Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-23/2023 14.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə 14 mart 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) müraciət etmiş, lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi xx.xx.2017ci il tarixli məktubunda bildirmişdir ki, iddiaçıya xx.xx.2013-cü il tarixdən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən daxil olan məlumat vərəqinə əsasən Bakı şəhər Nərimanov RPİ-nin 17-ci Polis bölməsinin baş təhqiqatçısı vəzifəsinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin olunmuşdur. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamına əsasən 01 fevral 2016-cı il tarixdən vəzifə maaşı -327,00 manat, rütbə maaşı-130,00 manat, xidmət illərinə görə 50 faiz əlavəsi-228,50 manat, məharət dərəcəsinə görə 35 faiz əlavəsi-4,45 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası-64,00 manat olmaqla təminat xərcliyi 863,95 manat təşkil edir. İddiaçıya 40 il xidmət müddətinə görə təminat xərcliyinin 100 faizi, yəni 863,95 manat məbləğində pensiya düzgün hesablanmışdır və ödənilir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona pensiya təyin edərkən müharibə iştirakçısı kimi 32 AZN haqq, polis işçisinin hər il məzuniyyətə çıxarkən 2 aylıq məzuniyyət pulu və ildə bir dəfə 2 aylıq əmək haqqı həcmində aldıqları müalicə pulu, hər təqvim ilində verilən 4 aylıq həcmində mükafatları baş təhqiqatçının aldığı 817 AZN dövlət məvacibin baza hissəsinə əlavə edib yenidən hesablanması və onun pensiya hüququnun yarandığı vaxtdan hal-hazıradək yaranan artımın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, sabiq polis zabiti kimi xx.xx.2013-cü il tarixdən əmək pensiyası alır. Əmək stajı 1978-ci ildən başlamış və Azərbaycan Respublikası Daxili İşlər Orqanının əməkdaşı kimi davam etmişdir. Stajı 40 ildən artıqdır. Hazırda pensiyasının yenidən hesablanmasına zərurət yaranmış və bu haqda o, Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə xx.xx.2017-ci il tarixdə müraciət etmişdir. xx.xx.2017-ci il tarixli 03/89/02-316 saylı arayışdan müəyyən olundu ki, qulluq etdiyi baş təhqiqatçının vəzifə maaşı 327 manat hesabla götürülmüş və ona pensiya təyin edilmişdir (hazırda bu vəzifəni icra edən şəxsin aylıq məvacibi 817 manat təşkil edir). Rütbə maaşı 130 manat, xidmət illərinə görə 50 % əlavə, məharət dərəcəsinə görə 35 % əlavə, ərzaq payı əvəzinə verilən pul kompensasiyası pensiya təyin edilərkən nəzərə alınmışdır. Lakin pensiya məbləğinə əlavə edilməli olan bir neçə əlavələr nəzərə alınmadan həmin məbləğ müəyyən edilmiş və nəticədə onun əmək pensiya hüququ əhəmiyyətli dərəcədə pozulmuşdur. Belə ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsində iştirak etmiş və bu haqda rəsmi sənədi vardır. Həmin faktla bağlı ona hər ay 32 manat əlavə haqq ödənilirdi və bu məbləğ pensiya təminatı zamanı nəzərə alınmamışdır. Bundan başqa hər il ona məzuniyyətə çıxdıqda 2 aylıq əmək haqqı məbləğində müavinət və daha 2 aylıq əmək haqqı məbləğində müalicə xərcləri ödənilmiş, hər təqvim ilində Azərbaycan Respublikasında mövcud olan bayramlarla bağlı 3-4 dəfə mükafatlar verilmişdir. Bütün bunlar da nəzərə alınmadan pensiya məbləği müəyyən edilmişdir. Cavabdeh ona ünvanladığı xx.xx.2017-ci il tarixli məktubda etiraf edərək düzgün olaraq göstərilmişdir ki, təminat xərcliyinə vəzifə maaşından hesablanan digər əlavələr, artımlar daxil edilir. Ancaq bu tələbin əksinə olaraq yuxarıda sadaladığı əlavələrin heç biri onun pensiya məbləğinə daxil edilmədən pensiyası hesablanmışdır. Pensiya məbləği baş təhqiqatçının vəzifə maaşına uyğun olaraq götürülməli, sonrakı artımlar nəzərə alınmaqla hesablanmalıdır. Hazırda həmin vəzifəmi tutan qulluqçunun məvacibi 817 manat təşkil edir. Bu səbəbdən onun pensiya məbləği bu məbləğdən hesablanmalıdır. Cavabdeh isə həmin məbləği əvvəllər aldığı 327 manat hesabı ilə götürmüşdür. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən – “hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə əsasən- “hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilən “məlumat vərəqi”nə əsasən xx.xx.2013-cü il tarixdən əmək pensiyası təyin edilmiş və tərəflərindən hal-hazırda ödənilməkdədir. Cavabdeh qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-5882/2017 saylı qərarı ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(103)-577/2018 saylı qərarı ilə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 5882/2017 saylı iş üzrə 11 dekabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 05 sentyabr 2018-ci il tarixli, 2-1(102)-1447/18 saylı qərarı ilə, Bakı Apelllyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2018-ci il 7 mart tarixli 2-1(103)-577/18 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 dekabr 2018-ci il tarixli 2-1(103)-2500/2018 saylı qərardadı ilə, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 dekabr 2017ci il tarixli, 2-1(81)-5882/2017 saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərardadında göstərilmişdir ki, …Birinci instansiya məhkəməsi inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd edilən normalarının tələblərinə uyğun baxıldığını müəyyən etməmiş, habelə iddiaçının istinad etdiyi hallarla bağlı bilavasitə məhkəmə icraatında araşdırma aparmamışdır… İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin xx.xx.2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Nərimanov RPİ-nin 17-ci PB-nin baş təhqiqatçısı vəzifəsindən polis mayoru rütbəsi ilə “yaşa” görə xx.xx.2013-cü il tarixindən daxili işlər orqanlarından xaric edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Qərarına əsasən xx.xx.2018-ci il tarixindən etibarək Bakı şəhəri Nərimanov RPİ-nin baş təhqiqatçısı vəzifəsinin vəzifə maaşı 360 manat məbləğində təsdiq edilmişdir. Həmin məktuba İddiaçı barədə tərtib olunmuş xx.xx.2013-cü il tarixli “Məlumat Vərəqi”nin surəti əlavə edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-96/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı (üçüncü şəxs: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) “yeni məlumat vərəqəsinin tərtib edilməsi və aidiyyəti orqana göndərilməsi” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-2466/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2466/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı qismən-iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar qəbul edilmiş, İddiaçı barəsində onun orta aylıq əmək haqqı müalicə pulu, məzuniyyət pulu, mükafatların məbləği, tutduğu vəzifəyə uyğun xidmətdən buraxıldığı günə vəzifə maaşı və sonrakı artımlar nəzərə alınaraq təminat xərcliyinin yenidən hesablanması, təminat xərcliyi barədə yeni məlumat vərəqəsinin tərtib edilməsi və aidiyyəti orqana göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması hissəsində iddia təmin edilməmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 15 noyabr 2022-ci il tarixli məktubla İddiaçı pensiya işinə dair materialların təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.2013-cü il tarixdən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən daxil olan Məlumat vərəqinə əsasən Bakı şəhər Nərimanov RPİ-nin 17-ci Polis bölməsinin baş təhqiqatçısı vəzifəsinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin olunmuşdur. Hazırda iddiaçı müharibə iştirakçısı kimi 32 AZN haqq, polis işçisinin hər il məzuniyyətə çıxarkən 2 aylıq məzuniyyət pulu və ildə bir dəfə 2 aylıq əmək haqqı həcmində aldıqları müalicə pulu, hər təqvim ilində verilən 4 aylıq həcmində mükafatları baş təhqiqatçının aldığı 817 AZN dövlət məvacibinin baza hissəsinə əlavə edib yenidən hesablanması və onun pensiya hüququnun yarandığı vaxtdan halhazıradək yaranan artımın ödənilməsi tələbini irəli sürür. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir 22.4. Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 31.2. Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş, “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”:
1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X3 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir.
2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.
3. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir.
4. Bu Qaydaların 6-cı və 7-ci hissələri nəzərə alınmaqla, şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar müəyyən edildiyi tarixdən 7 iş günü müddətində Qaydaların 1ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür.
5. Məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir.
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: Qanunvericiliyin sadalanan normalarından göründüyü kimi, hərbi və xüsusi rütbəli şəxslərin əmək pensiyasının yenidən hesablanması üçün onların xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi sonuncu xidmət keçdikləri orqan tərəfindən pensiya təyin edən orqana göndərilməlidir. İşin mübahisəsiz halıdır ki, iddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilən “məlumat vərəqi”nə əsasən xx.xx.2013-cü il tarixdən əmək pensiyası təyin edilmişdir. İddiaçı tərəfindən məlumat vərəqəsini tərtib edən qurumun hərəkətləri mübahisələndirilmiş, lakin Bakı Apellasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)- 96/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə, iddiaçının orta aylıq əmək haqqı müalicə pulu, məzuniyyət pulu, mükafatların məbləği, tutduğu vəzifəyə uyğun xidmətdən buraxıldığı günə vəzifə maaşı və sonrakı artımlar nəzərə alınaraq təminat xərcliyinin yenidən hesablanması, təminat xərcliyi barədə yeni məlumat vərəqəsinin tərtib edilməsi və aidiyyəti orqana göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, nə qədər ki, iddiaçının sonuncu xidmət keçdiyi orqan tərəfindən yenilənmiş məlumat vərəqəsi cavabdehə təqdim edilməmişdir (yuxarıda qeyd edildiyi kimi bu hissədə məhkəmə mübahisəsi də iddiaçının xeyrinə yekunlaşmamışdır.), qanunvericiliyin yuxarıda sadalanan normaların tələbləri nəzərə alındıqda, məlumat vərəqəsi olmadan cavabdeh inzibati orqan iddia ərizəsində qeyd edilənlərlə bağlı öz təşəbbüsü ilə araşdırma aparmaqla edə bilməzdi və bu səbəbdən cavabdehin pensiyanın yenidən hesablanmasından imtina etməsində ifadə olunan hərəkətləri qanunsuz sayıla bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “pensiyanın yenidən hesablanması” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həmid Ağalarov