Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2304/2021 26.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs X2 qarşı «mənzilə dair reyestrdən çıxarışın etibarsız sayılması»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs X2 qarşı «mənzilə dair reyestrdən çıxarışın etibarsız sayılması» tələbini irəli sürərək Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsində bildirir ki, o, 1 dekabr 1976-cı il tarixdə Bakı şəhərində doğulmuş X5 ilə 2006-cı ildə faktiki nikaha daxil olaraq ailə münasibətləri qurmuş, onların nikahı 24 aprel 2008-ci il tarixdə rəsmi qeydiyyata alınmışdır. Faiq Mürsəlov 15 iyul 2017-ci il tarixdə vəfat etmişdir. Birgə nikahdan onların 4 övladı doğulmuşdur. Uşaqların üçün məktəbli, biri isə azyaşlıdır. Həmin uşaqlar onun gəlin köçdüyü Bakı şəhəri, Lökbatan qəsəbəsi, M.Həsənov küçəsi, 2 saylı evin 16 saylı mənzilində doğulmuşlar və qeydiyyatda olmaqla hazırda da onunla birlikdə sözügedən mənzildə yaşayırlar. İddiaçı özü həmin mənzildə qeydiyyatsız olaraq 14 ildir yaşayır. 2017-ci ildə Faiq Mürsəlovun vəfatından dərhal sonra baldığı X4 onlardan xəbərsiz şəkildə yaşadıqları mənzili özəlləşdirərək mülkiyyətinə keçirmiş və bu barədə reyestrdən çıxarış əldə etmişdir. Bununla da iddiaçının və övladlarının vərəqəlik hüququ pozulmuşdur. Halbuki, onun mərhum ərinin də həmin evdə vərəsə kimi payı vardır. Faiq Müsəlovun ölümündən sonra həmin hüquqlar birbaşa ona (iddiaçıya) keçir. Deməli, ailə tərkibi haqqında arayışda, ərinin ölən anda nikahda olması gizlədilmiş və qanuni vərəsəlik payları nəzərə alınmadan mənzil Arzu Mürəlovanın adına özəlləşdirilmişdir. Göstərilənlərə əsaslanaraq, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sözügedən mənzillə bağlı X1 adına verilmiş reyestrdən çıxarışın etibarsız sayılmasına dair qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim edilmişdir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış 24 noyabr 2020-ci il tarixli məktubunda iddia ilə bağlı aşağıdakılar bildirilir: - İddiaçı iddiası etirazla qarşılanır. Qaldırılan məsələ ilə bağlı aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, M.Həsənov küçəsi, 2 saylı evin 16 saylı mənzili üzərində 17 may 2018-ci il tarixdə «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» AR Qanununun 5 və 8-ci maddələri əsas tutularaq, X1 adına reyestrdə qeydiyyat aparılmışdır. Belə ki, həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsndə göstərilmiş və onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Göstərilənlərə və «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» AR Qanununun 8-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 10, 11.1-ci maddələrinə əsalanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən iddianın təmin olunmaması xahiş edilir. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə müvafiq bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf və üçüncü şəxs gəlməmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddiaya qarşı yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanunun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinə görə mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. İPM-in 2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: (2.2.1) şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); (2.2.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Göründüyü kimi, hazırkı inzibati məhkəmə icraatında İddiaçı Bakı şəhəri, Lökbatan qəsəbəsi, M.Həsənov küçəsi, 2 saylı evin 16 saylı mənzilinə dair üçüncü şəxs X1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında reyestrdən çıxarışları mübahisələndirir. Məhkəmə qeyd edir ki, əslində iddiaçının tələbi mahiyyətcə daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin müvafiq mənzilə mülkiyyət hüquqlarının qeydiyyatının ləğv edilməsi barədədir. Lakin məhkəmə qeyd edir ki, məhkəmə araşdırılması ilə iddiaçının müvafiq mənzilə hər hansı hüququ müəyyən edilmədiyindən (mənzilin dair orderində adı qeyd olunmamışdır, adına kirayə müqaviləsi bağlanmamışdır, mənzilə qeydiyyatı mövcud deyil), onun hazırkı iddianı irəli sürmək üzrə subyektiv hüququ yaranmır. Belə olan halda məhkəmənin qənaətinə görə DƏDRX 1 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23.1, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2304/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2304/2021
26.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver