Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2316/2022 18.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Pirallahı rayonunun Dübəndi bağlar massivində yerləşən bağçılıq yoldaşlığı tərəfindən ayrılmış, sahəsi 1200 kv. metr olan 344/345 saylı bağ sahəsi və mövcud tikili üzərində onun mülkiyyət hüquqlarının qeydə alınaraq, bağ sahəsinə və tikiliyə texniki pasportun, plan-cizginin və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Pirallahı rayonunun Dübəndi bağlar massivində yerləşən bağçılıq yoldaşlığı tərəfindən ayrılmış, sahəsi 1200 kv. metr olan 344/345 saylı bağ sahəsi üzərində onun mülkiyyət hüquqlarının qeydə alınaraq, bağ sahəsinin planı və çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, Pirallahı rayonunun Dübəndi bağlar massivində olan yoldaşlıq bağçılıq təsərrüfatının üzvlüyünə 1997-cı ildə qəbul olunmuş və bağçılıq təsərrüfatının balansında olan, Bakı şəhəri, Pirallahı rayonunun Dübəndi bağlar massivində yerləşən torpaq sahəsindən 1200 kv. metr torpaq sahəsi olan 344/345 N-li bağ sahəsi ona ayrılmışdır. Yoldaşlıq bağçılıq təsərrüfatının üzvlüyünə qəbul və 344/345 №li Bağ sahəsinin ona ayrılması Bağçılıq idarəsinin 21.05.1996-cı il tarixli, 3 saylı Protokolla və üzvlük biletinin verilməsi ilə rəsmiləşdirilmişdir. Qeyd edilən 1200 kv. metrdan ibarət bağ sahəsi həmin tarixdən hazırki vaxtadək faktiki sahiblik və istifadəsindədir. 24.03.2005-ci il tarixdə onun müraciətinə əsasən bağın hasara alınması üçün Bakı şəhər İcra Hakimiyyətinin Aparatının Abadlaşdırma və X1 Departamenti tərəfindən bağ sahəsində hasarın tikilməsinə icazə verilmiş və həmin icazəyə bağ sahəsinin plan ölçüləri əlavə olunmuşdur. Torpağın yerləşdiyi ərazi yuxarıda qeyd edilən bağçılıq idarəsinə məxsus olmaqla, üzvlər arasında paylanılmış və hər tərəfdə fərdi yaşayış evləri inşa edilmişdir. Ətrafda faktiki olaraq boş sahə yoxdur. Ətrafdakı Bağ sahələri üzərində evlər tikilmiş mülkiyyət hüquqları qeydiyyata alınmışdır. O, faktiki mülkiyyətində olan Bağ sahəsi üzərində qanunauyğun olaraq mülkiyyət hüququnun qeydiyyatı üçün 14.07.2021-ci il tarixdə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin 1 saylı Bakı Ərazi İdarəsi Bakı şəhəri, Pirallahı rayonunun Dübəndi bağlar massivində, onun faktiki mülkiyyətində olan bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatından 24.08.2021ci il tarixli, **********28 N-li məktubla imtina edilmişdir. Məktubda qeyd olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, digərləri ilə yanaşı, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq- yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur. Bununla bağlı bildirmək lazımdır ki, yoldaşlıq bağçılıq təsərrüfatının üzvlüyünə qəbul və 344/345 N-li Bağ sahəsinin iddiaçıya ayrılması bağçılıq idarəsinin 21.05.1996-cı il tarixli, 3 saylı Protokolla həyata keçirilmişdir. Bu barədə ona verilmiş bağçının üzvlük kitabçasında qeyd var. O, 344/345 №li bağ sahəsinin ona ayrılmasına dair protokolun surətinin ona təqdim edilməsi barədə dəfələrlə müraciət etmişdir. Belə ki, DƏDRX-nin Bakı şəhəri ərazi idarəsi 31.05.2011 -ci il tarixli, 09/22195 №li məktubu ilə iddiaçıya bildirmişdir ki, “sözügedən Bağ sahəsinin hansı təşkilat tərəfindən.ayrıldığı barədə daha dəqiq məlumat verildikdən sonra ərizəyə yenidən baxılacaq”. Cavabdehin arxivində hər hansı protokolunun, siyahının və ya sənədin olmaması onun hüququnun qeydiyyatından imtina üçün əsas ola bilməz. Çünki həmin sənədləri saxlamaq və arxivləşdirmək sənədi verən orqanın və ya hüquqi varisin vəzifə borcudur. Bu sənədlərin arxivinin saxlanmasında vətəndaş kimi heç bir vəzifəsi və öhdəliyi yoxdur və bu hal əmlakın dövlət qeydiyyatına alınması üçün maneə yarada bilməz. O, Milli Arxiv İdarəsinə müraciət etdikdə 28.02.2017-ci il tarixdə, 561 №li məktubla məlumat verilmişdir ki, sözügedən bağ sahəsi Bakı şəhəri Xalq Deputatları İcrayyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli, 20/396 №li Qərarın 1.1.31-ci bəndinə əsasən Əzizbəyov rayonun Dübəndi qəsəbəsində yerləşən torpaq sahələrində bağçılıq təsərrüfatarı yaratmaqla Azərbaycan Jurnalistlər Birliyinin 30 üzvü həmin bağçılıqın yoldaşlığına qəbul edilmişdir. "İki sahil” qəzetinin verdiyi arayışdan məlum olur ki, o, 1997-ci ildən 2009-cu ilə qədər ARDNŞ Departamentində sürücü vəzifəsində işləyərək “İki Sahil” qəzeti redaksiyasına xidmət göstərmişdir. O, bağ sahəsindən faktiki olaraq 1997-ci ildən istifadə və sahiblik etməklə, həmin sahədə tikili inşa etmiş, lakin torpağa mülkiyyət hüquqlarını təsdiq edilmədiyi üçün mövcud tikiliyə də mülkiyyət hüquqlarını rəsmiləşdirə bilməmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 13.09.2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair 28.10.2021-ci il tarixli **********79 saylı yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qeyd edilən bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bununla bağlı iddiaçıya 24.08.2021-ci il tarixli, **********28 saylı cavab məktubu ünvanlanmışdır. İddiaçı İdarəyə 02.12.2017-ci il tarixdə müraciəti daxil olmuş, ərizəsinə üzvlük kitabçasının surətini əlavə etmişdir. Həmin müraciətə cavab olaraq İdarə tərəfindən ona ünvanlanan **********17 qeydiyyat nömrəli 29 dekabr 2017-ci il tarixli məktubda bildirilmişdir ki, təqdim edilmiş sənədlər surətdir və Bakı şəhər Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar olunmamışdır. İddiaçı tərəfindən İdarəyə daxil olan sonuncu ərizəsinə müvafiq bağ sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd əlavə edilməmişdir. Bundan əlavə iddiaçının İdarəyə müraciətləri yalnız bağ sahəsinə dair hüquqların qeydiyyatı ilə bağlı olmuş, üzərində yerləşən tikiliyə dair hüquqların qeydiyyatı ilə bağlı müraciət etməmiş və müvafiq tikiliyə dair hüquqmüəyyənedici sənədlər əlavə etməmişdir. 18.02.2022-ci il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasında cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq və iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1942-ci ildə Neftçala rayonu, Kürkəs kəndində doğlumuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Üzvlük kitabçasında göstərilmişdir ki, Bağçılıq Cəmiyyəti üzvlərinin 21.05.1996-ci il tarixli 30№-li protokoluna əsasən İddiaçı oğu 1996-cı ildə bağçılıq Cəmiyyətinə üzv qəbul edilmiş və ona Dübəndi ərazisində sahəsi 1200 kv. metr olan 344/345 №-li bağ sahəsi 27.10.1987-ci il tarixdə qeydə alınmış qərara əsasən daimi istifadə etmək üçün ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Aparatının Abadlaşdırma və X6 İnkişafı və İstismarı Birliyi tərəfindən İddiaçı ünvanlanmış 24.03.2005-ci il tarixli 392 №li məktubu ilə ona Bakı şəhər İcra Hakimiyyəti aparatının 15.10.86-cı il tarixli 18/924 №-li, 14.06.88-ci il tarixli 6/333 №-li Qərarlarına əsasən icarəsindəki bağ sahəsində hasar tikməyə icazə verildiyi bildirilmişdir. DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 31.05.2011-ci il tarixli 09/22195 saylı məktubda sözügedən bağ sahəsinin hansı təşkilat tərəfindən ayrıldığı barədə daha dəqiq məlumat verildikdən sonra ərizəyə yenidən baxılacağı bildirilmişdir. “İki sahil” qəzeti tərəfindən verilmiş 20.10.2011-ci il tarixli 0132 saylı arayışda qeyd olunmuşdur ki, İddiaçı 1997-ci ildən 2009-cu ilin may ayına qədər ARDNŞ Departamentində sürücü vəzifəsində işləyərək “İki sahil” qəzeti redaksiyasına xidmət göstərmişdir. İddiaçının müraciətinə cavab olaraq, DƏDRX 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş **********8 №li 24 avqust 2021-ci il tarixli məktubda göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qeyd edilən bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq- yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Məhkəmənin müvafiq sorğusuna əsasən DƏDRX 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş 03.12.2021-ci il tarixli **********92 saylı cavab məktubunda qeyd olunmuşdur ki, “Jurnalist” bağçılıq-yoldaşlıq birliyi nəzdində İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində, 1200 kv. metr torpaq sahəsi olan 344/345 saylı bağ sahəsinin ayrılmasına dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. Sorğu ilə əlaqədar olaraq “Jurnalist” bağçılıq-yoldaşlıq birliyinin 21 may 1996-cı il tarixli, 3 nömrəli protokolunun və sözügedən bağçılıq-yoldaşlıq birliyi üzvlərinin siyahısının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. DƏDRX 1 saylı Bakı Ərazi idarəsi tərəfindən 03.12.2021-ci il tarixli **********92 saylı məktubla məhkəməyə təqdim olunmuş aşağıdakı sənəddlərdən: - 21 may 1996-cı il tarixli 3 nömrəli protokoldan müəyyən olunur ki, Azərbaycan Jurnaliistlər İttifaqının “Jurnalist” Bağçılıq yoldaşlığının idarə heyətinin iclasında “Jurnalist bağçılıq yoldaşlığının fəaliyyəti və üzvlükdən çıxmış və yeni qəbul edilmiş üzvlər barəsində gündəlik məsələyə baxılmışdır. İclasda İdarə heyətinin sədri Ş.Nəzərli “Jurnalist” bağçılıq yoldaşlığına Dübəndi qəsəbəsi ərazisində ayrılmış torpaq sahəsinin inddiyə qədər istifadəsiz qaldığını nəzərə çatdıraraq bildirmişdir ki, 1988-ci il ildən hal-hazıra kimi “Jurnalist” Bağçılıq yoldaşlığının üzvlərinin əksəriyyəti öz bağ sahələrində bir dəfə də olmamış, orda heç bir iş görməmiş, abadlıq və becərmə işləri aparmamışlar. Bəziləri isə başqa respblikalara köçüb getmişlər. Ona görə də boş və istifadəsiz qalmış sahələrin yeni üzvlərə veriməsinin məqsədə uyğun olduğu qeyd edilmiş və aşağıdakılar qərara alınmışdır: Uzun müddət öz bağ sahəsindən istifadə etməyən, Bakı şəhərindən köçüb başqa respublikalara gedənlər və 5 ildən çox müddət ərzində bağ sahəsində heç bir abadlıq və becərmə işləri aparmayanlar (siyahı əlavə olunur) bağçılıq yoldaşlığı üzvlüyündən çıxarılsınlar və onlara verilmiş bağ sahəsinə aid sənədlər öz hüquqi qüvvəsini itirmiş hesab edilsin. Bağçılıq yoldaşlığına üzv olmaq istəyənlərin ərizələri qəbul edilsin, onlara indiki qaydalara uyğun olaraq 0,12 ha-dan artıq olmamaq şərti ilə torpaq sahəsi ayrılıb verilsin. Məhkəməyə təqdim olunmuş “Jurnalist” bağçılıq yoldaşlığının birliyinin üzvlərinin siyahısında və 25.05.1996-cı il tarixli 3 nömrəli protokolu ilə bağçılıq üzvlüyünə yeni qəbul edilənlərin siyahısında İddiaçı adı qeyd olunmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1. 1.7-ci maddəsinə əsasən 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Qanunvericiliyin tələbindən göründüyü kimi, bağ sahəsinə hüququn qeydə alınması üçün ya müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqaviləsi, sərəncam və orderdən hər hansı biri, ya da kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış mövcud olmalıdır. İddiaçı müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən ayrılmış bağ sahələrinə dair icarə müqaviləsi, sərəncam və ya order təqdim etməmiş və belə sənədlərin hər hansı birinə istinad etməmişdir. İddiaçının istinad etdiyi 21.05.1996-ci il tarixli protokol və üzvlük kitabçasıdır. "Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, bağ sahələrinin arxiv daşıyıcısı olan cavabdeh inzibati orqanda saxlanılan arxiv sənədlərində iddiaçıya bağ sahəsinin ayrılmasına dair hər hansı məlumat yoxdur. Hazırki işdə olan bağçının üzvlük kitabçasından görünür ki, X2 3 saylı 21 may 1996-ci il tarixli protokola əsasən üzvlüyə daxil edildiyi qeyd edilmişdir. Lakin iddiaçının iddia tələbinin əsasını "Jurnalist” bağçılıq-yoldaşlıq təsərrüfat birliyinin 21.05.1996-ci il tarixli protokolu təşkil edir. Belə ki, iddiaçının təqdim etdiyi 21.05.1996-ci il tarixli protokolda iclasda iştirak edən bağçılıq yoldaşlıq təsərrüfatı üzvləri barədə hər hansı qeyd aparılmamış, bağ sahəsinin ölçüsü belə göstərilməmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının nümayəndəsinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2316/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2316/2022
18.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver