Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2305/2021 10.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi-X4, 3-cü şəxs X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı X10 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı “iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi” tələbini irəli sürərək, iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. Sonradan iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “mərhum anasının 16 aprel 1980-ci il tarixdən 01 avqust 1984-cü il tarixədək, 07 sentyabr 1987-ci il tarixdən 21 mart 1988-ci il tarixədək, 16 may 1989-cu il tarixdən 01 iyul 1989-cu il tarixədək, 15 may 1992-ci il tarixdən 11 oktyabr 2004-cü il tarixədək işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə ona (iddiaçıya) 06 sentyabr 2008-ci il tarixdən ailə başçısınə itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.1996-cı il tarixdə doğulmuşdur. Onun atası X2 əlil kimi Azərbaycan Karlar Cəmiyyətinin üzvüdür. X1 06 sentyabr 2008-ci il tarixdə ölmüşdür. Anasının ölümünə qədər və ondan sonra da onunla birlikdə yaşayan qardaşı X10 onun ölümündən sonra ailə başçısını itirməyə görə pensiya almaqdadır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əlil olduğundan anasının ölümündən sonra onun pensiyasını almaq hüququna malikdir. Bununla əlaqədar əmək kitabçası təqdim edilməklə DSMF Xəzər rayon şöbəsinə müraciət edildikdə, həmin orqan tərəfindən cavab olaraq bildirilmişdir ki, əmək stajının yoxlanılması mümkün olmadığından X1nın əmək pensiyasının ona təyin edilməsi mümkün olmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-927/2018 saylı, 26 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya mərhum X1nın əmək kitabçasında əksini tapmış 16 aprel 1980-ci il tarixdən 01 avqust 1984-cü il tarixədək, 07 sentyabr 1987ci il tarixdən 21 mart 1988-ci il tarixədək, 16 may 1989-cu il tarixdən 01 iyul 1989-cu il tarixədək, 15 may 1992-ci il tarixdən 11 oktyabr 2004-cü il tarixədək işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə, 06 sentyabr 2008-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-927/2018 saylı, 26 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası 2-1(103)-1469/2019 saylı, 10 sentyabr 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-169/2020 saylı, 10 iyun 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)- 1469/2019 saylı, 10 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2- 1(103)-1453/2020 saylı 13.10.2020-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinin apellyasiya şikayəti qimən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-927/2018 saylı, 26.10.2018-ci il tarixli qərarının ləğv edilərək, hazırki işin sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün məhkəməyə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin 13.10.2020-ci il tarixli qərardadında qeyd edilmişdir ki, iddiaçı iddia ərizəsində bildirmişdir ki, iddiaçının 2008-ci ildə anasının vəfatından sonra qardaşı X10 da ailə başçısını itirməyə görə pensiya almaqdadır. İş üçün əhəmiyyətli olan bu hal da müəyyən edilməmişdir. Bundan əlavə, iddiaçının və onun qardaşının aldıqları sosial müavinatın onlara təyin ediləcək ailə başçısını itirməyə görə əmək pensiyasının məbləğindən yüksək olmasına dair cavabdehin dəlili də diqqətdən kənarda qalmamalıdır. Çünki, bu halın mövcudluğu iddiaçının qardaşının hüququna toxunma ehtimalını istisna etmir. Qeyd olunanlara əsasən hazırki iş üzrə X5 hüququna toxunan 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilərək, dinlənilməsi məsələsi də birinci instansiya məhkəməsində yeni baxış zamanı müzakirə edilməlidir. Qərardadda həmçinin göstərilmişdir ki, birinci instansiya məhkəməsində təkrar baxış zamanı mübahisələndirilən dövr üzrə əmək kitabçasında qeyd edilmiş "Şahin” müəssisəsinin mövcudluğu məhkəmə araşdırmasının predmeti olmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İşə yenidən birinci instansiya məhkəməsində baxılarkən; - məhkəmənin 29.10.2020-ci il tarixli qərardadı ilə X10 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. - iddiaçı-İddiaçı məhkəməyə yenidən İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, ona 06 sentyabr 2008-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 10 mart 2021-ci il tarixli **********1 №li iddiaya dair etirazda göstərilmişdir ki, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr mövcuddur: - Əmək kitabçasında X3 15.05.1992- 11.10.2004-cü il tarixlərdə işlədiyi qeyd olunsa da, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin 13.11.2020-ci il tarixli **********424200 nömrəli məktubunda “Şahin” müəssisəsinin 08.06.1998-ci il tarixdə 1125 nömrə ilə Ədliyyə Nazirliyində dölət qeydiyyatından keçməsi bildirilmişdir. 11.10.2004-cü il tarixdə işədən azad olunma zamanı vurulan möhürdə rus dilində sözlərdən istifadə edilmişdir. “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə 25.12.1991-ci il tarixli qərarda 1992-ci il tarixli latın qrafikalı Azərbaycan əlifbasının bərpası sahəsində keçirilən islahatlarda “möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsi” nəzərdə tutulmuşdur. Bu səbəbdən 2004-cü il tarixdə istifadə olunan möhürdə rus dilində sözlərdən istifadə oluna bilməz. Əmək kitabçasında 15.05.1992-ci il tarixdə “düzəlişə inanılsın” qeydi əmək kitabçasına sonradan müdaxilə olunduğuna dəlalət edir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsindən daxil olmuş 26.02.2021-ci il tarixli 4/430 nömrəli məktubunda “Şahin” müəssisəsinin arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilmədiyi qeyd olunmuşdur. Bütün bunları nəzərə alaraq 15.05.1992-ci il tarixdən 11.10.2004-cü il tarixədək “Şahin” müəssisəsinin işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. Cavabdeh qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Üçüncü şəxs məhkəmədə verdiyi izahatında, iddiaçının və onun aldıqları sosial müavinatın onlara təyin ediləcək ailə başçısını itirməyə görə əmək pensiyasının məbləğindən yüksək olmasına dair cavabdehin dəlili ilə bağlı bildirmişdir ki, bu halın mövcudluğunun onun hüququna toxunma ehtimalını istisna etmədiyi ona məlumdur. Bu barədə ailələrində qardaşı və atası ilə məsləhətləşmişdir. 3-cü şəxs iddianın təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının, cavabdehin nümayəndəsinin və üçüncü şəxsin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. Qeyd olunan maddəyə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı məhkəməyədək hazırki mübahisə ilə bağlı cavabdehə müraciət etmişdir, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İş materiallarında olan: - AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin və Zirə qəsəbə icra hakimiyyəti nümayəndəliyi tərəfindən 13.03.1996-cı il tarixdə verilmiş XİX-JQ seriyalı 371458 №li doğum haqqında şəhadətnamənin surətlərindən müəyyən olunur ki, İddiaçı xx.xx.1996-cı ildə doğulmuşdur, X1dır. - AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, iddiaçı X10 11.08.2003-cü ildə doğulmuşdur. - Əzizbəyov rayon Qeydiyyat şöbəsi tərəfindən 17 sentyabr 2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı 314835 №li ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 06 sentyabr 2008-ci ildə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2008-ci ilin 09 ayının 17-ci günündə 738 nömrə ilə qeyd edilmişdir. - İş materiallarından müəyyən olunur ki, İddiaçı 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu və hazırda da əlil olması işdə olan sənədlərlə təsdiqlənir və bu məsələ işin mübahisəli hallarına aid deyil. Odur ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1 -ci maddəsində nəzərdə tutulan şəxslərin dairəsinə daxildir. - İddiaçı hazırki tələblə cavabdeh (DSMF Xəzər rayon şöbəsi) orqana müraciət etsə də, sonuncu tərəfindən müraciəti cavablandırılmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 14.1.1.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının 18 yaşına çatmamış övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. 01.07.2017-ci il tarixədək qüvvədə olmuş "Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Hazırkı iş üzrə iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün mərhum anasının 5 ildən az olmayan əmək stajı tələb olunur. İddiaçı 06 sentyabr 2008-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Cavabdeh etirazında iddiaçının mərhum anasının əmək kitabçasında qeyd edilən 15 may 1992-ci il tarixdən 11 oktyabr 2004-cü il tarixədək olan dövr üzrə iş stajını mübahisələndirmişdir. Əmək kitabçasında olan məlumatların doğruluğunu yoxlamaq cavabdehin vəzifəsi olsa da, cavabdeh inzibati icraat çərçivəsində bununla bağlı hər hansı araşdırma aparmamışdır. Bununla bağlı məhkəmənin müvafiq sorğularına cavab olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş 13.11.2020-ci il tarixli **********424200 №li və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 13.11.2020-ci il tarixli **********754400 №li məktublarda göstərilmişdir ki, idarədə olan reyestrə əsasən “Şahin” müəssisəsi 08.06.1998-ci il tarixdə 1125 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. İddiaçının mərhum anasının əmək kitabçasında qeyd edilən digər dövrlərə aid iş stajı ilə bağlı cavabdeh mübahisə açmamışdır. - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra sığorta stajı) - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunvericiliyin sadalanmış müddəalarından göründüyü kimi, əmək pensiyasının təyin edilməsi üçün zəruri olan şərt şəxsin müəyyən sığorta stajına malik olmasıdır. Sığorta stajına isə müvafiq müəssisə, idarə və ya təşkilatda işləyənlərin iş dövrü müddətləri aiddir. İşin müəyyən edilmiş hallarına görə isə mərhum X3 15 may 1992-ci il tarixdən 11 oktyabr 2004-cü il tarixədək (mübahisələndirilən dövr) “Şahin” müəssisəsində işlədiyi illərə dair əmək kitabçasında qeyd aparılmışdır. “Şahin” müəssisəsinin 08.06.1998-ci il tarixdə 1125 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındığını nəzərə almaqla, məhkəmə belə hesab edir ki, mərhum X3 həmin vaxtdan qeyd olunan müəssisədə 11 oktyabr 2004-cü il tarixədək işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınsa belə, sonuncunun əmək kitabçasında qeyd edildiyi digər iş yerləri də nəzərə alınmaqla (mübahisələndirilməyən dövrlər) onun qanunla müəyyən edilmiş 5 (beş) ildən cox əmək stajı mövcud olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etdiyi normativ aktda stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı isə 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd). Yuxarıda sadalanan işin hallarından müəyyən olunur ki, mərhum X7 öldüyü günə qədər 5 (beş) ildən cox iş stajı olmuşdur. İddia ərizəsinin üzərinə vurulmuş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin “Daxil olma” ştampından görünür ki, iddiaçı tərəfindən hazırki tələblə məhkəməyə 26.12.2017-ci il tarixə müraciət olunmuşdur. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin 32.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Cavabdehin iddiaya dair etirazda qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə həmin dəlilləri əsassız hesab edir. Belə ki, hüquqi şəxslərin dövlət qeydiyyatına alınmasını həyata keçirən müvafiq vergi orqanından məhkəməyə göndərilmiş təsis sənədlərindən görünür ki, mərhum ailə başçısının cavabdeh tərəfindən mübahisələndirilən dövrün müəyyən hissəsində (08.06.1998-11.10.2004) işlədiyi müəssisə qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət qeydiyyatından keçməklə fəaliyyət göstərmişdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən 5 hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı- İddiaçı 06 sentyabr 2008-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı-İddiaçı 06 sentyabr 2008-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2305/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2305/2021
10.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver