Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2315/2023 25.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ehtiyata buraxılma barədə əmrin əsasının dəyişdirilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ehtiyata buraxılma barədə əmrin əsasının dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 25 iyun 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.N9-cu il tarixdən bağlaşma əsasında 1 il 6 ay müddətinə “Leytenant” hərbi rütbəsində N nömrəli hərbi hissədə xidmət keçmişdir. N aprel 2022-ci il tarixli, 0338 nömrəli əmrlə, “Leytenant” hərbi rütbəsi ləğv edilməklə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin N aprel 2022-ci il tarixli, 0338 nömrəli əmrinin ləğv edilərək, “Leytenant” hərbi rütbəsinin bərpa edilməsi və əmrdə ehtiyata buraxılmanın əsasının ““Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə)”dən ““Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddətləri başa çatdıqda)”ya dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə “iddianın dəyişdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N aprel 2022-ci il tarixli, 0338 nömrəli əmrində ehtiyata buraxılmanın əsasının ““Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə)”dən ““Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddətləri başa çatdıqda)”ya dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində xx.xx.N9-cu il tarixdən xx.xx.N9-cu il tarixədək fəaliyyət göstərən motoatıcı taqım komandiri ixtisası kursunu bitirmişdir. Bu barədə Azərbaycan Respublikası Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi tərəfindən “Ehtiyat zabit hazırlığı kursunu bitirmə haqqında” EZ № 3051 saylı Sertifikat verilmişdir. Azərbaycan Respublikasının Müdafiə nazirinin 08 iyul N9-cu il tarixli, 0554 nömrəli əmri ilə ona “leytenant” hərbi rütbəsi verilməklə bağlaşma əsasında 1 il 6 ay müddətinə zabitlərin həqiqi hərbi xidmətinə könüllü qəbul edilmiş və 920-ci Raket Briqadasının (N nömrəli hərbi hissə) Kadrlar bölməsinin rəisinin kömkçisi vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N iyul N9-cu il tarixli, 2N nömrəli əmrinə əsasən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin N aprel 2022-ci il tarixli, 0338 nömrəli əmri ilə ona verilmiş “leytenant” hərbi rütbəsi alınmış və “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsası ilə ehtiyata buraxılmışdir. İddiaçı xx.xx.N7-ci il tarixdə Ukrayna Respublikası Regionlararası X2 bitirmiş, ona B17 № 247449 nömrəli bakalavr diplomu verilmiş, həmin diplom Azərbaycan Respublikasında tanınmış, bu barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən N7-ci il tarixli, 109384 qeydiyyat nömrəli Şəhadətnamə verilmişdir. Hazırda ona verilmiş ali təhsil haqqında diplomun etibarsız hesab edilməsi iddiaçının təqsiri deyildir və bu xidməti uyğunsuzluğa görə əsası ilə ehtiyata buraxılmağına əsas vermir. Həmçinin, iddiaçı xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissənin qərargah rəisinə raport verərək onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddətləri başa çatdıqda) əsasən Azərbaycan Ordusundan ehtiyata buraxılmağı üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Lakin onun ehtiyaya buraxılması “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndi (xidmət müddətləri başa çatdıqda) əsası ilə olmamışdır. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, İddiaçı N9-cu ilin mart ayında Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin “Ehtiyat zabit hazırılığı kursu”na qəbul olunarkən, qəbul komissiyasına adına tərtib olunmuş B17 seriyalı 247449 nömrəli diplomu və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 109384 nömrəli şəhadətnaməsini təqdim etmiş, həmin komissiyanın xx.xx.N9-cu il tarixli qərarına əsasən “Motoatıcı bölmə, hissə və birləşmələrin döyüş tətbiqi” hərbi uçot ixtisası üzrə ehtiyat zabit kursuna qəbul edilmiş, həmin kursu bitirdikdən sonra müdafiə nazirinin xx.xx.N9-cu il tarixli 0554 nömrəli əmri ilə “leytenant” hərbi rütbəsi verilməklə bağlaşma əsasında 1 il 6 ay müddətinə zabit kimi həqiqi hərbi xidmətə qəbul edilərək N nömrəli hərbi hissədə kadrlar bölməsinin rəisinin köməkçisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən vətəndaş İddiaçı verilmiş 109384 nömrəli şəhadətnamənin Azərbaycan Respublikasında tanınması və ekvivalentliyinin müəyyən edilməsinə (nostrifikasiyasına) dair X3 informasiya bazasında qeydiyyatda olmaması ilə bağlı 2021-ci ilin əvvəllərində Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinə daxil olmuş məlumat əsasında araşdırma aparılmış və B17 seriyalı 247449 nömrəli diplomun Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Agentliyinin Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə X3 informasiya bazasında qeydiyyatda olmadığı müəyyən edilmişdir. Qeyd edilən faktla bağlı toplanmış materiallar araşdırmanın davam etdirilməsi üçün Azərbaycan Respublikası Hərbi Prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində ********* nömrəli cinayət işi üzrə vətəndaş İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə aparılan cinayət işinin icraatına CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığından xitam verilməsinə dair xx.xx.2021-ci il tarixdə qərar qəbul edilmiş və vətəndaş X1 barəsində olan cinayət işi istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə Binəqədi Rayon Prokurorluğuna göndərilmişdir. Bununla da İddiaçı adına tərtib edilmiş 109384 nömrəli şəhadətnamənin saxta olduğu müəyyən edilmişdir. Vətəndaş İddiaçı adına tərtib edilmiş ali təhsil haqqında diplomun Azərbaycan Respublikasında tanınması və ekvivalentliyinin müəyyən edilməsinə (nostrifikasiyasına) dair saxta sənəd əsasında həqiqi hərbi xidmətə qəbul edildiyi üçün Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 0338 nömrəli əmrinə əsasən “leytenant” hərbi rütbəsi alınmaqla Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Belə ki, Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 58-ci maddəsinin “j” bəndinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş ali təhsilli hərbi vəzifəlilərə, ehtiyat zabitlərin hazırlığı üzrə təlim toplanışlarını keçdikdən və müəyyən edilmiş imtahanları verdikdən sonra “Leytenant” hərbi rütbəsi verilir. İddiaçı zabit kateqoriyasında hərbi xidmətə uyğun hesab edilməsinin əsas və yeganə şərtlərindən biri onun ali təhsilli olması və ali təhsil haqqında diplomunun Azərbaycan Respublikasında tanınması və ekvivalentliyinin müəyyən edilməsidir (nostrifikasiyasıdır). Əks təqdirdə şəxs sözügedən qanunvericiliyin tələblərinə əsasən zabit kimi hərbi xidmətə uyğunsuz hesab edilir. Beləliklə, iddiaçının təqdim etdiyi B17 seriyalı 247449 nömrəli diplomun Azərbaycan Respublikasında tanınmadığını, ekvivalentliyinin müəyyən edilmədiyini (nostrifikasiya olunmamasını) nəzərə alaraq, ona ali təhsilli kimi leytenant hərbi rütbəsi verilməsi və onunla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın təsdiq edilməsi haqqında N5-ci il 2 fevral tarixli 21 nömrəli Qərarının tələblərinə ziddir və onun zabit kateqoriyasında xidmət etməsi uyğun deyildir. Belə olan halda cavabdeh Azərbacyan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının leytenant hərbi rütbəsinin alınmaqla Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasında qanunvericiliyin tələbləri pozulmamışdır və iddiaçının barəsində haqlı qərar qəbul edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, iddiaçı N9-cu ilin mart ayında Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin “Ehtiyat zabit hazırılığı kursu”na qəbul olunarkən, qəbul komissiyasına adına tərtib olunmuş B17 seriyalı 247449 nömrəli diplomu və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 109384 nömrəli şəhadətnaməsini təqdim etmiş, həmin komissiyanın xx.xx.N9-cu il tarixli qərarına əsasən “Motoatıcı bölmə, hissə və birləşmələrin döyüş tətbiqi” hərbi uçot ixtisası üzrə ehtiyat zabit kursuna qəbul edilmiş, həmin kursu bitirdikdən sonra Müdafiə nazirinin xx.xx.N9-cu il tarixli 0554 nömrəli əmri ilə “leytenant” hərbi rütbəsi verilməklə bağlaşma əsasında 1 il 6 ay müddətinə zabit kimi həqiqi hərbi xidmətə qəbul edilərək N nömrəli hərbi hissədə kadrlar bölməsinin rəisinin köməkçisi vəzifəsinə təyin edilmişdir. Daha sonra iddiaçının təqdim etdiyi diplom üzrə ixtisasın tanınması barədə şəhadətnamənin saxtalaşdırılması faktı üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda araşdırma aparılmış. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində ********* nömrəli cinayət işi üzrə İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə aparılan cinayət işinin icraatına CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığından xitam verilməsinə dair xx.xx.2021-ci il tarixdə qərar qəbul edilmiş və vətəndaş X1 barəsində olan cinayət işi istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə Binəqədi Rayon Prokurorluğuna göndərilmişdir. Daha sonra iddiaçı saxta sənəd əsasında həqiqi hərbi xidmətə qəbul edildiyi üçün Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 0338 nömrəli əmrinə əsasən “leytenant” hərbi rütbəsi alınmaqla Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı hazırda ehtiyata buraxılma barədə əmrin əsasının dəyişdirilməsi barədə iddia irəli sürmüşdür. Tətbiq edilən hüquq: “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:
156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa);. .. e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ...
“Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: 38.1. Dinc dövrdə həqiqi hərbi xidmətin müddətləri təqvim hesabı ilə aşağıdakı kimi müəyyənləşdirilir: ... 38.1.5. zabitlər üçün: ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılanlar və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar – 1 il 6 ay (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilirlər), bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllüdaxil olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər – 3 ilədək (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə yeni bağlaşma bağlanır). Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); ... 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); ...
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırkı iş üzrə mübahisələndirilən inzibati akt iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı əmrdir. İddiaçı ehtiyata buraxılma barədə əmrin əsasının dəyişdirilməsi tələbini irəli sürmüşdür. İşin mübahisəsiz hallarıdır ki, iddiaçı “leytenant” hərbi rütbəsi verilməklə bağlaşma əsasında 1 il 6 ay müddətinə zabit kimi həqiqi hərbi xidmətə qəbul edilmiş, iddiaçı həmin müddəti başa vurmuş, lakin iddiaçının təqdim etdiyi diplom üzrə ixtisasın tanınması barədə şəhadətnamənin saxtalaşdırılması faktı ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılmış, iddiaçı barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilmişdir. Cavabdeh məhz şəhadətnamənin saxta olmasına istinad edərək iddiaçının “leytenant” hərbi rütbəsini ləğv etməklə xidməti uyğunsuzluğa görə ehtiyata buraxmışdır. Ehtiyata buraxılmanın əsasları və qaydası “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə tənzimlənir və xidməti uyğunsuzluq, hərbi qulluqçunun bundan sonra hərbi xidmətinin davam etməsinə imkan verməyən faktların mövcudluğunu ehtiva edir. Məhkəmə qeyd edir ki, qanunçuluq prinsipi inzibati orqanların qəbul etdikləri qərarların, həyata keçirdikləri tədbirlərin (fəaliyyətin) qanunlara zidd (“contra legem”) olmamasını və qanunla nəzərdə tutulmayan (“praeter legem”) tədbirlərin həyata keçirilməməsini ehtiva etməklə yanaşı, inzibati fəaliyyətin qanun əsasında (“secundum legem”) həyata keçirilməsini də müəyyən edir. Beləliklə, inzibati orqanların fəaliyyəti ancaq o zaman qanunauyğun olur ki, onların öz fəaliyyətini həyata keçirərkən istifadə etdiyi səlahiyyətləri üçün qanuni əsaslar mövcud olsun. Bu mənada, hazırkı işin hallarına münasibətdə qanunçuluq prinsipinin tələbləri baxımından “xidməti uyğunsuzluq” həm qanunvericinin səlahiyyətləndirdiyi müvafiq orqan tərəfindən müəyyən olunmalı, həm də qeyd edilən faktın mövcudluğunu sözügedən orqan qanunun tələb etdiyi mötəbər və aidiyyəti sübutlarla təsdiq etməlidir. Beləliklə, mübahisələndirilən qərar iddiaçı barəsində qəbul edilmiş əlverişsiz inzibati aktdır. İnzibati icraat haqqında qanunvericiliyin müddəalarına əsasən isə, əlverişsiz inzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. İnzibati icraat zamanı isə ilk növbədə inzibati orqan özü obyektiv və hərtərəfli araşdırma prinsipinə tabedir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələblərinə əsasən inzibati orqan, o cümlədən də cavabdeh inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxsin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İşin müəyyən edilmiş hallarından aydın olur ki, cavabdehin gəldiyi “xidməti uyğunsuzluq” nəticəsi heç də iddiaçının xidməti ilə bağlı olmamışdır. Belə ki, iddiaçının hərbi xidmət üzrə nizam-intizam qaydalarına əməl etməməsinə, barəsində intizam tənbehlərinin tətbiq edilməsinə istinad edilməmişdir. İddiaçının xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmasını zəruri edən qüsurlu davranışa yol verdiyini təsdiqləyən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Yalnız diplom üzrə ixtisasın tanınması barədə şəhadətnamənin saxta olmasına istinad edilmişdir ki, məhkəmə hesab edir ki, qeyd edilən hal özlüyündə şəxsin xidməti uyğunsuz hesab edilməsinə əsas verə bilməz. Bu hal şəxsin zabit kimi ehtiyatda qalmasının qarşısını ala bilər ki, sözügedən əmrdə iddiaçının “Leytenant” hərbi rütbəsi ləğv edilmişdir və əmr həmin hissədə mübahisələndirilmir. Həmçinin xüsusilə qeyd edilməlidir ki, şəhadətnamənin saxtalaşdırılması faktı ilə bağlı iddiaçının əməlində cinayət tərkibinin olmaması öz təsdiqini tapmışdır. Məhkəmə bir daha qeyd edir ki, şəxsin zabit kimi hərbi xidmətə uyğunsuz hesab edilməsinə “Leytenant” hərbi rütbəsi ləğv edilməklə nail olunmuşdur, bunun üçün şəxsin bütövlükdə xidməti uyğunsuz hesab edilməsi şəxsin hüquqlarının məhdudlaşdırılmasına münasibətdə ədalətli sayıla bilməz. İnzibati orqanın qərar qəbul edərkən işin mahiyyətinə yad olan aspektləri nəzərə alıbalmamasını yoxlayarkən, məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini həmin səlahiyyətin məqsədinə (şübhə mövcud olduğu təqdirdə bu məqsəd təfsir vasitəsilə araşdırılır) uyğun həyata keçirib-keçirmədiyinə nəzər yetirməlidir. İnzibati orqanın diskresion səlahiyyət daxilində qəbul etdiyi qərar inzibati icraatın gedişində lazımi qaydada və tam şəkildə müəyyən edilmiş faktlara əsaslanmalıdır. Diskresion səlahiyyət əsasında qəbul edilmiş və işin mahiyyətinə uyğun əsaslandırılmış qərarın yoxlanılması zamanı inzibati orqanın inzibati icraatın ümumi prinsiplərini nəzərə alması da həlledici əhəmiyyət kəsb edir. Buraya, həmçinin bərabərlik prinsipinə riayət edilməsi və mütənasiblik prinsipinin nəzərə alınması aiddir. Mütənasiblik prinsipinə müvafiq olaraq, inzibati orqanın hüquqlara müdaxilə edən tədbirləri inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, eləcə də həmin məqsədə çatmaq üçün zəruri və yararlı olmalıdır. Mütənasiblik yararlılıq, zərurilik və uyğunluq kimi üç əlamətdən ibarətdir. Şəxsin subyektiv hüquqlarına müdaxilə o halda qeyri-mütənasib hesab olunur ki, o, güdülən məqsədə çatmaq üçün yararsız və ya qeyri-zəruri olsun (məsələn, həmin məqsədə çatmaq üçün daha yumşaq vasitənin olması səbəbindən). Bundan başqa, konkret müdaxilə güdülən məqsədə qeyri-mütənasib ola bilməz. Yuxarıda qeyd olunanlar ayrı-ayrılıqda aşağıdakı nəticəyə gəlməyə əsas verir: İnzibati orqan yararlı olan tədbiri həyata keçirmiş olmalıdır. Bu, o deməkdir ki, inzibati orqan hər hansı bir müdaxilə tədbiri həyata keçirməklə icazə verilən, qanuni məqsəd güdür və həmin tədbir bu məqsədə çatmanı təmin etməlidir. İnzibati orqanın hərəkəti həmçinin zəruri olmalıdır. Dövlətin adından edilən hərəkətin zəruriliyi ona görə vacib amil hesab olunur ki, kiçik problemlərin böyük tədbirlər vasitəsilə aradan qaldırılması hüquqi dövlətin tələblərinə uyğun sayılmır. Tədbir o zaman zəruri olur ki, inzibati orqan mümkün olan bir neçə yararlı davranış variantından maraqlı şəxsə münasibətdə ən yumşağını seçsin. İnzibati orqanın hərəkəti eyni zamanda mütənasib, yəni uyğun olmalıdır. Əgər yararlı və digər vasitələrlə müqayisədə, hətta ən yumşaq olan vasitə belə, vətəndaşın hüquqlarının məhdudlaşdırılmasına münasibətdə ədalətli olmazsa, tətbiq edilə bilməz. Məqsəd və vasitə arasındakı mütənasiblik “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsində təsbit edilən və bütün inzibati orqanların davranışına şamil edilməli olan prinsipdir. Göründüyü kimi, iddiaçı bağlaşma əsasında 1 il 6 ay müddətinə zabit kimi həqiqi hərbi xidmətini başa vurduğundan ““Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddətləri başa çatdıqda)” əsası ilə ehtiyata buraxılmasını tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilərək, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N aprel 2022-ci il tarixli, 0338 nömrəli əmrində N nömrəli hərbi hissənin Şəxsi heyətin uçotu bölməsi (Q1) rəsinin köməkçisi İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasının əsası ““Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə)”dən ““Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddətləri başa çatdıqda)”ya dəyişdirilməlidir.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N aprel 2022-ci il tarixli, 0338 nömrəli əmrində N nömrəli hərbi hissənin Şəxsi heyətin uçotu bölməsi (Q1) rəsinin köməkçisi İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasının əsası ““Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə)”dən ““Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddətləri başa çatdıqda)”ya dəyişdirilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həmid Ağalarov