Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-231/2021 30.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" məhdud məsuliyyəli cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayon İcra hakimiyyəti Başçısının 13 avqust 1999-cu il tarixli, “1200” saylı sərəncamı ilə Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 600 kv. metr torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dair çıxarışın verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayon İcra hakimiyyəti Başçısının 13 avqust 1999-cu il tarixli, 1200 saylı sərəncamı ilə Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə 600 kv. metr torpaq sahəsi onun adına ayrılmışdır. Həmçinin torpaq sahəsinin plan cizgisi də tərtib olunaraq təsdiq olunmuşdur. Göstərilən torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən reyestrindən müvafiq çıxarışın verilməsi məqsədilə aidiyyatı dövlət orqanına, yəni DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətə həmin sərəncamı, torpaq sahəsinin plan cizgisini, arxiv arayışını, şəxsiyyət vəsiqəsinin surətini və ailə üzvlərinin razılıq ərizələrəini də əlavə etmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 17.07.2019-cu il tarixli **********12 saylı cavab məktubu ilə çıxarış verilməsindən imtina olunmuşdur. İmtinanın səbəbləri isə aşağıdakı kimi göstərilmişdir.; “daxil olmuş sənədlər surətdir, həmçinin yoxlama-ölçü işləri aparılması ilə əlaqədar mütəxəxsisslər ünvanda olarkən məlum olmuşdur ki, torpaq sahəsinin yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında uyğunsuzluq vardır, eyni zamanda elektron kodastr baza məlumatlarına əsasən göstərilən sahənin yerləşmə cizgisinə heç bir aidiyyatı yoxdur və digər fiziki şəxslərin müraciətləri ilə üst-üstə düşür. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır”. İddiaçı hesab edir ki, cavabdehin bu imtinası tamamilə əsassız və qanunsuzdur. Çünki mübahisəli torpaq sahəsi Bakı şəhəri, Səbail rayon İcra hakimiyyəti Başçısının 13 avqust 1999-cu il tarixli, 1200 saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün onun adına ayrılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun tələbinə əsasən də müvafiq icra hakimiyyəti orqanının sərəncamı hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdeh DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinin ona qarşı bu cür hərəkətsizliyi qanunsuz və əsassızdır, çünki tərəfindən müvafiq çıxarışın verilməsi üçün lazım olan bütün hüquqi sənədlər əldə olunmuş və cavabdehə təqdim olunmuşdur. Belə olan halda cavabdeh tərəfindən müvafiq çıxarış verilməli idi. Çünki, torpaq sahəsi qanuni əsaslarla iddiaçının istifadəsinə verilmişdir. Əslində imtinada göstərilən heç bir uyğunsuzluq yoxdur, hal-hazırda torpaq sahəsi boşdur, heç kim tərəfindən hasarlanmamışdır, qaldı ki, digər şəxslərin müraciətləri ilə üst-üstə düşməsi məsələsi isə bu uydurmadır və bu uydurma onun hüquqlarını poza bilməz. Əgər həmin torpaq sahəsinə başqa şəxslərin sənədi işlənibsə də bu iddiaçının deyil məhz cavabdehin öz günahıdır və bu səhvini düzəltməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 08.08.2019-cu il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmə tərəfindən "xxxx" məhdud məsuliyyəli cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh inzibati orqan məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair **********34 №li 05.09.2019-cu il tarixli etirazda göstərmişdir ki, sözügedən məsələ ilə bağlı iddiaçının idarəyə müraciəti daxil olmuşdur, lakin 1 saylı Bakı Ərazi idarəsinə poçt vasitəsi ilə daxil olmuş sənədlər surətdir. Həmçinin əlavə olunmuş yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Elektron kadastr baza məlumatına əsasən göstərilən sahənin yerləşmə cizgisinə hec bir aidiyyəti yoxdur və digər fiziki şəxslərin müraciətləri ilə üst-üstə düşür. Bu səbəblərdən ərizənin icrası idarə tərəfindən mümkün olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq və tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş “fərdi ev tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” 13 avqust 1999-cu il tarixli 1200 №-li sərəncamın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Badamdar qəsəbəsində fərdi ev tikmək üçün 600 kv. metr torpaq sahəsi ayrılmışdır. İddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətə cavab olaraq, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********45 №li 16.07.2019-cu il tarixli imtina məktubunda göstərilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə poçt vasitəsilə daxil olmuş sənədlər surətdir. Həmçinin əlavə olunmuş yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Elektron kadastr baza məlumatına əsasən göstərilən sahənin yerləşmə cizgisinə heç bir aidiyyatı yoxdur və digər fiziki şəxslərin müraciətləri ilə üst-üstə düşür. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Məhkəmənin müvafiq sorğularına əsasən; - DƏDRX 1 saylı ünvan 1 ünvanlanmış 19.12.2019-cu il tarixli **********55 saylı cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinə dair X2, X7 və X1 Səbail Bələdiyyəsi tərəfindən verilmiş qərarları mövcud olsa da, dövlət reyestrində qeydiyyatı aparılmadığı üçün müvafiq sənəd surətlərin təqdim edilməsi mümkün olmamışdır. - Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsi tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 11.02.2020-ci il tarixli 002/32 saylı cavab məktubunda bildirilmişdir ki, mübahisəli torpaq sahəsinə dair X2, X7, X1 və İddiaçı ayrılmış torpaq sahəsi ilə bağlı bələdiyyə qərarlarının verilməsinə dair sənədlər barədə heç bir məlumat yoxdur. Badamdar Bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır. - DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 13.09.2021-ci il tarixli **********48 №li məktuba əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, Bakı şəhər İca Hakimiyyəti (“İcarəyə verən”) ilə "xxxx" MMC (“İcarəçi”) arasında Bakı şəhər İcra Hakimiyyəti Başçısının 195 saylı, 03.09.2004-cü il tarixli sərəncamı və 25.09.2004-cü il tarixli 11760 №li inşaat pasportu əsasında Səbail rayonu, Salyan şossesi, “Şahinbağ” yaşayış sahəsinin şimal hissəsində ayrılmış torpaq sahəsinə dair 06.09.205-ci il tarixli 0594 №li torpaq icarə müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilənin 1.1-ci maddəsinə əsasən 50.000 (əlli min) kv. metr torpaq sahəsi “İcarəçiyə” 49 (qırx doqquz) il müddətinə icarəyə verilmişdir. Qeyd olunan torpaq sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 04/232 sayla 13.10.2004-cü il tarixdə qeydiyyata alınmış “İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin Ayrıc aktı”; Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən isə 20.06.2006-cı il tarixdə **********1000001 №li Torpaq sahəsinin Kadastr Planı hazırlanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 22.07.2021-ci il tarixli 10/2893 saylı ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 04 iyun 2021-ci il tarixli, **********52 №li mütəxəssis rəyinə əsasən Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” 13 avqust 1999-cu il tarixli 1200 №li sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsinin sxemlərində sxematik planda koordinat, hər hansı istinad nöqtəsindən məsafə və sair olmadığından həmin torpaq sahəsinin harada yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən, İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının 03.09.2004-cü il tarixli 195 saylı sərəncamı və 06.09.2004-cü il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC-yə **********1000001 nömrəli Kadastr planı ilə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1 -ci maddələri). Mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. (Konstitusiya Məhkəməsi Plenumunun 15.01.2010-cu il tarixli qərarı). Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının mübahisəli əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcuddur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 13 avqust 1999-cu il tarixli 1200 №li sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsinin sxemlərində sxematik planda koordinat, hər hansı istinad nöqtəsindən məsafə və sair olmadığından həmin torpaq sahəsinin harada yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən, İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının 03.09.2004-cü il tarixli 195 saylı sərəncamı və 06.09.2004-cü il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC-yə **********1000001 nömrəli Kadastr planı ilə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına; 311 (üç yüz on bir) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************); 311 (üç yüz on bir) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına (VÖEN: ********** Hesab AZ23AİİB********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-231/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-231/2021
30.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver