Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2295/2022 08.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Quliyev Məhəmməd Rəhim oğlunun (Xırdalan şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, vəkil), cavabdehin nümayəndəsi Cabbarova Validə İlham qızının (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq şöbəsində hüquqşünas vəzifəsində işləyir) iştirakı ilə, iddiaçı Rüstəmov Vüsal Rüstəm oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı 29155,93 manat ƏDV məbləğinin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Rüstəmov Vüsal Rüstəm oğlu Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia qaldıraraq 29155,93 manat ƏDV məbləğinin iddiaçıya qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 28.03.2020-ci il tarixində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus satış ofisindən Patek Philippe və Rolex Reference markalı iki ədəd kisi üçün qol saatı almışdır. Həmin məhsulun alışına və “tax free” qaydalarına əsasən İddiaçı 29155.93 manat ƏDV məbləği geri qaytarılmalıdır. Ölkədəki və bütün dünyada tüğyan edən Covid-19 pandemiyası səbəbilə ölkə ərazisinə giriş-çıxışlara məhduddiyyət qoyulmuş, sərhədlər bağlanmış və aviareyslər təxirə salınmışdır. Bu səbəbdən də iddiaçı müvafiq qaydalara uyğun olaraq 90 gün ərzində istəsə də belə, öz iradəsindən asılı olmayan səbəblərə görə ölkə hüdudlarında qalmaq məcburiyyətində qalmış,yalnız 17.07.2020-ci il tarixində Bakı-Minsk aviareysindən istifadə etmişdir. Həmin vaxt Heydər Əliyev adına beynəlxalq hava limanında iddiaçıya bidirilmişdir ki, artq 90 gün müddəti ötmüşdür. 90 gün müddətində və bu günkü günədək iddiaçı dəfələrlə gömrük orqanlarına, bank orqanlarına və vergi xidməti orqanlarına müraciət etsə də, ona şifahi qaydada ƏDV məbləğinin geri qaytarılmasından imtina olunaraq yalnız 1 səbəb göstərilmişdir ki, “siz 90 gün müddətində ƏDV məbləğinin geri qaytarılmasını” tələb edə bilərsiniz. Buna görə də iddiaçı məcbur olub rəsmi qaydada cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən həmin məbləğin ödənilməsindən rəsmi qaydada imtina olunmuşdur.İmtinanın əsası kimi isə iddiaçının Azərbaycan Respublikası vətəndaşı olması göstərilmişdir.Halbuki cavabdehə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus satış ofisi tərəfindən iddiaçıya ƏDV-nin geri qaytarılmasına dair elektron vergi hesab fakturası da təqdim edilmişdir ki, həmin hesabfaktura yalnız və yalnız əcnəbilərə təqdim olunan sənəddir. Hamıya məlumdur ki, Rusiya Federasiyasında yüz minlərlə Azərbaycan vətəndaşı yaşayır və on minlərlə insan Rusiya Federasiyasının vətəndaşlığını əldə etmişdir. Azərbaycan Respublikasına Rusiya Federasiyasından gəlib gedən şəxslərin böyük əksəriyyəti də məhz azərbaycan millətinə mənsub olan, ikili vətəndaşlığı olan azərbaycanlılardır. Həmin şəxslərə də 90 gün müddətində ölkəni tərk etdiyi halda ƏDV məbləği bugünkü gündə də qaytarılır. Eyni əsasa görə iddiaçıya imtina verilməsi bərabərlik, hüquqi müəyyənlik prinsiplərinə tam şəkildə ziddir. Necə olur ki, minlərlə ikili vətəndaşlığı olan şəxslərə ƏDV məbləği geri qaytarılır, lakin iddiaçıya bu məbləğ geri qaytarılmır?! Məhkəmə iclasında həmin şəxslərdən bir neçəsinin adı və anket məlumatları lazım olarsa məhkəməyə təqdim olunacaqdır.Pandemiya zamanı bütün dövlət orqanlarında, həmçinin dövlət vergi xidmətində, gömrük orqanlarında müddətlərlə bağlı məsələlərdə tənzimləmə aparılmış və müddət axımı dayandırılmışdır. Hətta məhkəmələrdə pandemiya dövründə vətəndaşlar tərəfindən buraxılmış müddətlər üzürlü hesab olunaraq bərpa olunur.Azərbaycan Respublikası Vergi Məcəlləsinin 15.1.15-2. maddəsinə əsasən bu Məcəllənin 165.3-cü maddəsinə uyğun olaraq ƏDV-nin qaytarılması şərti ilə satışı həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada ərizə ilə vergi orqanlarına müraciət etmək vergi ödəyicinin hüququdur. Buna müvafiq olaraq da Vergi Məcəlləsinin 24.0.7-1-ci maddəsinə əsasən vergi orqanı bu Məcəllənin 165.3cü maddəsinə uyğun olaraq ƏDV-nin qaytarılması şərti ilə satışı həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada vergi ödəyicilərinin qeydiyyatını aparmağa, satıcı kimi qeydiyyata alınmış vergi ödəyicilərinin müraciəti əsasında onları müvafiq proqram təminatı ilə təchiz etməyə, ƏDV-nin qaytarılması sisteminin təşkili ilə bağlı müəyyən edilmiş gömrük sərhəd buraxılış məntəqələrində zəruri infrastrukturun yaradılmasını təmin etməyə borcludur.Həmin Məcəllənin 165.3-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş ƏDV-nin qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 iyul tarixli, 985 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması qaydası”na əsasən ƏDV məbləğinin geri qaytarılması üçün 90 gün müddəti nəzərdə tutulsa da, Covid 19 pandemiyası və ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq olunması səbəbilə iddiaçı uçuş edə bilməmiş, hər hansı bir aviaresydən istifadə etməmişdir.Aviareyslər bərpa olunduqda isə artıq sözügedən 90 gün müddət bitmişdir. Məlumdur ki, ƏDV məbləğinin geri qaytarılması da məhz bu cür halda tətbiq olunur. Lakin ƏDV məbləğinin qaytarılması üçün 90 gün müddətinin ötməsinin V. Rüstəmovin iradəsindən kənar baş verməsi nəzərə alaraq vergi xidməti orqanı həmin məbləğin İddiaçı ödənilməsini təmin etməlidir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə uyğun olaraq verilmiş məhkəmənin sərəncamına əsasən təqdim edilmiş iddia ərizəsinə etirazında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti göstərmişdir ki, İddiaçı öz iddia ərizəsində 28.03.2020-ci il tarixdə "xxxx" MMC-yə məxsus satış ofisindən qol saatı aldığını və 17.07.2020-ci il tarixdə Heydər Əliyev adına beynəlxalq hava limanından Bakı-Minsk aviareysi ilə yola düşərkən ölkə ərazisində əldə edilmiş mallara görə ödənilmiş məbləğin “tax free” qaydalarına əsasən İddiaçı 29.155,93 manat məbləğində ƏDV-nin geri qaytarılmalı olduğu halda cavabdeh orqan tərəfindən həmin məbləğin qaytarılmasından imtina edildiyini bildirmişdir. İmtinaya səbəb isə müvafiq ƏDV məbləğinin qanunvericilikdə nəzərdə tutulmuş 90 günlük müddətin ötürülməsi olmuşdur.Həmin müddətin ötürülməsi ilə bağlı iddiaçı öz ərizəsində bildirmişdir ki, müddətin ötürülməsi onun təqsirli hərəkəti nəticəsində deyil, Covid-19 pandemiyası səbəbi ilə ölkə ərazisini tərk edə bilməməsi səbəbi ilə olmuşdur. Miqrasiya Məcəlləsinin 20.1-ci maddəsinə əsasən viza əsasında Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti vizada göstərilən qalma müddətindən, viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə ölkədə müvəqqəti olma müddəti, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 90 gündən artıq ola bilməz.Həmin Məcəllənin 42.1-ci maddəsinə görə isə Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti onların və ya qanuni nümayəndələrinin müraciəti əsasında həmin Məcəllənin 40-cı maddəsində nəzərdə tutulan hallarda 60 günədək uzadıla bilər.Digər tərəfdən Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması" Qaydasının 1.2-ci bəndinə əsasən həmin Qayda 1.3-cü bənddə göstərilən mallar istisna olmaqla, yalnız istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan və alındığı tarixdən 90 gün müddətində ölkə ərazisindən aparılan istehlak mallarına şamil edilir.Həmin Qaydaya ətraflı nəzər saldıqda görərik ki, 90 günlük müddətin ötürülməsi bağlı hər hansı üzrlü hallar sadalanmamış və ya Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətinin uzadılması halında ƏDV-nin “tax free" qaydasında qaytarılma müddətinin də uzadılmasını əsas verən hər hansı norma nəzərdə tutulmamışdır.Göründüyü kimi, Miqrasiya Məcəlləsi ilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində müvəqqəti olma müddətinin 90 gündən artıq müddətə uzadılmasına əsas verən hallar nəzərdə tutulsa da, Azərbaycan Respublikası Prezidentinin 12.07.2016-cı il tarixli Fərmanı ilə həmin şəxslər tərəfindən ölkə ərazisində olduqları müddət ərzində aldıqları istehlak malları üzrə ƏDV-nin tam həcmdə qaytarılmasının 90 gündən artıq müddətə uzadılmasına əsas verən hər hansı hal və ya müvafiq qanunvericilik normasına olan istinad nəzərdə tutulmamışdır.Beləliklə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində olma müddətinin bu və ya digər səbəbdən uzadılması paralel olaraq onun istehlak məqsədi ilə aldığı mallar üzrə ƏDV-nin tam həcmdə qaytarma hüququnun 90 gündən artıq müddətə uzadılmasına əsas verən hal kimi qiymətləndirilə bilməz.Digər tərəfdən bildirmək istəyirik ki, iddiaçı ƏDV-nin qaytarılması üçün nəzərdə tutulmuş müddətləri ötürməmiş belə olsaydı, qeyd olunan hüquqdan İddiaçı yararlanmaq imkanı mövcud deyildir.Belə ki, məhkəmədən ƏDV məbləğinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edən İddiaçı bu tələbini özünün xarici vətəndaş olması və Vergi Məcəlləsinin 165-ci maddəsi ilə əlaqələndirmişdir.Bununla bağlı bildirməliyik ki, Vergi Məcəlləsinin 165.1-ci maddəsinə əsasən ƏDV-nin sıfır dərəcə ilə tutulduğu hallardan biri kimi əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində həmin Məcəllənin 165.3-cü maddəsinə uyğun olaraq əlavə dəyər vergisinin qaytarılması qaydasında satıcı kimi qeydiyyata alınmış vergi ödəyicilərindən əldə edilmiş istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ixracı nəzərdə tutulmuşdur.Ancaq iddiaçının vergi orqanına öncədən daxil olmuş müraciətinin araşdırılması zamanı müəyyən olunmuşdur ki, o, hazırda Azərbaycan Respublikasının vətəndaşıdır və 113YMGC FİN nömrəli şəxsiyyət vəsiqəsinin sahibidir. “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması” Qaydasının 1.5.1-ci yarımbəndinə əsasən isə əlavə dəyər vergisi məbləğinin qaytarılması Azərbaycan Respublikasının vətəndaşlarına şamil edilmir.Bundan əlavə İddiaçı vergi ödəyicisi kimi 13.08.2012-ci il tarixdə 8 saylı Ərazi Vergilər Baş idarəsində ********** VÖEN ilə vergi ödəyicisi kimi uçota alınmışdır. Bu fakt isə bir daha onu göstərir ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ödənilmiş ƏDV-nin geri qaytarılması hüququ iddiaçıya şamil edilə bilməz.Göründüyü kimi, İddiaçı Azərbaycan Respublikasının vətəndaşı olduğundan və onun ƏDV-nin tam həcmdə qaytarılmasına dair subyektiv hüququ mövcud olmadığından “29.155,93 manat ƏDV məbləğinin iddiaçıya ödənilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassız və qanunvericiliyin tələblərinə ziddir.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının vəkili və nümayəndəsi Quliyev Məhəmməd Rəhim oğlu iddia tələbində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi Cabbarova Validə İlham qızı iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının vəkil və nümayəndəsini, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iş materiallarında olan: “Əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron vergi-hesab fakturasının vahid forması” adlı ******* nömrəli, 28.03.2020-ci il tarixli elektron vergi hesab fakturasına əsasən iddiaçı Bakı şəhərində yerləşən "xxxx" MMC-dən 119180 manat (o cümlədən 18180 manat ƏDV) dəyərində 1 ədəd və 13620 manat (o cümlədən 20776,27 manat ƏDV) dəyərində 1 ədəd PATEK PHİLİPPE markalı və 31320 manat ( o cümlədən 4777,63 manat ƏDV) dəyərində 1 ədəd ROLEX REFERENCE markalı saata görə cəmi 29155,93 manat ƏDV-nin qaytarılması üçün qeyd edilən elektron vergi hesab fakturasını təqdim etmişdir. Cavabdehin 22.07.2021-ci il tarixli imtina məktubuna əsasən iddiaçının Azərbaycan Respublikasının vətəndaşı olması əsası ilə iddiaçının göstərdiyi əlavə dəyər vergisinin qaytarılmasından imtina edilmişdir. Cavabdehin etirazına əlavə edilmiş fiziki şəxs haqqında məlumata və şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, şəxsiyyətini təsdiq edən sənəd (AA2264599) 01.06.2020-ci ildə Ağcəbədi RPŞ Q və ŞV bölməsi tərəfindən verilmişdir, iddiaçı Ağcəbədi rayonu, Cəfər Cabbarl küçəsində qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdə olan iddiaçının cavabdehə ünvanladığı müraciətə əsasən iddiaçı “Tax Free” qaydalarına əsasən 29155,93 manat ƏDV məbləğinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş Həsənov Rabil Müsbət oğlunun və Babayev Həşim Rəşid oğlunun dövlət sərhəddini keçmələri və TaxFree üzrə fakturalar barədə məlumatlara əsasən Babayev Həşim Rəşid oğlu 29.06.2021-ci ildə Azərbaycan Respublikasından çıxaraq Rusiya Federasiyasına getmişdir, Gasanov Rabil isə 19.06.2021-ci ildə Azərbaycan Respublikasından çıxaraq Rusiya Federasiyasına getmişdir, Həşim Babayev tərəfindən təqdim edilmiş fakturaya əsasən 29.06.2021-ci ildə 2170,17 manat, Rabil Gasanovun təqdim etdiyi fakturalara əsasən 19.06.2021-ci ildə 1028,02 manat ƏDV qaytarılmışdır. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının ərazisində Bakı şəhərində yerləşən "xxxx" MMC-dən 119180 manat (o cümlədən 18180 manat ƏDV) dəyərində 1 ədəd və 136200 manat (o cümlədən 20776,27 manat ƏDV) dəyərində 1 ədəd PATEK PHİLİPPE markalı və 31320 manat ( o cümlədən 4777,63 manat ƏDV) dəyərində 1 ədəd ROLEX REFERENCE markalı saat satın almışdır, “Əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron vergi-hesab fakturasının vahid forması” adlı ******* nömrəli, 28.03.2020-ci il tarixli elektron vergi hesab fakturasına əsasən həmin alqı-satqı nəticəsində ödədiyi cəmi 29155,93 manat ƏDV-nin qaytarılması üçün cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 15.1.15-2. maddəsinə əsasən bu Məcəllənin 165.3-cü maddəsinə uyğun olaraq ƏDV-nin qaytarılması şərti ilə satışı həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada ərizə ilə vergi orqanlarına müraciət etmək vergi ödəyicinin hüququdur. Həmin Məcəllənin 24.0.7-1-ci maddəsinə əsasən vergi orqanı bu Məcəllənin 165.3-cü maddəsinə uyğun olaraq ƏDV-nin qaytarılması şərti ilə satışı həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada vergi ödəyicilərinin qeydiyyatını aparmağa, satıcı kimi qeydiyyata alınmış vergi ödəyicilərinin müraciəti əsasında onları müvafiq proqram təminatı ilə təchiz etməyə, ƏDV-nin qaytarılması sisteminin təşkili ilə bağlı müəyyən edilmiş gömrük sərhəd buraxılış məntəqələrində zəruri infrastrukturun yaradılmasını təmin etməyə borcludur; Azərbaycan Respublikasının Vergi Məcəlləsinn 165.1-ci maddəsinə əsasən aşağıdakı işlərin görülməsinə, xidmətlərin göstərilməsinə və əməliyyatların aparılmasına görə ƏDV sıfır (0) dərəcəsi ilə tutulur: 165.1.1. Azərbaycan Respublikasında akkreditə edilmiş beynəlxalq təşkilatların və xarici Ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin müvafiq statuslu Azərbaycan Respublikasının vətəndaşı olmayan diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mallar və xidmətlər; 165.1.2. qrant müqaviləsi (qərarı) əsasında xaricdən alınan qrantlar hesabına malların idxalı, qrant üzrə resipiyentlərə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 165.1.3. malların (o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 165.3-cü maddəsinə uyğun olaraq əlavə dəyər vergisinin qaytarılması qaydasında satıcı kimi qeydiyyata alınmış vergi ödəyicilərindən əldə edilmiş istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların) və bu Məcəllənin 168.1.5-ci maddəsində göstərilmiş xidmətlərin ixracı; 165.1.4. beynəlxalq poçt xidmətləri istisna olmaqla, beynəlxalq və tranzit yük və sərnişin daşınması, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti. Beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi, xidmətlərin göstərilməsi, habelə beynəlxalq və tranzit yük daşınması ilə bağlı ekspeditor xidmətlərinin göstərilməsi; 165.1.5. Azərbaycan Respublikasının Mərkəzi Bankına qızıl və digər qiymətlilərin göndərilməsi.165.1.7. müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidentinə podratçı tərəfindən, podratçıya isə onunla birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi - 2016-cı il mayın 1-dən 5 il müddətinə; 165.1.9. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada malların ixrac qeydi ilə satışı. Həmin Məcəllənin 165.2-ci maddəsinə əsasən bu Məcəllənin 165.1.1-ci maddəsi üzrə sıfır (0) dərəcəsi ilə ƏDV o ölkələrə münasibətdə tətbiq edilir ki, həmin ölkələr tərəfindən 165.1.1-ci maddəsində göstərilən işlərə, xidmətlərə və əməliyyatlara görə ƏDV sıfır (0) dərəcəsi ilə tətbiq edilsin. Həmin Məcəllənin 165.3-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş ƏDVnin qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 165.5-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarətkassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. ((alkoqollu içkilər və tütün məmulatlarına münasibətdə) 2022-ci il oktyabrın 1dən tətbiq edilir). Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 165.3-cü maddəsinə uyğun olaraq, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra - ƏDV) həmin mallar gömrük qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisindən hava və su nəqliyyatı vasitəsilə aparılarkən geri qaytarılması qaydasını tənzimləyir. Həmin qaydanın 1.5-ci bəndinə ısasən bu Qayda aşağıdakı şəxslərə münasibətdə tətbiq edilmir:1.5.1. Azərbaycan Respublikasının vətəndaşlarına; İşin faktiki hallarına əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə malikdir, həmin şəxsiyyət vəsiqəsini 2020-ci ildə almışdır, qeydiyyatda olduğu yer Ağcəbədi rayonudur, belə olan halda iddiaçıya Azərbaycan Respubliikasının Vergi Məcəlləsinin 165.3-cü maddəsinin tələbləri və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın müddəaları şamil edilmir. İddiaçının digər (vəsatətində göstərdiyi) fiziki şəxslərə həmin müddəaların şamil edilməsi ilə inzibati praktikanın yaranması barədə bildirdiklərinə gəldikdə isə məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Məhkəmə qeyd edir ki, iddiaçının vəsatətində göstərdiyi iki fiziki şəxs Azərbaycan Respublikasının vətəndaşı olduğu halda onlara münasibətdə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın tətbiq edilməsi həmin Qaydanın və Vergi Məcələsinin tələblərinin pozulması deməkdir. Halbuki “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13.5-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən isə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən isə qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır; Göründüyü kimi hər hansı inzibati praktika yalnız qanunvericiliyə əməl edilməklə aparılan inzibati icraat nəticəsində yaranır, habelə inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamın əsasında qanunauyğun hərəkətlər dayanır, qanuna zidd hərəkətlərin inzibati praktikanı yaratması isə “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmədə aparılan inzibati araşdırma zamanı cavabdeh tərəfindən iddiaçıya münasibətdə hər hansı bir qanunssuzluğa yol verilməsi və Vergi Məcəlləsi ilə üzərinə qoyulmuş öhdəliklərinin icrasından cavabdehin yayınması ilə nəticələnən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin pozulması halına yol verilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı Rüstəmov Vüsal Rüstəm oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı 29155,93 manat ƏDV məbləğinin iddiaçıya qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassız olduğundan təmin edilə bilməz və rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2,34, 68, 69, 85,110-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Rüstəmov Vüsal Rüstəm oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı 29155,93 manat ƏDV məbləğinin iddiaçıya qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2295/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2295/2022
08.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver