Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-231/2025 17.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evlərinin cavabdeh tərəfindən sökülməsi nəticəsində onlara vurulmuş maddi ziyanın əvəzi olaraq 6.830.000 manat, mənəvi zərərin əvəzi olaraq 5.000.000 manat olmaqla ümumilikdə 11.830.000 manat kompensasiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evləri və həmin evlərin altında yerləşən torpaq sahəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarış əsasında mülkiyyət hüquqları onların adına qeydiyyata alınmışdır. Qeyd edilən yaşayış evi və onun altındakı torpaq sahəsi onların mülkiyyətində olmasına baxmayaraq həmin fərdi yaşayış evləri xx.xx.2015-ci və xx.xx.2015-ci il tarixdə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq sökülmüş, mülkiyyətində olan torpaq sahəsi qanunsuz və əsassız olaraq boşaldılmış və həmin torpaq sahəsi onlardan qanunsuz olaraq alınmışdır. Onlara məxsus olan fərdi yaşayış evinin sökülüb dağıdılması tərəflərindən video çəkiliş aparılaraq aşkar edilmişdir. Bu hərəkətləri ilə cavabdeh onların qanunla qorunan mülkiyyət hüquqlarını pozaraq onlara külli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı tərəflərindən cavabdeh inzibati orqana ərizə ilə müraciət edilsə də, cavabdeh inzibati orqan tərəfindən hal-hazıradək müraciətlərinə hər hansı bir cavab verilməmişdir. Hesab edirlər ki, iddia tələblərinin təmin edilərək onlara vurulmuş maddi ziyanın əvəzi olaraq 6.830.000 manat, mənəvi zərərin əvəzi qismində isə 5.000.000 manat kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir.
3. Sonuncu dəfə iddiaçıların nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evlərinin cavabdeh tərəfindən sökülməsi nəticəsində hər birinə ayrılıqda fərdi yaşayış evi üçün 1.406.120 (bir milyon dörd yüz altı min yüz iyirmi) manat, torpaq sahəsinə görə 300.000 (üç yüz min) manat maddi ziyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilərək iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmasına baxmayaraq, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir etiraz təqdim edilməmişdir.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. İddiaçılar tərəfindən məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət edilmişdir. Bununla bağlı ərizə və müvafiq poçt qəbzi iş materiallarına əlavə edilmişdir.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 596.4 kv.m təşkil edən fərdi yaşayış evi və onun altında yerləşən 0.12 ha torpaq sahəsi paylı mülkiyyət hüququ ilə ½ hissədə iddiaçıların adına xx.xx.2015-ci il qeydiyyat tarixi, **********91-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2015-ci il tarixdə texniki pasport tərtib edilmişdir.
10. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 3- 21-3-30/2-21714/2023 **********14 nömrəli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32, 1-ci küçə, 5-ci döngə, 15 saylı fərdi yaşayış evinin ½ hissə (8 otaq və 600 kv.m torpaq sahəsi) İddiaçı2 və ½ hissə (8 otaq və 600 kv.m torpaq sahəsi) İddiaçı1 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Sorğu ilə əlaqədar müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki: 1. İddiaçılar mübahisəli fərdi yaşayış evi və onun altında yerləşən torpaq sahəsinin əvvəlki mülkiyyətçisi X13 olmuş və sonuncu ilə iddiaçılar arasında bağlanmış notarial qaydada təsdiq edilmiş “Daşınmaz əmlakın bağışlanma müqavilə”lərinə əsasən iddiaçıların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1812/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Bakı şəhər İcra Hakimiyyətinin cavabdehlər X7, DƏDRX Bakı şəhər Ərazi İdarəsinə və X11 qarşı cavabdehlər arasında 14 saylı notariat kontorunda Bakı şəhəri, Səbail rayonu, Salyan 32 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə dair bağlanmış xx.xx.2024-cü il tarixli, RX ******* saylı (reyestr nömrəsi 4Ə-565) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə dair X5 adına verilmiş mülkiyyət hüququ barədə xx.xx.2014-cü il tarixli, seriya RX ******* saylı dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia tələbi təmin edilmişdir. 3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1822/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Bakı şəhər İcra Hakimiyyətinin cavabdehlər X7, DƏDRX Bakı şəhər Ərazi İdarəsinə və X11 qarşı cavabdehlər arasında 14 saylı notariat kontorunda Bakı şəhəri, Səbail rayonu, Salyan 32 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə dair bağlanmış xx.xx.2014-cü il tarixli, RX ******* saylı (reyestr nömrəsi 4Ə-565) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə dair X5 adına verilmiş mülkiyyət hüququ barədə xx.xx.2014-cü il tarixli, seriya RX ******* saylı dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia tələbi təmin edilmişdir.
11. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən 2616 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla xx.xx.2023-cü il tarixli, xx.xx.2015-ci il tarixdə X13 ilə İddiaçı2 arsında 4Ə-129 saylı reyestrlə və X13 ilə X12 arasında 4Ə-130 saylı reyestrlə rəsmiləşdirilmiş bağışlama müqavilələrinin notariat işinin kserosurətləri məhkəməyə göndərilmişdir.
12. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən 2971 nömrəli, 18 avqust 2023-cü il tarixli məktubla X15 ilə X13 arasında Bakı şəhəri, Səbail rayonu, Salyan 32 ünvanında yerləşən, ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinə dair xx.xx.2014-cü il tarixdə, 4Ə-565 reyestr nömrəsi ilə qeydiyyatı aparılaraq təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və müqaviləyə əlavə olunmuş sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir.
13. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 3- 21-3-30/2-31680/2023 **********80 nömrəli məktubla X5 mülkiyyətində olmuş Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 saylı torpaq sahəsinə diar müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
14. İddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş X16 və Ekspertiza Mərkəzi MMC tərəfindən verilmiş 156 və 157 nömrəli, xx.xx.2023-cü il tarixli mütəxəssis rəylərinə əsasən iddiaçılara məxsus Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanda yerləşən 0.12 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin hər ½ hissə payının orta bazar dəyərinin təqribən 1969920,0 (bir milyon doqquz yüz altmış doqqu min doqquz yüz iyirmi) manat təşkil etdiyi müəyyən edilmişdir.
15. İddiaçıların nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-dən əldə edilmiş 02-104/24 və 02-105/24 nömrəli, 29 iyul 2024-cü il tarixli mütəxəsis rəylərinə əsasən İddiaçı2 (1/2 hissə) və İddiaçı1 (1/2 hissə) məxsus Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 0.12 ha torpaq sahəsində yerləşmiş fərdi yaşayış evinin hər ½ hissəsinə uyğun olaraq 2015-ci il tarixinə tikinti-təmirinə çəkilmiş xərclər nəzərə alınmaqla (işçilik və material xərci daxil olmaqla) bazar dəyəri 1.406.120,0 (tikinti-təmir xərcləri) + 300.000,0 (torpaq sahəsinin dəyəri) = 1.0706.120,0 (bir milyon yeddi yüz altı min bir yüz iyirmi) manat təşkil edir.
17. İddiaçıların nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş “Caspian Valuation” Qiymətləndirici Təşkilatı tərəfindən tərtib edilmiş CVN/İ36-94/25 və CVN/İ37-195/25 nömrəli, 23 iyun 2025-ci il tarixli mütəxəssis rəylərinə əsasən İddiaçı2 (1/2 hissə) və İddiaçı1 (1/2 hissə) məxsus Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 0.12 ha torpaq sahəsində yerləşmiş fərdi yaşayış evinin hər ½ hissəsinə uyğun olaraq 2015-ci il tarixinə tikinti-təmirinə çəkilmiş xərclər nəzərə alınmaqla (işçilik və material xərci daxil olmaqla) bazar dəyəri 1.448.259,1 (bir milyon dörd yüz qırx səkkiz min iki yüz əlli doqquz) manat, 10,0 qəpik təşkil edir.
18. Məhkəmənin 2-1(112)-1083/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizasının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 11 aprel 2025-ci il tarixli, 10/7545 nömrəli ekspert rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışlara əsasən İddiaçı2 və İddiaçı1 paylı mülkiyyətində olan (hər birinə münasibətdə ½ hissə, 8 otaq) olan ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsində inşa eddilmiş fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərcin məbləğini və qeyd olunan fərdi yaaşyış evinə və torpaq sahəsinə çəkilmiş xərc iş materialalrına əlavə edilmiş 156 və 157 nömrəli mütəxəssis rəylərinə uyğun olaraq hesablanması və maddi zərər tam ödənilmiş olub-olmaması məsələsi tikinti-texniki ekspertin həll etdiyi məsələlərdən kənar olduğundan qərardadın bu sualları üzrə tədqiqat aparılmamışdır. Qiymətləndirmə fəaliyyəti elmin hər hans bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir.
19. Məhkəmənin müraciətinə əsasən X4 MMC tərəfindən tərtib edilmiş 132 nömrəli, 08 iyul 2025-ci il tarixli mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışlara əsasən İddiaçı2 və İddiaçı1 paylı mülkiyyətində (hər birinə münasibətdə ½ hissəsi, 8 otaq) olan Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin ümumi dəyərinin 540000,00 (beş yüz qırx min) manat və bu torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evlərinin hər birinin tikintisinə (tikinti, quraşdırma, təmir, abadlıq və s. işlər daxil olmaqla) çəkilmiş xərclərin 2015-ci ilin may ayının bazar qiymətlərinə uyğun dəyəri 1427190,00 (bir milyon dörd yüz iyirmi yeddi min yüz doxsan) manat, ümumi dəyəri isə 2854380,00 (iki milyon səkkiz yüz əlli dörd min üç yüz səksən) manat məbləğində müəyyən edilir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
20. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia növünə aiddir.
21. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
22. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
23. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
24. Hazırki iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
25. Məhkəmə işdə iştirak edən iddiaçıların nümayəndəsi və vəkilinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir.
26. Məhkəmə gəldiyi nəticəni aşağıdakılar ilə əsaslandırır:
27. Azərbaycan Respublikasının Konstitusiyası Maddə13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İİ.Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İnsan və vətəndaş hüquq və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
28. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu Maddə 3.1. Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. Maddə 3.3. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. Maddə 3.4. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
30. “İnzibati icraat haqqında” Qanun Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
31. Beləliklə, hazırki işin hallarının məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən xx.xx.2014-cü il tarixdə, 4Ə-565 reyestr nömrəsi ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X15 ilə X13 arasında Bakı şəhəri, Səbail rayonu, Salyan 32 ünvanında yerləşən, ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinə dair müqavilə bağlanmışdır. Bundan sonra həmin torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində X5 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən təsdiq edilərək xx.xx.2015-ci il tarixdə X13 ilə İddiaçı2 arsında 4Ə-129 saylı reyestrlə və X13 ilə X12 arasında 4Ə-130 saylı reyestrlə rəsmiləşdirilmiş bağışlama müqavilələrinə əsasən mübahisəli ünvanda yerləşən torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi hər birinə ½ hissədə olmaqla iddiaçılara bağışlanmışdır. Həmin bağışlanma müqavilələrinə əsasən mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi üzərində iddiaçıların paylı mülkiyyət hüquqları xx.xx.2015-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 2015ci ildə onlara məxsus fərdi yaşayış evləri Bakı şəhər İcra Hakimiyyətinin başçısının göstərişi ilə sökülmüşdür. İddiaçılar hazırki tələblərində fərdi yaşayış evlərinin məhkəmə qərarı olmadan sökülməsi barədə cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsini, həmin qanunsuz hərəkətlər nəticəsində onların hər birinə ayrılıqda dəymiş maddi ziyanın əvəzi olaraq fərdi yaşayış evi üçün 1.406.120 (bir milyon dörd yüz altı min yüz iyirmi) manat, torpaq sahəsinə görə isə 300.000 (üç yüz min) manat pulun cavabdeh inzibati orqan tərəfindən onlara ödənilməsini tələb edirlər.
32. Məhkəmə ilk öncə iddiaçılara məxsus torpaq sahəsi ilə bağlı onlara kompensasiya məbləğinin ödənilməsi ilə bağlı iddia tələblərinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir.
33. Belə ki, iş materiallarında olan məhkəmə qərarlarına əsasən müəyyən edilmişdir ki: - Səbail Bələdiyyəsinin vəzifəli şəxsləri X14 və qeyriləri özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayət əlaqəsinə girərək 2011-2015-ci illər ərzində “Xalqlar Dostluğu” parkı adlanan ərazidə olan və dövlət mülkiyyətində saxlanılan torpaq sahələrini Səbail Bələdiyyəsinin mülkiyyəti kimi fərdi yaşayış evlərinin inşası üçün alqı-satqı yolu ilə ayrı-ayrı yaxın qohum və tanışlarının adına verilməsi ilə bağlı saxta sərəncam, alqı-satqı aktı, torpağın cizgi planı və ödəniş qəbzlərini hazırlayıb bələdiyyənin bəzi vəifəli şəxslərinin imzalarını saxtalaşdırdıqdan və bələdiyyənin işlər idarəsinin möhürünü vurduqdan sonra torpaq sahəsinin plan və ölçüsünün verilməsi üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə müraciət etmiş, imtina cavabı aldıqdan sonra müvafiq qaydaa 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişlər. X2 Rayon Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 78 saylı sərəncamı ilə Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsini alqı-satqı aktı tanınmaqla plan və ölçünün verilmsəi vəzifəsinin DTXK-nın Bakı şəhər Şöbəsinə həvalə edilməsi barədə iddia ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2013-cü il tarixli, 2inz(81)-1579/13 saylı qərarı ilə onun iddiası təmin olunmuşdur. X15 qeyd olunan məhkəmə qərarı əsasında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** saylı çıxarış aldıqdan sonra, 14 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2014-cü il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi əsasında mübahisəli 0.12 ha torpaq sahəsini X1 və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən A.Rəhmovun adına mülkiyyət hüququ barədə xx.xx.2014-cü il tarixli, seriya RX ******* saylı dövlət reyestrindən çıxarış verilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Bakı şəhər İcra Hakimiyyətinin apellyasiya şikayəti təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2inz(81)-1579/13 saylı qərarı ləğv edilmiş və X9 Səbail rayon Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 78 saylı sərəncamı ilə Səbail rayonu, Salyan Şossesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinə alqı-satqı aktı tanınmaqla plan və ölçünün verilməsi vəzifəsinin DTXK-nın Bakı şəhər Şöbəsinə həvalə edilməsi barədə iddiası rədd edilmişdir. Bundan sonra, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-5042/17 saylı qərarı ilə iddiaçı Bakı şəhər İcra Hakimiyyətinin iddiası qismən təmin edilərək X6 dına verilmiş xx.xx.2014-cü il tarixli reyestrdən çıxarış ləğv edilmişdir. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)-1812/2018 saylı qətnaməsinə əsasən iddiaçı Bakı şəhəri İcra Hakimiyyətinin yuxarıda qeyd olunan torpaq sahəsinə dair X15 ilə X13 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və həmin müqavilə əsasında verilmiş xx.xx.2014-cü il tarixli, RX ******* saylı dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Məhkəmə eləcə də, hesab etmişdir ki, hazırki icraatda etibarsız əqd nəticəsində cavabdeh X5 X11 ödədiyi vəsaitin məbləğini müəyyən etmək mümkün olmadığından, cavabdeh A.Ə.Rəhimov etibarsız əqd nəticəsində ona vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququna malikdir. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümldən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
34. Göründüyü kimi, iddiaçılara məxsus torpaq sahələri saxta sənədlər əsasında (möhür, imza, blank və s. saxta olmaqla), dələduzluq yolu ilə öz əmlakın ələ keçirəklə əldə olunmuş torpaq sahələri olmaqla, həmin torpaq sahələri faktiki olaraq etiabrsız sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və həmin şəxslər tərəfindən iddiaçılardan əvvəlki mülkiyyətçiyə satılmış, həmin mülkiyyətçi tərəfindən isə iddiaçılara bağışlanılmışdır. Belə olan təqdirdə, iddiaçılara məxsus torpaq sahəsi faktiki olaraq etibarsız sənədlər əssında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından, etibarsız inzibati akt isə heç bir hüquqi nəticə yaratmayaraq, hüquqi qüvvəsi olmadığından torpaq sahələrinə münasibətdə cavabdeh inzibati orqanın hər hansı bir qanunsuz qərarı və ya hərəkətləri nəticəsində iddiaçıların mülkiyyət və ya digər hüquqlarının pozulmasından söhbət gedə bilməz, buna görə də, iddia tələbi torpaq sahələrinə münasibətdə həmin hissədə əsassız hesab edilməklə təmin edilməməlidir. Həmçinin, qeyd edilməlidir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən torpaq sahəsinin əvvəlki mülkiyyətçisinin etibarsız əqd nəticəsində ona vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququnun olması təsbit edilmişdir.
35. Məhkəmə həmçinin iddiaçıların onlara məxsus fərdi yaşayış evlərinin sökülməsi nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə bağlı tələblərinə münasibətdə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir.
36. Belə ki, məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçıya məxsus torpaq sahələrinin faktiki olaraq etibarsız sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı qəbul olunsa belə, 2015-ci ildə cavabdeh inzibati orqanın Azərbaycan Respublikasının Konstitusiyasının 29 və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən məhkəmə qərarı olmadan həmin mülkiyyətdə olan torpaq sahələrində yerləşən qanunvericiliyə müvafiq olaraq inşa edilmiş fərdi yaşayış evlərini sökmək hüququ yox idi. Belə ki, qeyd olunan torpaq sahələri üzərində iddiaçıların mülkiyyətləri qanuni yolla qeydə alınmamışdan əvvəl digər şəxslərin mülkiyyətlərinə verilməsinə əsas olan sənədlərin saxta sənədlər olması yalnız ilkin olaraq Bələdiyyənin vəzifəli şxəsləri barəsində cinayət işinin başlanılması zamanı məlum olmuşdur.
37. Bundan başqa iş materiallarından görünür ki, iddiaçılar heç bir saxta sənəd hazırlamamışlar, onlar və mənzilin əvvəlki mülkiyyətçiləri vicdanlı alıcı olmuşlar və torpağın ilkin səndələrinin saxta olmasından xəbərsiz olmuşlar.
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da, əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.
39. Bundan başqa iş materiallarında olan X10 adına verilmiş xx.xx.2014-cü il tarixli və X5 adına verilmiş xx.xx.2014-cü il tarixli, torpaq sahələrinə dair çıxarışlar daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş və dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına da, qeydiyyat otrqanının vəzifəli şəxsləri cavabdehdirlər.
40. Məhkəmə xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsi xx.xx.2018-ci ildə qəbul edilmiş, lakin, iddiaçılara məxsus fərdi yaşayış evləri 2015-ci ilin mayında sökülmüşdür. Həmin evlər sökülərkən iddiaçıların adına verilmiş mülkiyyət hüququ barədə dövlət reyestrindən çıxarışlar qüvvədə olmuş və ləğv edilməmişdir. Sözügedən hal, məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş cavab məktubu ilə də, təsdiq edilmişdir.
41. Göründüyü kimi, X5 adına verilmiş mülkiyyət hüququ barədə RX seriyalı, ******* nömrəli çıxarış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1812/2018 nömrəli qətnaməsi əsasında ləğv edilsə də, iddiaçıların adına verilmiş xx.xx.2015-ci il qeydiyyat tarixi, **********91-10301 reyestr nömrəli çıxarışlar hazırda qüvvədədir.
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya ədə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
43. Beləliklə, iddiaçıların mülkiyyətlərində olan torpaq sahəsindəki tikililərin hər hansı inzibati akt, sərəncam və ya yazılı xəbərdarlıq olmadan söküldüyü, bununla da, iddiaçıların əmlak hüquqlarına qanunsuz müdaxilə olunduğu mübahisəyə dair iş üzrə materiallarla təsdiq olunur. Həmçinin, işdə olan sənədlərdən müəyyən olunur ki, iddiaçıların ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahələrində inşa etdikləri fərdi yaşayış evlərinin cavabdeh Bakı şəhər İcra hakimiyyəti tərəfindən sökülməsi və nəticədə iddiaçılara maddi ziyan vurulması işin mübahisəsiz halıdır.
44. Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” iş üzrə 25 yanvar 2015-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “...Doğrudur ki, ərizəçi evinə aid olan torpaq sahəsinə və həyətyanı sahəyə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də, formal olaraq o, evin sökülməsi zamanı torpağa mükiyyət hüququna malik olmamışdır. Buna baxmayaraq, qüvvədə olan qanunvericiliyə uyğun olaraq ərizəçi evə mülkiyyət hüququ əsasında torpağın “qanuni istifadəçisi” olmuşdur. Bundan başqa, onun milli qanunvericiliyə əsasən torpağa əvəzsiz qaydada mülkiyyət hüququnun əldə olunmasına dair hüquqi gözləntisi var idi. Müvafiq olaraq, 8 oktyabr 2005-ci il tarixində ərizəçi torpağın “mülkiyyət” qismində tanınması üçün kifayət qədər mülki marağa malik olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq Məhkəmə müəyyən edir ki, həm ev, həm də, torpaq sahəsi 1 saylı Protokolun 1-ci maddəinə əsasən ərizəçinin “mülkiyyəti” olmuşdur.”
45. Məhkəmə hesab edir ki, hazırki mübahisəyə münasibətdə də, iddiaçının bu qanuni gözləntiləri qorumağa layiqdir və bunu istisna edən hər hansı hal iş üzrə materiallardan görünmür.
46. Bununla bağlı həm də, nəzərə almaq lazımdir ki, mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan, yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin, legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zmaan, həm də, nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş səaslar olmadan və prosedurlara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır.
47. Eyni zamanda, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından da, göründüyü kimi, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispoziya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilmsəi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtlərinin mvöcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
48. Məhkəmə diqqətə çatdırır ki, oxşar hüquqi mövqe Ali Məhkəmənin İnzibati Kollegiiyasının 2-1(102)-1/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında ifadə olunmuşdur.
49. Məhkəmə iş üzrə sübutların məcmusuna qiymət verməklə hesab edir ki, iddiaçıların maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır.
50. Məhkəmə eləcə də, iddiaçıların cavabdehə qarşı irəli sürdükləri kompensasiyanın məbləği ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilərək ekspertizanın icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilsə də, ekspertizanın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 11 aprel 2025-ci il tarixli, 10/7545 nömrəli ekspert rəyi ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışlara əsasən İddiaçı2 və İddiaçı1 paylı mülkiyyətində olan (hər birinə münasibətdə ½ hissə, 8 otaq) olan ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsində inşa eddilmiş fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərcin məbləğini və qeyd olunan fərdi yaaşyış evinə və torpaq sahəsinə çəkilmiş xərc iş materialalrına əlavə edilmiş 156 və 157 nömrəli mütəxəssis rəylərinə uyğun olaraq hesablanması və maddi zərər tam ödənilmiş olub-olmaması məsələsi tikinti-texniki ekspertin həll etdiyi məsələlərdən kənar olduğundan qərardadın bu sualları üzrə tədqiqat aparılmamışdır. Qiymətləndirmə fəaliyyəti elmin hər hans bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir.
51. Məhkəmənin müraciəti və iddiaçıların nümayəndəsi və vəkilinin müraciəti əsasında məhkəməyə qiymətləndirici şirkətlər tərəfindən tərtib edilmiş mütəxəssis rəyləri təqdim edilmişdir. Sözügedən mütəxəssis rəylərindən iddiaçının nümayəndəsi və vəkili tərəfindən "xxxx" MMC tərəfindən tərtib edilmiş 29 iyul 2024-cü il tarixli mütəxəssis rəyləri ilə razılaşılaraq, bu barədə dəqiqləşmiş iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir.
52. Sözügedən mütəxəssis rəylərinə əsasən müəyyən edilmişdir ki, İddiaçı2 (1/2 hissə) və İddiaçı1 (1/2 hissə) məxsus Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 0.12 ha torpaq sahəsində yerləşmiş fərdi yaşayış evinin hər ½ hissəsinə uyğun olaraq 2015-ci il tarixinə tikinti-təmirinə çəkilmiş xərclər nəzərə alınmaqla (işçilik və material xərci daxil olmaqla) bazar dəyəri 1.406.120,0 (tikinti-təmir xərcləri) manat təşkil edir.
53. Məhkəmə sözügedən mütəxəssis rəylərini iş materiallarında olan digər mütəxəssis rəyləri ilə qarşılıqlı müqayisə edərək, eləcə də, mütəxəssis rəylərinin mütəxəssis qarşısında qoyulmuş suallara əsaslandırılmış şəkildə cavab verilməklə tərtib edildiyini nəzərə alaraq hesab edir ki, iş materiallarında olan digər mütəxəssis rəylərinə nəzərən "xxxx" MMC tərəfindən hər bir mülkiyyətçiyə münasibətdə ayrı-ayrılıqda tərtib edilmiş mütəxəssis rəylərində bazar dəyəri olaraq müəyyən edilmiş məbləğlər daha aşağı məbləğlər olduğundan, eləcə də, həmin məbləğlərlə bağlı qənaətə gəlinərkən, fərdi yaşayış evlərinin bazar dəyərinin müəyyən edilməsi üsulları mütəxəssis rəyində tam şəkildə əsaslandırıldığından (tikinti-təmirinə çəkilmiş xərclər, işçilik və material xərcləri daxil olmaqla) sözügedən məbləğlərin mötəbərliliyi məhkəmədə hər hansı bir şübhə doğurmur. Bu səbəbdən də, məhkəmə "xxxx" MMC tərəfindən tərtib edilmiş həmin mütəxəssis rəylərini mötəbər qiymətləndirir.
54. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın tutulması hissəsində, yəni, hər bir iddiaçıya münasibətdə ayrı-ayrılıqda 1.406.120 (bir milyon dörd yüz altı min yüz iyirmi) manat məbləğində pul vəsaitinin ödənilməsi hissəsində əsaslı hesab edilməklə təmin edilməlidir.
55. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 11 aprel 2025-ci il tarixli, 10/7545 saylı ekspertiza xərcrinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatdır və iddiaçılardan 100 (yüz) manat ekspertiza xərci tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
56. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir.
57. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
58. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
59. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
60. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evlərinin cavabdeh tərəfindən sökülməsi nəticəsində iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinə fərdi yaşayış evi üçün dəymiş maddi zərərin əvəzi olaraq ayrılıqda 1.406.120 (bir milyon dörd yüz altı min yüz iyirmi) manat məbləğində pul vəsaitinin ödənilməsi öhdəliyi cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul iddiaçılar İddiaçı1 və İddiaçı2 Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) xeyrinə tutulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva