Məhkəmə qərarları › İş №2-1(112)-2294/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2294/2025

14.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2294/2025 14.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 14 yanvar 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı ailə başçısının itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) müraciət etmiş, lakin cavabdeh iddiaçının mərhum ərinin dövlət qulluğu stajının 15 ildən az olmasını əsas gətirərək, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 iyul 2024-cü il tarixli 3-17-1/2-R- 175785/2024 nömrəli imtinasının qanunsuz və əsassız olduğu ücün mərhum əri X1 dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısının itirməyə görə əmək pensiyasının təyin edilməsinin imtina olunduğu andan hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum əri X3 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İddiaçı dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdehin 25 iyul 2024-cü il tarixli 3-17-1/2-R-175785/2024 nömrəli məktubu ilə mərhum əri X2 dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. X2 dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı mövcuddur. 1990-cı ildə Azərbaycan SSR Nazirlər Soveti yanında “Sənayedə X4nə Nəzarət və X9 Komitəsi” kimi (Azərbaycan SSR Dövdağtexnəzarət). Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 376 nömrəli, 18 noyabr 1991-ci il tarixli Qərarı ilə “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Sənayedə X4 və X9 Komitəsi haqqında Əsasnamə” təsdiq edilmiş və Komitə bu əsasnaməyə uyğun olaraq fəaliyyət göstərib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Sənayedə X4 və X9 Komitəsi Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli, 1182 nömrəli Sərəncamı ilə yaradılmış Fövqəladə Hallar Nazirliyinin struktur tərkibinə daxil edilmiş və “Sənayedə X4 və X9 Agentliyi” kimi formalaşmışdır. Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2007-ci il tarixli, 695 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və X9 Agentliyi haqqında Əsasnamə” təsdiq olunmuş və Agentlik bu Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərməyə başlamışdır. xx.xx.1994-cü il tarixdə Neft müfəttişliyinə böyük dövlət müfəttişi vəzifəsinə təyin olunub. Mərhum ərinin dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı mövcud olduğu üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 25 iyul 2024-cü il tarixli 3-17-1/2-R-175785/2024 nömrəli məktubu ilə verilmiş imtinası tamamilə qanunsuz və əsassızdır. Belə ki, ona dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməli olduğu halda heç bir əsas olmadan imtina verilmişdir. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçının Mərkəzi Filiala müraciəti nəticəsində mərhum Namiq Rəfibəylinin “Dövlətdağtexnəzarət” Komitəsinin Neft və qaz çıxarma sənayesində işlərin təhlükəsiz aparılmasına nəzarət müfəttişliyində sahə müfəttişi, Neft müfəttişliyində böyük dövlət müfəttişi və 16 nömrəli baş dövlət müfəttişi vəzifələrində xx.xx.1990-xx.xx.1992-ci il və xx.xx.1994-01,09.2003-cü il tarixləri arasındakı dövrlər üzrə iş stajının dövlət qulluğu stajına daxil edilib-edilməməsi barədə məlumatların, həmçinin mərhuma xx.xx.2017xx.xx.2019-ci il tarixləri arasındakı dövr ərzində ödənilmiş əmək haqqı barədə arayış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na 3 nömrəli Əlavəyə uyğun (mükafatlar və müavinətlərin büdcədən, yaxud büdcədən kənar pul vəsaiti hesabına ödənilməsi göstərilməklə) tərtib edilərək göndərilməsi barədə aidiyyəti üzrə sorğu göndərilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayədə X4 və X9 Agentliyinin xx.xx.2024-cü il tarixli 3-18-3/2- 7215/2024 nömrəli məktubu ilə mərhumun xx.xx.2017-26.01,2019-cu illər üzrə qulluq stajına görə əlavələrin hesablanması üçün arayış təqdim edilmiş, xx.xx.1990-xx.xx.1992-ci il və xx.xx.1994-01,09.2003-cü il tarixləri arasındakı dövrlər üzrə iş stajının dövlət qulluğu stajına daxil edilib-edilməməsi barədə məlumatların təqdim edilməsi məqsədilə cavabdehin sorğusu X12 göndərilmişdir. Azərbaycan Respublikası X11 xx.xx.2024-cü il tarixli məktubunda mərhumun xx.xx.1991-ci ilədək iş müddətinin dövlət qulluğunda qulluq stajına daxil olmadığı, xx.xx.1991xx.xx.1992-ci il və xx.xx.1994-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər üzrə iş stajının dövlət qulluğu stajına daxil edilib-edilməməsi məsələsinə münasibət bildirilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Əlavə olaraq qeyd edilmişdir ki, mərhum X2 xx.xx.2003-xx.xx.2005 və xx.xx.2006-xx.xx.2019 cu il tarixləri arasındakı dövrlər üzrə 14 il 10 ay 11 gün dövlət qulluğu stajı vardır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 fevral tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin 2.1.2-ci yarımbəndinə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən onun dövlət qulluğunun xüsusi növündə nəzərə alınan müddətlərinə Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrində, SSRİ Silahlı Qüvvələrində hərbi rütbə nəzərdə tutulan vəzifələrdə həqiqi hərbi xidmət müddəti daxil edilir. Qeyd edilənlərə əsasən N.S.Rəfibəylinin 1992-1994-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi rütbə nəzərdə tutulan vəzifədə həqiqi hərbi xidmət müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: ... 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; ... 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. 17.2. Hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyaları hərbi qulluqçunun xidmət müddətindən asılı olmayaraq təyin edilir. Bu zaman ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısı xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, amma xidmət etdiyi dövrdə aldığı xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində vəfat edibsə təyin olunur. Həmin hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə isə ailə başçısı pensiya aldığı dövrdə və ya pensiya ödənilməsinin kəsilməsindən 5 il keçənədək vəfat edibsə təyin olunur. Hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri cəbhədə həlak olanların ailə üzvlərinə bərabər tutulur. 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) 20.1.8. dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla) ... 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 20.11-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır 20.12. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 20.13. Bu qanunun 20.1.8-ci və 20.1.10-cu maddələrində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş dövlət qulluqçusunun (bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulan şəxsin) qulluq stajına görə şərti əmək pensiyası və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə təyin edilir. 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; ... “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5. Pensiyanın təyin olunması şərtləri 5.1. Bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatdıqda və ya əlil olduqda bu Qanunla pensiya almaq hüququ vardır. 5.1. Pensiya almaq üçün dövlət qulluqçusunun qulluq stajına aşağıdakılar daxil edilir: 5.2.1.”Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra dövlət qulluğu vəzifəsində qulluq stajı; 5.2.2.1991-ci il. oktyabrın 18-dən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında iş stajı; 5.2.3.1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti, 5.3. Dövlət qulluqçusunun qulluq stajı Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada hesablanır 5.4. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya əlilliyinə görə işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçusunun müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda və qaydada müavinət almaq hüququ vardır. Maddə 6. Pensiyanın miqdarı 6.1. Pensiya dövlət qulluğunda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət illərindən asılı olaraq aşağıdakı miqdarda təyin edilir: 6.1.1. dövlət qulluğu vəzifəsində azı 5 il qulluq stajı olan şəxsə onun dövlət məvacibinin 45 faizi miqdarında; 6.1.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin 2 faizi miqdarında əlavə olunmaqla; 6.1.3. dövlət qulluğu vəzifəsində 10 ildən 15 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin 80 faizi miqdarından çox olmamaqla. 6.2. Bu Qanunun 2.1.3-cü maddəsində nəzərdə tutulmuş ailə üzvlərinin sayından asılı olmayaraq onlara pensiya aşağıdakı miqdarda təyin edilir: 6.2.1. vəfat etmiş dövlət qulluqçusunun qulluq stajına görə almalı olduğu pensiyanın 80 faizi miqdarında; 6.2.2. vəfat etmiş pensiyaçının pensiyasının 80 faizi miqdarında. 6.3. Bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulan pensiyanın məbləği dövlət qulluqçusunun, yaxud pensiyaçının bu Qanunun 2.1.3-cü maddəsində nəzərdə tutulmuş ailə üzvləri arasında Müvafiq qanunvericiliyə uyğun olaraq bərabər bölünür. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir. 2.2. Bu Qanunda başqa hal nəzərdə tutulmamışdırsa, bu Qanun Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə, Azərbaycan Respublikasının Baş nazirinə və onun müavinlərinə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikası məhkəmələrinin hakimlərinə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavininə, katiblərinə və digər üzvlərinə, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə (başçılarına), Azərbaycan Respublikasının Audiovizual Şurasının sədrinə, sədr müavinlərinə və digər üzvlərinə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədrinə, sədr müavinlərinə və digər üzvlərinə, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin rəhbərinə və hərbi qulluqçulara şamil olunmur. 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. 32-1.1-ci madəsinə əsasən, dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının müəyyən edilmiş pensiya yaşına çatması; b) İddiaçının mərhum ərinin dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı. İş materiallarından görünür ki, iddiaçı cavabdeh orqana xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Həmin tarixə tələb olunan pensiya yaşı 63 il 6 aydır. İddiaçının yaşının 63 il 6 ayı xx.xx.2024-cü il tarixdə tamam olmuşdur. İddiaçı birinci şərti ödəyir. Cavabdehin mübahisə etdiyi məsələ ikinci şərtlə bağlıdır. Belə ki, cavabdeh iddiaçının mərhum əri X2 dövlət qulluğu vəzifəsində qulluq stajının 15 ildən az-14 il 10 ay 11 gün olduğunu qeyd edir. Cavabdeh mövqeyini əsaslandırarkən ona istinad etmişdir ki, xx.xx.1990-xx.xx.1992-ci il və xx.xx.1994-01,09.2003-cü il tarixləri arasındakı dövrlər üzrə iş stajının dövlət qulluğu stajına daxil edilib-edilməməsi barədə məlumatların təqdim edilməsi məqsədilə cavabdehin sorğusu X12 göndərilmişdir. Azərbaycan Respublikası X11 xx.xx.2024-cü il tarixli məktubunda mərhumun xx.xx.1991-ci ilədək iş müddətinin dövlət qulluğunda qulluq stajına daxil olmadığı, xx.xx.1991xx.xx.1992-ci il və xx.xx.1994-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər üzrə iş stajının dövlət qulluğu stajına daxil edilib-edilməməsi məsələsinə münasibət bildirilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Lakin cavabdeh tərəfindən X2 1992-1994-cü illərdəki stajı araşdırılmamışdır. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 fevral tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin 2.1.2-ci yarımbəndinə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən onun dövlət qulluğunun xüsusi növündə nəzərə alınan müddətlərinə Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrində, SSRİ Silahlı Qüvvələrində hərbi rütbə nəzərdə tutulan vəzifələrdə həqiqi hərbi xidmət müddəti daxil edilir. Qeyd edilənlərə əsasən N.S.Rəfibəylinin 1992-1994-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi rütbə nəzərdə tutulan vəzifədə həqiqi hərbi xidmət müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Cavabdehin iddiaçının ərinin dövlət qulluğu stajının xx.xx.2003-xx.xx.2005 və xx.xx.2006-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər üzrə 14 il 10 ay 11 gün olduğunu qəbul edir. Beləliklə çatışmayan staj müddəti 2 aydan azdır. Cavabdeh tərəfindən X2 1992-1994-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi rütbə nəzərdə tutulan vəzifədə xidmət müddətinin dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınması ilə bağlı X11 məlumatına dair təkzibedici sübut təqdim edilməmişdir. Bu baxımdan sübut mötəbər hesab edilməli və 1992-1994-cü illərdə işlədiyi dövr X2 dövlət qulluğu stajına hesablanmalıdır. Bundan əlavə xx.xx.1991-xx.xx.1992-ci il və xx.xx.1994-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər üzrə iş stajının dövlət qulluğu stajına daxil edilib-edilməməsi məsələsinə münasibət bildirilməsinin mümkün olmaması iddiaçının ziyanına şərh oluna bilməz. Belə ki, həmin dövrdə Azərbaycan Respublikası Dövlət Sənayedə X4nə Nəzarət və Dağ-Mədən Nəzarəti komitəsi dövlət idarəetmə orqanı sayılmış və Nazirlər Kabineti yanında fəaliyyət göstərmişdir. Respublikada ona həvalə edilmiş dövlət nəzarətini bilavasitə və ona tabe olan sahə və rayon dağ-texniki müfəttişlikləri vasitəsilə həyata keçirmişdir. Neft və qaz çıxarma sənayesində işlərin təhlükəsiz aparılmasına nəzarət müfəttişliyinin və Neft müfəttişliyinin hüquqi statusu və Komitənin strukturunda yerini müəyyən etmək mümkün olmasa da, iddiaçının sahə müfəttişi, böyük dövlət müfəttişi və 16-cı dərəcəli baş dövlət müfəttişi vəzifələri Komitənin funksiyalarını icra etdiyindən dövlət qulluğu stajı kimi qəbul edilməlidir. Beləliklə, X2 dövlət qulluğu stajı 15 ildən çox olduğu üçün ikinci şərt də ödənmiş olur, yəni cavabdeh inzibati orqanın imtina dəlili əsaslı deyildir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, İddiaçı hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən ailə başçısını itirməyə görə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən ailə başçısını itirməyə görə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar