Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2317/2021 09.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, X4 qızının qanuni nümayəndəsi İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi-X3 iştirakları ilə X4 qızının (xx xxxxxx 2009-cu il təvəllüdlü) cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 ailə başçısını itirməyinə görə əmək pensiyasının təyin edilməsi, əmək pensiyasının yarandığı vaxtdan hazırki vaxta qədər əmək pensiyasının hesablanması və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün cavabdehə xx.xx.2020-ci il tarixində rəsmi ərizə ilə müraciət etmişdir. Müraciətinə xx.xx.2020-ci il tarixli **********34 saylı məktubla cavab verilərək bildirilmişdir ki, təqdim olunmuş sənədlərdə mərhum əri Həsənov Aydın Yəhya oğlunun tələb olunan 8 il 8 ay sığorta stajının yoxlanılması mümkün olmadığı üçün ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Hesab edir ki, imtina əsassızdır. Belə ki, əri xx.xx.2020-ci il tarixində Sumqayıt şəhərində ölmüşdür. O, uzun illər müxtəlif vəzifələrdə işləmişdir. Ərinin 8 il 8 ay iş satıjının cavabdeh orqan tərəfindən yoxlanılmasının mümkün olmaması ona ailə başçısını itirməyə görə pensiya təyin olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və sonuncudan iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş və əsl olmayan İddiaçı əsl iddiaçı X10 ilə əvəz olunmaqla, İddiaçı sonuncunun qanuni nümayəndəsi kimi qəbul edilmişdir. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının adından DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2021-ci il tarixli iddiaya dair yazılı etirazda və xx xxxxxx 2021-ci il tarixi etiraza əlavədə göstərilmişdir ki, iddia əsassızdır. Belə ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14 və 17-ci maddələrinin tələblərinə görə iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün mərhum ərinin 8 il 8 ay sığorta stajı olmalıdır. Lakin mərhumun əmək kitabçasında iş yeri ilə bağlı qeyd edilən “Azərmənzilsənayetikintitəmir” Birliyi Füzuli 1 №li Təmir-Tikinti Trestinin dəqiqləşdirilməsinə zərurət yaranmış və aidiyyəti sorğular verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli, **********32 nömrəli məktubunda, həmçinin Azərbaycan Respublikası Dövlət Arxivinin Füzuli filialının xx.xx.2020-ci il tarixli 13 nömrəli məktubunda sözügedən müəssisə barəsində müvafiq olaraq hər hansı məlumatın olmadığı və hər hansı bir sənədin təhvil verilmədiyi göstərilmişdir. Bu səbəbdən də mərhumun tələb olunan sığorta stajı müəyyən edilməmişdir. Cavabdeh inzibati orqan qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. X4 qızının qanuni nümayəndəsi İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın adından məhkəmədə iştirak edən DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi-X8 etiraza və etiraza əlavəyə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 26.3-cü maddəsinə əsasən məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxslər inzibati məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarına uyğun olaraq təmsil olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49.4-cü maddəsinə əsasən on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2114/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 26-cı, Mülki Prosessual Məcəllənin 49.3-cü və Mülki Məcəllənin 28-ci maddəsinin tələblərini sistemli şəkildə təhlil edərək göstərir ki, xx.xx.2005-ci il təvəllüdlü N.V oğlu məhdud fəaliyyət qabiliyyətli hesab edildiyindən onun ümumi, yəni publik hüquq normalarından irəli gələn məsələlər üzrə inzibati məhkəmə icraatında iştirakı mülki prosessual qanunvericiliyində nəzərdə tutulmuş qayadada təmsil olunmaqla həyata keçirilməlidir. Nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan şəxslərin mənafeyi onların qanuni nümayəndələri tərəfindən qorunmalıdır. İddia tələbinə münasibətdə bu müddəaların tətbiqi isə o anlamı yaradır ki, yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü N.V oğlu publik hüquqdan irəli gələn onun hüquqlarına bilavasitə aid olan məsələnin həll edilməsi üzrə inzibati icraatda iddiaçı qismində çıxış edə bilər, lakin məhkəmə icraatı zamanı o, qanuni nümayəndəsi tərəfindən təmsil olunmalıdır. İş materiallarında olan: - AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1985-ci ildə doğulmuşdur. - Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxxx 2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 151926 №li doğum haqqında şəhadətnamənin və xx.xx.2016-cı il tarixdə ASAN-4 tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 12634409 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətlərindən müəyyən olunur ki, xx xxxxxx 2009-cu ildə doğulmuş X5 atası Həsənov Aydın Yəhya oğlu, anası İddiaçıdır. - Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxxx 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı 179299 №li nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X9 X11 ilə olan nikahı ləğv edilmişdir və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2009-cu ilin iyul ayının 10-cu günündə 165 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra kişiyə “Həsənov”, qadına “Yusubova” soyadı verilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3008/09 saylı xx xxxxxxxx 2009cu il tarixli qətnaməsinin təsdiq olunmuş surətindən müəyyən olunur ki, qeyd olunan qətnamə ilə xx xxxxxx 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxx 2009-cu il tarixdən başlayaraq hər ay, Həsənov Aydın Yəhya oğlundan 70 (yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq, X7 ödənilməsi qət edilmişdir. - ******* №li xx xxxxxx 2001-ci il tarixli əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətindən müəyyən olunur ki, xx.xx.1978-ci il təvəllüdlü Həsənov Aydın Yəhya oğlu xx.xx.1995-ci ildə Azərbaycan Respublikası prokurorluğunun Təsərrüfat xidmətinə fəhlə vəzifəsinə təyin edilmiş, xx.xx.1998-ci ildə tutduğu vəzifədən azad olunmuşdur. xx.xx.1998-ci ildə Respublika prokurorluğu istintaqa nəzarət idarəsinin mütəxəssis-kompyuterçi vəzifəsinə təyin edlmiş, xx.xx.1998-ci ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1998-ci ildə “Azərmənzilsənayetikintitəmir” Birliyinin 1 №li Təmir-Tikinti Trestində hüquq məsləhətçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2000-ci ildə həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2001-ci ildə “Azərmənzilsənayetikintitəmir” Birliyinin 1 №li Təmir-Tikinti Trestində hüquq məsləhətçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2004-cü ildə tutduğu vəzifədən azad edilmişdir. Əmək kitabçasında olan qeydlərə əsasən Həsənov Aydın Yəhya oğlunun “Azərmənzilsənayetikintitəmir” Birliyinin 1 №li Təmir-Tikinti Trestinə işə götürülməsi və işdən çıxarılması barədə əmrlər trestin müdiri X12 tərəfindən imzalanmışdır. - Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Füzuli rayon Vergilər şöbəsinin xx.xx.2020-ci il tarixli, **********338700 saylı məktubu ilə məhkəməyə göndərilmiş 1 saylı X15 (VÖEN **********) təsis sənədlərindən müəyyən olunur ki, adı çəkilən müəssisə 00967 qeydiyyat nömrəsi ilə xx.xx.1990-cı ildə dövlət qeydiyyatına alınmışdır. Təsis sənədlərinə əlavə olunmuş “Azərmənzilsənayetikintitəmir” Birliyi üzrə 404 №li xx xxxxxx 1991-ci il tarixli əmrin surətindən müəyyən olunur ki, qeyd olunan əmrlə X1 rayon 1 №li Təmir-Tikinti Trestinə müdir vəzifəsinə təyin edilmişdir. - AO seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1978-ci il təvəllüdlü Həsənov Aydın Yəhya oğlu xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. - Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 115020 №li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Həsənov Aydın Yəhya oğlu xx xxxx 2020-ci ildə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 08 ayının 07-ci günündə 1018 nömrə ilə qeyd edilmişdir. - İddiaçının qanuni nümayəndəsi xx.xx.2020-ci il tarixdə 3 nömrəli DOST Mərkəzinə “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün” müraciət etmiş, onun müraciətinə cavab olaraq, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********4 saylı məktubunda qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeyd olunmuş kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə bu maddədə göstərilən sığorta stajı olduqda həmçinin həmin Qanunun 14.1.1.1-ci maddəsinə əsasən 18 yaşına çatmamış uşaqların ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Təqdim olunmuş sənədlərdən göründüyü kimi müraciətçnin əri Həsənov Aydın Yəhya oğlunun tələb olunan 8 il 8 ay sığorta stajının yoxlanılması mümkün olmadığı üçün ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi qanunvericilik tələbləri baxımından uyğun hesab olunmur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İddiaçının mərhum atasının mövcud iş stajının ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan iş stajından (8 il 8 ay) az olmasına münasibətdə cavabdeh tərəfindən mübahisələndirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 14.1.1.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının 18 yaşına çatmamış övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Yəni, qeyd olunan Qanunun 12.1 və 17-ci maddələrinin təhlili onu göstərir ki, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün ölüm gününədək ailə başçısının əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla, ən azı 5 il sığorta stajına malik olmalıdır. xx.xx.1978-ci il təvəllüdlü mərhum Həsənov Aydın Yəhya oğlunun (ölmüş ailə başçısının) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsi ilə tələb olunan sığorta stajı aşağıdakı qaydada hesablanır: onun öldüyü 41 yaşı (qanunvericiliyin tələblərinə əsasən əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün müəyyən olunduğunu, mərhumun isə xx xxxx 2020-ci ildə, yəni 42 yaşı tamam olmadan öldüyünü nəzərə almaqla) - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 26 yaş x 4 ay = 104 ay : 12 ay = 8 il 6 ay. Göründüyü kimi, hazırki iş üzrə iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün ölüm gününədək ailə başçısının minimum 8 il 06 ay iş stajı tələb olunur. - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra sığorta stajı) - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunvericiliyin sadalanmış müddəalarından göründüyü kimi, əmək pensiyasının təyin edilməsi üçün zəruri olan şərt şəxsin müəyyən sığorta stajına malik olmasıdır. Sığorta stajına isə müvafiq müəssisə, idarə və ya təşkilatda işləyənlərin iş dövrü müddətləri aiddir. İşin müəyyən edilmiş hallarına görə isə mərhum Həsənov Aydın Yəhya oğlunun xx.xx.1998-ci ildən xx.xx.2000-ci ilədək və xx.xx.2001-ci ildən xx.xx.2004-cü ilədək (mübahisələndirilən dövr) “Azərmənzilsənayetikintitəmir” Birliyinin 1 №li Təmir-Tikinti Trestində işlədiyi illərə dair əmək kitabçasında qeyd aparılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etdiyi normativ aktda stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: xx xxxxxx 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı isə xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; - 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının xx xxxxxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd). Yuxarıda sadalanan işin hallarından müəyyən olunur ki, mərhum Həsənov Aydın Yəhya oğlunun öldüyü günə qədər (ona məxsus hərbi bilet və əmək kitabçasında qeyd olunmuş məlumatlar nəzərə alınmaqla) 8 (səkkiz) il 11 (on bir) ay 26 (yirmi altı) gün iş stajı olmuşdur. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin 32.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İş materiallarından müəyyən olunur ki, inzibati orqan tərəfindən mərhum Həsənov Aydın Yəhya oğlunun sığorta stajı xx.xx.1998-ci ildən xx.xx.2000-ci il və xx.xx.2001-ci ildən xx.xx.2004-cü illərə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydləri təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdehin iddiaya dair etirazda qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə həmin dəlilləri əsassız hesab edir. Belə ki, hüquqi şəxslərin dövlət qeydiyyatına alınmasını həyata keçirən müvafiq vergi orqanından məhkəməyə göndərilmiş təsis sənədlərindən görünür ki, mərhum ailə başçısının cavabdeh tərəfindən mübahisələndirilən dövrdə işlədiyi müəssisə qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət qeydiyyatından keçməklə fəaliyyət göstərmiş və mərhumun əmək kitabçasında sonuncunu işə götürən (işdən azad edən) kimi əmrləri imzalamış şəxs həmin sənədlərdə müəssisənin rəhbəri kimi qeyd olunmuşdur. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən 5 hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, mərhum xx xxxxxx 1978-ci il təvəllüdlü X9 qızı-xx xxxxxx 2009-cu il təvəllüdlü X6 ailə başçısını itirməyə görə hüququnun yarandığı vaxtdan əmək pensiyasının təyin edilərək, ödənilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Mərhum xx xxxxxx 1978-ci il təvəllüdlü X9 qızı-xx xxxxxx 2009-cu il təvəllüdlü X6 ailə başçısını itirməyə görə hüququnun yarandığı vaxtdan əmək pensiyasının təyin edilərək, ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə təmin olunmasın. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2317/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2317/2021
09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver