Məhkəmə qərarları › İş №2-1(112)-2303/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2303/2020

08.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2303/2020 08.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “pensiya məbləğinin yenidən hesablanması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 iyul 2017-ci ildən xx.xx.2018-ci ilə kimi olan dövr üçün 4230 manat, 2018-ci il üzrə 8112 manat, 2019-cu il üzrə 7848 manat olmaqla, cəmi 20190 manat pensiya məbləğininin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş yaşa görə əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa 01 iyul 2017-ci il tarixdən edilmiş dəyişikliklər nəzərə alınmaqla xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək müddətdə yenidən hesablanması və yaranmış fərqin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 izahatında bildirdi ki, iddiaçı xx.xx.1954-cü il tarixində Ağdam rayonunda anadan olmuşdur. 1970-ci ilin sentyabr ayından 1971-ci ilin yanvar ayına kimi Ağcabədi rayonunun Hüsülü pambıq tədarükü məntəqəsində fəhlə, 1971-1975-ci illərdə Ağdam rayonunun “26 Komissar” kolxozunda kolxozçu, hüquq məsləhətçisi işləmiş, 1975-ci ilin noyabr ayından 1977-ci ili noyabr ayına kimi Sovet ordusu sıralarında hərbi xidmətdə olmuş, 1977-ci ilin dekabr ayından 1978-ci ilin iyun ayına kimi Ağdam rayonunun “26 Komissar” kolxozunda hesabat işçisi, 1978-ci ilin iyul ayından 1982-ci ilin iyun ayına kimi Ağdam rayon notariat kontorunda baş dövlət notariusu, 1982-ci ilin iyun ayının 20-dən 1985-ci ilin fevral ayının 24-nə kimi Xaçmaz rayon Xalq hakimi, 1985-ci ilin fevral ayının 24-dən 1987-ci ilin iyun ayının 21-nə kimi Ağsu rayon Xalq hakimi, 21 iyun 1987-ci ildən 21 iyul 2000-ci ilə kimi Salyan rayon məhkəməsinin sədri işləmiş, 21 iyul 2000-ci ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi işləyir. İddiaçı 63 yaşında, yəni 2017-ci il tarixində əmək pensiyasına çıxmışdır. Lakin iddiaçıya əməkpensiyası hesablanarkən düzgün hesablanmamışdır. Cavabdeh isə 12 iyun 2019-cu il tarixli ərizəsinə 28 iyun 2019-cu ildə cavab vermişdir ki, iddiaçıya 24 iyun 2017-ci ildə 685,69 manat pensiya təyin edilmiş, xx.xx.2019-cu ildən pensiya məbləği 746,52 manat təşkil edilmişdir. Cavabdeh idarə pensiya məbləğinin hansı qaydada hesablanması barədə iddiaçının sorğusuna cavab verməmiş, eləcə də pensiyanın yenidən hesablanması barədə iddiaçının xahişinitəmin etməmişdir. 10 sentyabr 2019-cu il tarixdə təkrarən cavabdeh idarəyə müraciət edərək 12 iyun 2019-cu il tarixli ərizəsində göstərdiyi məsələlər barədə ətraflı cavab verilməsini xahiş etsə də, bu günə kimi iddiaçının müraciətinə cavab verilməmişdir. İddiaçının təkrar müraciətinə cavab verilməməsi cavabdeh idarənin pensiya məbləğinin yenidən hesablanmasından imtinası hesab olunduğundan məhkəmədə iddia qaldırılmalı oldu. İddiaçının şifahi müraciətini cavabdehin nümayəndələri belə əsaslandırmışlar ki, 01 iyul 2017-ci ilə kimi yaşa görə pensiyaya çıxanlara fərdi hesabın sığorta hissəsində pensiya kapitalının 50 faizi məbləğində ödəmə aparılırdısa, 01 iyul 2017-ci il tarixdən sonra pensiyaya çıxanlara həmin məbləğ 90 faiz həcmində ödənilir. İzah edilmişdir ki, iddiaçı qanunda edilmiş dəyişiklikdən 1 həftə əvvəl pensiyaya çıxdığı üçün sonradan edilmiş dəyişiklik ona şamil oluna bilməz. Cavabdehin iddiaçıya ünvanladığı imtinası əsassızdır və qanunaziddir. Belə ki, iddiaçıya yaşa görə pensiya təyin edilərkən sığorta kapitalı düzgün hesablanmamış, indeksləşdirmə isə ümumiyyətlə aparılmamışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa 01 iyul 2017-ci ildən edilmiş dəyişiklik iddiaçının pensiya təminatı hüququnu yaxşılaşdırdığından həmin norma iddiaçıya münasibətdə tətbiq olunmalı, 01 iyul 2017-ci ildən iddiaçıya təyin olunmuş pensiya məbləği yenidən hesablanmalı idi. Pensiya məbləğinin hesablanma qaydası barədə məlumat verilmədiyinə görə digər pensiyaçılarla müqayisəli şəkildə hesablanmaqla qeyd edir ki, hazırda iddiaçı ilə eyni statusa malik hakimlər 1400 manat pensiya alırlar. Deməli cavabdeh tərəfindən iddiaçıya 01 iyul 2017-ci ildən 2018-ci ilə kimi hər ay 705 manat olmaqla 4230 manat, 2018-ci ildə hər ay 676 manat olmaqla 8112 manat, 2019-cu ildə hər ay 654 manat olmaqla 7848 manat, cəmi 20.190 manat pensiya az ödənilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, iddiaçıya 63 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa iddia tələbində qeyd olunan dəyişikliklər isə xx.xx.2017-ci il tarixdə edilmişdir. Ona görə də həmin dəyişikliklər iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı 0******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü ildə Ağdam rayonu, İmamqulubəyli kəndində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2019-cu il tarixli **********6 saylı məktubda bildirilmişdir ki, iddiaçıya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsi xx.xx.2017-ci il tarixdən 685,69 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2019-cu il tarixdən iddiaçının pensiyasının məbləği 746,52 manat təşkil edir. İddiaçı dövlət qulluğu vəzifəsindən azad olunduqdan sonra pensiyasının yenidən hesablanmasına baxılacaqdır. İş materiallarında olan İddiaçı məxsus pensiya işində olan sənədlərdən görünür ki, iddiaçıya ilkin olaraq 63 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra isə xx.xx.2019-cu il tarixdə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4-cü maddəsinə əsasən hakim kimi yaşa görə əmək pensiyası hesablanmışdır. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 26-cı maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması aşağıdakı kimi qeyd edilib: 26.1. 2017-ci il iyulun 1dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır; 26.2. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən bu Qanunun 19-cu maddəsinə uyğun əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır; 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinin əvvəlki redaksiyasında deyilirdi: fərdi hesabın sığorta hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesabdır. Həmin maddəninindiki redaksiyasında deyilir: fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» 10 mart 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə həmin dəyişiklik xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir). Azərbaycan Respublikası Prezidentinin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Fərmanına əsasən xx.xx.2017-ci il tarixə qədər əmək pensiyaları hesablanarkən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi vətəndaşların fərdi hesablarının sığorta hissəsində qeydə alınırdı. Qanuna edilmiş dəyişikliklərdən sonra əmək pensiya hüququ xx.xx.2017-ci il tarixdən sonra yaranmış vətəndaşların pensiya məbləği hesablanarkən fərdi hesabın sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizi qeydə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinin şərh edilməsinə dair 23 yanvar 2001-ci il tarixli qərarında hakimlərin maddi və sosial təminatlarını Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş məhkəmə hakimiyyəti müstəqilliyinin tərkib hissəsi kimi qiymətləndirməklə belə bir mövqe müəyyənləşdirmişdir ki, dövlət və cəmiyyət hakimlərə, xüsusilə onların ədalətliliyinə və peşakarlığına son dərəcə ciddi tələblərlə yanaşmaqla bərabər, öz səylərini hakimlərin sosial və maddi təminatı məsələlərinin yüksək səviyyədə həll edilməsinə yönəltməlidir. Məhkəmə hesab edir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa 01 iyul 2017-ci il tarixdən edilmiş dəyişikliklər iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığından ona münasibətdə də tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa 01 iyul 2017-ci il tarixdən edilmiş dəyişikliklər nəzərə alınmaqla xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək müddətdə yenidən hesablanması və yaranmış fərqin hesablanaraq İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar