Məhkəmə qərarları › İş №2-1(112)-2303/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2303/2021

11.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2303/2021 11.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X23 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı və onun vəkili X6 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsiX13nun iştirаkları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anasının və onun şəxsiyyətini təsdiq edən sənəd tələb edilmədən onlara (anası X10 və ona) BMT QAK tərəfindən verilmiş Himayə Sənədləri, onların Azərbaycan Respublikasının ərazisində olduqları yer üzrə qeydiyyata alınmaqları barədə DMX tərəfindən verilmiş arayışlar, anasının “1 saylı Forma” arayışının surətinin və onun azərbaycan dilinə tərcüməsinin notariat qaydasında təsdiqi və Türkmənistan Respublikasının Azərbaycandakı Səfirliyi tərəfindən 21.07.2017-ci il tarixdə verilmiş arayışın və həmin arayışa əlavə edilmiş onun doğulmağı barədə tibbi şəhadətnamənin surəti əsasında onun – İddiaçı 14.08.1994-cü il tarixdə Türkmənistan Respublikasının Marı şəhərində X8 (04.05.1971-ci il tarixdə Qazaxıstan SSR-də anadan olmuş) doğulmağı faktının qeydə alınaraq doğum haqqında şəhadətnamə ilə təmin olunmağı vəzifəsinin Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 14 avqust 1994-cü il tarixdə Türkmənistan Respublikasının Marı şəhərində anadan olmuş, anası X15 04 may 1971-ci il tarixdə Qazaxıstan SSR-nin Karağandı (Karaqanda) vilayətinin Abay şəhərinin Topar qəsəbəsində anadan olub. X1 17 dekabr 1967-ci il tarixdə Ermənistan SSR-də anadan olub. Atası Azərbaycan Respublikası vətəndaşı olub, o, Gəncə şəhərində yaşayış yeri üzrə qeydiyyatda olub və 11 iyun 2015-ci ildə vəfat edib. Valideynləri 1992-ci ildə evləniblər (nikaha daxil olmayıblar). O, doğulandan sonra ailə münaqişəsi zəminində atası anasının pasportunu və digər sənədlərini cırıb. O vaxtdan anam Azərbaycan Respublikasının ərazisini tərk edə bilməyib və sənədsiz yaşamağa məcbur olub. Sonra 09.12.1996-cı il tarixdə onun bir bacısı da doğulub. Anası atası ilə birgə yaşamaq məqsədilə 1993-cü ildə Azərbaycana gəlib, artıq 27 ildir ki, o, Azərbaycan Respublikasının ərazisində yaşayır. Lakin o, Azərbaycan Respublikasında qeydiyyatsız və sənədsiz yaşadığından Qazaxıstan Respublikasının vətəndaşlığını itirib, Azərbaycan Respublikasının vətəndaşlığını isə əldə edə bilməyib. Anası hal-hazırda, heç bir ölkənin vətəndaşı deyil. Buna görə də o, hazırda vətəndaşlığı olmayan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) himayəsindədir. Anasının şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün o, atası ilə nikaha daxil ola bilməyib. Anasının şəxsiyyətini təsdiq edən sənədinin olmaması onun da doğum faktımın qeydə alınmamasına səbəb olub. Bu səbəbdən də o indiyədək doğum haqqında şəhadətnamə ilə təmin edilməmiş. Valideynlərinin nikah, onların, isə şəxsiyyət vəsiqələri olmadığı üçün atasının ölüm şəhadətnaməsini də ala bilməmişlər. Artıq onun 26 yaşı var, lakin onun doğumunun dövlət qeydiyyatına alınmasını, şəxsiyyətini və hər hansı ölkəyə vətəndaşlığını təsdiq edən hər hansı sənədi yoxdur. O da, vətəndaşlığı olmayan şəxs kimi BMT QAK-ın himayəsindədir. Doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyət vəsiqəsi ilə də təmin oluna bilmir. 2017-ci ildə anası onun doğulmağı barədə sənəd alınması üçün Türkmənistan Respublikasının Azərbaycandakı Səfirliyinə müraciət etmiş. Türkmənistan Səfirliyi anasına onun Türkmənistanın Marı şəhərində doğulmağı barədə arayış və həmin arayışa əlavə olunmuş tibbi şəhadətnamənin surətini təqdim etmiş. Bundan sonra o 20 iyun 2018-ci ildə Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə müraciət edərək onun - İddiaçı - (X8 14.08.1994-cü il tarixdə doğulmuş oğlan uşağının) doğum faktının Türkmənistan Respublikasının aidiyyəti orqanlarında qeydə alınmaqla doğum haqqında şəhadətnamə ilə təmin edilib-edilməməyi barədə arayış verilməsi üçün Türkmənistan Respublikasının Ədliyyə Nazirliyinə sorğu göndərilməsini və həmin sorğuya cavabın Türkmənistan Respublikasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsini xahiş etmiş. Türkmənistan Respublikasının Ədliyyə Nazirliyi də cavab məktubunda onun doğum faktının qeydə alınmasını deyil, yalnız Türkmənistanın Marı şəhərində doğulmağı faktını təsdiqləmiş. Daha sonra o 31.08.2020-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə müraciət edərək onun - İddiaçı 14.08.1994-cü il tarixdə Türkmənistan Respublikasının Marı şəhərində X8 doğulmağı faktının Türkmənistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən verilmiş arayış və həmin arayışa əlavə edilmiş tibbi şəhadətnamənin surəti əsasında qeydə alınmasını və ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən verilmiş Himayə Sənədi və olduğu yer üzrə qeydiyyata alınmağı barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında doğum haqqında şəhadətnamə ilə təmin edilməyini xahiş etmiş. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi onun müraciətinə imtina etmişdir. Hesab edir ki, Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinin bu cavabı tamamilə əsasızdır. Belə ki, Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi onun doğumunun dövlət qeydiyyatına alınmasından imtina edilməsinin əsası kimi anasının şəxsiyyətini təsdiq-edən sənədinin olmadığını qeyd edib. Bundan əlavə, Qeydiyyat Şöbəsi anasının vətəndaşlıq məsələsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə, onun isə doğum faktımın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olduğunu bildirmiş və yalnız doğum faktının məhkəmə qaydasında müəyyən edildikdən sonra doğumunu dövlət qeydiyyatına alaraq ona doğum haqqında şəhadətnamə ilə təmin edəcəkləri qeyd edilmişdir. Onun anası vətəndaşlığı olmayan şəxsdir və onun vətəndaşlığı olmayan şəxs kimi statusu Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-714/2020 saylı, 31.05.2020-ci il tarixli qətnaməsi ilə təsdiq edilir. Anası vətəndaşlığı olmayan şəxs olduğu üçün BMT QAK-ın himayəsindədir və BMT QAK tərəfindən Himayə Sənədi ilə təmin edilmişdir. Bu səbəbdən də ərizəsinə anasının şəxsiyyət vəsiqəsinin əvəzinə Himayə Sənədini və "1 saylı Forma" arayışının və onun azərbaycan dilinə tərcüməsinin surətini əlavə etmişdir. Anasının şəxsiyyəti, yəni onun kim olmağı artıq dövlət qurumları tərəfindən tanınıb. Belə ki, BMT QAK-ın Himayə Sənədi əsasında anası Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Bakı şəhəri Nərimanov rayonunun ərazisində olduğu yer üzrə qeydiyyata alınmışdır. Göründüyü kimi, anasının şəxsiyyəti BMT QAK-ın verdiyi Himayə Sənədindən müəyyən edilir. Belə ki, DMX anasının şəxsiyyətini ona BMT QAK tərəfindən verilmiş Himayə Sənədi əsasında müəyyən edib, əks təqdirdə onu həmin sənəd əsasında Azərbaycan Respublikasının ərasizində olduğu yer üzrə qeydiyyata almazdı. Anasının şəxsiyyəti artıq bir rəsmi dövlət qurumu tərəfindən müəyyənləşdirilib. Bununla əlaqədar olaraq digər dövlət qurumunun anasının müəyyən edilmiş şəxsiyyətini mübahisələndirməyə əsası yoxdur. Cavabdehin anasının Himayə Sənədi əsasında onun doğum faktımın qeydə alınmasından və ona doğum haqqında şəhadətnamə verilməsindən imtina etməsi dövlət hakimiyyət orqanlarının hərəkətlərində ziddiyyət təşkil edir, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində göstərilən etimad hüququnun qorunması prinsipini pozur. BMT QAK tərəfindən verilən Himayə Sənədi artıq bir çox dövlət orqanları tərəfindən şəxsiyyəti təsdiq edən sənədə bərabər sənəd kimi qəbul edilir. Misal üçün, X18 (DİM (keçmiş Tələb Qəbulu üzrə Dövlət Komissiyası)) imtahan vermək üçün müraciət edən şəxslər şəxsiyyəti təsdiq edən başqa sənədləri olmadığı halda Himayə Sənədini təqdim edirlər və həmin sənəd DİM tərəfindən qəbul edilir, həmin şəxslər imtahanlarda iştirak edirlər. Eyni zamanda, şəxsiyyəti təsdiq edən sənədi olmayan və yaxud şəxsiyyəti təsdiq edən etibarlı sənədi olmayan və BMT QAK-ın himayəsində olan şəxslər Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunduqları təqdirdə, həmin təhsil müəssisələrində Himayə Sənədi əsasında təhsil alırlar. Bundan başqa, Azərbaycan Respublikası Təhsil Nazirliyi həmçinin şəxsiyyəti təsdiq edən sənədi olmayan və yaxud şəxsiyyəti təsdiq edən etibarlı sənədi olmayan və BMT QAK-m himayəsində olan şəxsləri orta məktəblərə həmin sənəd əsasında qəbul edir. Qeyd edilənləri nəzərə alaraq iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı və onun vəkili X12 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, inzibati orqanın imtina əsasının əsassız olduğunu iddiaçının və onun anasının himayə sənədi əsasında DMX tərəfindən olduğu yer üzrə qeydiyyata alındıqlarını, şəxsiyyətlərinin müəyyən olunduğunu, həmçinin, iddiaçının doğulmasına dair tibbi arayışın mövcud olduğunu bildirərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X13 iddiaçı və onun anası Neçiporuk Olqanın BMT QAK tərəfindən verilmiş himayə sənədləri əsasında olduqları yer üzrə qeydiyyata alındıqlarını qeyd edərək, iddia tələbi üzrə mübahisənin həllinin məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən İddiaçı ünvanladığı 16.09.2020-ci il tarixli № 1297 saylı imtina məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.1-ci bəndinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi tərəfindən qeydə alınır. Qaydanın 2.5-ci və 2.6-cı bəndlərinə uyğun olaraq doğumun qeydə alınması üçün digər sənədlərlə yanaşı valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edilməlidir və zəruri sənədlər olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi anasının şəxsiyyətini təsdiq edən sənəd olmadığı üçün doğumunun qeydə alınması mümkün deyildir. Göstərilənlərə əsasən anasının vətəndaşlıq məsələsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə, o isə doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olduğu qeyd edilmişdir. - Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən verilmiş 27 aprel 2020-ci il tarixli, 786-16C08048 nömrəli himayə sənədinə əsasən İddiaçı BMT QAK-ın mandatı altına olan şəxsdir. Himayə sənədi 01 iyun 2021-ci il tarixə qədər etibarlıdır. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Bakı şəhər Regional Miqrasiya İdarəsi tərəfindən verilmiş 05.08.2020-ci il tarixli № 15/195 saylı arayışının təsdiq olunmuş surətindən görünür ki, 14.08.1994-cü il təvəllüdlü, vətəndaşlığı olmayan şəxs Elnur Mammedov (Himayə Sənədi № 786-16C08048), 17.06.2020-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş 31.05.2021-ci il tarixinədək ünvan 2 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. - Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən verilmiş 27 aprel 2020-ci il tarixli ***-*******8 nömrəli himayə sənədinə əsasən Necheeporuq Olga BMT QAK-ın mandatı altına olan şəxsdir. Himayə sənədi 01 iyun 2021-ci il tarixə qədər etibarlıdır. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Bakı şəhər Regional Miqrasiya İdarəsi tərəfindən verilmiş 13.10.2020-ci il tarixli № 15/1-09 saylı arayışının təsdiq olunmuş surətindən görünür ki, 04.05.1971-ci il təvəllüdlü, BMT QAK-ın himayəsində olan Necheeporuq Olga (Himayə Sənədi № ***-*******8), Dövlət Miqrasiya Xidməti tərəfindən 28 aprel 2020-ci il tarixindən 01 iyun 2021-ci il tarixədək ünvan 2 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji- Anatomiya Elmi-Təcrübə və Tədris Birliyi tərəfindən verilmiş 25 iyun 2015-ci il tarixli № 22 saylı arayışının təsdiq olunmuş surətindən görünür ki, iddiaçının mərhum X1nun meyidi 11.06.2015-ci il tarixdə MTE və PA ETT Birliyinin Sabunçu rayon şöbəsinin meyitxanasında pat-anatomik müayinədən keçirilmişdir. Dəfn olunması üçün bacısı X4 verilmişdir. - Fərdi uçot kartoçkasının surətindən görünür ki, X7 Azərbaycan Respublikasının vətəndaşıdır. 14.12.1967-ci il tarixdə Ermənistan, Masis rayonunda doğulmuşdur. ünvan 3 ünvanında qeydiyyatda olmuşdur (şəxsiyyət vəsiqəsinin seriya,nömrəsi AZE ********). - 06.10.2017-ci il tarixli, AQ № 604293 saylı nikahın pozulması haqqında şəhadətnamənin rus dilindən azərbaycan dilinə tərcümə olunmuş surətindən görünür ki, 27.01.1960-cı il təvəllüdlü, milliyəti erməni olan (iddiaçının babası) X14 ilə 04.05.1971-ci il təvəllüdlü, milliyəti ukrayın olan (iddiaçının nənəsi) X22 arasında olan nikah hər ikisinin ərizəsi əsasında 09.06.1992-ci il tarixdə pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 1992-ci ilin iyun ayının 9-da 250 № ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına (iddiaçıının nənəsinə) Neçiporuk soyadı verilmişdir. - Türkmənistan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə daxil olmuş 27.11.2018-ci il tarixli № 04-15R4N/13374 saylı məktubunun rus dilinnən azərbaycan dilinə tərcümə olunmuş surətindən görünür ki, Marı vilayəti, Marı şəhəri 3 saylı Poliklinikanın (əvvəlki şəhər xəstəxanası) arxiv sənədlərində, İddiaçı adlı uşağın doğulması haqqında heç bir məlumat yoxdur. ünvan 4 ünvanında yaşayan 1971-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı X17 Marı şəhəri, Dmitrov küçəsi, ev 8, mənzil 22 ünvanında olarkən 22.08.1994-cü il tarixdə Marı şəhər xəstəxanasının doğum şöbəsinə yerləşdirilmişdi və 15.08.1994-cü il tarixdə saat 14:10-da diri və tam sağlam bir uşaq dünyaya gətirmişdi (3500) qram ağırlığında, boyu 52 sm olan bir oğlan. - 21.07.2017-ci il tarixli № 9934 saylı arayışının rus dilinnən azərbaycan dilinə tərcümə edilmiş surətindən görünür ki, Türkmənistan Səhiyyə və Tibb Sənayesi Nazirliyinin məlumatına əsasən 1971-ci il təvəllüdlü Olqa Neçiporuk 14 avqust 1994-cü il tarixdə Marı şəhər xəstəxanasının doğum evində, 3500 qram çəkisində, 52 sm boyunda bir oğlan uşağı dünyaya gətirib. - Türkmənistan Səhiyyə və Tibb Sənayesi Nazirliyinin 01 iyun 2017-ci il tarixli № 574 saylı arayışına əsasən 1971-ci il təvəllüdlü, Azərbaycan Respublikası, ünvan 5 ünvanında X15 14 avqust 1994-cü il tarixdə Marı şəhər doğum evində 3500 qr və 52 sm boyu olan oğlan uşağını dünyaya gətirmişdir. - Karaqanda vilayətinin, Topar qəsəbəsində anadan olmuş, ukrayna vətəndaşı olan 4 may 1971-ci il təvəllüdlü X22 pasportun itirilməsi ilə əlaqədar yenisinin verilməsini xahiş etmiş. 12.10.1990-cı il tarixli Pasport Vİ-CЮ № 530876 Abay ŞDİŞ saylı pasport verilmişdir. - Qazaxıstan Respublikası, Karağandı vilayətinin, Abay rayonu VVAQ şöbəsi tərəfindən verilmiş 25.08.2016-cı il tarixli doğum haqqında şəhadətnamənin azərbaycan dilinə tərcümə edilmiş edilmiş surətindən görünür ki, X15 04.05.1971-ci il tarixdə Karağandı vilayətinin, Abay şəhərinin, Topar qəsəbəsində anadan olmuşdur. Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum haqqında akt qeydləri kitabında 19 may 1971-ci il tarixdə 59 № ilə qeydiyyat alınmışdır. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31.05.2020-ci il tarixli, 2(005)-714/2020 saylı qətnaməsi ilə 04.05.1971-ci il təvəllüdlü ərizəçi X9 1993-cü il tarixdən hazırki dövrədək Azərbaycan respublikasının ərazisində daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı hüquqi faktı müəyyən edilmişdir. 23 avqust 2019-cu il tarixdə Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən 09.12.1996-cı ildə Bakı şəhərində doğulmuş X2 verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının bacısının doğumu, doğum haqqında akt qeydləri kitabında 2018-ci ilin noyabr ayının 24 günündə 20b № ilə qeyd edilmişdir. - AA1804507 saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, 09.12.1996-cı il təvəllüdlü X5 (iddiaçının bacısı) azərbaycan respublikasının vətəndaşıdır. Məhkəmə hesab edir ki, hazırkı iddia məcburetmə haqqında iddia növünə aiddir, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur və iddia tələbi mümkün olmaqla yanaşı həm də əsaslıdır. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Ailə Məcəlləsinin 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Həmin Məcəllənin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası"nın 1.4. bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. http://www.e-qanun.az/alpidata/code/data/0/c_c_10.htm Həmin Qaydanın 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideynlərin nikah haqqında şəhadətnaməsi, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd, uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd, uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənədlər təqdim edilməlidir. Hazırkı iş üzrə cavabdeh inzibati orqanın imtinasına səbəb doğum faktını müəyyən edilməməsi və valideynin şəxsiyyətini təsdiq edən sənədlərin təqdim edilməməsidir. Məhkəmə hesab edir ki, iş materilları ilə təsdiq olunan və mübahisə doğurmayan hal ondan ibarətdir ki, hazırki İddiaçı 14.08.1994-cü il təvəllüdlüdür, Türkmənistan Səhiyyə və Tibb Sənayesi Nazirliyi tərəfindən tibbi doğum haqqında şəhadətnaməsi təqdim edilmişdir. Artıq şəxsin doğulması faktının müəyyən edilməsi barədə imtina əsas əsassızdır. İnzibati orqanın iddiaçının müraciətinə digər imtina əsası- valideynin şəxsiyyətini təsdiq edən sənədlərin təqdim edilməməsi ilə bağlıdır. İş materiallarından aydın görünür ki, iddiaçının anası Neçiporuk Olqaya BMT QAK tərəfindən 27 aprel 2020-ci il tarixli ***-*******8 nömrəli himayə sənədi verilmiş, himayə sənədinə əsasən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonunun ərazisində olduğu yer üzrə qeydiyyata alınmışdır. İddiaçı anasının şəxsiyyətinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfındən verilmiş “Himayə sənədi” əsasında müəyyən edilməsini xahiş edir. Məhkəmə tərəfindən araşdırma “şəxsiyyətini təsdiq edən sənəd” anlayışına iddiaçının istinad etdiyi sənədin aid olub-olmaması ilə bağlı aparılmalıdır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Bununla yanaşı, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.5-ci maddəsində şəxsiyyət vəsiqəsi anlayışı açıqlamaqla göstərilmişdir ki, şəxsiyyət vəsiqəsi - Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəddir. Hər iki müddəaların mənasından aydın olur ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar da şəxsin eyniləşdirilməsinə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul edilmişdir. Sonuncu halda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21-ci maddəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması qaydalarını tənzimləməklə, onun 21.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. Bu müddəadan göründüyü kimi, müvafiq inzibati orqan BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərlə bağlı məlumatı əsasında həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınmasını həyata keçirir. Beləliklə, Məhkəmə qeyd edir ki, istinad edilmiş Qaydaların 2.5-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər, rəsmi sənədi ehtiva edir. Bu mənada, hazırkı mübahisə üzrə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən iddiaçının və onun anası barəsində verilmiş himayə sənədi onların şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edilə bilər. Xüsusən nəzərə alınmalıdır ki, həmin sənəd Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçının və onun anasının şəxsiyyətini təsdiq edən sənəd kimi tanınmış və himayə sənədləri əsasında iddiaçı və onun anası olduğu yer üzrə qeydiyyata alınmışdır. Odur ki, Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının doğulması faktının müəyyən olunması və anasının şəxsiyyəti təsdiq edən sənədin olmaması doğumun qeydə alınmasından imtina üçün əsas ola bilməz. "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası"nın 2.8. bəndinə əsasən doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: 2.8.2. valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; 2.8.3. uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında aktın qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı doğumunun qeydə alınması və ona “doğum haqqında” şəhadətnamənin verilməsi öhdəliyi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 70.1. maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilsin. BMT QAK tərəfindən iddiaçı və onun anasına (X10) verilmiş Himayə Sənədləri, onların Azərbaycan Respublikasının ərazisində olduqları yer üzrə qeydiyyata alınmaqları barədə DMX tərəfindən verilmiş arayışlar, anasının “1 saylı Forma” arayışının surətinin və onun azərbaycan dilinə tərcüməsinin notariat qaydasında təsdiqi və Türkmənistan Respublikasının Azərbaycandakı Səfirliyi tərəfindən 21.07.2017-ci il tarixdə verilmiş arayışın və həmin arayışa əlavə edilmiş onun doğulmağı barədə tibbi şəhadətnamənin surətində qeyd edilən məlumatlar - soyadı Məmmədov, adı Elnur, ata adı Etibar, ana adı X15, doğum tarixi 14.08.1994-ci il, doğum yeri Türkmənistan Respublikası Marı şəhəri qeyd edilməklə, doğumun qeydə alınması və doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar