Məhkəmə qərarları › İş №2-1(112)-2308/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2308/2025

20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2308/2025 20.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarda dəyişiklik edilərək müddətsiz əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarda dəyişiklik edilərək müddətsiz əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 20 fevral 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.2014-cü il tarixdə 2 il müddətinə sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. X1: Vİ Sinif – Sinir sistemi xəstəlikləri => G80-G83 - Serebral iflic və digər paralitik sindromlar=> G80 - Uşaq serebral iflici=> G80.8 – Uşaq serebral iflicinin digər növü.Diaqnozun mətni: Uşaq serebral iflici (sol tərəfli hemeparez) qeyd edilmişdir. İddiaçı xx.xx.2016-cı il tarixdə təkrar 3 il müddətinə sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. İddiaçıya xx.xx.2019-cu il tarixdə 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaq olması səbəbi ilə əlillik təyin edilmişdir. X1: Vİ Sinif – Sinir sistemi xəstəlikləri => G80-G83- Serebral iflic və digər paralitik sindromlar=> G80-Uşaq serebral iflici=> G80.8 – Uşaq serebral iflicinin digər növü. Diaqnozun mətni: Əsas diaqnoz G80.2 Hemiplegik spastik serebral iflic, uşaq iflici hemiplegik forma Yanaşı xəstəliklər F06.7 Yüngül koqnitiv pozuntu, əqli gerilik. İddiaçıya xx.xx.2022-ci il tarixdə 1 il müddətinə ümumi xəstəlik səbəbi ilə əlillik təyin edilmişdir. Diaqnozun mətni: Əsas diaqnoz G80.1 Diplegik spastik serebral iflic. Uşaq serebral iflici hemiparetik forma. Yanaşı xəstəliklər F06.7 Yüngül koqnitiv pozuntu. Üzvi koqnitiv pozuntu Ağırlaşma G81.1 Spastik hemiplegiya. Sol tərəfli hemiparezlə Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi. Əzələ hipotrofiyası ilə. İddiaçıya xx.xx.2024-cü il tarixli qərarla xx.xx.2023-cü il tarixdə 1 il müddətinə ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Diaqnozun mətni: G80.1 Diplegik spastik serebral iflic. Uşaq serebral iflici hemipaaretik forma. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli qərarında dəyişiklik edilərək iddiaçıya müddətsiz əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda qeyd edilən hallarına istinadən tələb onunla əsaslandırılmışdır ki, iddiaçı uşaq vaxtından serebral iflicdir. Əlilliyi əvvəllər ikinci qrup olaraq müəyyən edilmiş, sonradan yeni meyarlarla üçüncü dərəcəli əlilliyə təsnif edilmişdir. Faktiki olaraq həkimlərin özünün də başa düşdüyü halda ki tibbi elmi hələ anadangəlmə serebral iflicin müalicəsini tapmamışdır, xəstə uzunmüddətli xəstədir, xx.xx.2024-cü il tarixdə müayinə edildikdən sonra ona əlilliyi müddətli təyin etmişlər. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2024-cü il tarixli göndərişi əsasında əlavə əyani müayinə edilərək baxılmış və “Səbəbi: Ümumi xəstəlik; Diaqnozun mətni: G80.1 Diplegik spastik serebral iflic, Uşaq serebral iflici hemipaaretik forma olmaqla 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının göndərişində və tibbi sənədlərdən çıxarışlarda ekspert komissiyaları tərəfindən qoyulan “Sinir sistemi xəstəlikləri=>Serebral iflic və digər paralitik sindromlar=>Spastik hemiplegiya=>ayrı-ayrı ətrafların parezləri və tonus pozuntusu (əzələ gücünün 4 bala qədər azalması, 1,5-2 smlik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraf oynaqlarında hərəkətlərin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə); cüzi statodinamik pozuntular=>” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması haqqında Əsasnamənin 6.5.1.1-ci bəndinə uyğun 1 il müddətinə əlillik təyinatına əsas verir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi iddia tələbinə etirazı müdafiə edərək rədd edilməsi barədə qərar qəbil edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İrəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İddiaçı ona əlillik təyin edilməsi barədə qərarda əlilliyin müddətsiz təyin edilməsini tələbini irəli sürür ki, bu inzibati aktın dəyişdirilməsi ilə bağlı mübahisələndirmə haqqında iddiadır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixli qərarını mübahisələndirmək üçün xx.xx.2024cü il tarixdə məhkəməyə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən əlilliyin təyinatı ilə bağlı qərarın iddiaçıya hansı vaxta təqdim edilməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. İPM-də həmçinin inzibati aktın elan edilməsi ilə müddətin axımının başlanması nəzərdə tutulsa da, məhkəmə qeyd edir ki, məhz hazırkı iddiada müddətin axımının başlanması üçün inzibati aktın elan edilməsi deyil, təqdim edilməsi anı nəzərə alınmalıdır. Çünki şəxsə əlillik təyinatı ilə bağlı ona əlilliyə görə pensiya ödənişləri aldığı andan əlillik təyin edilməsi barədə məlumatlı olsa da, ona təyin edilən əlilliyin müddətli, yaxud müddətsiz olmasını yalnız əlilliyin təyin edilməsinə dair qərarın şəxsə yazılı inzibati akt fomasında təqdim edilməsindən sonra bilməsi mümkündür. Hazırkı işdə cavabdeh tərəfindən hazırda mübahisələndirilən qərarın iddiaçıya hansı vaxta təqdim edilməsinə dair hər hansı sübut olmadığına görə, məhkəmə iddiaçı tərəfindən iddia müddətinin ötürülmədiyi qənaətinə gəlir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçıya xx.xx.2014-cü il tarixdə 2 il müddətinə, xx.xx.2016-cı il tarixdə 3 il müddətinə, xx.xx.2019-cu il tarixdə 3 il müddətinə, xx.xx.2022-ci il tarixdə 1 il müddətinə və xx.xx.2023-cü il tarixdə 1 il müddətinə sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. İddiaçıya xx.xx.2024-cü il tarixli qərarla 1.12.2023-cü il tarixdən 1 il müddətinə ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Diaqnozun mətni: G80.1 Diplegik spastik serebral iflic. Uşaq serebral iflici hemipaaretik forma qeyd edilmişdir. İddiaçı hazırda ona müddətsiz əlillik dərəcəsinin verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi. Məhkəmənin 7.11.2024-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 ekspertlərinə tapşırılmışdır. Məhkəməyə təqdim edilmiş T 35/2025 №-li ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı 16.04.-xx.xx.2024-cü il tarixlərində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika Reabilitasiya Mərkəzində “G80.1-dipletik spastik serebral iflic, uşaq serebral iflici hemiparetik forma” diaqnozu ilə müalicədə olmuşdur, yəni o, hazırda da həmin xəstəliklərdə əziyyət çəkir. Müalicə zamanı onda əzələ gücünün zəifliyi, yüngül hipesteziya onurğa sütununda sağa baxan skolioz əlamətləri də izlənilmişdir. İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisələrində tərtib edilmiş göndərişdə qeyd edilmiş diaqnozunun əlillik təyinatına əsas verməsi müəyyən edildiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.5.1.1-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 40 % pozulmasına görə 1 (bir) il müddətinə əlillik təyinatı aparılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçıda olan xəstəliklər uşaqlıqdan yaranmış, iddiaçıya ilk dəfə 2014-cü il tarixdə əlillik təyin edilmiş, 2014-cü il tarixdən 2024-ci il tarixə qədər eyni diqanozla əlillik təyinatı davam etdirilmişdir. İddiaçıya əlillik təyin edilərək onda olan diaqnozun mətni – diplegik serebral iflic, uşaq sereblal iflic, Uşaq serebral iflici hemipaaretik forma – XBT kodu G80.1-dir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: Bölmə 6. Sinir sistemi xəstəlikləri Qeyd. Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. 6.4 Serebral iflic Qeyd. USİ səbəbindən orqanizmin davamlı pozuntularının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi xəstəliyin klinik formasına, hərəkət pozuntularının xüsusiyyətlərinə və dərəcəsinə, əşyaları tutma və saxlama bacarığının pozulmasına (biləklərin bir və ya ikitərəfli pozuntusu); dayaq və hərəkət pozuntusunun dərəcəsinə (bir və ya ikitərəfli), dil və nitq pozuntularının olması və təzahür dərəcəsinə, psixi pozulma dərəcəsinə (yüngül koordinativ pozulma, dil və nitq çatışmazlığı olmadan əqli inkişafdan yüngül dərəcədə qalma, dizartriya ilə birgə əqli inkişafdan yüngül dərəcədə qalma, orta dərəcə əqli inkişafdan qalma, ağır dərəcə əqli inkişafdan qalma, əqli inkişafdan dərin geriqalma), psevdobulbar sindromun olmasına və dərəcəsinə, epileptik tutmaların olmasına (onların xüsusiyyətləri və tezliyi), bioloji yaşa uyğun fəaliyyətin məqsədyönlülüyünə, məhsuldarlığına, bioloji yaşa və hərəkət çatışmazlığının strukturuna görə uşağın potensial qabiliyyətlərinə, potensial qabiliyyətləri realizə etmək imkanına (realizə edilməsinə şərait yaradan və maneə olan amillər, kontekst amilləri) əsaslanır. Qiymətləndirmədə sadalanmış fərqli halların (ağırlaşmaların) biri və ya bir neçəsi olduğu zaman seçim edilir. 6.4.2. Diplegik spastik serebral iflic - G80.1 Qeyd edilən diaqnoz üzrə həmin meyarlarda 3 qiymətləndirmə altbəndi mövcuddur (6.4.2.1, 6.4.2.2 və 6.4.2.3). Hər üç qiymətləndirmə meyarında əlilliyin təyin edilməsi müddəti kimi – müddətsiz əlillik göstərilmişdir. Hazırda iddiaçı tərəfindən əlilliyin dərəcəsi mübahisələndirlmədiyindən iddiaçıda olan diqanozun Meyararın 6.4.2-ci bəndinin hansı qiymətləndirməsinə uyğun gəlməsi iddia tələbinin predmerini təşkil etmir. İddiaçının tələbi əlilliyin müddətsiz təyin edilməsinə yönəldiyindən və iddiaçıda olan diqanozun hər üç qiymətləndirmə meyari müddətsiz əlilliyin təyinatına əsas verdiyindən cavabdehin hərəkəti əsassız olmuşdur. Məhkəmə cavabdehin etirazında qeyd etdiyi halları əsassız hesab edir. Belə ki, qeyd edilyi kimi, iddiaçıda olan xəstəliyin diaqnozu G80.1 Diplegik spastik serebral iflic, Uşaq serebral iflici hemipaaretik forma-dır. Həmin diaqnoz Meyarların 6.4.2-ci bəndində təspit edilmişdir. Cavabdeh isə, həmin diqanoza uyöun olmayan Meyarların başqa bəndində, yəni 6.5.1.1-ci bəndinə istinad edir. Halbuki, həmçin bənddə olan diqanozlar iddiaçıda olan xəstəliklərə uyğun deyildir. Belə ki, Bənd 6.5. Serebral iflic və digər paralitik sindromlar. 6.5.1. serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya). Bundan başqa cavabdeh iddia tələbinə etiraz ərizəsində qeyd etmişdir ki, iddiaçının əlilliyi fasiləsiz olaraq 10 (15) il davam etmədiyindən ona müddətsiz əlilliyin təyin edilməsi mümkün deyildir. Məhkəmə cavabdehin bu dəlilini aşağıda qeyd edilənlərə əsasən əsassız hesab edir: İlk növbədə qeyd edilməlidir ki, cavabdehin istinad etdiyi hal, yəni ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilməsi ilə bağlı qayda, əlilliyin müddəlti təyin edilməsinə əsas verən diaqnozlarda fasiləsix olaraq davam edən əlilliyin göstərilən müddətlərdən sonra müddətsiz təyin edilməsi hallarını tənzimləyir. Hazırkı halda isə, iddiaçıda olan diqanozun özü istinad olunan Meyarlarda əliliyin müddətsiz təyinatına əsas verir. Məhkəmə qeyd edir ki, əlilliyin müddətli təyin edilməsinin məqsədi, şəxsdə olan xəstəliyin həmin müddət bitdikdən sonra, şəxsin reabilitasiya olunub-olunmasının müəyyən edilməsi ilə bağlıdır. Qanunvericiliyin məntiqi, müdətli əlillik təyinatına əsas verən diaqnozun 10 il və 15 il (müvafiq olaraq İİ dərəcə və İİİ dərəcə əlillikdə) fasiləsiz olaraq davam etdiyi halda, həmin xəstəliyin artıq yenidən qiymətləndirilməsinə zərurət olmamasının, başqa sözlə şəxsdə olan xəstəliyin həmin müddətlərdə reabilitaasiya olunmadıqdan sonra artıq sağalmasının mümkün olmaması ilə izah edilir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda bəzi diaqnozlar vardır ki, qeyd edilən diaqnozlarda olan xəstəliklərin müddət məhdudiyyəti tədbiq edilmədən şəxsə ilkin təyinat aparıldığı halda da, müddətsiz təyin edilməsinə əsas verir. Bu, həmin xəstəlilklərin sağalmasının (reabilitasiyasının) mümkün olmaması səbəbindəndir ki, həmin xəstəliklərlə bağlı əlilliyin müddətli təyin edilməsinə, başqa sözlə əlililik təyin edilən şəxsin müyyən müddətdən sonra təkrar müayinədən keçməsinə zərurət olmaması ilə bağlıdır. Baxılan işdə iddiaçıda olan xəstəliklər uşaqlıqdan yaranmış, iddiaçıya ilk dəfə 2014cü il tarixdə əlillik təyin edilmiş, 2014-cü il tarixdən 2024-ci il tarixə qədər eyni diqanozla əlillik təyinatı davam etdirilmişdir. İddiaçıya əlillik təyin edilərkən onda olan diaqnozun mətni – diplegik serebral iflic, uşaq sereblal iflic, Uşaq serebral iflici hemipaaretik forma – XBT kodu G80.1-dir. Qeyd edildiyi kimi, Meyarlarda həmin diaqnoz üzrə bütün qiymətləndirmələrdə əlilliyin müddətsiz təyin edilməsi təsbit edilmişdir. Odur ki, cavabeh iddiaçıya əlilliyin müddətli təyin etməklə Meyarların tələblərinə əməl etməmişdir. Qanunvericiliyin tələblərini və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. İddiaçı 1.12.2023-cü il tarixdə təyin edilmiş əlilliyin müddətsiz təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar