Məhkəmə qərarları › İş №2-1(112)-2315/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2315/2024

17.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2315/2024 17.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Ermənistan Respublikasının Vedi rayonu Şidli kənd kolxozunda 1978-1988-ci illərdəki və Nizami rayonu 88 nömrəli MİS-də xx.xx.1990-cı il tarixdən xx.xx.1996-cı il tarixə qədər işlədiyi müddətin əmək pensiyasının üzərinə əlavə edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Ermənistan Respublikasının Vedi rayonu Şidli kənd kolxozunda 1978- 1988-ci illərdəki və Nizami rayonu 88 nömrəli MİS-də xx.xx.1990-cı il tarixdən xx.xx.1996cı il tarixə qədər işlədiyi müddətin və xx.xx.1996-cı il tarixdən xx.xx.2019-cu il tarixinədək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş qızına qulluq etdiyi müddət iş stajı kimi sayılaraq əmək pensiyasının üzərinə əlavə edilməsi və pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü ildə Ermənistan Respublikasının Vedi (Ararat) rayonunun Şidli kəndində anadan olmuş, 1978-1988-ci illərdə həmin kənddə kolxozda fəhlə işləmişdir. 1988-ci ildə məlum hadisələr zamanı ailə üzvləri ilə birlikdə qaçqın düşərək Bakı şəhərində məskunlaşmışdır. 18 iyul 1990-ci il tarixdən 07 iyul 1996-cı il tarixinə qədər Nizami rayon 88 nömrəli MİS-də süpürgəçi işləmişdir. xx.xx.1986-cı il təvəllüdlü qızı X4 “Miopatiya, kretizm” əlamətləri ilə uşaqlıqdan sağlamlığının 81-100 faizini itirdiyinə görə yaşı artdıqca kənar şəxsin köməyinə ehtiyacı 01 iyul 1996-cı ildə məcbur qalıb işdən çıxmışdır. İşdən çıxdığı vaxtdan qızına baxır. Cavabdeh pensiya qurumu tərəfindən iddiaçıya 19 aprel 2022-ci ildə əvvəlki 3 il də nəzərə alınmaqla, yəni 2019-cu ildə yaşa görə əmək pensiyası 160 manat məbləğində təyin edilmişdir. Cavabdeh tərəfindən ona pensiya təyin edilərkən Nizami rayon 88 saylı MİS-də işlədiyi dövr hüquqyaradan müddət kimi götürülmüş, lakin qızı Rəşalə Nağıyevaya baxmağı iş stajına hesablanmamışdır. Nizami rayon 88 nömrəli MİS-də işlədiyi dövr stajına hesablanmış olsa idi, 2019-cu ilə görə minimum pensiya məbləği 160 manat yox, daha artıq olmalı idi. Sonrakı dövrlərdə də, pensiya məbləği indeksləşdirilərək həmin fərqdə əlavə olunacaqdı. Bundan başqa 1978-1988-ci illərdə Vedi rayonunun Şidli kənd kolxozunda fəhlə işləməyi də sorğu göndərilməsi mümkün olmadığına görə iş stajı kimi götürülməyib, stajına hesablanmamışdır. Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3213/2023 saylı, 26 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddiaçının ərizəsi təmin edilmiş və 1978-1988-ci illərdə Ermənistan Respublikasının Vedi (Ararat) rayonunun Şidli kənd kolxozunda fəhlə işləməsi faktı müəyyən edilmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciə edib yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh tərəfindən göndərilmiş 03 avqust 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, pensiya işinə daxil olan sənədlərin surətinə və Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən 38 il, 4 ay, 23 gün sığorta stajı (xx.xx.1978-ci il tarixdən xx.xx.1988-ci il tarixədək olan dövrlər nəzərə alınmaqla) əsasında əmək pensiyası yenidən hesablanmış və məbləğində dəyişiklik olmamışdır (327,21 manat). Məktubda həmçinin qeyd edilmişdir ki, iddiaçının xx.xx.2006=-cı il tarixdən xx.xx.2019-cu il tarixədək orqanizmin funksiyalarının 81-100 faizi pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq etdiyi müddət pensiya təyin olunarkən hüquqyaratma prosesində nəzərə alınsa da, xx.xx.2006-cı il tarixindən sonra xeyrinə sosial sığorta haqları ödənilmədiyindən pensoya məbləğinin hesablanmasında nəzərə alınmayıb. İddiaçı qeyd edir ki, o, qızı Rəşalə Nağıyevaya qulluq etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 643 nömrəli Fərmanına uyğun olaraq 100 manat məbləğində təqaüd alır. Təqaüd almağı barədə MEİS-in “Sosial ödənişlər” altsistemində məlumatlar mövcuddur. Bundan başqa cavabdeh pensiya qurumu xx.xx.2023-cü il tarixli məktubunda “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.6-cı bəndinə istinad etməli olduğu halda 4.2.1-ci bəndinə istinad edərək onun hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, İddiaçı xx.xx.2019-cu ildən (xx.xx.2022-ci il tarixli müraciətindən əvvəlki 3 il nəzərə alınmaqla) 160 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2019-cu ildən 200 manata çatdırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən İddiaçı əmək pensiyasının məbləği xx.xx.2020-ci il tarixdən 233,20 manata, xx.xx.2021-ci il tarixdən 259,78 manata, xx.xx.2022-ci il tarixdən 268,61 manata çatdırılmışdır. Sözügedən Qanuna xx.xx.2023-cü ildən əlavə edilmiş 26.4-cü maddəyə uyğun olaraq 2022-ci il üzrə əmək pensiyaçılarına münasibətdə müəyyən edilmiş maddi yardım (200 manat) 2023-cü ilin yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunanlara əsasən İddiaçı əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 285,28 manata (268,62+16,66=285,28), eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilərək həmin tarixdən 327,21 manata çatdırılmışdır. Bildirilmişdir ki, İddiaçı pensiya işinə daixl olan sənədlərin surətinə və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3213/2023 saylı qətnaməsinə əsasən 38 il 4 ay 23 gün sığorta stajı (xx.xx.1978-ci il tarixdən xx.xx.1988-ci il tarixədək olan dövrlər nəzərə alınmaqla) əsasında əmək pensiyası yenidən hesablanmış və məbləğində dəyişiklik olmamışdır (327,21 manat). “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.2-ci bəndinə əsasən sosial sığorta stajı 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən müəyyən olunur. Sözügedən Qaydanın tələblərinə uyğun olaraq İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq etdiyi müddət pensiya təyin olunarkən hüquqyaratma prosesində nəzərə alınsa da, xx.xx.2006-cı il tarixdən sonra xeyrinə sosial sığorta haqları ödənilmədiyindən pensiya məbləğinin hesablanmasında nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bu səbəbdən İddiaçı yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün hesablanmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi Ermənistan Respublikasının Vedi rayonu Şidli kənd kolxozunda 1978-1988-ci illərdəki və Nizami rayonu 88 nömrəli MİS-də xx.xx.1990-cı il tarixdən xx.xx.1996-cı il tarixə qədər işlədiyi müddətin və xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladına qulluq etdiyi müddətin iş stajı kimi sayılaraq əmək pensiyasının üzərinə əlavə edilməsi və pensiyasının yenidən hesablanması hissəsində mümkün sayılmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı isə hər hansı üzrlü səbəb bildirmədən məhkəməyə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, iddiaçının hazırkı tələbi üzrə müraciətinə baxılaraq etirazdakı dəlillərə uyğun məzmunda imtina verilmişdir. -AA******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbisosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumat vərəqindən görünür ki, xx.xx.1986-cı il təvəllüdlü X3 xx.xx.2002-ci il tarixdən “Miopatiya, kretizm əlamətləri ilə” diaqnozu ilə, ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. -İddiaçının pensiya işinin materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-17-1/1-N- 185355/2023 nömrəli qərardan görünür ki, iddiaçının yaşa görə əmək pensiyası ƏPQ-nin 22-1.3-cü maddəsinə əsasən yenidən hesablanmış və 327,21 manat müəyyən edilmişdir. -cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tairxli məktubda bildirilmişdir ki, İddiaçı Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-3213/2023 nömrəli qətnaməsinə əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1988ci il tarixədək Şidli kənd kolxozunda və təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1990-cı il tarixdən xx.xx.1996-cı il tarixinədək işlədiyi dövrlər, xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixinədək sağlamlıq imkanları məhdud uşağa qulluq etdiyi dövr, xx.xx.2002-ci il tarixdən xx.xx.2019-cu il tarixədək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edilməsi dövrü daxil olmaqla sığorta stajı 38 il 4 ay 23 gün təşkil edir. -Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı İ qrup əlilliyi olan şəxslərə qulluğa görə 100 manat məbləğində təqaüd alır. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.2019-cu ildən yaşa görə əmək pensiyası təyin edilmiş, lakin xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladına qulluq etdiyi dövrdə xeyrinə sosial sığorta haqları ödənilmədiyindən pensiya məbləğinin hesablanmasında nəzərə alınmamışdır. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 1.1.8-ci maddəsinə əsasən sığortaolunanlar-xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslərdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.6-cı maddəsinə əsasən fərdi uçot - sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir. Həmin Qanunun 1.0.7-ci maddəsinə əsasən fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: -21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən, dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılmasıdır. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən, fərdi şəxsi hesaba aşağıdakı məlumatlar daxil edilməlidir: -5.2.14. məcburi dövlət sosial sığorta haqqı ödənilməyən, lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajına daxil edilən müddət. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”ndan: -4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.6. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə müddəti üzrə:

1. qulluqetməyə dair qulluqolunanın (onun qanuni nümayəndəsinin) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən;

2. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüdün ödənilməsinə dair MEİS-in “Sosial ödənişlər” altsisteminin məlumatına əsasən;

3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzaslarında müəyyən edilən sənədlər olmadıqda – məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən; “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 643 nömrəli Fərmanından:

1. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 100 (bir yüz) manat müəyyən olunsun. Pensiya qanunvericiliyindən göründüyü kimi, əmək pensiyasının təyin edilməsi müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənilməsi ilə şərtləndirilsə də, qanunverici (“Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsi) məcburi dövlət sosial sığorta haqqı ödənilməyən müddətin sosial sığorta stajına və fərdi şəxsi hesaba daxil edilməsini də mümkün hesab edir. Bundan ötrü tələb olunan əsas şərt isə şəxsin sığortaolunan hesab edilməsidir ki, bu hal hazırkı iş üzrə mübahisəli deyil. Belə ki, iş materiallarından da göründüyü kimi iddiaçıya məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmuş şəxs kimi 2019-cu ilin aprel ayından yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsinin, konkret halda, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən şəxs kimi 21.2.4-cü maddəsinin təsiri altına düşür. Məhkəmə cavabdehin imtina dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının qızı X2 xx.xx.2002-ci il tarixdən İ dərəcəli müddətsiz əlilliyi müəyyən edilmiş şəxs (hazırkı meyarlara əsasən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə), iddiaçının isə ona qulluq edən şəxs kimi Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 643 nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüd alan şəxs olması işin mübahisəli hallarından olmamaqla iş materialları ilə də təsdiqini tapır. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.6-cı maddəsindən göründüyü kimi, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə müddəti üzrə sosial sığorta stajına daxil edilməsi üçün sığorta ödənişinin ödənilməsi şərti nəzərdə tutulmamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, istinad olunan Qaydanın 4.1ci bəndi əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajını müəyyən edən ümumi norma kimi, 4.1.2-ci bənd və 4.1.6-cı bəndlər nöqtəli vergüllə ayrılmaqla iki müstəqil cümlə şəklində verildiyindən ayrı-ayrı münasibətləri tənzimləyən xüsusi normalar kimi çıxış edir. Belə ki, 4.1.2-ci bənd 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə sosial sığorta haqları ödənilən əmək fəaliyyəti dövrünün, 4.1.6-cı bənd isə sırf orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə müddətinin sosial sığorta stajının hesablanmasına xidmət edir. Hazırkı halda isə iddiaçının vəziyyətinə uyğun norma Qaydanın 4.1.6-cı bəndi olduğundan cavabdehin 4.1.2-ci bəndə istinadı düzgün olmamışdır. Belə olan halda iddiaçının mübahisəli xx.xx.2006-cı ildən xx.xx.2019-cu il tarixə qədər orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə müddətində sığorta haqlarının ödənilməməsi onun pensiya hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilməz. Ona görə də iddia tələbi əsaslıdır və təmin olunmalıdır. «İnzibati icraat haqqında» Qanununun: -15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. -17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Beləliklə, məhkəmənin gəldiyi nəticə belədir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladına qulluq etdiyi müddət onun sosial sığorta stajına daxil edilməklə pensiya məbləğinin hesablanmasında nəzərə alınması və iddiaçının yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladına qulluq etdiyi müddət onun sosial sığorta stajına daxil edilməklə pensiya məbləğinin hesablanmasında nəzərə alınması və iddiaçının yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar