Məhkəmə qərarları › İş №2-1(112)-2301/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2301/2022

11.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2301/2022 11.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “pensiyaya əlavənin ödənilməsi” ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ikinci qrup Çernobel əlillidir. İddiaçının yaşa görə əmək pensiyası hüququ yarandığından, onun əlilliyə görə aldığı pensiya yaşa görə pensiya növü ilə əvəz edilmişdir. Pensiya məbləği müəyyən edilərkən ƏPQ-nun 19.1.7-ci maddəsinin tələbləri baxımından onun yaşa görə əmək pensiyası alan müharibə ilə əlaqədar əlilliyi olan şəxs olması nəzərə alınmış və 77 manat məbləğində əlavə pensiya məbləğinə hesablanmışdır. Lakin, 01.01.2021-ci il tarixdən sözügedən əlavənin ödənilməsi dayandırılmış və pensiya məbləği azaldılmışdır. İddiaçı aidiyyəti üzrə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu müraciəti təmin etməkdən imtina etmişdir. İddiaçı cavabdeh tərəfindən verilmiş imtinanı əsassız hesab edir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək pensiyaya əlavənin nəzərə alınmaqla ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 21.09.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin təmin edilməsi, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı cavabdeh qismində müəyyən edilməsi, iddia tələbinin “pensiyaya əlavənin nəzərə alınmaqla ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsi” formasında icraata qəbul edilməsi qərara alınmışdır. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən, hər ay ona ödənilmiş pensiyaya 77 manat əlavənin dayandırıldığı tarixdən bərpa edilməsi və həmin tarixdən hesablanaraq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia tələbinə cavabdeh etiraz təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya 01.08.2019-cu il tarixdə əlilliyə görə aldığı pensiyanın növü dəyişdirilmiş, yaşa görə əmək pensiyası təyin edilmiş, pensiya məbləği 355,08 manat müəyyən edilmişdir. İddiaçının müraciəti əsasında pensiya hüququ yaranan tarixədək fərdi hesabda qeydə alınmış pensiya kapitalı əsasında onun pensiyası yenidən hesablanmış və pensiya məbləği 384,10 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən iddiaçının əmək pensiyası yenidən hesablanmış və pensiya məbləği 435,08 manatadək çatdırılmışdır. Qanunun həmin dövrdə qüvvədə olan 19.1.7-ci maddəsinə əsasən yaşa örə əmək pensiyası alan İİ qrup müharibə əlillərinə (Böyük Vətən müharibəsi əlilləri istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan əlillərə 77 manat məbləğində əlavə hesablanması ilə əlaqədar ona pensiya hüququnun yaranan 01.08.2019-cu il tarixindən qeyd olunan əlavə pensiya məbləğində nəzərə alınmışdır. Lakin sonradan Əmək pensiyaları haqqında Qanuna dəyişiklik edilmiş, 19-cu maddə ləğv edilmiş və yalnız ƏPQnın 19.1.1, 19.1.3, 19.1.5, 19.1.8-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək hesablanmış əlavələrin dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi davam etdirilir. Qeyd olunanlara əsasən iddiaçının pensiyası sığorta hissəsində edilmiş əlavənin ödənişinin davam etdirilməsi sözügedən Qanunda nəzərdə tutulmadığından 01.01.2021-ci il tarixdən dayandırılaraq pensiya məbləği 398,90 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşin faktiki hallarından, o cümlədən iddiaçının məhkəmə iclasında izahatlarından aydın olur ki, iddiaçı hazırkı tələbində “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7-ci maddəsinin onun barəsində tətbiq olunmasını və həmin maddə ilə nəzərdə tutulmuş 77 manat məbləğində əlavə nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını iddia edir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə tələb olunan 77 manat məbləğində əlavənin iddiaçının əmək pensiyasına nəzərə alınıb-alınmamasının müəyyən edilməsi üçün ümumiyyətlə əmək pensiyasının sığorta hissəsinə əlavələrin hansı əsasa görə hesablanması, hazırda bu əlavələrinin ödənilib-ödənilməməsinin nəzərdə tutulubtutulmaması istiqamətində araşdırma aparılmalıdır. Bu istiqamətdə qiymətləndirmənin aparılması isə aşağıda göstərilən müddəalar əsasında həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu qanuna uyğun olaraq əmək pensiyalarının aşağıdakı növləri müəyyən edilmişdir: -yaşa görə əmək pensiyası; -əlilliyə görə əmək pensiyası; -ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun əvvəlki redaksiyasına nəzər yetirdikdə, görünür ki “Əmək pensiyaları haqqında Qanunun” 19.1-ci maddəsinə görə əmək pensiyasının sığorta hissəsinə aşağıdakı əlavələr hesablanır: 19.1.1. Azərbaycanın Milli Qəhrəmanlarının ailə üzvlərinə (bu Qanunun 14-16-cı maddələrinə uyğun olaraq) 110 manat, şəhidlərin ailə üzvlərinə (bu Qanunun 14-16-cı maddələrinə uyğun olaraq) 93,5 manat məbləğində; 19.1.2. İ dərəcə gözdən əlilliyi olan şəxslərə 110 manat, digər İ dərəcə əlilliyi olan şəxslərə 22 manat məbləğində (2017-ci ilin 1 iyul tarixindən sonra təyin edilən pensiyalara tətbiq olunur); 19.1.3. öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən İ və İİ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, həmçinin öhdəsində ailə başçısını itirməyə görə pensiya ilə təmin edilməli şəxslərə aid edilən əmək qabiliyyətsiz ailə üzvləri olan işləməyən hərbi qulluqçular sırasından olan əmək pensiyaçılarına ailənin əmək qabiliyyəti olmayan hər üzvü üçün 5,5 manat məbləğində; 19.1.4. İ qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün 11 manat məbləğində; 19.1.5. siyasi repressiyalara məruz qalaraq sonradan bəraət qazanmış şəxslərə 11 manat məbləğində; 19.1.6. döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara 11 manat məbləğində; 19.1.7. yaşa görə əmək pensiyası alan müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə (Böyük Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan əlilliyi olan şəxslərə: 19.1.7.1. İ dərəcə əlilliyi olan şəxslərə 110 manat məbləğində; 19.1.7.2. İİ dərəcə əlilliyi olan şəxslərə 77 manat məbləğində; 19.1.7.3. İİİ dərəcə əlilliyi olan şəxslərə 55 manat məbləğində; 19.1.8. Böyük Vətən müharibəsi iştirakçıları və bununla əlaqədar əlilliyi olan şəxslərə: 19.1.8.1. İ dərəcə əlilliyi olan şəxslərə 154 manat məbləğində; 19.1.8.2. İİ dərəcə əlilliyi olan şəxslərə 121 manat məbləğində; 19.1.8.3. İİİ dərəcə əlilliyi olan şəxslərə və əlilliyi olmayan müharibə iştirakçılarına 99 manat məbləğində. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun: -1.4. Azərbaycan Respublikasının Əmək pensiyası haqqında Qanunun 19-cu maddəsi ləğv edilmişdir. -2.2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.1-ci, 19.1.3-cü, 19.1.5-ci və 19.1.8-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək hesablanmış əlavələrin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi davam etdirilir. -3. Bu Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir. Əvvəla qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Yuxarıda səciyyələnmiş normalardan görünür ki, 01.01.2021-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 19-cu maddəsi vətəndaşın əmək pensiyasının sığorta hissəsinə hansı hallarda və məbləğlərdə əlavələrin hesablanmasını təsvir etmişdir. Lakin, Qanuna edilmiş dəyişiklikdən sonra, 01.01.2021-ci il tarixdən etibarən əmək pensiyasının sığorta hissəsinə əlavələrin hesablanması dayandırılmış və yalnız Qanununun 19.1.1-ci, 19.1.3-cü, 19.1.5-ci və 19.1.8-ci maddələrində nəzərdə tutulmuş müxtəlif kateqoriyalı şəxslərə həmin əlavələrinin ödənilməsi davam etdirilmişdir. İşin faktiki hallarına və məhkəmə icraatı zamanı təqdim olunmuş pensiya işinə nəzər yetirdikdə məlum olur ki, iddiaçıya Çernobel əlili olduğu üçün 02.12.1993-cu il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilmiş, yaşa görə əmək pensiyası almaq hüququ yarandığı 01.08.2019-cu il tarixdən əlilliyə görə pensiya növü yaşa görə əmək pensiyasına dəyişdirilmişdir. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən, onun yaşa görə əmək pensiyası alan müharibə ilə əlaqədar əlilliyi olan şəxs olması (Çernobel əlili) nəzərə alınmış və “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7.2-ci yarımbəndinin tələbləri baxımından 77 manat məbləğində əlavə əmək pensiyasına hesablanmışdır. Lakin, Qanunvericiliyə edilmiş dəyişiklikdən sonra sözügedən əlavələrin ödənilməsi dayandırılmışdır. Məhkəmə diqqətə çəkir ki, ümumiyyətlə iddiaçının vaxtı ilə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7.2-ci maddəsinin tələbi əsasında əlavə alması təkzib olunmazdır. İddiaçı özü də iddia ərizəsinin əsaslandırmasında bu halı qəbul etmiş və əlavənin məhz yaşa görə əmək pensiyası alan müharibə ilə əlaqədar əlilliyi olan şəxs (Böyük Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) kateqoriyasıa aid olması səbəbi ilə aldığını bildirmişdir. Nəzərə alınmalıdır ki, əmək pensiyası münasibətlərini tənzimləyən Qanunvericilik hazırda əmək pensiyasının sığorta hissəsinə əlavələrin edilməsini nəzərdə tutmamışdır. Bu əlavələrin ödənilməsi yalnız o halda həyata keçirilir ki, əgər pensiyaçı əlavəni aldığı dövrdə Qanunun 19.1.1-ci, 19.1.3-cü, 19.1.5-ci və 19.1.8-ci maddələrində nəzərdə tutulmuş statusa malik olan şəxs hesab olunsun. Bu da o deməkdir ki, iddiaçı siyasi repressiyalara məruz qalaraq sonradan bəraət qazanmış şəxs və ya Böyük Vətən müharibəsi iştirakçısı və bununla əlaqədar əlilliyi olan şəxs, o cümlədən də ƏPQ-nin əvvəl qüvvədə olmuş 19.1.1-ci və 19.1.3-cü maddələrində nəzərdə tutulmuş şəxs hesab edilmədiyindən, hazırda ona 77 manat məbləğində əlavənin ödənilməsinin davam etdirilməsi mümkün deyildir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının 77 manat əlavənin nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbul olunmasını konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-14.3), cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati iş üzrə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin imtinası faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar