Məhkəmə qərarları › İş №2-1(112)-230/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-230/2020

09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-230/2020 09.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinə qarşı X6 və Bakı şəhəri Qaradağ rayon Poliklinikası 3-cü şəxs qismində cəlb edilməklə “inzibati aktın icra edilməsi və ona dəymiş ziyanın ödənilməsi”nə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinə dəqiqləşmə verərək, xx.xx.2018-ci ildə cavabdeh tərəfindən qəbul edilmiş 11 saylı inzibati aktın icra edilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması və öhdəliyin icra edilməməsi nəticəsində iddiaçıya dəymiş 4.800 manat məbləğində zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-230/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə X6 və Bakı şəhəri Qaradağ rayon Poliklinikası iş üzrə üçüncü şəxslər qismində cəb edilmişdirlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi xx.xx.2018-ci ildə 11 saylı əmr verərək, Binəqədi rayonu, X1 28 May tibb məntəqəsi öz ştat vahidi ilə birlikdə Qaradağ rayon ərazisində yerləşən 13 saylı şəhər poliklinikasına verilməsi qərara alınmışdır. Əmrin icrası Bakı şəhər Baş Səhiyyə İdarəsinə tapşırılmışdır. Lakin, Bakı şəhər Baş Səhiyyə İdarəsi əmrin icrasını təmin etmədi və nəticədə X4 xx.xx.2018-ci ildə 108 k saylı əmrlə iddiaçı işdən azad etmişdir. Hansı ki, xx.xx.2018-ci il tarixli 11 saylı əmrlər Qaradağ rayon ərazisində yerləşən 13 saylı şəhər poliklinikasına köçürülməli idi. İddiaçı əmrin icrasını gözlədiyi halda həmin əmr icra olunmadı. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. İş üzrə məhkəmə hazırlıq icraatının iclası xx xxxxxxxx 2020-ci il tarixə təyin edilmiş, cavabdeh inzibati orqana və 3-cü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh və 3-cü şəxslər səlahiyyətli nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və 3-cü şəxslərin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb aşağdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi 4 apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir.Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür.Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir.Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır.Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin xx xxxxx 2018-ci il tarixli əmrin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və əmrin icra edilməməsinə görə dəymiş ziyanın ödənilməsini tələb edir və bu halı, onunla əsaslandırır ki, məhz həmin qərarın icra olunmaması, onun xx xxxxxx 2018-ci ildə işdən azad edilməsinə səbəb olmuşdur. İş materiallarında olan: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin xx xxxxx 2018-ci il tarixli, 11 nömrəli əmrinə əsasən, Binəqədi rayonu X3 “28 May tibb məntəqəsi”nin ərazi aidiyyətini nəzərə alaraq, tibb məntəqəsinin işinin yaxşılaşdırılması müraciət edən xəstələrə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması məqsədilə, Binəqədi rayonu, X3 “28 May tibb məntəqəsi” Qaradağ rayonu ərazisində yerləşən 13 nömrəli Şəhər Poliklinikasına verilərək fəaliyyətini davam etdirilməsi; Binəqədi rayonu, X3 “28 May tibb məntəqəsi”nin tibb işçiləri öz ştat vahidləri ilə birlikdə Qaradağ rayonu ərazisində yerləşən 13 nömrəli Şəhər Poliklinikasına verilməsi əmr edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin X3 xx xxxxxx 2012-ci il tarixli, 171 saylı əmri ilə X3 nəznində olan 28 May qəsəbəsindəki həkim məntəqəsində analıq məzuniyyəti yerinə 1,0 ştat vahidi sahə terapevti işləyən İddiaçı xx.xx.2012-ci il tarixdən daimi olaraq 1,0 ştat vahidi 28 May həkim məntəqəsində həkim terapevt vəzifəsinə keçirilməsi əmr edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3 xx xxxxxx 2018-ci il tarixli, 108-K nömrəli əmrindən görünür ki, X3 Terapiya şöbəsinin Sahə həkimi-terapevti İddiaçı ilə bağlanmış xxxxxxx000201 nömrəli əmək müqaviləsinə xx.xx.2018-ci il tarixdən xitam verilməsi əmr edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5285/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi X2rşı “işə bərpa, məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçının apelyasiya və kasasiya şikayətləri təmin olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növlərini müəyyən edən 2.2-ci maddəsi hər hansı aktların yox, yalnız inzibati aktların mübahisələndirilməsini nəzərdə tutur. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin maddədə sadalan əlamətlərinə görə inzibati akt: İnzibati orqan tərəfindən qəbul edilməli; Ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi güdməli; Hüquqi və ya fiziki şəxslərə ünvanlanmalı; Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalı; Qərar, sərəncam və ya digər formada ifadə olunmalı; Mahiyyəti etibarilə hakimiyyət xarakterli tədbir olmalıdır. Məhkəmə qeyd etmək istəyir ki, iddiaçının hazırki iddia tələbi ilə mübahisələndirdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin xx xxxxx 2018-ci il tarixli, 11 nömrəli əmri inzibati akt sayılsa da, iddiaçı sözügedən əmrin icrasını tələb etmək səlahiyyətinə malik deyildir. Belə ki, Məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, iddiaçı Azərbacayn Respublikası Səhiyyə Nazirliyi X3 xx xxxxxx 2018-ci il tarixli, 108-K nömrəli əmri ilə işdən azad edilmiş, həmin əmr iddiaçı tərəfindən mübahisələndirilmiş və məhkəmə tərəfindən əmrin prosessual pozuntu olmadan qəbul edildiyi nəticəsinə gəlinmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin xx xxxxx 2018-ci il tarixli, 11 nömrəli əmri iddiaçı üçün hazırki vaxtda hər hansı bir hüquqi nəticə yaratmamış və o, həmin əmrin icrasını tələb etmək üçün subyektiv hüquqa malik olmamışdır. İddiaçı öz izahatlarında və iddia ərizəsində, məhz sözügedən əmrin icrasının həyata keçirilməməsinə görə, onun işdən azad edildiyinə istinad etsə də, Məhkəmə iddiaçının həmin mülahizələrini təkzib edir. Belə ki, iddiaçının işdən azad olunması ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3 xx xxxxxx 2018-ci il tarixli, 108-K nömrəli əmri mübahisələndirilən zaman məhkəmə tərəfindən qiymət verilərək, iddiaçının Əmək Məcəlləsinin 72-ci maddəsinin e) (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gtirməsi) və ə) (əmək funksiyasını pozduğuna görə əvvələr işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxmayaraq altı ay ərizndə təkrarən əmək funksiyasını pozması) bəndlərində nəzərdə tutulmuş əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallara yol verildiyi bildirilmişdir. Göründüyü kimi, iddiaçının işdən azad edilməsinin əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin xx xxxxx 2018-ci il tarixli, 11 nömrəli əmrin icra olunmaması halı durmamışdır. İddiaçı yalnız formal əsaslara söykənərək, hazırda subyektiv hüququ olmadığı təqdirdə, mübahisə predmetini təşkil edən xx xxxxx 2018-ci il tarixli, 11 nömrəli əmrin icrasını tələb edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin xx xxxxx 2018-ci il tarixli, 11 nömrəli əmrinin icrasını tələb etmək üçün iddiaçının hazırda subyektiv hüququ mövcud deyildir. Məhkəmə iddiaçının dəymiş ziyan ilə bağlı iddia tələbinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə,öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialardaiddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsimüddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır Göründüyü kimi, qanunverici məcburetmə, öhdəliyin icrası, vurulmuş ziyana görə kompensasiya haqqında iddia növü üzrə iddiaçının ilk növbədə arzuladığı inzbati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməsini, yəni inzibati orqanla mübahisənin məhkəmədən kənar qaydada həlli ilə bağlı mümkünlük şərtlərini müəyyən etmişdir və iddiaçı məhz həmin şərtlərə riayət etdikdə onun iddiası mümkün sayıla bilər. Lakin hazırki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı dəymiş ziyan ilə bağlı ərizə ilə ilk öncə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinə müraciət etməmişdir. Beləliklə, Məhkəmə qanunvericiliyinin müddəalarını, eləcə də işin hallarını nəzərə alaraq hesab edir ki, hazırki mübahisənin əmr ilə bağlı hissəsində İddiaçı Həmi qızının hər hansı bir subyektiv hüququ yaranmamışdır. İddia tələbinin dəymiş ziyan ilə bağlı hissəsində isə iddiaçının cavabdeh orqana müraciəti olmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinə qarşı X6 və Bakı şəhəri Qaradağ rayon Poliklinikası 3-cü şəxs qismində cəlb edilməklə “inzibati aktın icra edilməsi və ona dəymiş ziyanın ödənilməsi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim : Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar