Məhkəmə qərarları › İş №2-1(112)-2297/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2297/2023

01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2297/2023 01.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “işlədiyi müddətin ümumi iş stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona pensiya təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 26 iyun 1979-cu ildə Füzuli rayon Mərkəzi Xəstəxanasına mühasib vəzifəsinə qəbul olunmuş və 37 il 10 ay işlədikdən sonra 2017-ci ilin may ayında öz ərizəsi ilə işdən azad olmuşdur. İşlədiyi müddətdə hər ay əmək haqqı almışdır. 2022-ci ilin mart ayının 03-də 62 yaş 6 ayı tamam olduğu üçün pensiya almaq üçün 1 saylı DOST Mərkəzinə müraciət etmiş, lakin onun 1979-cu ildən 2006-cı ilədək həmin xəstəxanada işlədiyi dövrlərin öz təsdiqini tapmaması bildirilərək müraciətini təmin edilməmişdir. Mərkəzin tövsiyəsi əsasında iddiaçı işləmiş olduğu xəstəxanadan həmin iş yerində işlədiyi barədə arayış təqdim etmişdir. Cavabdeh Füzuli rayon Mərkəzi Xəstəxanasına aşağıdakı məzmunlu məktubla müraciət etmişdir: “Vətəndaş İddiaçı xx.xx.1979-cu ildən xx.xx.2006-cı ilədək Füzuli rayon Mərkəzi Xəstəxanasında işləməsi faktını (əmək haqqı alıb-almaması göstərilməklə) 5 iş günü müddətində yerinə araşdıraraq tərtib edilmiş aktı göndərməyiniz xahiş olunur.” İddiaçı qeyd olunan aktı cavabdehə təqdim etsə də iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin əsaslandırması tamamilə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı iddia tələbinin əsasları kimi 26 iyun 1979-cu ildə Füzuli Rayon Mərkəzi Xəstəxanasında mühasib vəzifəsinə işə qəbul olunduğunu, 2017-ci ilin may ayında isə öz ərizəsi ilə işdən çıxdığını bildirmişdir. İddiaçı işin faktiki halları kimi bildirir ki, 2022-ci ilin 3 martında 1 saylı DOST mərkəzinə müraciət edərək, ona əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, 1979-cu ildən 2006-cı ilə qədər işlədiyi illərin araşdırma nəticəsində təsdiqini tapmaması səbəbindən ona əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Cavabdeh hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: İddiaçı təqdim etdiyi xx.xx.1979-cu il tarixli ******* saylı, xx.xx.1980-ci il tarixli İ/1T-İ ******* nömrəli əmək kitabçalarının və texniki peşə təhsili haqqında attestatının surətlərinə əsasən sığorta stajı 14 il 15 gün təşkil edir. Eyni zamanda iddiaçının xx.xx.2006-cı il tarixədək 3 il 2 ay 15 gün sığorta stajına uyğun olaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 2608,79 manat, xx.xx.2006-cı il tarixindən xx.xx.2016-ci il tarixinədək 6150,50 manat olmaqla, ümumilikdə 8759,29 manat təşkil edir ki, bu məbləğ qanunvericilikdə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. İddiaçı xx.xx.1979-cü il tarixdən xx.xx.2017-ci il tarixədək Füzuli Rayon Mərkəzi Xəstəxanasında mühasib vəzifəsində işlədiyini və əmək haqqı aldığını iddia edir. Lakin təqdim edilən əmək kitabçasına əsasən cavabdeh qurum tərəfindən araşdırılma aparılmış və iddiaçının xx.xx.1979-cu il tarixdən 1993-cü il tarixinədək olan şəxsi hesabları və əmək haqqı cədvəlləri işğal zonasında qaldığından və xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixinədək qeyd edilən müəssisənin mühasibatlıq şöbəsinin şəxsi hesablarının və əmək haqqı cədvəllərinin müəssisədə saxlanılmaması səbəbindən həmin dövrlər təsdiqlənməmiş və sığorta stajına daxil edilə bilməmişdir. Bu səbəbdən, iddiaçıya pensiya təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7, 22.1, 22.1.5, “Əmək Məcəlləsi”nin 87, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 7.0.2-ci maddəsinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1979-cu ildən xx.xx.2006-cı il tarixədək işlədiyi müddətin ümumi iş stajına daxil etməklə, hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya hüququnun yaranan gündən ödənilməli olan məbləği ödəmək öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı verdiyi izahatında iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il və xx.xx.2002-ci il tarixli oxşar məzmunlu məktublərının surətindən görünür ki, iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi barədə müraciətinə baxılmış və iddiaya etirazın məzmununa uyğun imtina cavabı verilmişdir. - Füzuli RPŞ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1959-cu il tarixdə Füzuli rayonunun Dövlətyarlı kəndində doğulmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır. - Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən təsdiqlənən 06ş12.1978-ci il tarixli, 2830 nömrəli Attestatdan görünür ki, Məmmədova (hazırda Kərimli) Zemfira Kamran qızı 116 nömrəli orta kənd təsərrüfatı texniki peşə məktəbinin “mühasib” sənəti üzrə bir illik təhsil müddətini bitirmişdir. - iddiaçının xx.xx.1980-ci il tarixdən doldurulmağa başlamış ИТ-İ ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 natamam orta təhsilli fəhlə olaraq xx.xx.1977-ci ildən xx.xx.1980-cı il tarixədək Nazirlər Sovetinin Dövlət Üzümçülük və Şərabçılıq İstehsalat Komitəsinin Füzuli rayonu üzümçülük sovxozunda fəhlə işləmişdir. -iddiaçının ******* nömrəli əmək kitabçasının dublikatının surətindən görünür ki, xx.xx.1979-cu ildən xx.xx.2017-ci ilədək Füzuli rayon Mərkəzi Xəstəxanasında mühasib vəzifəsində işləmişdir. -Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən 15 aprel 2015-ci il tarixdə verilmiş AA seriyalı, 333462 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkün statusu verilmişdir. -Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X20 filialı tərəfindən cavabdeh qurumun sorğusuna verdiyi xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı işlədiyi Füzuli rayon Mərkəzi Xəstəxanasının 1979-1986-cı illərə aid sənədləri xx.xx.1993cü ildə erməni işğalı zamanı Horadiz qəsəbəsində qismən yandırılaraq məhv edilmişdir. 1987-2017-ci illərə aid sənədlər X20 filialına təhvil verilməmişdir. Müvafiq sorğuya cavab olaraq Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X26 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ciil tarixli sənədlərdən görünür ki: -Füzuli Mərkəzi Rayon Xəstəxanasının baş həkimi T.Behbudovun xx.xx.1979-cu il tarixli 97 nömrəli əmri ilə X16 Rayon Xəstəxanasının mühasibi təyin edilmişdir. Təyinat üçün əsas: 2830 nömrəli attestat. -Füzuli rayon Mərkəzi Xəstəxanasının xx.xx.1980-cı il tarixli, 169 nöməli əmri ilə mühasib İddiaçı 18 gün müddətinə 1980-cı il üzə növbəti məzuniyyətə buraxılmışdır. -Füzuli rayon Mərkəzi Xəstəxanasının xx.xx.1980-cı il tarixli, 184 nöməli əmri ilə mühasib İddiaçı xx.xx.1980-cı il tarixdən növbəti məzuniyyətindən qayıdaraq işə başlamışdır. -Füzuli rayon Mərkəzi Xəstəxanası X26n direktoru E.T.Qurbanov və maliyyə şöbəsinin müdiri V.E.İsmayılov tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, arayış İddiaçı ondan ötrü verilmişdir ki, o, həqiqətən xx.xx.1979-cu il tarixdən xx.xx.2017-ci il tarixədək Füzuli rayon Mərkəzi Xəstəxanasında mühasib vəzifəsinə işləmişdir. - Füzuli rayon Mərkəzi Xəstəxanasının baş həkimi N.Şükürov tərəfindən imzalanan və təsdiq olunan 258-K nömrəli əmrdən görünür ki, İddiaçı ilə bağlanmış GOVS10001X0 nömrəli əmək müqaviləsinə 01 may 2017-ci il tarixdən xitam verilmişdir. -Füzuli rayon Mərkəzi Xəstəxanasının mühasibi X4, mühasibi X14, iqtisadçısı X23 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının sorğusu əsasında tərtib və təsdiq edilən xx.xx.2022-ci il tarixli Aktın surətindən görünür ki, adları çəkilən şəxslər İddiaçı həqiqətən də xx.xx.1979-cu il tarixdə ştat cədvəlinə uyğun olaraq xəstəxananın baş həkimi T.Behbudovun 97 saylı əmrinə əsasən Füzuli rayon Mərkəzi Xəstəxanasının mühasibi təyin olunduğu, xx.xx.2017-ci il tarixdə öz ərizəsinə əsasən xəstəxananın baş həkimi N.Şükürovun 258-K saylı əmrinə əsasən işdən azad edildiyi, işlədiyi bütün illər ərzində ştat cədvəlinə uyğun olaraq aylıq əmək haqqı aldığını təsdiq etmişlər. -Füzuli rayon Mərkəzi Xəstəxanası tərəfindən 14 №-li Bölgə üzrə X13 ünvanlanan 30 may 2005-ci il tarixli Arayışdan görünür ki, sonuncunun 26 may 2005 cı ıl tarixli 38 nömrəli göndərişinə əsasən şikayətçi X2 yazmış olduğu ərizə ilə əlaqədar aşağıdakılar bildirilir: “Kərimli Arzunamın həyət yoldaşı X1 rayonu mərkəzi xəstəxanasında mühasib vəzifəsində işləyir. Ştat cədvəli üzrə ona xx.xx.2005-ci il tarixdən mühasib ştat vahidində 162000 min manat əmək haqqı təsdiq edilmişdir. Kərimova Zenfira 2004-cü ilin 12 ayı üçün ona hesablanmış 124140 manat əmək haqqını və 2005-ci ilin yanvar ayında 155520 fevral ayında 155520, mart ayında 155520, aprel ayında 155520 manat, cəmi 746220 manat əmək haqqı ödənilmişdir. Bundan 590700 manatı 2005-ci ilin mart ayında 155520 manatı 2005-ci ilin aprel ayında ödənilib. Zenfira Kərımovaya əmək haqqı ödənişi hər ay davam edir. -Baş Əmək Müfəttişi M.Əliyev tərəfinən 14 №-li Bölgə üzrə X9 rəisinə ünvanlanan Arayışdan görünür ki, ünvan 2 ünvanda müvəqqəti məskunlaşmış məcburi köçkün X6 tərəfindən 25 mart 2005-ci trxdə yazılmış şikayət ərizəsi araşdırılmş və aşağıdakılar bildirilmişdir: “Sizin 26 may 2005-ci il tarixli 38 nömrəli Göndərişiniz əsasında X3 həyat yoldaşı İddiaçı Füzuli rayon Mərkəzi Xəstəxanasının əmək haqqını 2004-cü ilin dekabr ayından indiyə kimi ala bilməməsi faktı yerində sənədlərlə araşdırıldı. Mühasibat sənədlərindən aydın oldu ki, İddiaçı 2004-cü ilin dekabr ayında hesablanmış 128000 manat əmək haqqından 3860 manat, DSMF-na və Həmkarlar təşkilatına tutulduqdan sonra, 124140 manat əmək haqqı alacağı olmuşdur. 2005-ci ildə Z.Kərimoanın mühasib ştat vahidində 162000 manat əmək haqqı təsdiq edilmişdir. 162000 manatdan 6480 manat DSMF-na və Həmkarlar təşkilatı hesabına tutulduğundan sonra 2005-ci ilin yanvar ayında 155520 manat, fevral ayında 155520 manat, mart ayına 155520 manat əmək haqları 2004-cü ilin dekabr ayındakı 124140 manatla brlikdə 590670 manat əmək haqqı 2005-ci ilin mart ayında ödəniş cədvəli əsasında verilmişdir. 2005-ci ilin aprel ayı əmək haqqı 155520 manat məbləğində aprel ayı ödəniş cədvəli ilə verilmişdir. May ayı əmək haqqı da verilmək üçün hazırlanmışdır. Beləliklə, Z.Kərimovaya 2004-cü ilin 12 ayı və 2005-ci ilin 4 ayında cəmi 5 ay üçün 746220 manat əmək haqqı ödənilmişdir. -Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin X15 (14 №-li Bölgə üzrə X19 Xidməti) tərəfindən verilən cavab məktubundan görünür ki, 2013-cü il 27 dekabr tarixinədək qüvvədə olan qanunvericiliyə əsasən əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumda elektron qeydiyyata alınması nəzərdə tutulmadığı üçün həmin dövrədək müvafiq məlumatların sistemdə mövcud olmadığı, qeyd olunan səbəbdən İddiaçı adına 1994-2006-cı illər ərzində ödənilən əməkhaqqı məbləği barədə məlumatların X19 Xidmətində mövcud olmadığı bildirilmişdir. Məktuba əlavə edilmiş X19 tərəfindən vətəndaş X6na ünvanlanan məktubdan görünür ki, A.Kərimlinin həyat yoldaşı X8 2004-cü ilin dekabr ayı üçün 12140 manat, 2005-ci ilin yanvar ayında 155520 manat, fevral ayında 155520 manat, mart ayına 155520 manat olmaqla cəmi 4 ayda 590700 manat alacağı əmək haqqı 2005-ci ilin mart ayında əmək haqqı ödənişi cədvəlinə əsasən ödənilmişdir. Aprel ayı üçün ödənilməli olan 155520 manat əmək haqqı isə 2005-ci ilin aprel ayında əmək haqqı ödənişi cədvəli üzrə ödənilmişdir. Beləliklə müəssisənin Z.Kərimovaya əmək haqqı borcu qalmamışdır. -Füzuli rayon İcra Hakimiyyəti Başçısının Aparatının 03 aprel 2023-cü il tarixli məktubu əsasında məhkəməyə ünvanlanan 01 aprel 2023-cü il tarixli PHŞ-6-36/3- 143/2023 nömrəli arayışdan görünür ki, arayış İddiaçı ondan ötəri verilmişdir ki, o, həqiqətən xx.xx.1979-cu il tarixdən xx.xx.2017-ci il tarixə kimi Füzuli rayon Mərkəzi Xəstəxanasında işləmişdir. -Füzuli rayon İcra Hakimiyyəti başçısının Yağlıvənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 17 mart 2023-cü il tarixli Aayışdan görünür ki, arayış verilir Yağlıvənd kənd sakini İddiaçı ondan ötəri verilmişdir ki, o, Füzuli rayon Mərkəzi Xəstəxanasında baş mühasib işləmişdir. O, 1994-cü ildən 2017-ci ilə kimi dondurulmuş maaş almışdır. -Qaradağ rayon İcra Hakimiyyətinin vətəndaş İddiaçı xx.xx.1994-cü-xx.xx.2017-ci illər arasındakı dövr ərzində işlə təmin olunub-olunmaması barədə sorğusuna cavab olaraq bildirilmişdir ki, İddiaçı qeyd olunan dövrlər ərzində işlə təmin olunması barədə rayon icra hakimiyyətində heç bir məlumat yoxdur. Beləliklə, işin faktiki hallarından görünür ki, xx.xx.1959-cu il təvəllüdlü iddiaçı hüququ yarandığı xx.xx.2022-ci il tarixdən (62,5 yaş) yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Bu məqsədlə cavabdehə etdiyi müraciəti təmin edilməmişdir. Cavabdeh hesab etmişdir ki, iddiaçının əmək kitabçasına əsasən ümumi stajı qanunla tələb olunan müddətdən (25 il) az- 14 il 15 gün təşkil edir və həmin staja münasibətdə onun toplamış olduğu pensiya kapitalının məbləği tələb olunan 34560 manatdan az – ümumilikdə 8759,29 manatdır. Cavabdeh iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş Füzuli Rayon Mərkəzi Xəstəxanasında işlədiyi xx.xx.1979-cu il tarixindən 1993-cü il tarixinədək olan şəxsi hesabları və əmək haqqı cədvəllərin işğal zonasında qalmasına və xx.xx.1994-cü il tarixindən 01.xx.xx.2006-cı il tarixinədək qeyd edilən müəssisənin mühasibatlıq şöbəsinin şəxsi hesablarının və əmək haqqı cədvəllərinin müəssisədə saxlanılmamasına görə həmin dövrlərin araşdırılmasının mümkün olmadığı səbəbi ilə həmin dövrləri iddiaçının sığorta stajına daxil etməmişdir. İddiaçı hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: -qanunla müəyyən edilmiş pensiya yaşına çatması; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” 5.2-ci bəndinə əsasən, 1 iyul 2021 - 30 iyun 2022-ci illər dövrü üzrə qadınların yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş həddi 62 il 6 ay yaş müəyyən edilmişdir. İşin halaalrına əsasən iddiaçının qanunla müəyyən edilmiş pensiya yaşına çatması və iddiaçının fərdi hesabının sığorta hissəsində minimum əmək pensiyasının təyin edilməsinə imkan verən pensiya kapitalının toplanmadığı işin mübahisələndirilməyən halını təşkil edir. İşin yeganə mübahisələndirilən məsələsi iddiaçının sosial sığorta stajı ilə bağlıdır. Göründüyü kimi cavabdeh imtina dəlillərində 1979-2006-cı illərin ümumi sığorta stajına daxil etməməsini iki əsasdan mümkün olmadığını vurğulayır: - xx.xx.1979-cu il tarixindən 1993-cü il tarixinədək olan şəxsi hesabları və əmək haqqı cədvəllərinin işğal zonasında qaldığı səbəbilə həmin dövrləri araşdıra bilməməsi; -xx.xx.1994-cü il tarixindən 01.xx.xx.2006-cı il tarixinədək qeyd edilən müəssisənin mühasibatlıq şöbəsinin şəxsi hesablarının və əmək haqqı cədvəllərinin müəssisədə saxlanılmaması. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə qeyd edir ki, mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69.1-ci maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən də işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndi İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 4.1.3-cü bəndinə əsasən Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: - Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Normaların tələblərindən göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir. Məhkəmə bildirir ki, iddiaçının xx.xx.1979-cu il tarixindən 1993-cü il tarixinədək Füzuli Mərkəzi Rayon Xəstəxanasında işləməsini əks etdirən şəxsi hesabları və əmək haqqı cədvəlləri işğal zonasında qalsa da, nəzərə alınmalıdır ki, onun həmin müəssisədə həqiqətən işləməsi inzibati orqana təqdim etdiyi əmək kitabçasında aparılmış qeydlər, habelə iş yerindən arayışlar, akt, o cümlədən xx.xx.1979-cu il tarixdə əmək fəaliyyətinə başlaması və əmək fəaliyyətini fasiləsiz olaraq eyni müəssisədə 01 may 2017-ci il tarixə kimi davam etdirməsi barədə əmrlərdən çıxarışlarla təsdiq olunur. Qeyd edilməlidir ki, 1993-cü ildə Füzuli rayonunda baş vermiş hadisələr ümumi məlum olan faktdır və iddiaçının həmin hadisələrin nəticəsində, 1993-cü il tarixdə məcburi köçkün düşməsi işin məlum halıdır. Eyni zamanda Dövlət Arxiv İdarəsinin Füzuli filialının müvafiq məktubundan da görünür ki, Xəstəxananın 1979-1986-cı illərə aid sənədləri erməni işğalı zamanı yandırılaraq məhv edilmişdir. Bu baxımdan, iddiaçının həmin dövrlərə aid sosial sığorta stajının yoxlanılmasının mümkün olmaması iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Cavabdehin iddiaçının xx.xx.1994-cü il tarixindən 01.xx.xx.2006-cı il tarixinədək qeyd edilən müəssisənin mühasibatlıq şöbəsinin şəxsi hesablarının və əmək haqqı cədvəllərinin müəssisədə saxlanılmaması dəlilinə münasibətdə ilk növbədə bildirilməlidir ki, iddiaçının əmək fəaliyyətinin bir hissəsi 1 yanvar 2002-ci il tarixədək dövrə aid olduğundan, həmin müddətin bu hissəsinin sığorta stajı kimi hesablanması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti qoyula bilməz. İş fəaliyyətinin 1 yanvar 2002-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək olan hissəsinə gəldikdə, nəzərə alınmalıdır ki, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının 1042-VQ nömrəli 6 mart 2018-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmişdir. Bununla yanaşı vurğulanmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” 10 may 1994-cü il tarixli, 181 №-li qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, Maliyyə Nazirliyi və müvafiq icra hakimiyyəti orqanları büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda işləmiş, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə 2017-ci il yanvarın 1dək orta əmək haqlarının verilməsini təmin etsinlər. Hazırkı işin materiallarından da göründüyü kimi, qeyd olunan Qərar iddiaçıya da şamil edilmiş və onun özündən asılı olmayaraq iş yerindən məhrum olduğu üçün ona orta aylıq əmək haqqı ödənilmişdir. İstinad olunan qərardan göründüyü kimi, orta aylıq əmək haqqı hərbi təcavüz nəticəsində işğal altında qalmış torpaqlarda işləyən və iş yerlərindən məhrum olan məcburi köçkünlərin ağır həyat şəraitini yaxşılaşdırmaq, işlə təmin etmək məqsədilə verilmişdir. Cavabdeh nəzərə almamışdır ki, iddiaçının 1994-cü ildən sonrakı dövrdə Füzuli Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı kimi əmək haqqı alması, onun əvvəlki dövrlərdə həmin Xəstəxanada mühasib işlədiyi üçün mümkün olmuşdur. Göstərilənləri ümumiləşdirərək məhkəmə bir daha vurğulamağı zəruri hesab edir ki, oxşar mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş çoxsaylı qərarlarda da qeyd edilmişdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından, bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Belə olan halda, cavabdeh tərəfindən mübahisələndirilməyən iş stajı (14 il 15 gün) ilə iddiaçının mübahisəli əmək fəaliyyəti dövrü (xx.xx.1979-xx.xx.2006-cı il tarixədək 26 il, 3 ay, 6 gün) toplandıqda onun qanunla tələb olunan 25 ildən artıq sığorta stajı mövcud olur (14 il, 15 gün + 26 il, 3 ay, 6 gün= 40 il, 3 ay, 18 gün). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, məhkəmə araşdırması ilə iddiaçının 25 ildən artıq sığorta stajına malik olduğu müəyyən edildiyindən ona yaşa görə əmək pensiyası təyin edilməsindən cavabdehin imtinası qanunazidd sayılmalı, iddia əsaslı olduğundan təmin edilməli və İddiaçı xx.xx.1979-cu ildən xx.xx.2006-cı il tarixədək işlədiyi müddət ümumi iş stajına daxil edilməklə, hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməli olan məbləğin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. «İnzibati icraat haqqında» AR Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.1979-cu ildən xx.xx.2006-cı il tarixədək işlədiyi müddət ümumi iş stajına daxil edilməklə, hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməli olan məbləğin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar