Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2314/2025 02.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yerləşmə cizgisinin tərtib edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı X2 (bundan sonra – iddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m. torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçıya bildirmişdir ki, sözügedən Sərəncam və onun tərkib hissələri olan digər sənədlər (sxem və s.) Cavabdeh arxivində aşkar edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m. torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə dəftərxanası vasitəsilə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.metr torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, Səbail rayonu İcra Hakimiyyətinin başçısının 815 saylı, 27 may 1998-ci il tarixli sərəncamı ilə Cavabdeh 4100 saylı, 12 dekabr 1994-cü il tarixli sərəncamına dəyişiklik edilmiş, iddiaçının torpağa olan tələbatını nəzərə alıb Məcnunov Rəcəbin razılığı ilə fərdi yaşayış evinin tikilməsi üçün Səbail rayonu ərazisində 600 kv.m torpaq sahəsi adına sənədləşdirilmişdir. İddiaçı heç bir təzyiq olmadan və hər hansı bir problem olmadan artıq 18 ildən çox bir müddət ərizində həmin torpaqdan istifadə və sahiblik edir. Bu gün mülkiyyət hüququnun olmaması həmin torpaq üzərində sərəncam hüququnu həyata keçirə bilməməyinə səbəb olmuşdur. Həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi tikməklə ailə üzvüləri ilə birlikdə yaşayır. Bununla belə bələdiyyə vergisi ödəyir. Azərsu ASC, Azərişıq ASC və Azəriqaz QSC-nin həmin ünvana dair abonent kodları da iddiaçının adınadır. İddiaçı sözügedən torpaq sahəsini 1998-ci ildə əldə etmişdir. Həmin vaxt nə Mülki Məcəllə, nə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minməmişdir. Mülki Məcəllənin 139-1.1.8-ci madəsinə əsasən iddiaçının hazırda istifadə və sahibliyində olan torpaq sahəsinə çıxarış almaq hüququ vardır. Hazırda ərazinin plan-sxemi Cavabdeh arxivindədir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). III. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddiaçı ona ayrılmış torpaq sahəsi ilə bağlı yerləşmə cizgisini tələb etdiyindən onun iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan: - Cavabdeh xx.xx.1998-ci il tarixli 815 nömrəli sərəncamından görünür ki, vətəndaş İddiaçı Cabir qızının torpağa olan tələbatını (xx.xx.1998-ci il tarixli ərizə) və X1 razılığına (xx.xx.1998-ci il tarixli ərizə) nəzərə alaraq, Cavabdeh 4100 saylı 12 dekabr 1994-cü il tarixli sərəncamı ilə R.Məsimova fərdi evin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin İddiaçı adına sənadləşdirilməsi qərara alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv, 8-ci döngədə yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2023-cü il tarixli ********** nömrəli müraciətiə baxılmış, müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsinin coğrafi mövqeyi göstərilən razılaşdırılmış yerləşmə cizgisi sənədlər toplusuna əlavə edilməmişdir. - Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli 3-48-2F/2-2156/2024 nömrəli məktubundan görünür ki, Səbail rayon İH-nin arxiv fondu üzrə xx.xx.1998-ci il tarixli, 815 saylı sərəncamının təsdiq edilmiş ksero surəti 1 (bir) vərəqdən ibarət təqdim edilir. Sərəncama akt və cizgi əlavə edilməmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-cü il tarixli 3-21-3-30/2-3008/2025 nömrəli məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsi daş hasarla, üzərində olan tikilinin və qonşu tikilinin çöl divarı ilə sərhədlənmişdir. Torpaq sahəsi üzərində ikimərtəbəli yaşayış evi və birmərtəbəli köməkçi tikili mövcuddur. Faktiki sahəsi 600.kv.metr təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsi Səbail rayonu ərazisində yerləşir. Həmçinin sahə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Beləliklə, məhkəmə iclasında tədqiq olunan sənədlərdən məlum olur ki, iddiaçıya torpaq sahəsi xx.xx.1998-ci il tarixli 815 saylı Sərəncamla ayrılmışdır, həmin sərəncam hazırda qüvvədədir. İddiaçı bu sərəncam əsasında ona ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün aidiyyəti dövlət orqanına müraciət etmiş, yerləşmə cizgisinin təqdim edilməməsi əsası ilə ona imtina cavabı verilmişdir. Buna görə də iddiaçı hazırda torpaqayıran qurum olan cavabdehdən ona ayrılmış torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsini xahiş edir, cavabdeh isə həmin sənədlərin inzibati orqanın arxivində aşkar edilmədiyini bildirir. Məhkəmə qeyd edir ki, Cavabdeh xx.xx.1998-ci il tarixli 815 nömrəli sərəncamının qəbul edildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə (xx.xx.1991-ci il tarixli) əsasən: -maddə 7. Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. -maddə 10. Torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir: 1) fərdi yaşayış evi və köməkçi tikililərin inşası, habelə şəxsi yardımçı kənd təsərrüfatı (həyətyanı sahə) üçün — həmin ərazidə daimi yaşayanlara; -maddə 11. Torpaq bu Məcəllənin 10-cu maddəsində göstərilən məqsədlər üçün xüsusi mülkiyyətə pulsuz verilir. Bu Məcəllə qüvvəyə minənədək vətəndaşların qanuni istifadəsində olmuş həyətyanı sahə, fərdi mənzil, fərdi bağ və fərdi qaraj tikintisi üçün torpaq sahələri onların xüsusi mülkiyyətinə keçirilir. -Maddə 12. Torpaq sahələri üzərində mülkiyyət hüququnu başqasına torpaq sahəsinin yerləşdiyi rayon, şəhər xalq deputatları Sovetləri keçirir. -maddə 23. Vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. “Torpaq islahatı haqqında” Qanunun 10-cü maddəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Eyni zamanda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Həmin Məcəllənin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Sadalanan normalardan müəyyən olunur ki, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahəsinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayrıma ilə bağlı hərəkətlərin icrasını isə bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Belə olan halda, əhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsi iddiaçıya cavabdeh tərəfindən ayrıldığından həmin torpaq sahəsinin naturada təyin edilməsini təsdiq edən sənədin, yəni torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsi də həmin qurumun vəzifəsi olmuşdur. İddiaçı hazırda ona ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsini xahiş etsə də, əslində bununla ona torpaq ayrılan zaman tərtib edilən cizginin “dublikatı”nın (surətinin) verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, nə qədər ki, cavabdeh həmin sənədi torpaq ayırma zamanı tərtib etmək vəzifəsi, iddiaçı tələb etdikdə isə onun “dulikatı”nı (surətinin) təqdim etmək vəzifəsi daşımışdır, həmin sənədin hazırda cavabdeh orqanda saxlanılmaması onu bu vəzifəsinin icrasından azad etmir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçı hazırkı tələbində haqlı olmuşdur və bu səbəbdən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri Cavabdeh xx.xx.1998-ci il tarixli 815 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən 600 kv.metr torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-2314/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2314/2025
02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver