Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2302/2021 24.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzilə istifadə, sahiblik və sərəncam hüququnun tanınması» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Nəsimi rayonu, N.Şaxbazov küçəsi, 24 saylı evin 2 saylı mənzilinə istifadə, sahiblik və sərəncam hüququnun tanınması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı 1967-ci ildən ünvan 1 ünvanında daimi yaşayır. Həmin mənzil həyət tipli evlərə, yəni “fin evləri”nə aiddir. Həyətdə yaşayan digər qonşular mənzillərini özəlləşdirmişlər. İddiaçının mənzili bir otaqdan və bir mətbəxdən ibarətdir. Su kranı və sanitar qoşvağı isə, həyətdə yerləşir və uzun illərdir təkcə onun istifadəsindədir. Ona görə də onun mətbəxində su xətti və əl-üz yumaq yeri mövcud deyil. Qonşularda isə, həmin qurğu və xətlər ayrıca mənzillərdədir. Həyətdəki su kranına qoşulmuş sayğac abonent kimi iddiaçının adınadır. Müvafiq təmir və təmizlik işlərinə görə ödənişləri də o, ödəyir. Onun adına mənzillə bağlı “xxxx” ASC və “Azəriqaz” İB tərəfindən abonent kodları da açılmışdır. İddiaçı həmin mənzilə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması barədə reyestrdən çıxarış verilməsi ilə bağlı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda bildirilmişdir ki, reyestrdən çıxarışın verilməsi üçün mənzilə dair order, sərəncam və ya məhkəmə qərarı təqdim edilməlidir. Məhkəməyə təqdim edilən yaşayış yeri üzrə qeydiyyat haqqında sənəddən görünür ki, o, 53 ildir mənzildən fasiləsiz və etirazsız istifadə edir və mənzilə sahiblik edir. Göstərilənlərə və AR Konstitusiyasının 26.1, 29, 60, 71, 147-ci maddələrinə, AR Mülki Məcəlləsinin 152, 154, 158, 178, 179-cu maddələrinə, AR Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli qərarına əsaslanaraq, Bakı şəhəri, Nəsimi rayonu, N.Şaxbazov küçəsi, 24 saylı evin 2-ci mənzili üzərində onun (iddiaçının) istifadə, sahiblik və sərəncam hüququnun tanınması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 14, 49-cu maddələrinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - İddia etirazla qarşılanır. İddiaçı sözügedən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestri üzərində qeydiyyata alınması ilə bağlı İdarəyə ********** nömrəli müraciəti daxil olmuşdur. Lakin müraciət ərizəsinə heç bir hüquqmüəyyənedici sənəd əlavə edilməmişdir. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 10, 11.1-ci maddələrinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 təmsil etdiyi qurumun iddiaya qarşı yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanunun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 10.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: (10.2.1) hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, (10.2.2) torpaq sahəsinin planı və ölçüsü, (10.2.3) torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, (10.2.4) dövlət rüsumunun ödənilməsi barədə sənəd. AR Mülki Məcəlləsinin 152-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ – əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: (158.1.1) girov hüququ, (158.1.2) əmlakdan istifadə hüququ, (158.1.3) servitutlar. Həmin Məcəllənin 178.6-cı maddəsinə görə əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. İPM-in 2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: (2.2.1) şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); (2.2.2) inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), (2.2.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), (2.2.4) inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia), (2.2.5) inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia), (2.2.6) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia), (2.2.7) inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara, (2.2.8) bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına, (2.2.9) «Banklar haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. AR Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İşin ilkin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, iddiaçı müvafiq mənzilə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh isə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən əsaslar üzrə hər hansı hüquqmüəyyənedici sənəd təqdim olunmadığını səbəb gətirərək məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 158.1, 178.6-cı maddələrinə əsaslanaraq, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı həmin mənzilə istifadə, sahiblik və sərəncam hüquqlarının tanılnması tələbini irəli sürərək iddia qaldırmışdır. Göründüyü kimi, iddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirmir və müvafiq mənzilə dair hüquqmüəyyənedici sənədlərinin olmadığını dolayısı ilə etiraf edərək, bu əmlaka hüquqlarının mülki qanunvericiliyin (Mülki Məcəllənin 178.6-cı maddəsi) tələbləri üzrə tanınmasını tələb edir. Bu isə, belə qənaətə gəlməyə əsas verir ki, hazırkı mübahisə inzibati xarakterli sayıla bilməz. Nəzərə alınmalıdır ki, iddiaçı tələbini AR Mülki Məcəlləsinin 178.6-cı maddəsi ilə əsaslandırdığdan və ərizəsində «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci və ya digər müvafiq maddəsinə istinad etmədiyindən, İPM-in 13 və 54-cü maddələri rəhbər tutulmaqla iddianın həm predmetinin, həm də əsasının dəyişdirilməsinin (“inzibati orqanın imtinası mübahisələndirilməklə, müvafiq öhdəliyinin bu orqanın üzərinə qoyulması” tələbi kimi) ona tövsiyə olunması məqsədəuyğun deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair» xx xxxxx 2012-ci il tarixli qərarında vurğulamışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı iddianın əsasını və ya predmetini dəyişməyə haqlıdır. Bu maddənin mənasına görə eyni zamanda həm iddianın predmetini, həm də əsasını dəyişdirmək olmaz. İddianın bu ünsürlərindən yalnız biri dəyişdirilə bilər. İddianın predmetinin və əsasının eyni zamanda dəyişdirilməsi ona görə yolverilməzdir ki, iddianın belə dəyişdirilməsi tamamilə yeni iddianın olmasını göstərir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı məhkəmə icraatı çərçivəsində DƏDRX 1 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23.1, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2302/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2302/2021
24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver