Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2310/2025 20.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Baki şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 1318 saylı bağ sahəsində faktiki vəziyyətinə uyğun ümümilikdə 0,20 hektar torpaq sahəsinə çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 1318 saylı bağ sahəsində yerləşən ümümi sahəsi 0,50 hektar torpaq sahəsi 1953-cü ildə şəhər xalq deputatlar sovetinin qərarı ilə iddiaçının atasına verilmişdir. Həmin vaxtdan, yəni 1953-cü il tarixdən təxminən 70 ildən artıqdır ki qeyd olunan torpaq sahəsi daimi hasarlı olmuş və hal hazıra kimi mübahisəsiz iddiaçının istifadəsindədir. Qeyd olunan torpaq sahəsinin 0,11 hektar hissəsinə iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin iddiaçının daimi istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,20 ha təşkil edir. Bu səbəbdən də həmin ölçüdə torpaq sahəsinə dair yeni çıxarışın verilməsi tələbi ilə cavabdehə müraciət etmiş, lakin ona hüquqmüəyyənedici sənədlərin təqdim olunmaması səbəbi ilə imtina edilmişdir. Cavabdehin imtinasını əsassız hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında olan əlavə torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********56 saylı cavab məktubu ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, idarənin arxiv məlumatlarına əsasən xx.xx.2013-cü il tarixli bağışlama müqaviəsi ilə qeyd edilən ünvanda olan 0,11 ha torpaq sahəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əlavə torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, hal-hazırda həmin torpaq sahəsi iddiaçının istifadəsindədir. Heç bir şəxsin həmin torpaq sahəsinə iddiası və tələbi yoxdur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslara istinad edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 1318 saylı bağ sahəsinin 0,11 hektarlıq hissəsi iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubu ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1318 saylı bağ sahəsinin İddiaçı adına qeydiyyata alınmasına əsas olmuş sənədlərin və RX seriyalı, ******* reyestr nömrəli xx.xx.2013-cü il tarixli çıxarışın, eləcə də 1318 saylı bağ sahəsinə dair müvafiq sənədlərin və ilkin müayinə aktının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Bakı şəhər ZDS İcraiyyə Komitəsinin xx.xx.1953-cü il tarixli, 25/558 saylı qərarına əsasən Mərdəkan qəsəbəsində sahəsi 0,50 ha olan 1318 saylı bağ sahəsi X1 istifadəsinə verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahəsi 0,50 hektar olan 1318 saylı bağ sahəsi X1 xüsusi mülkiyyətində olmuşdur. xx.xx.2013-cü il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, xx.xx.1975-ci il tarixdə vəfat etmiş X1 bərabər paylarda vərəsələri X7, X8 və iddiaçıdır. Şəhadətnamə verilən miras əmlak Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013 ildə verilmiş 03/1581 nömrəli arayışa və xx.xx.2013-cü ildə verilmiş qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən mərhum X2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1318 saylı bağ sahəsi ünvanında yerləşən 0,50 hektar torpaq sahəsindən ibarətdir. xx.xx.2013-cü il tarixli Miras əmlaka sərəncam müqaviləsinə əsasən X8 və iddiaçı xx.xx.2013-cü il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən miras qalmış əmlakdan - Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1318 saylı bağ sahəsi ünvanında yerləşən X2 məxsus 0,50 ha torpaq sahəsindən onlara düşən hissələrini qanun üzrə vərəsə - X5 bağışlamışlar. xx.xx.2013-cü il tarixli Torpaq sahəsinin bağışlama müqaviləsinə əsasən X7 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,11 ha torpaq sahəsini iddiaçıya bağışlamışdır. İş materiallarına X7 ilə ayrı-ayrı şəxslər arasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1318 saylı bağ sahəsinin hissəvi özgəninkiləşdirilməsinə dair alqısatqı müqavilələri və həmin şəxslərin 1318 saylı bağ sahəsinin müvafiq hissələrinə olan mülkiyyət hüquqlarını təsdiq edən çıxarışlar əlavə edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində “bağ sahəsinə çıxarışın və texniki pasportun verilməsi” öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Həmin Qanunun 8-ci maddəsində Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı öz əksini tapmışdır. Həmin siyahıya əsasən torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olan sənədlər aşağıdakılardır: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (8.0.1.); qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol (8.0.2.); daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı (8.0.3.); qanuni qüvvəyə minmiş məhkəmə qərarları (8.0.4.); 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (8.0.5.); 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış (8.0.7.); bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər (8.0.8.); 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr (8.0.12.). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. İddiaçı onun faktiki istifadəsində olan 0,20 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş edir. Tələbinin əsası kimi o, Bakı şəhər ZDS İcraiyyə Komitəsinin xx.xx.1953-cü il tarixli, 25/558 saylı qərarına istinad etmişdir. İş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhər ZDS İcraiyyə Komitəsinin xx.xx.1953-cü il tarixli, 25/558 saylı qərarı ilə sahəsi 0,50 hektar olan 1318 nömrəli bağ sahəsi iddiaçının atası X2 ayrılmışdır. Həmin torpaq sahəsi üzərində X1 mülkiyyət hüququ dövlət qeydiyyatına alımış və RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. X1 vəfatından sonra həmin torpaq sahəsi ilə bağlı vərəsəlik işi açılmış və iddiaçı ilə X8 miras əmlakda olan paylarını vərəsə X5 bağışlamışlar. 0,5 hektar torpaq sahəsinə dair X5 RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan xx.xx.2023-cü il tarixli, AN ******* saylı alqı-satqı müqaviləsinə əsasən X7 0,5 hektar torpaq sahəsinin 0,12 hektar hissəsini X3, xx.xx.2013-cü il tarixli, AN ******* saylı alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsinin 0,12 hektar hissəsini X6, xx.xx.2013-cü il tarixli, ******* saylı alqı-satqı müqaviləsinə əsasən 0,15 hektar hissəsini Yüzbaşova Mədinə Həbib qızına satmışdır. Beləliklə, X4 mülkiyyətində cəmi 0,11 hektar torpaq sahəsi qalmışdır ki, xx.xx.2013-cü il tarixli torpaq sahəsinin bağışlama müqaviləsinə əsasən o, həmin torpaq sahəsini iddiaçıya bağışlamışdır. Hazırda həmin torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İddiaçı hazırda həmin torpaq sahəsinə bitişik əlavə 0,09 hektar torpaq sahəsi üzərində də mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda, nə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda göstərilən hər hansı sənədə istinad etməmişdir. İddiaçının istinat etdiyi sənəd üzrə isə torpaq sahəsi yuxarıda qeyd edildiyi kimi X4 mülkiyyətinə verilmiş və sonradan ayrı-ayrı şəxslərə özgəninkiləşdirilmişdir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddiaçının tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə çıxarışın və texniki pasportun verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-2310/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2310/2025
20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver