Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2312/2023 29.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «mənəvi ziyanın ödənilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «mənəvi ziyanın ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 7 yanvar 2020-ci il tarixdə bütün sənədlərin əsli ilə birlikdə müraciət etmişdir. Ona bildirilmişdir ki, müvafiq müddət 6 ay təşkil edir və yeni arayış alınmalıdır. Bundan sonra 14 fevral 2020-ci il tarixdə ərizə ilə müraciət etmişdir. X6 dəvət etmişlər və ona bir daha bildirilmişdir ki, ona pensiya təyin oluna bilməz. İddiaçının 57 yaşı 1 yanvar 2020-ci il tarixdə tamam olmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1.1-ci maddəsinə əsasən əmək pensiyası onu almaq hüququ yarandığı gündən təyin olunur. Buna görə də həmin Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ araşdırılarkən ilk növbədə 57 yaşı tamam olan 1 yanvar 2020-ci il tarixə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun müəyyən edilməsi idi. Həmin tarixə isə, bu növ pensiyanın təyin edilməsi üçün şəxsin qanunla müəyyən edilən yaş həddinə (57 yaş) çatması, 25 il ümumi sığorta stajına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan istehsalatda, peşələrdə, vəzifələrdə və göstəricilərdə 12 il 6 aya çatması yetərli sayılır. İddiaçının isə, 36 ildən çox stajı, 25 il 28 gün zərərli iş stajı var. Ən nəhayət, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və onun iddiası təmin edilmişdir. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktin qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönlənməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-407/2020 saylı 13 avqust 2020-ci il tarixli qərarından cavabdeh apellyasiya şikayət vermişdir. Cavabdehin vəkili bu dəfə iddiaçının əmək kitabçasının 4-cü səhifəsində düzəliş olduğunu iddia etmiş və qərarın ləğvini məhkəmədən xahiş etmişdir. Cavabdehin bu mövqeyinə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-47/2022 saylı iş üzrə müvafiq qərarı ilə aydınlıq gətirilmişdir. İddiaçının əmək kitabçasının 4-cü səhifəsində düzəliş edildiyinə dair dəlilə gəldikdə, 1985ci il 31 may tarixdə işdən azad olunmaya aid olan həmin düzəliş əmək kitabçasında həmin iş dövrünə aid məlumatların mötəbərliyini özü-özlüyündə aradan qaldırmır. Belə ki, elə həmin səhifədə (4-cü sütunda) işdən çıxma barədə əmrin nömrəsi və tarixi göstərilmişdir. Həmin qeyd isə, mübahisəsizdir. Digər tərəfdən, iddaçı həmin tarixdə işdən azad olunduqdan sonra növbəti aydan 1985-ci il 20 iyun tarixdən digər müəssisədə isə qəbul edilmişdir. İddiaçı inzibati məhkəmənin qərarından sonra ikitərəfli razılaşma ərizəsi ilə Mərkəzi Filiala müraciət etmişdir. Ona cavab olaraq apellyasiya instansiya məhkəməsində ərizəyə baxılacağı bildirilsə də, ərizəyə baxılmadı. İş apellyasiya instansiyası məhkəməsinin qərarından 68 gün sonra Ali Məhkəməyə göndərilmişdir. Qərara 30 gün müddət qoyulmuşdur. 1 iyun 2022-il il tarixdə ərizə ilə müraciət edilsə də, cavab alınmamışdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 3 noyabr 2008-ci il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstituiyasını, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nı, bu Konvensiyaya dair Protoklları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarının, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. «İnsan Haqqlarının və X3 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və X5 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşqa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açiqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Yuxarıda göstərilən dəlilərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 4, 149, 150-ci maddələrinin rəhbər tutaraq, məhkəmədən cavabdeh tərəfindən iddiaçıya dəymiş 12.000 manat məbləğində mənəvi zərərin birdəfəlik ödənilməsi (onun pensiya kartına) barədə qərar çıxarılması xahiş olunur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filailının iddia ilə bağlı məhkəməyə ünvanlanmış 11 yanvar 2023-cü il tarixli məktubunda – iddiaya qarşı yazılı etirazında bildirilir ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, 2020-ci ilin yanvar ayından 2022-ci ilin mart ayına kimi ona dəyən maddi və mənəvi ziyanı, yəni 26 ay üçün hər ay 210 manat olmaqla hesablanaraq birdəfəlik ödənilməsini xahiş etmişdir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 yanvar 2022-ci il tarixli 2-1(102)-47/2022 nömrəli qərarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi və hüququnun yarandığı 1 yanvar 2020-ci il tarixdən hesablandığı, keçmiş müddət üçün ona 5.569,92 manat ödənildiyi bildirilmişdir. Lakin iddiaçı məhkəmə prosesi dövründə ona 12.000 manat mənəvi zərər dəydiyi qənaətinə gəlmiş, mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən mülki qanunvericilikdə şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi həyat sirri və şəxsi toxunulmamazlıqla bağlı pozuntuların nəticəsində dəymiş zərərin ödənilməsi nəzərdə tutulsa da, digər şəxsi qeyri-əmlak hüquqlarından və qeyri-maddi nemətlərdən istifadə etmək hüquqlarının pozulması nəticəsində vurulmuş zərərin ödənilməsi müəyyən olunmamışdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 07 saylı qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarın 8-ci bəndinə əsasən plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Belə ki, hesab olunur ki, təqdim edilən sübutlardan cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçının fəaliyyətinin dayanması və iddiaçının gəlirdən məhrum olması təsdiq olunmur. Cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Eyni zamanda qeyd etmək istəyirik ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. Həmçinin, iddia ərizəsində vurulduğu irəli sürülən mənəvi zərərin iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri nəticəsində baş verməsi sübut olunmur. Qeyd olunanları nəzərə alaraq hesab edilir ki, iddiaçi İddiaçı, ona cavabdehin qanunsuz hərəkətləri nəticəsində 12.000 manat mənəvi zərər dəydiyini əsaslandırmamış, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri nəticəsində baş verməsi sübut etməmişdir, bu səbəbdən iddia əsaslı hesab edilməməlidir. Göstərilənlərə əsaslanaraq, İddiaçı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun iddiaya qarşı yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə 1.1). Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (maddə 1.2). Həmin Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasənm bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı ilə bağlı cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırkı Mərkəzi Filail) müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı 1 yanvar 2006-cı il taruxədək 25 il ümumi iş stajını, o cümlədən 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə iş stajını toplamamışdır. Bundan sonra iddiaçı məhkəmədə iddia qaldıraraq, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsinin həmin mübahisə üzrə 13 avqust 2020-ci il tarixli qərarı ilə cavabdehin imtinası qanunsuz qiymətləndirilməklə iddia təmin olunmuş və iddiaçıya 57 ya.dan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh tərəfin həmin məhkəmə qərardan apellyasiya şikayəti apellyasiya instansiya məhkəməsinin qərarı ilə, eləcə də sonuncu məhkəmənin qərarından kassasiya şikayəti Ali Məhkəmənin qərarı ilə təmin edilməmişdir. Ali Məhkəmənin qərarının qəbulundan sonra cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi (Mərkəzi Filialı) tərəfindən iddiaçıya 1 yanvar 2020-ci il tarixdən – 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuş və həmin tarixdən ödənilməmiş pensiya məbləği ödənilmişdir. Bundan sonra iddiaçı ona cavabdehin hərəkətləri nəticəsində dəymiş 12.000 manat mənəvi ziyanın ödənilməsi ilə bağlı yenidən cavabdehə müraciət etsə də, cavabdeh ziyanın ödənilməsindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, müvafiq hərəkətlər nəticəsində iddiaçıya mənəvi ziyanın dəyməsi sübuta yetirilmir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir və ona dəymiş 12.000 manat mənəvi ziyanın cavabdeh tərəfindən ödənilməsini tələb edir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan (publik hüquqi şəxs kimi) olduğundan, iddiaçının ona dəymiş ziyanın ödənilməsi ilə bağlı müraciətinə cavabdeh tərəfindən mənfi cavab verilməklə məsələnin həllindən imtina edildiyindən, tərəflər arasında ödənişli təhsil haqqında müqavilə bağlansa da, mübahisə cavabdehin publik funksiyasından doğulduğundan, habelə iddianın mümkünlüyünü istisna edən digər xüsusatlar mövcud olmadığından, iddia mümkün sayılır. «Əmək pensiyaları haqqında» Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İPM-in 90-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İPM-in 96.9-cu maddəsinə əsasən Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. İPM-in 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. «İnzibati icraat haqqında» Qanunun 52-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir (maddə 52.1). İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz (maddə 52.5). Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı iddiası üzrə məhkəmə icraatında məhkəmə cavabdeh inzibati orqanın müvafiq imtinasını qanunsuz qiymətləndirsə də, bu hal deliktin mövcudluğunu birbaşa ehtiva etmir. Nəzərə alınmalıdır ki, inzibati orqan tərəfindən ərizəçinin müraciəti üzrə arzuladığı inzibati aktın qəbulundan inzibati icraatda imtina olunması ərizə üçün müəyyən hüquqi nəticənin yaranmasını istisna etsə də, mülki hüquq pozuntusu sayıla bilməz. Yalnız həmin imtinanın müvafiq müddət ərzində qəbul olunmaması İnzibati Xətalar Məcəlləsində (594-cü maddəsində) təsbit olunmuş inzibati məsuliyyətə səbəb ola bilər. Xüsusilə diqqət yetirilməlidir ki, “İnzibati icraat haqqında” Qanunun müddəaları (89-cu maddəsi) inzibati orqanın qanunsuz qərarı və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində şəxsə vurulmuş ziyana görə həmin qurumun Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıdığını təsbit etmişdir. Halbuki, qeyd olunduğu kimi, hazırkı iş üzrə cavabdehin hərəkəti, yəni imtinası ilə iddiaçıya ziyan vurulması müəyyən edilmir. Cavabdeh inzibati orqanın müvafiq məhkəmə qərarından apellyasiya və kassasiya şikayətləri verməsinə gəldikdə isə, məhkəmə vurğulayır ki, bu, inzibati orqanın hüququdur. Eləcə də, nəzərə alınmalıdır ki, iddiaçıya hüququ yarandığı vaxtdan keçmiş müddət üzrə ödənilməli pensiya məbləği də məhkəmə qərarı ilə ödənilmişdir. Məhkəmə qərarının icrasının icraya yönəldikdən sonra ağlabatan müddətdə icra olunmaması isə, hazırkı işin halları ilə müəyy\ən edilmir. Həmçinin qeyd olunmalıdır ki, İddiaçı ona dəymiş mənəvi ziyanın dəyməsini iddia etsə də, bu ziyanın sarsıntı və ya iztirab formasında ifadə olunmasını konkret əsaslandırmamışdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 yanvar 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumları və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 8-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 10-cu bəndində izah edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi sarsıntı baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ya ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqadar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunmalıdır ki, hətta cavabdeh inzibati orqanın hərəkətlərində mülki hüquq pozuntusu olsa belə, cavabdehin qanunsuz hərəkətlərinin iddiaçının şüurunda mənfi psixi reaksiyaya səbəb olması ilə əlaqədar, yəni onun səhhətində baş vermiş mənfi dəyişikliklərlə bağlı məhkəməyə tutarlı sübutlar təqdim edilməmiş, habelə məhz cavabdehin imtinası və sonradan məhkəmə mübahisəsinin davam etməsi ilə bağlı mənəvi sarsıntılar keçirməsi təsdqini tapmır. Bununla da məhkəmə belə qənaətə gəlir ki, iddiaçının cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş mənəvi zərərin ödənilməsi tələbi əsaslı sayıla bilməz. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2312/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2312/2023
29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver