Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2305/2024 27.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 27 may 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) tərəfindən "xxxx" MMC təsis edilmiş və MMC xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixdə həmin MMC ləğv edilərək Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. İddiaçı barəsində əmək müqaviləsi (xxxxxxx000200) bildirişi "xxxx" MMC adından elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilsə də, halhazıradək həmin müqavilə sistemdə aktiv olaraq görünür. İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi ilə cavabdehə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti (bundan sonra – cavabdeh) 24 avqust 2023-cü il tarixli, 3-17-5/2-Ə- 31793/2/2023 №-li cavab məktubunda bildirilmişdir ki, “Sizin 2023-cü il 26 və 27 iyul tarixli ərizənizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətində baxılmışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin bildirişinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi X3 Xidmətinin səlahiyyəti xaricindədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsinin bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini electron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Həmin məktubla iddiaçıya həmçinin rayon (şəhər) məhkəməsinə müraciət etməsi tövsiyyə edilmişdir. İddia tələbi, İddiaçının əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsinə məhkəməyə müraciət edərək, "xxxx" MMCnin təsisçi-qanuni təmsilçisi qismində xxxxxxx000200 nömrə ilə qeydə alınmış əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yuxarıda göstərilən ünvanda ailəsi ilə bilikdə yaşayır və fərdi əməklə məşğuldur. Müxtəlif fiziki şəxslərin yanında əmək müqaviləsi ilə çalışmış, 2016-cı ildə isə öz işini açmaq qərarına gələrək "xxxx" Məhtud Məsuliyyətli Cəmiyyətini təsis etməklə qeydə aldırmışdır. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin Dövlət qeydiyyatı İdarəsinin xx.xx.2016-cı il tarixli, **********638400 saylı Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarış verilmiş və təsisçi, qanuni təmsilçi hüquqları tanınmışdır. Bununla yanaşı xx.xx.2016-cı ildən Əmək müqaviləsi bildirişinin verilməsi onun elektron informasiya sisteminə daxil edilməsi təmin edilmişdir. İllər ərzində hüquqi şəxsin heç bir fəaliyyəti olmamış, işçi götürülməmiş və nəzərdə tutulan məqsədlərə çatmaq üçün maliyyə və ya digər əməliyyatlar aparılmamışdır. Bu səbəbdən də rəsmən qeydiyyat orqanına müraciət edərək fəaliyyət dayandırılmış və xx.xx.2021-ci ildən etibarən müəssisə rəsmən ləğv edilmişdir. Hüquq şəxsin ləğvinə dair bütün qanuni rəsmiləşdirilmələr edilmiş və qeydə alınmışdır. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2021-ci il tarixli **********6896900 saylı məktubu ilə **********33 saylı bildiriş verilmiş və qeyd olunmuşdur ki, “xx.xx.2016-cı il tarixdə ********* № ilə dövlət qeydiyyatına alınmış "xxxx" Məhtud Məsuliyyətli Cəmiyyəti xx.xx.2021-ci il tarixdə ləğv edilmiş və həmin qurum Kommersiya hüquqi şəxslərin Dövlət reyestrindən çıxarılmışdır”. Həyat və yaşam şəraitinin təmin olunması üçün işləməli və əmək fəaliyyəti ilə məşğul olmaq zərurəti vardır və bu mqəsədlə də işə düzəlmək istəyir. Lakin yuxarıda qeyd olunan hüquqi şəxsin təsisçisi və qanuni təmsilçisi hüquqlarına xitam verilməsi barədə Əmək müqaviləsinin qeyri aktiv edilmədiyi müəyyən edilmişdir. Bildirişinin onun elektron informasiya sisteminə daxil edilməsi üçün etdiyi müraciətlər isə nəticəsiz qalmışdır. Asan imza ləğv edilmiş.hüquqi şəxsin vergi orqanında işləmləri başa çatdırılmış və elelktron informasiya sisteminə girişi məhtudlaşmışdır. Cavabdehin etirazları: Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının "xxxx" MMC ilə (hüquqi şəxsin qanuni nümayəndəsi X1) arasında xitam verilməmiş əmək müqaviləsi mövcuddur. Belə olan halda iddiaçı ilk növbədə işəgötürənlə arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə, bu mümkün olmadıqda isə aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında ümumi səlahiyyətli məhkəmələrə müraciət etməlidir. Buna baxmayaraq əmək müqaviləsinə xitam verilməsi ilə bağlı tələb fərdi əmək mübahisəsi olduğu və bu mübahisə mülki xarakter daşıdığı halda iddiaçı qeyd olunan mübahisə ilə bağlı inzibati məhkəməyə müraciət etmiş, bununla da məhkəmə aidiyyəti normaları pozulmuşdur. Digər bir məsələ isə iddiaçının öz iddia tələbində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında X2 Xidmətini cavabdeh kimi göstərərək işəgötürənlə arasında bağlanmış xx.xx.2016-cı il tarixli il tarixli əmək müqaviləsinin xitam verilməsi ilə əlaqədar bildirişin elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbidir ki, qeyd olunan tələb maddi normalara ziddir və əsassızdır. Xidmətin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamış, iddia ərizəsində göstərilən tələb Xidmətin səlahiyyətlərinə aid deyildir və belə bir vəzifə Xidmətin üzərinə qoyula bilməz. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 16 fevral 2011-ci il tarixli 386 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti (bundan sonra - Xidmət) mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və olan fiziki şəxslər (bundan sonra - işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə (bundan sonra - əmək qanunvericiliyi) əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Bununla yanaşı əmək müqaviləsinə xitam verilməsi və ya əmək müqaviləsininin xitam verilməsi barədə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi kimi öhdəliklərin Xidmətin üzərinə qoyulması tələbi qanunvericiliyin tələblərinə uyğun deyil. İddiaçının da bildirdiyi kimi "xxxx" MMC ilə bağlanılmış, qüvvədə olan, xitam verilməmiş əmək müqaviləsi mövcud olduğu məlumdur. Həmin müqaviləyə işəgötürən ilə işçi arasında müvafiq qaydada xitam verilməli və bundan sonra əmək müqaviləsinə xitam verilməsi barədə elektron sistemdə işəgötürən tərəfindən müvafiq qeydlər aparılmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2305/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli qərardadı ilə (hakim E.Əliyev) iddia mümkün sayılmamışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı iş üzrə iddia tələbi mülki-hüquqi xarakterlidir. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər - K.Əkbərov, M.Tağızadə, İ.Şirinov) 2-1(103)-1971/2024 saylı, 04 aprel 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2305/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli qərardadı ləğv edilmiş, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “qüvvədə olan qanunvericilik normalarıana əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsinə xitam verilməsi və bu barədə müvafiq bildirişin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi işəgötürənnin səlahiyyətinə aid olsa da, hazırkı iş üzrə işəgötürən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilmişdir. Belə olan halda iddia tələbinədə qeyd edilən müvafiq hərəkətlərin edilməsi (əmək müqaviləsi bilirişinin “Əmək və məşğullluq” altsisteminə daxil edilməsi) bilavasitə dövlət nəzarəti funksiyasını həyata keçirən cavabdeh inzibati orqanın vəzifəsidir”. İddiaçnın nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, "xxxx" MMC-nin təsisçi-qanuni təmsilçisi qismində qeydə alınmış əmək münasibətlərinə hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “Əmək məşğulluğu altsisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşməsi barədə ərizə icraata qəbul edilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilmkəyən hallarıdır ki, iddiaçı tərəfindən "xxxx" MMC təsis edilmiş və MMC xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixdə həmin MMC ləğv edilərək Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Lakin iddiaçı barəsində əmək müqaviləsi (xxxxxxx000200) bildirişi "xxxx" MMC tərəfindən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilsə də, hal-hazıradək həmin müqavilə sistemdə aktiv olaraq görünür. İddiaçının hazırkı iddianı irəli sürməkdə hüquqi marağı hüquqi şəxsin ləğvi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “Əmək məşğulluğu altsisteminə daxil edilməsinə yönəlmişdir. Cavabdeh isə hesab edir ki, qanunverciliyin tələblərinə əsasən bu barədə işəgötürən müraciət etməlidir. Cavabdeh həmçinin bildirir ki, hüquqi şəxs ləğv edildiyindən iddiaçı mülki mühakimə icraatı qaydasında hüquqi əhəmiyyətli faktın təsdiqi ilə bağlı ərizə verməli və Agentlik həmin işə üçüncü şəxs qismində cəlb edilməli, qətnamə qəbul edildikdən sonra həmin qətnamə icra edilərək əmək müqaviləsi bildirişinin “Əmək məşğulluğu altsisteminə daxil edilməsi icra edilməlidir. Məhkəmə iş üzrə apellyasiya intansiya məhkəməsinin göstərişlərini də nəzərə alaraq hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti (bundan sonra – Xidmət) mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər (bundan sonra – işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə (bundan sonra - əmək qanunvericiliyi) amal olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. 3.1. Bu əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.1. öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlilliyi olan şəxslərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək; Məhkəmə qeyd edir ki, qüvvədə olan qanunvericilik normalarına əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsinə xitam verilməsi və bu barədə müvafiq bildirişin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi işəgötürənin səlahiyyətinə aid olsa da, hazırkı iş üzrə işəgötürən "xxxx" MMC ləğv edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbində qeyd edilən müvafiq hərəkətlərin edilməsi (əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi) bilavasitə dövlət nəzarəti funksiyasını həyata keçirən cavabdeh inzibati orqanın vəzifəsidir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın Bənd 6.3. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən işçinin qüvvədə olan əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul edilir və bununla bağlı elektron informasiya sistemində müvafiq qeydlər aparılır. Əmək Məcəlləsinin 74.1-1 maddəsinə görə, aşağıdakı hallar fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsasdır: 1-1.1. fiziki şəxs olan işəgötürən vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə; ... Salananan normalardan göründüyü kimi, fiziki şəxs olan işəgötürən ölməsi halı, fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi üçün əsasdır. İstinad edilən normanın mahiyyəti ondan ibarətdir ki, işəgötürən fiziki şəxsin ölməsi artıq həmin müqavilənin xitamı (ləğvi) ilə bağlı ölmüş şəxsin iradə ifadəsi mümkünsüz etdiyindən qanunvericilikm bu halı, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana işçinin müraciəti əsasında (əmək müqaviləsi ləğv eidlmədən və ya xitam verilmədən) qüvvədən düşmüş hesab edilməsi üçün əsas kimi göstərmişdir. Məhkəmə hesab edir ki, Əmək Məcəlləsində analoji halın yəni, hüquqi şəxsin ləğvinin qeyd edilməməsi, analogiya üzrə həmin normanın hüquqi şəxsin ləğvi ilə bağlı məsələyə tədbiq edilməsini istisna etmir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 1.0.10-cü maddəsinə görə, qanunun analogiyası – konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsidir. Qanunun analogiyasının tətbiq edilməsi üçün: 1) ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmamalıdır; 2) oxşar ictimai münasibətləri tənzimləyən normalar olmalıdır; 3) qanunvericiliyin analogiya üzrə tətbiq edildiyi münasibətin mahiyyətinə zidd olmamalıdır. Baxılan işdə qanunun analogiyasının tətbiq edilməsi üçün normada göstərilən bütün dispozisiya şərtləri mövcuddur. Belə ki, hüquqi şəxsin ləğvi ilə əlaqədar əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi ilə bağlı norma yoxdur. Oxşar ictimai münasibətləri tənzimləyən norma – yəni fiziki şəxsin ölümü ilə ələqədar işçinin müraciəti əsasında əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən qüvvədən düşmüş hesab edilməsi üçün əsas olan norma Əmək Məcəlləsinə xx.xx.2022-ci il tarixdə əlavə edilmişdir. Hüquqi şəxsin ləğvinin əmək müqaviləsinin qüvədən düşmüş hesab edilməsi üçün əsas olması, fiziki şəxsin ölümü ilə ələqədar bu məsələni tənzimləyən münasibətin mahiyyətinə zidd deyildir. Belə ki, Mülki Məcələyə görə, fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır (Maddə 24.1, 25.2) Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır (Maddə 43.1.). Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir (maddə 44.1). Sadalanan normalardan göründüyü kimi, fiziki şəxsin ölümü ilə onun hüquq qabiliyyətinə xitam verildiyi kimi, hüquqi şəxsin ləğvi ilə də onun hüquq qabiliyyətinə xitam verilir. Yəni analogiya üzrə tdbiq edilən normalar oxşar ictimai münasibətləri tənzimləyir. Belə olan halda məhkəmə Əmək Məcəlləsinə 13 may 2022-ci il tarixli 529- VİQD nömrəli qanunla əlavə edilmiş 74.1-1.1-ci maddəni analogiya üzrə hazırkı işə, yəni hüquqi şəxsin ləğvinə münasibətdə tətbiq etməyi mümkün hesab edir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, "xxxx" MMC-nin təsisçi-qanuni təmsilçisi qismində qeydə alınmış əmək münasibətlərinə hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “Əmək məşğulluğu” altsisteminə daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı "xxxx" MMC-nin təsisçi-qanuni təmsilçisi qismində qeydə alınmış əmək münasibətlərinə hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “Əmək məşğulluğu” altsisteminə daxil edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-2305/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2305/2024
27.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver