətində olan ünvan 8 ünvanda yerləşən 1 saylı mənzili bacısı olan X13 hədiyyə etmişdir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 08.04.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən ünvan 8, mənzil 1 X4 xüsusi mülkiyyətindədir. Göründüyü kimi, 19.04.2020-ci il tarixdə vəfat etmiş X3 adına 07.10.2020-ci il tarixdə Bakı şəhəri 12 saylı notariat ofisində vərəsəlik işinin açılmasına və vərəslərin müəyyən edilməməsinə baxmayaraq Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən 05.02.2021-ci il tarixli 05 saylı Sərəncamla ünvan 8/1 evin kirayə müqaviləsi X9 adına dəyişdirilmişdir. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 24.09.2021-ci il tarixli məktubla 05.02.2021-ci il tarixli 05 saylı sərəncamın və həmin sərəncamın verilməsinə əsas olmuş sənədlərin surəti məhkəməyə göndərilmişdir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan əsassız olaraq mübahisələndirilən inzibati aktla ünvan 8/1 evin kirayə müqaviləsini X5 adına dəyişdirilmişdir. Belə ki, iş materiallarından görünür ki, mübahisələndirilən Sərəncam 05.02.2021-ci il tarixdə həmin vaxt qüvvədə olmayan, yəni 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinə (85-ci maddəsinə) istinad etməklə qəbul edilmişdir. Halbuki, mübahisələndirilən Sərəncam qəbul edildiyi vaxt qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə qəbul edilməli idi. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X9 vəfatı ilə bağlı ünvan 8/1 evin kirayə müqaviləsi dəyişdirilərkən, həm 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin həm də, 01.10.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müvafiq normalarına uyğun olaraq onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinin razılığı alınmalı idi. Belə ki, İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Sözügedən Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Qeyd olunan Məcəllənin 85-ci maddəsinə icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və ya onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Müvafiq Sərəncam verilərkən, yəni hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq norması - 01.10.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 81.2-ci maddəsinə əsasən kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. Həmçinin, məhkəmə qeyd edir ki, mübahisələndirilən inzibati aktla ünvan 8/1 evin kirayə müqaviləsini X5 adına dəyişdirilərkən X14 mövcud qanunvericiliyin (yuxaıda qeyd edilən 01.10.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 81.2-ci maddəsinə) tələblərinə uyğun olaraq fəaliyyət qabiliyyətli olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Həmin Məcəllənin 28.4-cü maddəsinə əsasən on altı yaşı tamam olmuş yetkinlik yaşına çatmayan əmək müqaviləsi üzrə işləyirsə və ya valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, tam fəaliyyət qabiliyyətli sayıla bilər. Hər iki valideynin, övladlığa götürənlərin və ya himayəçinin razılığına əsasən qəyyumluq və himayəçilik orqanının qərarı ilə, belə razılıq olmadıqda isə məhkəmənin qərarı ilə yetkinlik yaşına çatmayan tam fəaliyyət qabiliyyətli sayılır (emansipasiya). Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilir. İş materiallarında olan AZ-İ 344482 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən X14 08 mart 2003-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan Yasamal Rayon İcra Hakimiyyəti başçısının 04.12.2020-ci il tarixli 326 nömrəli Sərəncamından görünür ki, 08.03.2003-cü il təvəllüdlü X12 mülkiyyətlərinə hüququ olmadan bacısı X18 himayədar təyin edillmişdir. Beləliklə, mübahisələndirilən Sərəncam 05.02.2021-ci il tarixdə qəbul edilərkən X5 17 yaşı olmuş, yəni mövcud qanunvericiliyə uyğun olaraq fəaliyyət qabiliyyətli olmaması, həmçinin onun üzərində bacısı X18 himayədar təyin edillməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi, mübahisələndirilən inzibati akt maddi hüquq normalarının pozulması nəticəsində qəbul edilmiş inzibati aktdır. Məhkəmə qeyd edir ki, mübahisələndirilən inzibati akt həmçinin inzibati icraat haqqında hüquq normalarının pozulması nəticəsində də qəbul edilmiş inzibati aktdır. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəməyə göndərilmiş sənədlərdən müəyyən edilir ki, hazırda mübahisələndirilən Sərəncam qəbul edilərkən ünvan 8/1 evin kirayəçisi olmuş X3 ailə üzvü olan qızı İddiaçı inzibati icraata maraqlı şəxs kimi cəlb edilməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən inzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Məhkəmə qeyd edir ki, inzibati orqan tərəfindən İddiaçı və ya onun nümayəndəsini dinləməkdən imtina etməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olmamışdır. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ünvan 8/1 evin kirayəçisi olmuş X3 adına digər ailə üzvü olan qızı İddiaçı müraciəti əsasında Bakı şəhəri 12 saylı notariat ofisində vərəsəlik işinin açılması ilə bağlı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfatı Departamentinə İddiaçı nümayəndəsi tərəfindən ünvanlanmış məktubla məlumat verilmişdir. Beləliklə, cavabdeh inzibati orqan ünvan 8/1 evin kirayəçisi olmuş X3 digər ailə üzvünün olmasına, həmçinin vərəsəlik işinin açılmasına və həmin mənzilə dair mülki mübahisənin olmasına baxmayaraq, İddiaçı inzibati icraata maraqlı şəxs kimi cəlb etməmiş və mübahisələndirilən sərəncamı qəbul etmişdir. Məhkəmə qeyd edir ki, müvafiq qanunvericilikdə maraqlı şəxsin icarədar hesab edilməsi və ya kirayəçi kimi tanınmasının tələb edilməsi üçün kirayəçi ilə birikdə yaşamasından və ya xarici ölkə vətəndaşı olmasından asılı olmayaraq mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvlərinin razılığının tələb edilməsi, həmçinin fəaliyyət qabiliyyətli şəxsin özünün kirayəçi kimi tanınmasını tələb etmək hüququnun olması müəyyən edilmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən fəaliyyət qabiliyyətli ailə üzvünün razılığının alınması zəruri bilinməmiş, həmçinin kirayəçi kimi fəaliyyət qabiliyyəti olmayan şəxs barəsində müvafiq inzibati akt qəbul edilmişdir. Beləliklə də, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələbləri gözlənilməməklə yanaşı, həmçinin müvafiq sahəni tənzimləyən maddi hüquq normalarının tələbləri də pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının düzgün tətbiq edilməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından mübahisələndirilən inzibati akt ləğv olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 61-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfatı Departamentinin 05.02.2021-ci il tarixli 05 saylı Sərəncamı ləğv edilsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar