Məhkəmə qərarları › İş №2-1(112)-2296/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2296/2025

25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2296/2025 25.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Leyla Afiq qızının katibliyi, cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı ″iddiaçıya yaşayış sahəsinə ehtiyacı olan şəxs olaraq Bakı şəhəri, Binəqədi rayonu, Hövsan qəsəbəsi, X11ndə verilmiş bir otaqlı mənzilin dəyişdirilərək iki otaqlı mənzilin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması″ tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı xx xxxxxx 1999-cu il təvəllüdlü İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs olaraq verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Hövsan qəsəbəsi, X11ndə yerləşən bir otaqlı mənzilin dəyişdirilərək iki otaqlı mənzilin verilməsi öhdəliyinin iş üzrə Cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, İddiaçı xx xxxxxx 1999-cu il tarixdə anadan olmuşdur. 16 iyun 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış və 14 noyabr 2022-ci il tarixdə mövcud qanunvericiliyə uyğun olaraq ailə üzvlərinin sayı nəzərə alınmaqla Bakı şəhəri, Binəqədi rayonu, Hövsan qəsəbəsi, X11ndə bir otaqlı mənzil ilə təmin olunmuşdur. Hazırda iddiaçının 25 yaşı vardır və ailə qurmaq niyyətindədir, həmçinin anası - 02 fevral 1980-ci il təvəllüdlü X2 atası ilə boşanmış və hazırda iddiaçı ilə birlikdə yaşayır. Qeyd olunanlardan da göründüyü kimi hazırda ailə üzvlərinin sayı iki nəfərdir, həmçinin ailə qurmaq niyyətində olsa da, onun mənzil şəraiti buna imkan vermir. Bu səbəbdən iddiaçıya verilmiş mənzilin otaq sayının artırılaraq 2 otaqlı mənzilin verilməsi ilə bağlı iş üzrə cavabdeh orqana müraciət etmiş, lakin müraciətinin icrasından imtina edilmişdir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı hesab edir ki, mübahisənin məhkəmədən kənar həlli mövcud deyildir. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-17-3/2-Q-16262/2024 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Nazirlik tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamına əsasən həyata keçirilir. Adıçəkilən Sərəncamda 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. İddiaçı 16 iyun 2022-ci il tarixində Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyac olan şəxs qismində uçota alınmış və yuxarıda göstərilən Sərəncamın icrası çərçivəsində 14 noyabr 2022-ci il tarixdə mövcud qanunvericiliyə uyğun olaraq ailə üzvlərinin sayı (özü) nəzərə alınmaqla Bakı şəhəri, Binəqədi rayonu, Hövsan qəsəbəsi, X11 ünvanında birotaqlı mənzillə təmin olunmuşdur. Mövcud qanunvericiliyə uyğun olaraq iddiaçıya təqdim edilmiş həmin mənzilin otaq sayının dəyişdirilməsi mümkün deyildir. Cavabdeh iddia ərizəsinə etirazında qeyd etmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020- 2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. Bildirilir ki, İddiaçı xx.xx.2022-ci il tarixində Sosial Xidmətlər Agentliyi tərəfindən ünvan 2 ünvanında 1 (bir) otaqlı mənzil ilə təmin edilmişdir. Həmçinin qeyd edilmişdir ki, adıçəkilən vətəndaş yenidən mənzil ilə təmin edilməsi üçün Sosial Xidmətlər Agentliyinə müraciət etmiş və xx.xx.2024-cü il tarixli 3-17- 3/2-Q-16262/2024 nömrəli məktubla iddiaçıya artıq bir dəfə mənzil ilə təmin edildiyi üçün yeni mənzil ilə təmin edilməsinin qanunvericiliyə uyğun olmaması səbəbilə imtina verilmişdir. Cavabdeh qeyd olunanlara münasibətdə iddiaçının tələbinin qanunvericilik baxımından əsaslı olmadığını nəzərə alaraq, iddia ərizəsinin rədd olunması barədə qərar qəbul olunmasını xahiş edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan “Mənzilin imtiyazlı şəxsə təhvil verilməsi haqqında” xx.xx.2022-ci il tarixli akta əsasən müəyyən edilir ki, təhvil verən qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndələri X4 və X5, təhvil alan qismində imtiyazlı şəxs X3 arasında (şəxsiyyət vəsiqəsinin nömrəsi 1699237, FİN 7CH63E, telefon nömrəsi +994(99)700-15- 14) akt tərtib edilməklə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 2449 nömrəli Sərəncamının icrası çərçivəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şosesi, “Yeni y.k”, 1 (bir) otaq imtiyazlı şəxs İddiaçı təhvil verilmişdir. Həmçinin qeyd edilmişdir ki, vətəndaş ona püşkatma yolu ilə təqdim olunmuş yuxarıda göstərilən mənzilin yerindən, mərtəbəsindən və otaq sayından razı olduğunu imzası ilə təsdiq edərək, heç bir etirazının olmadığını və mənzilin təqdim edilməsi prosesinin şəffaf qaydada keçirilməsindən razı qaldığını bildirmiş, vətəndaşa təqdim edilmiş mənzilin təmirli olduğu, avadanlıq, qurğu və inventarların təchizatında nasazlığın və yaxud çatışmazlığın olmadığı izah edilmişdir. Qeyd olunan akta əlavə edilmiş cədvələ əsasən vətəndaş İddiaçı vətən müharibəsi əlili imtiyazına malik olduğundan Binəqədi Rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində xx.xx.2022-ci il tarixdən növbəyə alınmış, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 2449 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şossesi, X11, bina 6, giriş 30, mərtəbə 4, 2 saylı mənzil verilmişdir. Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarına qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün olsa da, əsassızdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən: 56.1. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. 56.2. Sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri aşağıdakılara verilir: 56.2.1. yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara; 56.2.2. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə; 56.2.3. bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşlara. 56.3. Yaşayış sahələrinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqaviləsi ilə yaşayış sahələri müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq bələdiyyə orqanının qərarına əsasən verilir. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar onun qəbul edildiyi gündən üç iş günündən gec olmayaraq barələrində belə qərar qəbul edilmiş vətəndaşlara verilir və ya göndərilir. 56.4. Bu Məcəllənin tələblərinə uyğun olaraq sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar bu qərarda göstərilən müddətdə müvafiq sosial kirayə müqaviləsinin bağlanması üçün əsasdır. 56.5. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsi vətəndaşlara onların yaşayış yeri üzrə (müvafiq yaşayış məntəqəsinin hüdudlarında) adambaşına düşən ümumi sahəsi ayrılma normasından az olmamaqla verilməlidir. 56.6. Sosial kirayə müqaviləsi ilə otaqlar yalnız bu Məcəllənin 58.3-cü maddəsi ilə nəzərdə tutulmuş hallarda verilə bilər. 56.7. Mülkiyyətində yaşayış sahəsi olan vətəndaşa sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsinin ümumi sahəsi müəyyənləşdirilərkən onun mülkiyyətində olan yaşayış sahəsinin ölçüsü nəzərə alınır. 56.8. Vətəndaşa sosial kirayə müqaviləsinə əsasən yaşayış sahəsi verilərkən vətəndaşın yaşayış sahəsinin ölçülərinin azalmasına və ya özgəninkiləşdirilməsinə səbəb olmuş hərəkətlər və bağladığı mülki-hüquqi əqdlər nəzərə alınır. Vətəndaşa yaşayış sahəsi sosial kirayə müqaviləsinə əsasən verilərkən həmin müddətdən əvvəl aparılmış yuxarıda göstərilən hərəkətlər və əqdlər qanunvericiliklə müəyyən edilən müddət ərzində, lakin həmin müddət beş ildən çox olmamaq şərti ilə nəzərə alınır. 56.9. Bu Məcəllənin 56.8-ci maddəsində göstərilən hallarda yaşayış sahəsinin ümumi sahəsinin müəyyənləşdirilməsi qaydası qanunvericiliklə müəyyən edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının xx.xx.2018ci il tarixli 1153-VQ nömrəli Qanununa əsasən: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs; ... 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir; 31.2. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 569 nömrəli Sərəncamında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olan məsələlərdəndir. 2014-cü ilədək bu kateqoriyadan olan 4278 əlilliyi olan şəxs və şəhid ailəsi mənzillə təmin edilmiş, 5731 nəfər yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Həmin sərəncama əsasən aşağıdakılar qərara alınmışdır:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirsin.

2. Yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 3.1. bu Sərəncamın 1-ci hissəsində göstərilən tədbirləri həyata keçirmək üçün tələb olunan ilkin vəsaitin Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsindən ayrılmasını, 2015-2028-ci illərdə isə hər il dövlət büdcəsinin tərtibi prosesində zəruri vəsaitin dövlətin əsaslı vəsait qoyuluşunda nəzərdə tutulmasını təmin etsin; 3.2. bu Sərəncamın icrası ilə bağlı görülmüş işlər barədə hər növbəti ilin birinci ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatı əsasında Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2449 nömrəli Sərəncamına əsasən:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.

2. Yerli icra hakimiyyəti orqanları: 2.1. bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsinlər; 2.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etsinlər və hər il görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən tədbirlər planının həyata keçirilməsi üçün tələb olunan vəsaitin 2021ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) bölgüsünün layihəsində, 2022-2025-ci illərdə isə hər il dövlət büdcəsinin tərtibi prosesində dövlət əsaslı vəsait qoyuluşunda (investisiya xərclərində) nəzərdə tutulmasını təmin etsin... Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-cı bəndinə əsasən dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələrinə aid edilmişdir. İş materiallarından görünür ki, vətən müharibəsi əlili olmuş İddiaçı 1 nəfər ailə tərkibi ilə Binəqədi Rayon İcra Hakimiyyətində xx.xx.2022-ci il tarixdən mənzil növbəsində olmuş və xx.xx.2022-ci il tarixdən mənzil növbəsində dayanan vətəndaşların imtiyazlı siyahısı üzrə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şossesi, X11, bina 6, giriş 30, mərtəbə 4, 1 otaqdan ibarət olan 2 saylı mənzil ilə təmin edilmişdir. Göründüyü kimi, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər barəsində 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi həvalə edilmişdir. Beləliklə, şəxsin ƏƏSMN tərəfindən mənzil və ya fərdi evlə təmin edilməsi üçün iki şərt ödənilməlidir:

1. Səxsin 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması;

2. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər kateqoriyasına və ya yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri kateqoriyasına aid olması. İşin faktiki hallarına və yuxarıda qeyd olunan normanın tələblərinə əsasən vətəndşın mənzil və ya fərdi evlə təmin edilməsi üçün müəyyənləşdirilmiş şərtlərə cavab verdiyindən o, artıq qanunvericiliklə nəzərdə tutulmuş qaydada mənzillə təmin edilmişdir. İddiaçı təqdim olunan mənzilə etiraz etməyərək onu qəbul etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının təkrar mənzil ilə təmin edilməsi və ya təmin olunan mənzilin dəyişdirilməsi mexanizmi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 1 dekabr 2010-cu il tarixli qərarına əsasən “şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır.” Mövcud vəziyyətdə vətəndaşların mənzillə təmin olunması həm qanunvericilik baxımından mümkünsüzdür, həm dövlət büdcəsinin və dövlət mənzil fondunun imkanları xaricindədir. Digər tərəfdən iddiaçının gələcəkdə ailə tərkibinin genişlənəcəyi ehtimalına əsaslanaraq ona verilmiş mənzilin dəyişdirilməsini tələb etməsinə münasibətdə məhkəmə qeyd edir ki, belə bir tələbin heç bir hüquqi əsası yoxdur. İşin faktiki hallarına yuxarıda göstərilən qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Odur ki, qanunvericiliyin tələbləri baxımından cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmasında ifadə edilən hərəkətləri qanuni və əsaslı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdehin imtinasını əsaslıdır, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Belə ki, iddiaçının hüquqi marağı onun mənzillə təmin edilməsi və bu məqsədlə icra hakimiyyəti orqanı tərəfindən iddiaçının mənzil növbəsinə götürülməsi nəzərə alınmaqla ƏƏSMN-nin səlahiyyətli qurumu olan cavabdeh tərəfindən aparılan mənzillə təmin ediləcək şəxslərin siyahısına adının daxil edilməsinə nail olmaqdan ibarətdir. Məcəllənin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məcəllənin 69.5-ci maddəsinə görə məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı ″iddiaçıya yaşayış sahəsinə ehtiyacı olan şəxs olaraq Bakı şəhəri, Binəqədi rayonu, Hövsan qəsəbəsi, X11ndə verilmiş bir otaqlı mənzilin dəyişdirilərək iki otaqlı mənzilin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması″ tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar