Məhkəmə qərarları › İş №2-1(112)-2303/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2303/2023

03.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2303/2023 03.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı3, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı, “X6” üçüncü şəxs qismində cəlb edilməklə Sərəncamların qismən ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavadehin xx.xx.2005-ci il 330 saylı və xx.xx.2006-cı il tarixli 142 saylı Sərəncamlarının iddiaçılara aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər (iddia tələbi dəqidləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar “Şabandağ bağçılıq-bostançılıq kollektivinin üzvləri olmuşlar və onlara Şabandağ sahəsində bağ sahələri verilmişdir. Bakı şəhər X2 İcraiyyə Komitəsinin 11/546 nömrəli, xx.xx.1991-ci il tarixli qərarına əsasən 26 Bakı Komissarı adına Neft-Qazçıxarma İdarəsinin xahişi nəzərə alınaraq, Qaradağ rayonu Lökbatan-Hacı Həsən yolunun qərb hissəsində kollektiv bağçılıq-bostançılıq üçün həmin İdarəyə torpaq sahəsi ayrılmışdır. “26 Bakı Komissarı” adına Neft-Qazçıxarma İdarəsinin və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokolundan çıxarışa əsasən iddiaçılar “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin üzvü olmuşlar və “26 Bakı Komissarı” adına Həmkarlar Təşkilatının xx.xx.1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokoluna əsasən onlara Şabandağ sahəsində “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin ümumi sahəsindən torpaq sahələri verilmişdir. İddiaçı3 sahəsi 1200 kv.metr olan 44 saylı, İddiaçı2 sahəsi 12 sot olan 10 saylı, İddiaçı1 isə sahəsi 9 sot olan 80 saylı bağ sahələri ayrılıb. "Bağçının üzvlük kitabça"larına əsasən iddiaçılar 1991-ci ildə "Şabandağ" bağçılıq bostançılıq yoldaşlığına üzv qəbul edilib, bağçılıq cəmiyyətinin xx.xx.1991-cı il tarixli, 11/546 nömrəli protokoluna əsasən onların istifadəsinə verilmiş bağ sahələri bir daha təsdiq edilib. İddiaçı3 11 yanvar 2022-ci il tarixdə, İddiaçı2 və İddiaçı1 isə 19 yanvar 2022-ci il tarixdə ayrı-ayrılıqda onlara məxsus 44, 10 və 80 saylı nömrəli bağ sahələri üzərində mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra DƏDKRPHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi) müraciət edib. İdarənin müvafiq olaraq 23 fevral 2022-ci il tarixli bildirişi ilə birinci iddiaçının, 03 mart 2022-ci il tarixli bildirişi ilə ikinci iddiaçının, 02 mart 2022-ci il tarixli bildirişi ilə üçüncü iddiaçının müraciətlərinin təmin edilməsindən imtina edilib. Bütün imtina bildirişlərinin əsasları kimi idarədə mövcud arxiv məlumatlarına əsasən bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında iddiaçıların adının aşkar olunmaması, elektron kadastr baza məlumatlarına əsasən bağçılıq-yoldaşlığa dair bölgü sxeminin olmadığı üçün göstərilən torpaq sahəsinin yerləşməsini müəyyən etməyin mümkün olmaması, qeyd edilən ərazilərə digər şəxsin müraciətinin qeydə alınması, həmçinin ümumi əraziyə (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər şəxsə məxsus "Torpaq sahəsinin plan və ölçüsü" (kadastr planı) verilməsi göstərilib. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 16 dekabr 2005-ci il tarixli 330 saylı və 02 iyun 2006-cı il tarixli 142 saylı sərəncamları ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 16 dekabr 2005-ci il tarixli 330 saylı sərəncamına əsasən, X3 05 avqust 2005-ci il tarixli, 01/0026 saylı məktubu nəzərə alınaraq, Binəqədi və Xocasən rayonlarının ərazilərində, Xocasən kəndinin şərqində yerləyəşən Xocasən gölü ətrafından universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün X3 daimi istifadəsinə torpaq sahəsi verilmişdir. Cavabdeh qurumun 02 iyun 2006-cı il tarixli 142 saylı sərəncamına əsasən Binəqədi rayonu Xocasən gölünün şimalında "xxxx" X1 və "xxxx" MMC-yə torpaq sahəsinin ayrılması ilə bağlı sərəncamlar ləğv edilərək, həmin torpaq sahələri cavabdeh qurumun 330 saylı sərəncamına əsasən, universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün X3 daimi istifadəsinə verilmiş torpaq sahələrinə əlavə edilmişdir. İddiaçılar 2022-ci ilin yanvar ayında müxtəlif vaxtlarda onlara verilmiş bağ sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və bununla bağlı onlara çıxarış verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişlər. İdarədən 2022-ci ilin fevralmart ayları ərzində müxtəlif vaxtlarda təqdim edilmiş cavab məktublarında iddiaçıların müraciətinin təmin edilməsindən imtina edilmiş, idarə imtinanın əsaslarından biri kimi elektron kadastr baza məlumatlarında iddiaçılara verilmiş topaq sahələri ilə bağlı digər şəxsin adına kadastr planının olduğunu göstərmişdir. Əldə olunan sənədlərdən məlum olmuşdur ki, həmin torpaq sahələri ilə bağlı kadastr planı cavabdeh qurumun 16 dekabr 2005-ci il tarixli sərəncamına əsasən X5 verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının sözügedən sərəncamları qanunsuz və əsassızdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçılara ünvanladığı imtina bildirişlərinin əsaslarından biri kimi göstərilən əraziyə digər şəxsin adına kadastr planının verilməsi göstərilmişdir. İddiaçılar qeyd edilmiş torpaq sahələri üzərində istifadə hüququnu 7 avqust 1991-ci ildə əldə etmişlər. X6 isə həmin torpaqlar üzərində daimi istifadə hüququnu 16 dekabr 2005-ci il və 02 iyun 2006-cı ildə cavabdeh qurumun iki müvafiq sərəncamı ilə əldə etmişdir. Həmin torpaq sahələri Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X3 adına X4 kitabında 12 yanvar 2011-ci ildə 23519 nömrə ilə uçota alınmış və Torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. Bağ sahələri həmin dövrdə mövcud olan qanunvericiliyə uyğun olaraq icra hakimiyyətlərinin nəzdində olduğu üçün cavabdeh qurum həmin torpaq sahələrinin iddiaçılara verilməsi ilə bağlı sənədlərə və digər arxiv məlumatlarına sahib olmuşdur. Cavabdeh qurum həmin bağ sahələrinin digərlərinin istifadəsində olduğunu bildiyi halda və torpaq sahələrinin iddiaçılara ayrılmasına dair 07 avqust 1991-cı il tarixli, 11/546 saylı protokol və Bakı şəhər X2 İcraiyyə Komitəsinin 11/546 nömrəli, xx.xx.1991-ci il tarixli qərarı qüvvədə olduğu halda həmin torpaqlar üzərində istifadə hüququnu başqa bir hüquqi şəxsə vermişdir ki, bu da qanunsuz və əsassızdır. Bundan başqa Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktublarından aydın olur ki, cavabdeh qurumun torpaq sahəsinin X5 verməsi ilə bağlı sərəncamlarının idarə tərəfindən qanunvericiliyə uyğun qəbul edilməsinin əsas səbəbi idarənin əlində torpaq sahəsinin iddiaçılara məxsus olduğunu təsdiq edən arxiv məlumatlarının olmamasıdır. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli № 2186 Sərəncamının 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etməli və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etməlidir. İddia tələbində daha sonra qeyd edilmişdir ki, “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən, yazılı inzibati aktda inzibati aktı qəbul etmiş orqanın adı; inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü əks olunmalıdır. Cavabdeh qurumun 330 və 142 saylı Sərəncamlarında isə həmin sərəncamlara qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət verə biləcəyi instansiya haqqında məlumat verilmir. Qanunun 62.1-ci maddəsinə əsasən, inzibati aktın qəbul olunması haqqında inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Ancaq cavabdeh qurum sözügedən sərəncamı ilə bağlı iddiaçılara heç bir məlumat verilməyib, onlar yalnız Reysetr Xidmətinin cavab məktubundan belə bir sərəncamın mövcudluğundan xəbər tutublar. "İnzibati icraat haqqında" Qanunun 64.1-ci maddəsinə əsasən, inzibati akt ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Ancaq, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İddiaçılar cavabdeh qurumun 16 dekabr 2005-ci il tarixli 330 nömrəli sərəncamının mövcudluğundan yalnız Reyestr Xidmətinin təqdim etdiyi imtina məktubları ilə, 02 iyun 2006-cı il 142 saylı sərəncamdan isə Əmlak Məsələləri Dövlət Xidmətinin 24 iyun 2022-ci il tarixli cavab məktubu ilə xəbər tutublar. Buna görə də cavabdeh qurumun 16 dekabr 2005-ci il tarixli 330 saylı sərəncamının mübahisələndirilməsi ilə bağlı müddətin axımı Reyestr Xidmətinin iddiaçılara təqdim etdiyi 23 fevral, 2 mart və 3 mart 2022-ci il tarixli imtina bildirişlərinin, 02 iyun 2006-cı il 142 saylı saylı sərəncamının mübahisələndirilməsi ilə bağlı müddətin axımı isə Əmlak Məsələləri Dövlət Xidmətinin 24 iyun 2022-ci il tarixli cavab məktubunun iddiaçılara təqdim edilmə tarixindən başlayır. Həmin Sərəncamlar "İnzibati icraat haqında" Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinə əsasən 6 (altı) ay ərzində mübahisələndirilməli inzibati aktlar siyahısına aiddir və bu səbəbdən də həmin Sərəncamların məhkəmə qaydasında mübahisləndirilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ötürülməyib. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iddianın mümkün hesab edilməsini, “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanunun 73.2-ci maddəsinə görə, iddiaçıların inzibati aktın mübahisələndirmək üçün 6 ay müddətlərinin olmasını göstərərək iddia müddətinin ötürülmədiyini bildirmişdir. İddianı müdafiə edərək təmin edilməsini, cavabehin Sərəncamlarının iddiaçılara aid hissədə ləğv edilməsini xahiş etmişdir. Digər iddiaçılar iddianı müdafiə edərək iddia tələninin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı iddianın növü mübahisələdirmə haqqında iddiadır. İddiaçılar cavabdehin üçüncü şəxsə torpaq sahəsinin ayrılmasına dair Sərəncamlarını (inzibati aktını) mübahisələndirirlər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə – iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbində iddiaçılar cavabdehin üçüncü şəxsə torpaq sahəsinin ayrılması ilə bağlı iki Sərəncamının, xx.xx.2005-ci il tarixli 330 saylı və xx.xx.2006-cı il tarixli 142 saylı Sərəncamlarının onlara aid hissədə ləğv edilməsini xahiş edirlər. İddia tələbinin faktiki əsası ondan ibarətdir ki, üçüncü şəxsə ayrılan torpaq sahəsi, daha əvvəl onların istifadəsinə verilmiş və cavabdeh onların istifadəsinə verilmiş torpaq sahəsini üçüncü şəxsin istifadəsinə verərkən qanunsuz akt qəbul etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçılar bu əsasla cavabdehin ikinci Sərəncamını, yəni xx.xx.2006-cı il tarixli 142 saylı Sərəncamını mübahisələndirmək üçün subyektiv hüquqa malik olmamışlar. Belə ki, cavabdehin 02 iyun 2006-cı il tarixli 142 saylı sərəncamına əsasən Binəqədi rayonu Xocasən gölünün şimalında "xxxx" X1 və "xxxx" MMC-yə torpaq sahəsinin ayrılması ilə bağlı sərəncamlar ləğv edilərək, həmin torpaq sahələri cavabdeh qurumun 330 saylı sərəncamına əsasən, universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün üçüncü şəxsin daimi istifadəsinə verilmiş torpaq sahələrinə əlavə edilmişdir. Göründüyü kimi, cavabdehin 142 saylı Sərəncamı iddiaçıların hər hansı bir hüququna toxunmur, həmin Sərəncamla yalnız A.M.A.Y” X1 və "xxxx" MMC-yə torpaq sahəsinin ayrılması ilə bağlı sərəncamlar ləğv edilmişdir. İddiaçıların DƏDKRPHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciəti zamanı onların müraciətinin təmin olunmasında imtina edilərkən mübahisəli torpaq sahəsinə digər şəxsin adına (hazırkı işdə üçüncü şəxs Fondun) plan və ölçü sənədinin işlənməsi göstərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, “Heydər Əliyev” fondunun adına işlənmiş xx.xx.2011-ci il tarixli “torpaq sahəsinin plan və ölçü” sənədinin verilməsinə əsas kimi cavabdehin xx.xx.2005-ci il tarixli 330 saylı Səncamı göstərilmişdir. Görünüdüyü kimi, iddiaçılar cavabdehin ikinci -142 saylı Sərəncamının onların hansı hüquq və mənafeyinə toxunmasını əsaslandırmamışlar, iddiaçıların həmin Sərəncamı mübahisələndirmək üçün subyektiv hüquqları müəyyən edilmir. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Digər tərəfdən subyektiv hüququları təsdiq edilsə belə, iddiaçılar cavabdehin Sərəncamlarını mübahisələndirmək üçün qanunla müəyyən edilmiş prosessual müddəti də ötürmüşlər. Belə ki, mübahisələndirilən Sərəncamlar 2005 və 2006-cı il tarixlidir. Mübahisələndirilən Sərəncamların qəbul edildiyi vaxt qüvvədə olmuş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296-cı maddəsinə (maddə Azərbaycan Respublikasının 10 iyul 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə çıxarılmışdır) görə maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Yuxarı orqanlara və vəzifəli şəxslərə ilkin müraciət ərizənin məhkəməyə təqdim edilməsi, onun məhkəmə tərəfindən qəbul edilməsi və mahiyyəti üzrə həll edilməsi üçün məcburi şərt deyildir. Ərizə bu Məcəllənin 4-cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Baxılması rayon məhkəməsinə aid olan ərizə fiziki şəxs tərəfindən onun yaşayış yeri üzrə məhkəməyə, yaxud hərəkətindən şikayət edilən orqanın, təşkilatın, vəzifəli şəxsin yerləşdiyi yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 298-ci maddəsinə (maddə Azərbaycan Respublikasının 10 iyul 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə çıxarılmışdır) görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Məhkəmə həmçinin qeyd edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Məhkəmə qeyd edir ki, istinad edilən normaya görə, prosessual müddətin axımının başlanması şəxsin hüquq və azadlıqlarının pozulmasının ona məlum olduğu anla, başqa sözlə öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu anla əlaqələndirmişdir. İşin halları və tərəflərin izahatları ilə üçüncü şəxs ayrılmış torpaq sahəsində Universitet Kampusu inşa edilmiş və fəaliyyət göstərir. İddiaçıların onlara ayrılmış torpaq sahəsində Universitet Kampusunun tikintisindən məlumatlı olmaması ağlabatan və inandırıcı deyildir. İddiaçılar mübahisələndirdikləri Sərəncamlardan 18 ilə yaxın müddət ərzində məhkəmə müdafiəsi hüququndan istifadə etməyərək həmin Sərəncamları mübahisələndirməmişlər. İddiaçılar iddia ərizəsində cavabdehin 16 dekabr 2005-ci il tarixli 330 nömrəli Sərəncamının mövcudluğundan yalnız Reyestr Xidmətinin təqdim etdiyi imtina məktubları ilə, 02 iyun 2006-cı il 142 saylı sərəncamdan isə Əmlak Məsələləri Dövlət Xidmətinin 24 iyun 2022-ci il tarixli cavab məktubu ilə xəbər tutduqlarını göstərmişlər. İddiaçılar hesab edirlər ki, buna görə də cavabdeh qurumun 16 dekabr 2005-ci il tarixli 330 saylı Sərəncamının mübahisələndirilməsi ilə bağlı müddətin axımı Reyestr Xidmətinin iddiaçılara təqdim etdiyi 23 fevral, 2 mart və 3 mart 2022-ci il tarixli imtina bildirişlərinin, 02 iyun 2006-cı il 142 saylı saylı Sərəncamının mübahisələndirilməsi ilə bağlı müddətin axımı isə Əmlak Məsələləri Dövlət Xidmətinin 24 iyun 2022-ci il tarixli cavab məktubunun iddiaçılara təqdim edilmə tarixindən başlayır. Məhkəmə qeyd edir ki, bu hal iddiaçıların hüquqlarının pozulmasının bildiyi (müddətin axımının başlanması) anı kimi qəbul edilsə belə, iddiaçılar həmin vaxtdan da, qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşlər. Belə ki, hazırda qüvvədə olan İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçılar cavabdehin xx.xx.2005-ci il tarixli 330 saylı Sərəncamından 23 fevral, 2 mart və 3 mart 2022-ci il tarixli imtina bildirişlərini aldıqdan sonra məlumatlı olduqları halda, həmin Sərəncamdan 30 gün müddətində iddia verə bilərdilər. Lakin iddiaçıların birgə iddia ərizələri xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Yəni iddiaçılar həmin Sərəncamın onlara məlum olmasını bildikləri vaxtdan 6-7 ay sonra məhkəməyə müraciət edərək 30 günlük iddia müddətini ötürmüşlər. İddiaçılar “İnzibati İcraat Haqqında” Qanunun 73.2-ci maddəsinə istinad edərək iddia müddətini ötürmədiklərini göstərmişlər. Məhkəmə bununla bağlı qeyd edir ki, Qanunun “İnzibati şikayət verilməsi” adlanan həmin normasının adından və dispozisiyasından da göründüyü kimi istinad edilən norma inzibati aktın məhkəmədə mübahisələndirilməsi müddətini deyil, inzibati aktdan şikayət instansiyasına inzibati şikayət verilməsi müddətini tənzimləyir. Ona görə də, həmin normanın hazırkı halda tətbiqi mümkün olmamaqla, iddiaçılar həmin normada qeyd edilən müddəti də ötürməklə hazırkı iddianı veriblər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərini ödəmədiyi üçün mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı, “X6” üçüncü şəxs qismində cəlb edilməklə Sərəncamların qismən ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar