Məhkəmə qərarları › İş №2-1(112)-2312/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2312/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2312/2022 06.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası X4rşı “test tapşırığına verilən cavabların düzgün hesab edilməsi və imtahanın yekun balının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10.06.2020-ci il tarixdə, İV ixtisas qrupu üzrə buraxılmış imtahanında onun Azərbaycan dili fənni üzrə 45,59 və 60-ci suallara və riyaziyyat fənni üzrə 83 saylı test tapşırığına verdiyi cavabların düzgün götürülməs və bu cavabların əsasında imtahan balının yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qəbul imtahanında olan Azərbaycan dili və riyaziyyət fənnləri üzrə test tapşırıqları İ ixtisas qrupunun qəbul imtahanının suallarına əsasən tərtib edilmişdir. Bundan başqa ümumiyyətlə riyaziyyət fənnləri üzrə 83 saylı test tapşırığına aid olan mövzü 11-ci sinif mart ayından sonraya aid təhsil proqramında nəzərdə tutulmuş, Azərbaycan dili fənni üzrə 59-cu sual isə tam cavablandırıldığı təqdirdə məqbul hesab edilməmişdir. Hesab edirik ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə qiymətləndirmə düzgün aparılmamışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz verərək bildirmişdir ki, iddiaçının mübahisələndirilən test imtahanlarına dair vermiş olduğu cavablar cavabdeh tərəfindən düzgün olaraq məqbul qiymətləndirilməmişdir. Belə ki, birinci iddiaçının Azərbaycan dili fənni üzrə 59-cu suala düzgün cavab verilməmiş, sualda qoyulan şərtə əməl edilməmişdir. Riyaziyyət fənni üzrə isə 59-cu sualı əhatə edən mövzü ümumi orta təhsil proqramının 9-cu sinifinə aid olmuşdur. Göründüyü kimi cavabdeh diskresion səlahiyyətlərini qanunla müəyyən edilmiş hədlərdə əməl etmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etdi. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən 10.06.2020-ci il tarixində İV ixtisas qrupu üzrə onun Azərbaycan dili fənni üzrə “59”-cu suala və Riyaziyyat fənni üzrə “83” saylı test tapşırığına verdiyi cavabların düzgün hesab edilməsi və imtahanın yekun balının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə hazırki iddia tələbinin əsassız olmasını aşağıda göstərilən iki hal əsasında müəyyən etmişdir:

1. Cavabdehin diskresion səlahiyyətlərin olması;

2. Test tapşırıqlarının əsaslı olmasını təsdiq edən mütəxəssis rəylərinin mövcudluğu ilə. Hər iki hal üzrə ayrı-ayrı qiymətləndirmənin aparılması üçün Məhkəmə ümumiyyətlə vətəndaşın təhsil almaq hüququ, ali təhsil pilləsi olan bakalavriat üzrə ümumi qəbul normalarına aydlnlıq gətirir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinə əsasən: İ. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. İİ. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. İİİ. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. İV. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. V. Dövlət minimum təhsil standartlarını müəyyən edir. Azərbaycan Respublikasının Təhsil haqqında Qanunun: 1.0.1. Abituriyent - ali təhsil və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olunmaq üçün müvafiq sənədləri təqdim etmiş şəxs; 1.0.8. bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi; 17.1.5. Ali təhsil Azərbaycan Respublikasında təhsil pillələrinə, 17.1.5.1. bakalavriat (əsas (baza ali) tibb təhsili) isə ali təhsil səviyyələrinə aiddir. 22.1. Ali təhsil pilləsində cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssislərin, elmi və elmi-pedaqoji kadrların hazırlığı həyata keçirilir. 22.3. Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir 26.1. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci və 26.5-3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. 29.0.9.Peşə, оrta iхtisas və ali təhsil müəssisələrinə müvafiq ixtisaslar üzrə tələbə qəbulunu müəyyənləşdirmək təhsil sahəsində dövlətin vəzifələrindən biridir. “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu” Qaydalarının: 1.6. Ali təhsil müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun оlan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci və 26.5- 3-cü maddələrində göstərilən hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. Ali təhsil müəssisələrinə tələbə qəbulu abituriyentlərin müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə mərkəzləşdirilmiş qaydada bu Qaydaların 3-cü hissəsində göstərilən iki mərhələdə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının X5 (bundan sonra – Mərkəz) tərəfindən həyata keçirilir. 2.1. Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün Mərkəzin rəsmi internet saytında “Abituriyentin elektron ərizəsi”ni doldurur və özləri təsdiq edirlər. Əvvəlki illərin məzunları və tam orta təhsil səviyyəsini Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən şəxslər isə Mərkəzin rəsmi internet saytında “Abituriyentin elektron ərizəsi”ni dolduraraq təsdiq edilməsi üçün aşağıdakı sənədlərlə birlikdə Mərkəz tərəfindən yaradılmış X3 (bundan sonra – SQK) şəxsən təqdim edirlər 3.10.Hər mərhələdə imtahanın məzmunu, yəni təhsilalanlara təqdim edilən tapşırıqların növü və qiymətləndirilmə qaydası Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir və hər il tədris ilinin başlanılmasından 1 ay müddət keçənədək elan edilir. İmtahan suallarının məzmunu Mərkəz tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş imtahan fənləri üzrə qəbul proqramlarına uyğun müəyyən edilir. İmtahanların keçiriləcəyi günlər və imtahanların aparılması texnologiyası Mərkəz tərəfindən müəyyənləşdirilir. 5.1. Ali təhsil müəssisələrinin İ-İV ixtisas qrupuna daxil olan ixtisasları üzrə müsabiqə abituriyentin qəbul imtahanında (iki mərhələnin nəticəsində) topladığı ümumi bal əsasında aparılır. Abituriyent eyni tədris ilində eyni qrup üzrə keçirilən bir neçə qəbul imtahanında iştirak etdiyi halda, müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edir. “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında” Əsasnamənin: 2.1. Mərkəzin əsas vəzifələri aşağıdakılardır: 2.1.2. əsasən mərkəz ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) səviyyələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirir; 2.1.3. orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə ixtisaslar üzrə qəbul imtahanları keçirilən fənləri və keçid ballarını, o cümlədən ümumi təhsil müəssisələrində buraxılış imtahanları keçirilən fənləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla, müəyyən edir; 2.1.7. imtahan fənləri üzrə qəbul proqramlarını hazırlayır və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla, təsdiq edir

8. Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: 8.1. təhsil sisteminin fəaliyyətini və onun inkişafını təmin edən normativ hüquqi bazanın yaradılmasında iştirak edir və müvafiq sahə standartları hazırlayır; 8.10. təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vəsaitlərin hazırlanmasını, təsdiqlənməsini və nəşrini təmin edir; 8.10-1. təhsil proqramlarını (kurikulumları), tədris planlarını və proqramlarını təsdiq edir; “X5 publik hüquqi şəxsin” Nizamnaməsinin: 1.1. Azərbaycan Respublikasının X5 (bundan sonra – Mərkəz) dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını) həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. 2.1.3. Orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) səviyyələrinə ixtisaslar üzrə qəbul imtahanları keçirilən fənləri və keçid ballarını, bakalavriat səviyyəsində hazırlıq qruplarına keçid ballarını, o cümlədən ümumi təhsil müəssisələrində buraxılış imtahanları keçirilən fənləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla, müəyyən etmək Mərkəzinin əsas vəzifələrindən biridir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun: 1.0.25. diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. 14.1. inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 16.2. hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır Bəhs edilən qanunvericiliyin müddəalarından göründüyü kimi, hər bir vətəndaş konstitusiya hüququ baxımından təhsil almaq hüququna malikdir. Təhsil qanunvericiliyində təhsilin pillələri və səviyyələri müəyyən edilmişdir ki, onlardan biri də bakalavr pilləsidir. Bu təhsil pilləsi ali təhsilin növlərindən biri olmaqla, yüksək ixtisaslı mütəxəssislərin, elmi və elmi-pedaqoji kadrların hazırlığının həyata keçirilməsində mühüm rol oynayır. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci və 26.5-3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. Nəzərə alınmalıdır ki, bakalavr pilləsində şəxsin orta məktəb təhsil proqramının mənimsəyib-mənimsəmədiyi yoxlanır. Qeyd olunmalıdır ki, ali təhsil müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərin biliyinin qiymətləndirilməsi hüququ qanunvericilikdə cavabdehin diskresion səlahiyyəti kimi təsbit edilmişdir. Qanunvericinin bu zaman “qiymətləndirilməsi üzrə mərkəzləşdirilmiş qaydada” ifadəsindən istifadə etməsi inzibati orqana öz seçimi ilə davranış imkanı verir. Diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsində də təsbit edilmişdir ki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Hazırkı halda cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirməsi zamanı iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verilməmişdir. Əksinə, iş üzrə də müəyyən olunduğu kimi, iddiaçı 10 iyun 2020-ci il tarixində ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə İV ixtisas qrupu üzrə keçirilən qəbul imtahanı ilə əlaqədar topladıgı ballarda narazı oldugundan cavabdehin Apellyasiya Komissiyasına müraciət etmiş, iddiaçının mübahisələndirdiyi test tapşırıqları onun iştirakı ilə Apellyasiya Komissiyası tərəfindən araşdırılmış, test tapşırıqlarında və iddiaçının verdiyi cavabların qiymətləndirilməsində ekspertlər tərəfindən hər-hansı bir qüsur aşkar edilmədiyi barədə ekspert rəyi verilmiş, bu barədə iddiaçıya geniş izah verilmiş, müraciəti ilə bağlı ona rəsmi cavab göndərilmiş və nəzərinə çatdırılmışdır ki, imtahanda əldə etdiyi nəticə (topladığı bal) düzgün hesablanmış və biliyi doğru qiymətləndirilmişdir. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, iddiaçı hazırki iddia tələbi ilə inzibati məhkəməyə müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1961/2021 saylı, 16.02.2021-ci il tarixli qərarı ilə iddiaçı X2 övladı – xx.xx.2003-cü il təvəllüdlü İddiaçı 10.06.2020-ci il tarixdə keçirilmiş buraxılış imtahanında verdiyi cavabların düzgün qiymətləndirilməsinə dair müraciətinə məhkəmənin mövqeyi (“İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinin tələbi) nəzərə alınmaqla yenidən baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası X5nin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə bu qənaətə gələrkən İddiaçı 10.06.2020-ci il tarixdə keçirilmiş buraxılış imtahanında verdiyi cavabların düzgün qiymətləndirilməsi barədə müraciəti ekspertlər tərəfindən onun dinlənilmə hüququ təmin edilməklə araşdırılmalı olmasına istinad etmişdir. Cavabdeh müvafiq sahə üzrə ekspertlərin və iddiaçının iştirakı ilə iki dəfə apelyasiya komissiyası təşkil olunmaqla həm müraciəti, həmçinin də məhkəmə qərarını icra etmiş, bununla iddiaçıya mübahisəli test tapşırıqlara münasibətdə ətraflı izah verilmişdir. İnzibati Prosessual Məcəllənin 73.3-cü maddəsində bununla bağlı olaraq təsbit edilmişdir ki, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə də məhkəmə hesab edir ki, test imtahanlarının sual bankı üzrə cavablarının ümumi qaydada (bütün iştirakçılara münasibətdə) məqbul qiymətləndirilməsi inzibati orqanın diskresion səlahiyyətindədir. Məhkəmə icraatında cavabdeh iddiaçıya münasibətdə qərar qəbul edərkən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi halları müəyyən edilməmişdir. Bundan başqa Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş iddianın əsassız olmasını təsdiq edən digər bir əsas mütəxəssis rəylərinin mövcudluğu ilə bağlıdır. Belə ki, işin faktiki hallarından da göründüyü kimi iddiaçı hesab edir ki, o, Azərbaycan dili fənni üzrə 59-cu suala düzgün cavab vermiş, riyaziyyət fənni üzrə 83-cü test tapşırığı ilə bağlı mövzunun isə ümumiyyətlə 11-ci sinif mart ayına qədər olan tədris proqramında olmamışdır. Təkzib olunmaz haldır ki, test imtahanlarının sual bankı üzrə cavablarının ümumi qaydada qiymətləndirilməsi inzibati orqanın diskresion səlahiyyətindədir. Lakin nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən bu diskresion səlahiyyətlərin qanunla müəyyən edilmiş hədlərdə əməl olunub-olunmamasının müəyyən edilməsi üçün bilavasitə mübahisələndirilən test tapşırıqlarının izahına, həmçinin riyaziyyət fənni üzrə test suallı ilə bağlı mövzun tədris proqramında olub-olmamasına aydınlıq gətirilməlidir. Bu istiqamətdə hər hansı qiymətləndirmənin aparılması xüsusi bilik tələb etdiyindən mütəxəssis rəyinin alınması zəruri olmuşdur. Məhkəmə tərəfindən riyaziyyət fənni üzrə mübahisələndirilən 83-cü test tapşırığının 2020-ci ilin yanvar ayında “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc edilmiş buraxılış imtahan proqramına daxil olan 9-cu sinifdə tədris edilən mövzuya, başqa sözlə “kvadratik funskiyanın qrafiki” mövzusu və “ehtimalın hesablanmasına dair məsələ həlli” mövzusuna aid olub-olmamasının müəyyən edilməsi, həmçinin Azərbaycan dili üzrə 59-cu suala İddiaçı vermiş olduğu cavabın düzgün hesab-edilib-edilməməsi ilə əlaqədar mütəxəssis rəyinin verilməsi barədə Təhsil Nazirliyinə, Milli Elmlər Akademiyasına və digər təhsil müəssisələrinə sorğuar verilmişdir. Mütəxəssis rəylərdən məlum olmuşdur ki: -Azərbaycan dili fənni üzrə 59-cu sualda tələb abzasa uyğun fikri tamamlamaq olsa da, İddiaçı abzasdaki fikri tamamlamayan uyğun cümlə yazmaq əvəzinə sonraki cümlədəki fikri təkrar etmiş, hər cümlə mətndə əlaqə yaratmaq əvəzinə təkrarlandığından üslübi dolaşıqlıq yaratmışdır. (Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti) -Riyaziyyət fənni üzrə 83-cü tapşırıq 9-cu siniflər üçün riyaziyyət dərsliyində funksiyanın qrafiki mövzusuna daxil olmuş, birləşmələr nəzəriyyəsinin elementləri 9-cu sinifdə “Ehtimalın hesablanmasına aid məsələlər həlli” riyaziyyət dərsliyində öz əksini tapmışdır. (Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası Milli X1 və Mexanika İnstitutu) Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia etdiyi və iddia tələbinin əsasında duran halların (test tapşırığı ilə bağlı mövzunun tədris proqramında olmaması və test tapşırığına düzgün cavab verilməsi) mövcudluğu aşkar olunmamış, əksinə mütəxəssis rəyləri ilə bağlı bu hallar təkzib olunmuşdur. Nəzərə alınmalıdır ki, Məhkəmə bu qənaətə gələrkən təkcə cavabdeh orqanın mülahizəsini deyil, ümumiyyətlə təhsil prosesinə ümumi metodiki rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasi Təhsil Nazirliyinin və digər ali təhsil müəssisələri tərəfindən verilmiş mütəxəssis rəylərini rəhbər tutmuşdur. Həmin mütəxəssis rəylərindən açıq aydın görünür ki, mübahisələndirilən test tapşırıqlarından Azərbaycan dili fənninə aid sual düzgün cavablandırılmamış, sualda tələb abzasa uyğun fikri tamamlamaq olsa da, iddiaçı cümləni mətn ilə əlaqələndirməmiş, bununla da onun test sualına cavabı məqbul qiymətləndirilməmişdir. Riyaziyyət fənni üzrə isə test sualının əhatə etdiyi mövzü iddiaçının iddia etdiyi kimi 11-ci sinif mart ayından sonraya aid təhsil proqramına deyil, orta təhsili pilləsinin dövlət standartı və proqramına uyğun olaraq 9-cu sinif tədrisində proqramında nəzərdə tutulmuşdur. Beləliklə, Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya münasibətdə diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddə əməl etmişdir ki, bu hal müvafiq mütəxəssis rəyləri ilə təsdiq olunmuşdur. Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, ümumiyyətlə X5 ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirsə də, o, qəbul imtahanları keçirilən fənləri və keçid ballarını, bakalavriat səviyyəsində hazırlıq qruplarına keçid ballarını, o cümlədən ümumi təhsil müəssisələrində buraxılış imtahanları keçirilən fənləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla həyata keçirir. Nəzərə alınmalıdır ki, qəbul imtahanında müəyyən edilmiş suallar məhz ümumi orta tədris proqramının mövzuları əsasında tərtib edilir ki, bu zaman bu sualların seçilməsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin imtahan fənləri üzrə qəbul proqramları əsasında həyata keçirilir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçı riyaziyyət fənni üzrə 83-cü test sualının tədris proqramına uyğun olmadığını iddia etsə də, cavabdeh bu sualı qəbul proqramına uyğun olaraq tərtib etmişdir ki, bu hal müvafiq olaraq həm Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, həmçinin digər ali təhsil müəssisələrənin mütəxəssis rəyləri ilə təsdiq olunmuşdur. Son olaraq Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, nə qədər ki iddia tələbində qeyd olunan test tapşırıqlarına verilən cavabların düzgün hesab edilməsi ilə bağlı iddia rədd edilməlidir, həmin tələbdən asılı olan imtahanın yekun balının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsindən də söhbət gedə bilməz. Bu səbəbdən də iddia həmin hissədə rədd edilməlidir. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia rədd olunsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar