Məhkəmə qərarları › İş №2-1(112)-2295/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2295/2025

12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2295/2025 12.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N-ci ilin payızında könüllü olaraq Füzuli döyüş əməliyyatları zonasında N saylı hərbi hissənin tərkibində, Qaraxanbəyli hərbi hospitalında ixtisasına uyğun olaraq əməliyyat zonasında yaralılara yardım edərək hərbi hospitalda onların müalicəsinin aparılmasında köməklik göstərmişdir. N-ci ilin dekabr ayının 29-da Nəsimi ryon Hərbi komissarlığında tərəfindən verilən çağırışa uyğun olaraq H3 ******* seriya nömrəli hərbi biletini təhvil verib qeydiyyata düşərək Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək üçün Şəmkir rayonunda yerləşən Seyfəli hərbi poliqonuna, N saylı hərbi hissəyə getmişdir. Həmin hərbi hissədə iki həftə təlim keçdikdən sonra N saylı hərbi hissənin tərkibində Ağdərə döyüş əməliyyatları rayonunda döyüşlərdə iştirak etmişdir. 1993-cü ilin yanvarın ortalarından başlayaraq Sırxavənd, Çıldıran, Ballı Qaya, Vəng, Qozlu Körpü kimi döyüş əməliyyatları keçirilən yerlərdə döyüşlərdə iştirak etmişdir. Bir müddətdən sonra N saylı hərbi hissənin döyüş əməliyyatlarından sonra qalan şəxsi heyəti əməliyyat zonasından çıxarılıb Seyfəli poliqonuna gətiriblər. Bir müddət burada qaldıqdan sonra onların silah-sursatlarını təhvil alıb qatarla evə göndəribilər və onlarla əlaqə saxlayacaqlarını bildiriblər. Təxminən iki həftəlik müalicədən sonra o, Gəncəyə qayıdaraq tağım komandirini tapmışdır. Onlar Gəncədən olan 5-6 nəfərlə N saylı hərbi hissədə idilər. Bir müddət iddiaçı da onlarla bir yerdə qalmış, ona hələ komplektləşmənin olmadığı bildirilmişdir. Tağım komandiri komplektləşmə zamanı ona xəbər ediləcəyini bildirərək ona evə qayıtmağı məsləhət görmüşdür. Bundan sonra iddiaçı dəfələrlə Nəsimi RHK-na müraciət etsə də hərbi bileti haqqında məlumat ala bilməmişdir. Ona bildirmişlər ki, sənədlər gəldiyi zaman ünvana məlumat veriləcəkdir. 2016-cı ildə iddiaçı Müdafiə Nazirliyinin Arxiv İdarəsinə ərizə ilə müraciət etmiş, lakin ona N saylı hərbi hissənin məlumatlarının Arxiv İdarəsinə daxil olmadığı bildirilmişdir. 2022-ci ildə təkrar müraciətindən sonra onun Ağdərə döyüş əməliyyatları rayonunda olduğu barədə məlumat olan arayışı vermişlər. Bu ilin aprel ayında Müdafiə Nazirliyinə “müharibə veteranı” vəsiqəsinin verilməsi ilə bağlı müraciət etmiş, lakin ona imtina edilmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılmasıdır. Yəni, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-5044 nömrəli arayışına əsasən iddiaçının xx.xx.1993-cü il tarixdən sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata və ya istefaya buraxılması barədə məlumat aşkar edilməmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İddiaçı müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 29 №-li əmrində (əsas: §-4, səh-66, sıra-182) döyüş əməliyyatları rayonunda, Ağdərə şəhərində olduqlarına görə, əmək haqqı ödənilən N №-li hərbi hissənin şəxsi heyətinin siyahısında, baş tuşlayıcı vəzifəsində, sıravi İddiaçı adı qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin dekabr N-ci il yanvar, mart-iyul 1993-cü il, N №-li hərbi hissə komandirinin fevral-dekabr N-ci il, may-dekabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində əlavə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin yanvar-noyabr N-ci il, avqust-dekabr 1993-cü il N №-li hərbi hissə komandirinin yanvar Nci il, yanvar-aprel 1993-cü il tarixli nizami hissə üzrə əmrləri və N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.N-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, N №-li hərbi hissənin xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək və N №-li hərbi hissənin xx.xx.N-ci il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsinin məhkəmə sorğusuna cavab olaraq iddiaçıya aid qeydiyyat kartasının surəti məhkəməyə göndərilmişdir. Həmin qeydiyyat kartasına, həmçinin 15444 nömrəli, xx.xx.2024-cü il tarixli hərbi bilet əvəzi arayışına əsasən iddiaçı xx.xx.1988-xx.xx.1990-cı il tarixlərdə hərbi xidmət keçmişdir. Onun hərbi rütbəsi çavuşdur. İş materiallarına əlavə edilmiş çağırış vərəqəsindən görünür ki, iddiaçı xx.xx.N-ci il tarixə Nəsimi rayon hərbi komissarlığına çağırılmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-5044 nömrəli arayışına əsasən N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 29 №-li əmrilə (əsas: səh 66, § 4, sıra 182) Ağdərə döyüş əməliyatları rayonunda olduqları üçün pul təminatı ödənilmiş N №-li hərbi hissənin şəxsi heyətinin siyahısında baş tuşlayıcı sıravi İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan aprel-dekabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri və N №-li hərbi hissə komandirinin yanvar-mart 1993-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. Cavabdehin iddiaçının müraciətinə əsasən verilmiş imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin qeyd edilən müddəalarından görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara və həmin tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı verilir. Eyni zamanda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda göstərilmişdir ki, hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir (2.0.2.). Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu Qanunun 41.0.3-cü, 41.0.5-ci, 41.0.8-ci, 42.0.2-ci və 42.0.3-cü maddələrində, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları isə həmçinin bu Qanunun 41.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılırlar (40.2). İddiaçı öz tələbinin sübutu kimi ona Nəsimi rayon Hərbi Komissarlığı tərəfindən Nci ildə verilmiş çağırış vərəqəsinə və hərbi bilet əvəzinə verilmiş arayışa əsaslanmışdır. Məhkəmə hesab edir ki, qeyd olunan sübutlar iddiaçıya müharibə veteranı adının verilməsi üçün kifayət deyildir. Belə ki, məhkəmə sorğusu əsasında cavabdehin xx.xx.2024-cü il tarixli cavab məktubunda N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 29 №-li əmrində döyüş əməliyyatları rayonunda, Ağdərə şəhərində olduqlarına görə, əmək haqqı ödənilən N №-li hərbi hissənin şəxsi heyətinin siyahısında, iddiaçının adının qeyd olunduğu bildirlsə də, bundan sonrakı dövr üzrə 002, N və N nömrəli hərbi hissələrin nizami hissə üzrə əmrlərində iddiaçının adına rast gəlinməmişdir. Eyni zamanda iddiaçının qanuni əsaslarla ordu sıralarından tərxis olunması barədə də Müdafiə Nazirliyinin Arxivində heç bir məlumat yoxdur. Eyni zamanda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsinin məhkəmə sorğusuna cavab olaraq göndərdiyi qeydiyyat kartasında onun N-1993-cü illərə dair xidməti barədə hər hansı məlumat mövcud deyildir. Qeyd edilməlidir ki, “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Göründüyü kimi iddiaçının döyüş əməliyyatları aparılan ərazilərdə qanuni əsaslarla xidmət keçməsi və ehtiyata buraxılması sübuta yetirilmir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi barədə dair iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar