Məhkəmə qərarları › İş №2-1(112)-2299/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2299/2023

26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2299/2023 26.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Mirəlizadə Şəhriyar Rövşən oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır), cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsində yerləşən 7 saylı evə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın fərdi yaşayış evi olaraq dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsi ünvanında 7 saylı evin yerləşdiyi torpaq sahəsi ilə birlikdə daşınmaz əmlakın dövlət reyestrində vahid əmlak kimi qeydiyyata alaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

3. İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

4. İddiaçının nümayəndəsi və vəkili daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən və iddiaçıya məxsus olan evin daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının, fərdi yaşayış evi olaraq qeydiyyata dəyişdirilməsinə dair öhdəliyin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər Məhkəmənin 26 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsinin icraata qəbul edilməsi qərara alınmışdır.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsi ünvanda yerləşən 7 nömrəli ev mülkiyyət hüququ əsasında ona məxsusdur. Sözügedən ev əvvəldən ailə üzvlərinə məxsus olmuş və müxtəlif vaxtlarda baş tutmuş bağışlama əməliyyatları nəticəsində yaxın qohumların mülkiyyətində olmuşdur. Son bağışlama müqaviləsi ilə ev ona bağışlanmışdır. Evin ilkin hüquqmüəyyənedici sənədləri əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılarkən evə dair texniki pasport tərtib edilmiş və həmin texniki pasportda istifadədə olan torpaq sahəsi də göstərilmişdir. İddiaçı mülkiyyətində olan evə dair daşınmaz əmlakının dövlət reyestrində aparılmış qeydiyyata düzəliş edilərək fərdi yaşayış evi kimi qeydiyyatının aparılmasını xahiş etsə də müraciəti təmin edilməmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 6.Cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçının mülkiyyətində olan daşınmaz əmlak mənzil kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.Mənzilin fərdi yaşayış evi kimi və yerləşdiyi torpaq sahəsinin iddiaçının adına dövlət reyestrində qeydə alınması üçün müvafiq sənədlər toplusu təqdim edilmədiyindən iddiaçının müraciəti təmin edilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

II.İddianın növü və mümkünlüyü

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 8.Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 9.Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 10.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.

11.İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. 12.Cavabdehin nümayəndəsi K.İsrayıllı iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. 13.İddaçı tərəfindən məhkəməyə cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubu, ******* nömrəli çıxarış, əmlakın texniki pasportu təqdim edilmişdir. 14.Cavabdeh məhkəmənin sorğusuna cavab olaraq əmlakın əvvəlki mülkiyyətçisinin adına olan çıxarışı, daşınmaz əmlakın bağışlanması müqaviləsini, əmlakın planını, vərəsəlik hüququ haqqında şəhadətnaməni, sərəncamı,həmin əmlaka dair arxiv qovluğunda olan digər sənədləri təqdim etmişdir.

İV. Məhkəmənin mövqeyi

15.Məhkəmə, iddiaçının nümayəndəsinin və vəkilinin, cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. 16.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 29-cü maddənin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 17.“Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 18.Həmin Qanunun 2.3-cü maddəsinə görə, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 19.Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 20.Həmin Qanunun 4.2-ci maddəsinə uyğun olaraq, bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 21.Həmin Qanunun 4.3-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. 22.Həmin Qanunun 8.0.5-ci bəndində əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. 23.Həmin Qanunun 12.1 -ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 24.Həmin Qanunun 10.2.1 -ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır.

25. “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dai” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2020-ci il 10 mart tarixli Qərarında qeyd edilmişdir ki, dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. 26."xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2020-ci il 22 dekabr tarixli qərarında qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası alğı-satqı müqaviləsini deyil, dövlət reyestrindən çıxarışı ehtiva edir. 27.Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1 -ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə (15.1.1); hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə (15.1.2); hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə (15.1.3); daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda (15.1.4);daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda (15.1.5); Bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (15.1.6). 28.İddiaçının məhkəməyə müraciətinin məqsədi hazırda daşınmaz əmlakın dövlət reyestrində adına “mənzil” kimi qeydə alınmış daşınmaz əmlakının fərdi yaşayış evi kimi qeydiyyatının aparılmasına nail olmaqdır. 29.İddiaçı adına qeydiyyatı aparılmış daşınmaz əmlakın əslində “mənzil” deyil, “fərdi yaşayış evi” olduğunu bildirir. 30.Məhkəmə cavabdehin təqdim etdiyi arxiv qovluğundakı sənədlərdən müəyyən etmişdir ki, iddiaçının mülkiyyətində olan daşınmaz əmlak ayrıca inşa edilmiş tikilidir, torpaq üzərində yerləşir, damı, yardımçı tikililəri vardır, habrlə yerləşdiyi torpaq sahəsu ayrıca daş hasarla hasarlanmışdır,yəni ayrıca girişi vardır. 31.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra - tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 13.1 -ci maddəsinə əsasən yaşayış sahələrinə aşağıdakılar aiddir; yaşayış evi, yaşayış evinin hissəsi (13.1.1); mənzil, mənzilin hissəsi (13.1.2); otaq (13.1.3); bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri (13.1.4). Həmin Məcəllənin 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Həmin Məcəllənin 13.3-cü maddəsinin tələbinə görə isə bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. 32.Qeyd olunan maddi hüquq normalarının mənasına görə, mənzil və fərdi yaşayış evinin hər ikisi bir və ya bir neçə otaqdan, yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət yaşayış sahəsidir, aralarındakı fərq ondan ibarətdir ki, fərdi yaşayış evi yaşayış sahəsi olaraq fərdi müəyyən edilmiş evdir, mənzil isə çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahədir. 33.İş materiallarında olan cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş arxiv qovluğundakı sənədlərdə olan 2016-cı il tarixli müayinə aktından görünür ki, iddiaçının mülkiyyətində olan yaşayış evi daş hasara alınmış torpaq sahəsinin üzərində yerləşir.

34. Yaşayış evi ilə bağlı arxiv qovluğundakı sənədlərə nəzər yetirdikdə, müəyyən olunmuşdur ki, əmlak xx.xx.1999-cu il tarixli alqı-satqı müqaviləsində, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə, surəti Səbail rayon məhkəməsinə təqdim edilmiş planda fərdi yaşayış evi kimi göstərilmişdir. 35.Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan yaşayış sahəsi çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi deyil, məhz Mənzil Məcəlləsinin 13.2-ci maddəsində nəzərdə tutulduğu kimi əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən (texniki pasporta əks olunduğu kimi) ibarət fərdi müəyyən edilmiş ev olduğu üçün yaşayış evidir, bu səbəbdən də cavabdehin həmin əmlakı fərdi yaşayış evi kimi qeydiyyata almasından imtina etməsi əsaslı hesab edilə bilməz və həmin əmlakın “fərdi yaşayış evi” kimi qeydiyyata alınması təmin olunmalıdır. 36.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 37.Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsi,7 ünvanda yerləşən iddiaçıya məxsus olan evin daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının fərdi yaşayış evi olaraq qeydiyyata dəyişdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. 38.Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 39.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar. 40.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsi,7 ünvanda yerləşən İddiaçı məxsus olan evin daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının fərdi yaşayış evi olaraq qeydiyyata dəyişdirilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar