Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2296/2020 28.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “AZ seriyalı 002047 nömrəli xx xxxx 1997-ci il tarixli diplomunun tanınması” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirakının təmin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2020-ci il tarixdə İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, AZ seriyalı 002047 nömrəli xx xxxx 1997-ci il tarixli diplomunun tanınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2296/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Gəncə şəhəri təsərrüfat hesablı Məişət Xidməti Kollecinin 1997-ci ildə bitirərək, həmin diplom əsasında ibtidai sinif müəllimi kimi fəaliyyət göstərməyə başlamışdır. Həmin ildə də Günəşli kənd orta məktəbində müəllim kimi işləmiş, xx.xx.2012-ci ildən 5 saylı tam orta məktəbində ibtidai sinif müəllimi işəməyə başlamış və hazırda da işləyir. Lakin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə buraxılmamışdır. Dəfələrlə Təhsil Nazirliyinə müraciət etsə də, heç bir cavab almamışdır. Diaqnostik imtahana buraxılmasını xahiş etməsi ilə əlaqədar ərizənin cavabdeh tərəfindən alınması barədə xəbərnamə də ərizəyə əlavə edilmişdir. Onun alınmasından 35 gün keçdiyi üçün məhkəməyə müraciət etmişdir.Eyni zamanda qeyd olunmuşdur ki, cavabdeh tərəfindən müəllimlərin işə qəbula qeydiyyat keçərkən heç bir irad bildirilməmişdir. Həmin imtahanda iştirak edə bilmədiyi üçün dərs saatları da çox verilmir. Bu da öz növbəsində iddiaçının və ailəsinin də maddi rifah halına öz mənfi təsirini göstərir. Qeyd edilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. İş üzrə bir sıra prosedur hərəkətlər edildikdən sonra məhkəmə hazırlıq icraatının növbəti iclası xx xxxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Hüseynov iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının diplomu dövlət nümunəli olmadığından iddiaçı diaqnostik qiymətləndirməyə buraxılmamışdır. Həmçinin, o da, qeyd olunmalıdır ki, hazırda diaqnostik qiymətləndirmə ilə bağlı yeni qaydalar qəbul olunmalıdır. Odur ki, cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb aşağdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan sənədlərdən: - Gəncə şəhəri Təsərrüfat hesablı Məişət Xidməti Kolleci tərəfindən verilmiş 002047 saylı, xx xxxx 1997-ci tarixli diplomundan görünür ki, İddiaçı Gəncə şəhəri Təsərrüfat hesablı Məişət Xidməti Kollecinə daxil olmuş və həmin kollecin ümumtəhsil məktəblərində ibtidai sinif müəllimi ixtisası üzrə tam kursu bitirmişdir. -Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddaçı İddiaçı ünvanladığı xx xxxxx 2017ci il tarixli, A-449/13-24 saylı məktubundan görünür ki, Gəncə şəhəri təsərrüfat hesablı Məişət Xidməti Kolleci tərəfindən adına yazılmış AZ seriyalı 002047 №-li diplom blankı dövlət nümunəli təhsil sənədi olmadığı göstərilmişdir. İşin mübahisələndirilməyən halı odur ki, İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməzdən əvvəl, ilk öncə Azərbaycan Respublikası Təhsil Nazirliyinə ərizə ilə müraciət olunmuş, xx xxxxxxxx 2019-cu il tarixdə poçt tərəfindən çatdırılmış, lakin iddiaçının müraciətinə cavabdeh tərəfindən münasibət bildirilməmişdir. İşin mübahisələndirilən halı odur ki, iddiçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin ünvanladığı xx xxxxx 2017-ci il tarixli, A-449/13-24 saylı məktubunun qanunsuz sayaraq, Gəncə şəhəri Təsərrüfat hesablı Məişət Xidməti Kolleci tərəfindən ona verilmiş 002047 saylı, xx xxxx 1997-ci tarixli diplomunun tanınmasını tələb edir. Məhkəmə araşdırması zamanı, İnzibati Prosessual Məcəllənin 13 və 48.1-ci maddələrinin tələblərinə riayət edilərək, iddia tələbi iddiaçının hüquqi marağı nəzərə alınmaqla qiymətləndirmiş, iddiaçının son olaraq hüquqi marağının müəllimlərin diaqnostik qiymətləndirilməsinə buraxılması ilə əlaqədar olduğu yeqin edilmişdir. Məhkəmə tərəfindən araşdırmalı olan hal isə, iddiaçının qaldırdığı iddia tələbinin İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində göstərilən iddia növlərindən birinə uyğun olub-olmamasıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1.-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddiaçının iddia ərizəsində göstərilmiş “diplomun tanınması”ilə bağlı iddia tələbi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-2.2.9-cu maddələrində nəzərdə tutulmuş iddia tələblərindən hər hansı birinə uyğunluğu müəyyən olunmur, həmçinin, bu növ tələb inzibati məhkəmə icraatı qaydasında mübahisə predmeti kimi çıxış edə bilməz. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunun 1.0.29-cu maddəsinə əsasən, kollec - orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşəixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsidir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən, dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Həmin Qanunun 21.2-ci və 21.3-cü maddəsinə əsasən, orta ixtisas təhsili kolleclərdə və ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində həyata keçirilir və subbakalavr peşə-ixtisas dərəcəsinin verilməsi ilə başa çatır. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili almaq üçün qəbul olunanlar həm də tam orta təhsil alırlar. Orta ixtisas təhsili müvafiq təhsil proqramları əsasında təşkil olunur. Orta ixtisas təhsilini başa vuran məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd - diplom verilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli, 64 №-li qərarı ilə Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları təsdiq olunmuşdur. Qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, hazırki iddia tələbi İPM-nin 2.2-ci maddəsində göstərilən iddia növlərindən hər hansı birinə aid olsa idi belə, iddiaçı Gəncə şəhəri Təsərrüfat hesablı Məişət Xidməti Kolleci tərəfindən verilmiş 002047 saylı, xx xxxx 1997-ci tarixli diplomun tanınması ilə bağlı iddia irəli sürmək hüququna malik deyildir. Belə ki, qanunvericilikdə yalnız xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarınının tanınması və ekvivalentliyinin ölkə ərazisində müəyyən edilməsi mümkündür və həmin ixtisasların tanınması da müvafiq olaraq “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)“ Qaydaları əsasında tənzimlənir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, hətta, iddiaçının iddia tələbini dəqiqləşdirilməzdən əvvəl, yəni ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə buraxılması ilə bağlı iddiaya baxılması mümkün deyildir. Belə ki, “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması” Qaydasının 1.2-ci bəndinə əsasən, bu Qaydalar Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələri, o cümlədən xüsusi tipli ümumi təhsil müəssisələrində diaqnostik qiymətləndirilmənin aparılması ilə bağlı təhsili idarəetmə orqanlarının, müəssisə rəhbərlərinin, müəllimlərin hüquq və vəzifələrini müəyyən edir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən, diaqnostik qiymətləndirilmənin aparılması Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı tətbiq olunmaqla test üsulu ilə həyata keçirilir. “Dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin, psixoloqların və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiqi və diaqnostik qiymətləndirilmənin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin xx xxxxxxx 2019-cu il tarixli, F-595 saylı əmrinin 1-ci və 2-ci bəndlərinə əsasən, “Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin, psixoloqların və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinın aparılması Qaydaları” yeni redaksiyada təsdiq edilməsi,Təhsil Nazirliyinin xx.xx.2017-ci il tarixli, 236/1 nömrəli əmrilə təsdiq edilmiş qaydaların qüvvədən düşmüş hesab olunması əmr edilmişdir. Göründüyü kimi, inzibati orqan qismində çıxış edən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilməli olan müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı hər hansı tədbirlərin həyata keçirilməsi məhz Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin, psixoloqların və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinın aparılması Qaydaları”nın yeni redaksiyası təsdiq olunduqdan sonra mümkün olacaqdır. Beləliklə, Məhkəmə qanunvericiliyinin müddəalarını, eləcə də işin hallarını nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “AZ seriyalı 002047 nömrəli xx xxxx 1997-ci il tarixli diplomunun tanınması” tələbinə dair iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “AZ seriyalı 002047 nömrəli xx xxxx 1997-ci il tarixli diplomunun tanınması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim : Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-2296/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2296/2020
28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver