Məhkəmə qərarları › İş №2-1(112)-2302/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2302/2024

01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2302/2024 01.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya borcunun olmamasının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya borcunun olmamasının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 01 may 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya vergi orqanlarının əməkdaşı kimi yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasına dair qəbul edilmiş qərarın ləğv edilməsi, iddiaçıdan ümumilikdə 13.243,28 manat artıq ödənilmiş pensiyanın tutulmasına yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməklə həmin borc məbləğinin silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh inzibati orqan tərəfindən aparılmış pensiyanın yenidən hesablanması zamanı iddiaçıya hesablanmış ümumilikdə 13.243,28 manat artıq ödənilmiş pensiya borcunun olmamasının müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 xx.xx.1952-ci ildə doğulmuşdur. İddiaçı uzun müddət dövlət qulluğunda əmək fəaliyyəti ilə məşğul olmuş və ona DSMF-nin Nəsimi rayon şöbəsi tərəfindən vergi orqanlarının əməkdaşı kimi xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin iyun ayında aparılmış araşdırma zamanı iddiaçının pensiya məbləğində əhəmiyyətli dərəcədə azalma baş vermişdir. Bununla bağlı olaraq cavabdeh orqan tərəfindən iddiaçıya inzibati icraat qaydasında mərkəzi filiala dəvət məktubu göndərilmişdir. Daha sonra cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublar ünvanlanaraq bildirilmişdir ki. iddiaçıya ilkin pensiya təyinatı zamanı ödənilməli olan məbləğ düzgün hesablanmamış və buna görə də ümumilikdə iddiaçıya pensiya ödənilən dövrlər üzrə 13243,28 manat artıq pul vəsaitinin ödənilməsi aşkar edilmişdir. İddiaçının pensiya məbləğinin azaldılmasında ifadə olunan hərəkətlər qanunsuz və əsassızdır. Belə ki, ilk növbədə cavabdeh orqan iddiaçıya məxsus pensiya işində hər hansı bir nöqsana yol verildiyini iddia edirsə, bu zaman "İnzibati icraat haqqında“ AR Qanununun müvafiq maddələrinə uyğun olaraq inzibati icraatın başlanması barədə qərar qəbul etməli maraqlı şəxs kimi iddiaçını həmin icraata cəlb etməli və iddiaçıdan müvaliq izahatın alınmasını təşkil etməli və yekunda inzibati icraatın sonlandırılması ilə əlaqədar inzibati akt formasında qərar qəbul etməli idi. Həmçinin qəbul edilmiş qərar barəsində iddiaçı məlumatlandırılmalı idi. Lakin bütün sadalanan bu prosedur qaydaların heç birinə cavabdeh orqan tərəfindən riayət edilməmişdir. Buna görə də iddiaçının pensiya məbləğinin hansı əsaslarla azaldılması barədə iddiaçı məlumata malik deyil. Göründüyü kimi inzibati orqanın bu hərəkəti qanuni olmamışdır. Eyni zamanda aparılmış icraat nəticəsində iddiaçıdan artıq ödənilmiş məbləğin müəyyən edilərək həmin pul məbləğinin ondan tələb edilməsi özü-özlüyündə əsassızdır. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, iddiaçının pensiya işinə aid sənədlərdə ona Fondun Nəsimi rayon şöbəsi tərəfindən 9 dekabr 2016-cı il tarixindən vergi orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla aparılan araşdırma zamanı məlum olmuşdur ki, 9 dekabr 2016-cı il tarixində iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 310,00 manat, qulluq stajına görə əlavə 29,25 manat, rütbəyə görə əlavə 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 887,12 manat olmaqla orta aylıq əmək haqqı 1265,37 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanununun 1 iyul 2017ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 16 il 11 ay 11 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1265,37 manat) 80 faizi-1012,30 manat məbləğində hesablanıb. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1 -ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar iddiaçının 16 il 11 ay 11 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 55,75 faiz təşkil edir. Vergi orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixdən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 341,00 manat, qulluq stajına görə əlavə 29,25 manat, rütbəyə görə əlavə 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 975,83 manat olmaqla orta aylıq əmək haqqı 1385,08 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1265,37 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (1385,08 manat) arasındakı fərq məbləğinin (119,71 manat) 55,75 faizi-66,74 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (1012,30 manat) üzərinə əlavə olunmaqla iddiaçının əmək pensiyası 1079,04 manat məbləğində hesablanıb. Vergi orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 510,00 manat, qulluq stajına görə əlavə 29,25 manat, rütbəyə görə əlavə 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 1459,46 manat olmaqla orta aylıq əmək haqqı 2037,71 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1385,08 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (2037,71 manat) arasındakı fərq məbləğinin (652,63 manat) 55,75 faizi-363,84 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (1079,04 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1442,88 manat məbləğində hesablanıb. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73-cü maddəsinin 1 yanvar 2020-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 510,00 manat, qulluq stajına görə vəzifə maaşının 27,50 faizi miqdarında əlavə 140,25 manat, rütbəyə görə əlavə 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 1459,46 manat olmaqla orta aylıq əmək haqqı 2148,71 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 yanvar 2020-ci il tarixinədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (2037,71 manat) ilə 1 yanvar 2020-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (2148,71 manat) arasındakı fərq məbləğinin (111,00 manat) 55,75 faizi-61,88 manat 1 yanvar 2020-ci il tarixinədək hesablanmış pensiyanın (1442,88 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1504,76 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 46744,64 manat ödənilməli olduğu halda, 57410,03 manat ödənilib. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 10665,39 manat məbləğində artıq pul vəsaiti ödənilib. Eyni zamanda, maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən iddiaçının əmək pensiyası 1898,56 manat məbləğində hesablanmalı olduğu halda, 2331,74 manat müəyyən edilməklə xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 2165,90 manat artıq pul vəsaiti ödənilib. Əlavə olaraq bildirilir ki, iddiaçıya xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 1805,71 manat məbləğində maddi yardım ödənilməli olduğu halda, 2217,70 manat ödənilib. Nəticədə həmin dövr üzrə iddiaçıya 411,99 manat artıq maddi yardım ödənilib. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 13243,28 (10665,39+2165,90+411,99) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə uyğun olaraq yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar iddiaçının pensiyasının qanunvericiliyə uyğunlaşdırılmasına dair nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün ona 5 iyun 2023cü il tarixində məktub göndərilməklə 9 iyun 2023-cü il tarixinədək Mərkəzi Filiala gəlməyi xahiş edilib. Lakin iddiaçı mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala gəlməmişdir. Göründüyü kimi, tərəflərindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə tam əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia müəyyən etmə və ya tanınma haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.5-ci maddəsinə əsasən, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə görə, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. İddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) cavab verir. Eyni zamanda, iddiaçı ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında yaranan mübahisənin əsasını inzibati qanunvericilikdə nəzərdə tutulan müddəalar təşkil etdiyindən, iddiaçı ilə cavabdeh arasında yaranan münasibət də publik-hüquqi münasibətdir. İddiaçının hazırkı iddia ilə pensiya borcunun olmamasının müəyyən edilməsində marağı hüquqi və iqtisadi xarakterlidir. Faktiki hallar və sübutlar: İddiaçının pensiya işinə aid sənədlərdə ona Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən 9 dekabr 2016-cı il tarixindən vergi orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-10645/2023 saylı qərarla iddiaçının pensiyası yenidən hesablanmış onun pensiyası 2331,74 manatdan 1898,56 manata endirilmişdir. Həmin qərarda iddiaçıya ödənilmiş artıq pul vəsaitinin tutulması ilə bağlı hər hansı qeyd aparılmamış. Həmçinin bu barədə digər bir qərar qəbul edilməmişdir. Lakin iddiaçıya xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublar ünvanlanaraq bildirilmişdir ki. iddiaçıya ilkin pensiya təyinatı zamanı ödənilməli olan məbləğ düzgün hesablanmamış və buna görə də ümumilikdə iddiaçıya pensiya ödənilən dövrlər üzrə 13243,28 manat artıq pul vəsaitinin ödənilməsi aşkar edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. … “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt;2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. ... 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Yuxarıda da qeyd edildiyi kimi, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-10645/2023 saylı qərarla iddiaçının pensiyası yenidən hesablanmış onun pensiyası 2331,74 manatdan 1898,56 manata endirilmişdir. Həmin qərarda iddiaçıya ödənilmiş artıq pul vəsaitinin tutulması ilə bağlı hər hansı qeyd aparılmamışdır. Həmçinin bu barədə digər bir qərar da qəbul edilməmişdir. Lakin iddiaçıya xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublar ünvanlanaraq bildirilmişdir ki. iddiaçıya ilkin pensiya təyinatı zamanı ödənilməli olan məbləğ düzgün hesablanmamış və buna görə də ümumilikdə iddiaçıya pensiya ödənilən dövrlər üzrə 13243,28 manat artıq pul vəsaitinin ödənilməsi aşkar edilmişdir. İddiaçı pensiyanın yenidən hesablanması barədə qərarı mübahisələndirmir və hazırkı pensiya məbləği ilə razılaşır. İddiaçıya artıq pul vəsaitinin ödənilməsi ilə bağlı (və ya onun tutulması barədə) hər hansı inzibati akt qəbul edilmədiyindən iddiaçı mübahisələndirmə növündə iddia qaldıra bilməmişdir. Bundan əlavə, bu barədə cavabdeh tərəfindən pensiyaçıya qarşı məhkəmədə iddia qaldırılmamışdır ki, iddiaçı həmin artıq ödəmə ilə bağlı mübahisəli hüquq münasibətinə həmin icraatda müəyyənlik gətirsin. Sadəcə iddiaçıya ünvanlanmış məktublarda 13243,28 manat artıq pul vəsaitinin ödənilməsi göstərilmişdir. Bu səbəbdən iddiaçı həmin mübahisəli publik-hüquqi münasibətə aydınlıq gətirilməsi üçün iddia tələbini hazırkı məzmunda dəyişmişdir. İddiaçının borcunun olmamasının müəyyən edilməsində marağı hüquqi və iqtisadi xarakterlidir. Belə ki, iddiaçı borcunun olmamasının müəyyən edilməsilə həmin məsələ ilə bağlı yeni mübahisələrin (cavabdeh tərəfindən pul məbləğinin tələb edilməsi və ya hər hansı inzibati akt qəbul etməklə və ya etməməklə ona ödənilən cari pensiya məbləğindən tutulmaların həyata keçirilməsi) qarşısını almış olur. Doğrudur, hazırkı vəziyyətdə iddiaçıya ödənilən pensiya məblğindən tutulmalar həyata keçirilmir. Lakin bu o demək deyildir ki, iddiaçı gözləməlidir ki, onun pensiyasından tutulmalar həyata keçirilsin və bu barədə inzibati akt qəbul edilsin və ya cavabdeh tərəfindən məhkəməyə iddia verilsin. Pensiyaçıların həssas qrup olmasını da nəzərə alsaq, hər ay üzrə ödənilən pensiyasından hansısa tutulmanın aparılması ehtimalının mövcudluğu artıq iddiaçının hüquqularının pozulması qənaətinə gəlməyə kifayət edir və hazırkı iddiaya mahiyyəti üzrə baxılmasına əsas verir. Hazırkı iş üzrə pensiyanın yenidən hesablanması ilə bağlı qərar mübahisələndirilmədən borcun olmamasının müəyyən edilməsi barədə tələb, əmək pensiyasının təyin edilməsi barədə qərarın, o cümlədən inzibati orqanın faktiki xarakterli digər hərəkətlərinin əlverişli və ya əlverişsiz olmasından asılıdır. Aydın məsələdir ki, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Qanunsuz inzibati aktın ləğvi isə onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edə bilməməsindən asılıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda sadalanan müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılmaması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına (pensiya borcunun mövcud olmasına) səbəb olacaqdır. Başqa sözlə, cavabdeh rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına (və ya artıq məbləğdə alınmasına) nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda hazırkı iddia uğursuz ola bilər. Lakin işin faktiki hallarından göründüyü kimi, qeyd olunan halların hər hansı birinin mövcudluğuna iddiaçı tərəfindən istinad olunmamış, məhkəmə araşdırması zamanı da müəyyən olunmamışdır. İddiaçının cavabdehdən asılı olmayan hallar nəticəsində, əmək pensiyasının (və ya onun məbləğinin) güman olunan səhv təyin edilməsi halı ilə bağlı məhkəmə hesab edir ki, bu, cavabdehdən ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz. Belə ki, nə əmək pensiyasının təyin edilməsi barədə qərarda, nə də məhkəməyə daxil olmuş müvafiq sənədlərdə iddiaçının güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində cavabdehin təqsirli olması barədə heç bir qeyd edilməmişdir. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə cavabdeh onun pensiya məbləğinə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının cavabdehdən gözlənilməsi məntiqsiz olar. Beləliklə, maraqlı şəxs kimi cavabdeh etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya təyin edilməsi, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, iddiaçının səhvi səbəbindən ödənilən məbləğin borc kimi müəyyən edilməsinə əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı iddiaçının hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər cavabdeh üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması, borc məbləği kimi müəyyən etməsi əsası da mövcud olmayacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi, maraqlı şəxsin etimad hüququna istinadı istisna edilmirsə, əlverişli inzibati akt qanunsuz hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə də ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən, artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq, borc məbləğinin olmamasının müəyyən edilməsini zəruri hesab edir. Beləliklə, əmək pensiyasının yenidən hesablanması barədə qərar mübahisələndirilməsə belə, pensiya təyini qərarının qeyd olunan halda qanunsuz və əlverişli xarakterə malik olması hazırkı iddianın təmin edilməsinə əsas verir. Belə ki, şəxsin etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal mövcud deyil. İnzibati orqanın ehtimal olunan səhv hesablaması və ya pensiyanı səhv təyin etməsi etimad hüququ qorunduğu müddətdə cavabdehdən pul məbləğinin geri tələb edilməsinin qarşısını alır. Bu səbəbdən də iddiaçı borcunun olmamasının müəyyən edilməsi tələbində haqlıdır. Bundan əlavə, məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən pensiyanın yenidən hesablanması ilə İddiaçı hesablanmış ümumilikdə 13.243,28 manat artıq ödənilmiş pensiya borcunun olmaması müəyyən edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən pensiyanın yenidən hesablanması ilə İddiaçı hesablanmış ümumilikdə 13.243,28 manat artıq ödənilmiş pensiya borcunun olmaması müəyyən edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar