Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2293/2024 13.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X5 iştirakları ilə, iddiaçının cavabdehə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1980-xx.xx.1992-ci il tarixlərində Laçın Rayon İstehlak Cəmiyyətində operator vəzifəsində işlədiyi dövrləri, eyni zamanda xx.xx.1979-cu il tarixdən – xx.xx.1980-ci il tarixədək təhsil müddətinin əmək stajına hesablanaraq yaşa görə əmək pensiyasının 63 yaşı tamam olan müddətdən, xx.xx.2023-cü il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Azərbaycan SSR-nin peşə-texniki təhsil üzrə Dövlət Komitəsində kiçik ərzaq malları satıcısı peşəsi üzrə orta ixtisas təhsili almışdır. Əmək fəaliyyətinə ilk dəfə xx.xx.1980-xx.xx.1992-ci il tarixlərində Laçın Rayon İstehlak Cəmiyyətində operator vəzifəsində işləyərək başlamışdır. xx.xx.1992-xx.xx.2004-cü il tarixlərində Azərittifaq Kitab kontorunda əmək fəaliyyətini davam etdirmişdir. Hal-hazırda xx.xx.2020-ci ildən isə “X17” MMC-də Bakı şəhəri Suraxanı rayonu ərazisində Xidmətlərin göstərilməsi üzrə köməkçisi vəzifəsində işləyir. İddiaçıya xx.xx.2023-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilməli olduğu halda cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli №3-17- 1/2-Z-l 82083/2023 saylı məktubla pensiyanın təyinindən imtina edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı sonradan məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddia tələbinin həcminin azaldılması) barədə ərizə təqdim edərək onun peşə təhsili dövrünün nəzərə alınmamasını xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia ərizəsi icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh orqana ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış 11,08.2023-cü il tarixli 3-17-1/2-Z-182083/2023 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtinanın əsasları kimi İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1980-ci il tarixindən xx.xx.1992-ci il tarixlnədək dövrün araşdırılması zərurəti yaranmışdır. Laçın rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 14 saylı məktubuna əsasən, “Laçın Rayon İstehlak Cəmiyyəti”ndə xx.xx.1980-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan arxiv sənədləri işğal bölgəsində qaldığı üçün sözügedən dövrlərin araşdırılması mümkün olmamışdır. Hesab edirik ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddiaçı T.Əliyevanın iddia tələbi məhkəmə tərəfindən təmin edilməməlidir. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən ümumi sığorta stajı 15 il 2 ay 23 gün təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 12 il 1 ay 23 gün sığorta stajına uyğun olaraq 11250,27 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 2711,20 manat olmaqla, ümumilikdə 13961.47 manat təşkil edir ki, bu məbləğ pensiya yaşına tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280,00 manat) az olmayan pensiya təminatına imkan vermir. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildiririk ki, İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1980-ci il tarixdən xx.xx.1992-ci il tarixədək dövrün araşdırılması zərurəti yaranmışdır. Laçın rayon Dövlət Arxivinin 01,06.2023-cü il tarixli № 14 saylı məktubuna əsasən bildiririk ki, “Laçın Rayon İstehlak Cəmiyyəti”ndə xx.xx.1980-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan arxiv sənədləri işğal bölgəsində qaldığı üçün sözügedən dövrlərin araşdırılması mümkün olmamışdır. Həmçinin, iddiaçının təqdim etdiyi əmək kitabçası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi’’ Qaydalarına uyğun deyildir. Bələ ki, Qaydaların 1.2-ci bəndinə əsasən əmək kitabçası işəgötürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. İddiaçının əmək kitabçası xx.xx.1992-ci il tarixdə açılmış, işə başlama barədə qeyd isə xx.xx.1980-ci il tarixə edilmişdir. Həmçinin, sözügedən Qaydaların 3.4-cü bəndinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bu səbəbdən qeyd edilən dövrlərin sığorta staja daxil edilməsi qanunvericiliklə mümkün hesab olunmur. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə və qanunvericiliyin tələbləri baxımında İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə goyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizəni müdafiə edərək tələbin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri etirazda göstərilən əsasları müdafiə edərək tələbin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının 11 avqust 2023-cü il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə etiraza uyğun məzmunda cavab verilərək tələbinin təmin edilməsindən imtina edilmişdir. -ASAN 4 tərəfindən xx.xx.2016-ci il tarixdə verilmiş AZE seriyalı ********№li şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -Seriya AA №475166 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı Laçın rayonundan məcburi köçkün düşmüş və Suraxanı rayonu ərazisində məskunlaşmışdır. -Nikah haqqında şəhadətnamədən görünür ki, X11 ilə X2 arasında 07 dekabr 2004cü il tarixdə nikah bağlanmışdır. -Azərbaycan SSR X14 Təhsili Komitəsi tərəfindən verilmiş 001029 №-li attestatdan görünür ki, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixdək “kiçik ərzaq malları satıcısı” peşəsi üzrə təhsil almışdır. -ИТ-İ №2095245 nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı: xx.xx.1980-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın İstehlak Cəmiyyətində operator vəzifəsində işləmiş; xx.xx.1992-ci il tarixdə X1 “Azərkookitab” Birliyinə kitab – makinaçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1997-ci il tarixdə Birliyin katibə-stenoqrafçısı vəzifəsinə keçirilmiş, xx.xx.1997-ci il tarixdə Birliyin kadr üzrə mütəxəssisi vəzifəsinə keçirilmiş və xx.xx.2004-cü il tarixdə öz xahişi ilə işdən azad edilmiş; xx.xx.2020-ci il tarixdə “X17” MMC-də Suraxanı rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təyin edilmişdir. -02 iyul 1992-ci il tarixdə bağlanılmış əmək müqaviləsindən görünür ki, Azərbaycan İstehlak Kooperasiyasının “Azkoopkniqa” kitab kontorunun direktoru Laçın Rayon İstehlak Cəmiyyətində katibə-makinaçı vəzifəsində çalışmış, Laçın rayonundan kütləvi qovulması ilə əlaqədar Bakı şəhərində müvəqqəti məcburi köçkün düşmüş X2 ilə real əmək müqaviləsi bağlanmış və ona kontor komplektləşdiri vəzifəsi həvalə edilmişdir. -Azərbaycan İstehlak Kooperasiyasının “Azkoopkniqa” kitab kontorunun 02 iyul 1992-ci il tarixli 51 №-li əmrindən görünür ki həmin əmr ilə X2 – sosial inkişaf fondundan aylıq 600 (altı yüz) rubl ödəməklə, 3 (üç) ay müddətinə kontor komplektləşdirici vəzifəsinə işə qəbul edilmişdir. -Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/1-Z-112076/2023 nömrəli qərarın surətindən görünür ki, həmin qərar ilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtinanın səbəbi kimi – xx.xx.1980-xx.xx.1992-ci illər Laçın Rayon İstehlak Cəmiyyətində işləməsi faktı, həmin dövrün sənədləri işğal zonasında qaldığı üçün sosial sığorta stajına daxil edilmədiyi göstərilmişdir. -Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Laçın Rayon İcra Hakimiyyəti Laçın Rayon Dövlət Arxivi tərəfindən verilmiş 29 sentyabr 2023-cü il tarixli 28 №-li sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, rayonun ərazisi 18 may 1992-ci il tarixdə Ermənistan ordusunun silahlı qüvvələri tərəfindən işğal olunduğu üçün rayona məxsus bütün arxiv sənədləri işğalda qalır. Ona görə də vətəndaş İddiaçı 1980-1992-ci illərdə Laçın rayon İstehlak Cəmiyyətində hər hansı bir işdə işləyib-işləməməsi barədə arxivdə heç bir məlumat yoxdur. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 3 oktyabr 2023-cü il tarixli, 3-21-3/2-14441/2023 nömrəli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, Laçın rayon İstehlak Cəmiyyəti barədə dövlət əmlakının Registrində məlumat qeydə alınmamışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş 3 oktyabr 2023-cü il tarixli, **********489900 nömrəli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, Laçın rayon İstehlak Cəmiyyəti adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. -Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 17 oktyabr 2023-cü il tarixli, 3-17-1/2-241929/2023 nömrəli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1992-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək 12 il 1 ay 23 gün əmək fəaliyyəti dövrü və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək qeydə alınmış pensiya kapitalı 3 il 1 ay olmaqla onun ümumi 15 il 2 ay 23 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən azdır). Əlavə olaraq bildiririk ki, əmək kitabçasının surətində qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1980-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək olan dövrün araşdırılması zərurəti yaranmışdır. Laçın Rayon Dövlət Arxivinin xx.xx.2023cü il tarixli 14 №-li arayışına əsasən İddiaçı əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1980-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək işlədiyi Laçın rayon İstehlak Cəmiyyətinin sənədləri işğal zonasında qalması və vətəndaşın sözügedən cəmiyyətdə işləyib-işləməməsi barədə arxivdə heç bir məlumat olmaması səbəbindən həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Beləliklə, qeyd edilən illər üzrə ümumi 12 il 5 ay 7 gün mübahisələndirilən dövrün İddiaçı sığorta stajına daxil edilməsi mümkün olmamışdır. -Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” X10 Rəhbəri tərəfindən verilmiş 28 dekabr 2023-cü il tarixli AAŞ-62/62 nömrəli sorğuya cavab məktubundan görünür ki, Azərittifaqın tabeliyində olan Laçın Rayon İstehlak Cəmiyyəti (RİC) hal-hazırda Ağcabədi rayonunda fəaliyyət göstərir. İşğal dövrünün bütün obyektlər və sənədlər, eləcə də Laçın RİC-nin sənədləri erməni işğalçıları tərəfindən məhv edildiyi üçün xx.xx.1960-cı il təvəllüdlü İddiaçı barəsində məlumat təqdim olunması mümkün deyil. -Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” X10 Rəhbəri tərəfindən verilmiş 30 -cü il tarixli AAŞ-62/62 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1960-cı il təvəlllüd Zamanova (Rzayeva) Diləfruz Fərzalı qızı xx.xx.1992-ci il tarixindən (əmr №51, xx.xx.1992) xx.xx.2004-cü il tarixədək (əmr №67 1, xx.xx.2004) Azərittifaqın tabeliyində olan Kitab Ticarəti Birliyində (Azkoopkitabda) müxtəlif vəzifələrdə işləmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh iddiaçının ümumilikdə 15 il 2 ay 23 gün təşkil edən dövrü mübahisələndirməmiş, mübahisələndirdiyi dövr yalnız onun xx.xx.1980-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək işlədiyi Laçın rayon İstehlak Cəmiyyətində işlədiyi illəri əhatə edir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə cavabdehin imtina dəlillərinə münasibətdə qeyd edir ki, mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69.1-ci maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən də işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 4.1.3-cü bəndinə əsasən Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: -Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Normaların tələblərindən göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir. Məhkəmə cavabdehin imtinası ilə bağlı ilk növbədə bildirir ki, indiki halda cavabdeh inzibati orqan əmək kitabçasının mötəbərliyini şübhə altına alırsa, bu halı sübut etmək öhdəliyi məhz cavabdeh inzibati orqanın üzərinə düşür. Cavabdeh inzibati orqan isə əmək kitabçasında qeyd olunan xx.xx.1980-xx.xx.1992 dövr üzrə iddiaçının işlədiyi müəssisəyə dair sənədlərin olmamasına istinad edərək sənədlərin işğal altında qaldığını nəzərə almamışdır. Ümumiyyətlə məhkəmənin mövqeyi o istiqamətdə formalaşmışdır ki, adıçəkilən müəssisə ilə bağlı arxiv sənədlərinin olmaması (işğal zonasında qalması) iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. İddiaçının məsuliyyət sferasına aid olmadığı və təqsirkar davranışına bağlı olmadığı hallarda, onun əmək kitabçasında qeyd edilən iş stajının cavabdeh tərəfindən yoxlanılmasının bu və ya digər səbəbdən mümkün olmaması, xüsusən də hazırkı mübahisəyə münasibətdə iddiaçının əmək fəaliyyətinin müəyyən dövrü ilə bağlı müvafiq sənədlərin olmaması (işğal zonasında qalması) iddiaçının təqsiri ilə bağlı olmayan hal kimi nəzərə alındıqda, onun hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan tərəfindən Laçın rayon İstehlak Cəmiyyətinə dair sənədlərin işğal zonasında qalması və bu səbəbdən həmin dövrün heç bir digər əlavə araşdırma aparılmadan sığorta stajına daxil edilməsindən imtina edilməsi istiqamətində göstərdiyi hərəkət bilavasitə onun orqan kimi “İnzibati icraat haqqında” Qanunun müddəalarında nəzərdə tutulan səlahiyyətverici tədbirlərin lazımı qaydada icra etmədiyini göstərir. Halbuki, cavabdeh öz təşəbbüsü ilə bu cür hallarda əlavə araşdırma apararaq ümumiyyətlə iddiaçının işlədiyi dövrdə onunla yanaşı Laçın rayon İstehlak Cəmiyyətində işləyən hər hansı bir şəxsin hal-hazırda pensiya alıb-almaması istiqamətində əlavə araşdırma aparmaq kimi bir səlahiyyəti var. Lakin cavabdeh bunu etməmiş, yalnız formal dəlillərə söykənərək həmin dövrü sığorta stajına daxil etməkdən imtina etmişdir. Lakin məhkəmə tərəfindən bu hissədə araşdırma aparılmış, iddiaçı ilə yanaşı həmin dövrdə Laçın rayon İstehlak Cəmiyyətində işləyən X3, X6 və X9 şahid qismində məhkəmə iclasına dəvət olunmuş, hazırki işin faktiki halları əsasında onlarla müvafiq müzakirə aparılaraq suallar verilmiş və nəticə etibarı ilə həmin şəxslərin mübahisəli dövrlərdə iddiaçı ilə yanaşı Laçın rayon İstehlak Cəmiyyətində işlədikləri, ən əsası onlara həmin dövr nəzərə alınmaqla pensiya təyin olunması müəyyən olunmuşdur. Verilən ümumi xarakterli məlumatlar əsasında şahid ifadələrinin həqiqiliyi məhkəmədə şübhə yaratmır. Şahid ifadələri ilə bağlı məhkəmə bildirməyi zəruri hesab edir ki, məhkəmə iclasında şahid qismində ifadə verən şəxsə məhkəmə tərəfindən onun bilə-bilə yalan ifadə verəcəyi təqdirdə cinayət məsuliyyəti daşıyacağına dair xəbərdarlıq olunduğu və ona bu barədə iltizama imza etdirildiyi üçün bu şəkildə verilən ifadələr notariat qaydada verilmiş ifadədən daha üstün hüquqi qüvvəyə malik olub, mötəbər sübut əhəmiyyətinə malikdir. Bu mövqeyi həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-642/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında da öz əksini tapır. Bu səbəbdən də Məhkəmə hesab edir ki, həmin şahid ifadələri iddiaçının mübahisələndirilən dövrdə işlədiyi Laçın rayon İstehlak Cəmiyyətinin mövcudluğunu, ümumiyyətlə iddiaçının işləməsini təsdiq edən dəlillərdən biridir. Eyni zamanda o da nəzərə alınmalıdır ki, iddiaçının mübahisələndirilən dövrdən sonraki illərdə Kitab Ticarəti Cəmiyyəti işləməsi barədə təqdim olunan sənədlərdə, daha dəqiq desək işəgötürən və işçi arasında bağlanmış müqavilədən görünür ki, həmin müqavilədə iddiaçının daha əvvəllər Laçın rayon İstehlak Cəmiyyətində operator vəzifəsində işləməsi öz əksini tapır. Göründüyü göstərilən bu əsas dolayısı yol ilə iddiaçının Laçın rayon İstehlak Cəmiyyətində işləməsini təsdiq edir. Göstərilənlərə əsasən Məhkəmənin formalaşdırdığı mövqeyi odur ki, cavabdeh inzibati orqan yalnız bu dəlilə istinad etməklə, ümumilikdə əmək kitabçasının mötəbərliyini şübhə altına almış, iddiaçının əmək kitabçasında aparılmış digər qeydlərlə bağlı heç bir araşdırma aparmamışdır, nəticə etibarilə iddiaçının pensiya hüququnun yaranması əsasları tam araşdırılmamış, formal olaraq pensiya təyinatından imtina edilmişdir. Halbuki cavabdeh inzibati orqan tərəfindən əmək kitabçasının mötəbərliyi şübhə altına alınırsa, bununla bağlı əsaslı araşdırma aparılmalı, formal olaraq deyil, bu cür şübhə məhz əsaslandırılmış şəkildə istinad edilməli, habelə pensiya hüququnun yaranması baxımından ona təsir edən bütün hallar, o cümlədən əmək kitabçasında əks olunmuş bütün digər qeydlərin əsaslılığı məsələsi aydınlaşdırılmalı idi. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Məhkəmə, oxşar işlər üzrə formalaşmış Ali məhkəmənin praktirikasına istinad olunmasını zəruri hesab edir. Belə ki, Ali Məhkəmənin 2-1(102)-1152/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, “İddiaçının məsuliyyət sferasına aid olmadığı və təqsirkar davranışına bağlı olmadığı hallarda, onun əmək kitabçasında qeyd edilən iş stajının cavabdeh tərəfindən yoxlanılmasının bu və ya digər səbəbdən mümkün olmaması, xüsusən də hazırkı mübahisəyə münasibətdə iddiaçının əmək fəaliyyətinin müəyyən dövrü ilə bağlı müvafiq sənədlərin olmaması (işğal zonasında qalması) iddiaçının təqsiri ilə bağlı olmayan hal kimi nəzərə alındıqda, iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz.” Ali Məhkəmənin 2-1(102)-788/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Cavabdeh inzibati orqan əmək kitabçasının mötəbərliyini şübhə altına alırsa, bu halı sübut etmək öhdəliyi məhz cavabdeh inzibati orqanın üzərinə düşür. Cavabdeh inzibati orqan isə yalnız əmək kitabçasının nömrəsi ilə fərqli nömrəli titul vərəqinin əlavə edilməsi halına istinad etmiş, bununla bağlı inzibati icraat çərçivəsində həmin titul vərəqində aparılmış qeydlərin mötəbərliyinin yoxlanılması ilə bağlı araşdırma aparmamış, formal olaraq əsaslandırma aparılmışdır.” «İnzibati icraat haqqında» Qanununun: -15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. -17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon İstehlak Cəmiyyətində operator vəzifəsində işlədiyi müddəti sığorta stajına daxil edilməlidir. Həmin illər nəzərə alınmaqla iddiaçının 25 ildən çox stajı olduğundan, ona hüququ yarandığı 63 yaşdan yaşa görə əmək pensiyası təyin edilməlidir. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəm QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon İstehlak Cəmiyyətində operator vəzifəsində işlədiyi müddət sığorta stajına daxil edilməklə ona 63 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-2293/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2293/2024
13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver