Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2317/2023 07.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının üzərinə əlavənin təyin olunması və həmin əlavənin hesablanaraq ödənilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 31 dekabr 2020-ci il tarixinədək qüvvədə olan “Əmək pensiyaları haqqinda” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin 19.1.7.3 bəndinə əsasən “yaşa görə əmək pensiyası alan müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə (X1 ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) və müharibə iştirakçıları sırasından İİİ dərəcə əlilliyi olan şəxslərə əmək pensiyasının sığorta hissəsinə hər ay 55 manat məbləğində” əlavənin xx.xx.2020-ci il tarixindən hesablanaraq ödənilməsi öhdəliyininin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ilin iyul ayından Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılmışdır. İstefada olan polkovnikdir. xx.xx.2020-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlillik” diaqnozu ilə xx.xx.2025-ci il tarixinədək İİİ qrup təyin olunmuşdur. 2006cı ildən 31 dekabr 2020-ci il tarixinədək qüvvədə olan “Əmək pensiyalar haqqinda” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin 19.1.7.3-cü bəndinə əsasən “yaşa görə əmək pensiyası alan müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə (X1 ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) və müharibə iştirakçıları sırasından İİİ dərəcə əlilliyi olan şəxslərə əmək pensiyasının sığorta hissəsinə 55 manat məbləğində” əlavə hesablanır. Bununla əlaqədar olaraq xx.xx.2022-ci il tarixində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.3-cü maddəsinə əsasən ona 55 manat əlavənin təyin edilməsini xahiş etmişdir. Müraciətə cavab olaraq tıqdim olunmuş məktubda “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2021-ci il tarixinədək qüvvədə olmuş 19.1.7.3-cü maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinə 55 manat əlavə edildiyi barədə məlumat verilmişdir. İddiaçı cavabdehin cavabının əsassız, hesablamaları qanunsuz hesab edir. Belə ki, ona hər ay DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən bank kartına -2837,0 manat pensiya kimi pul köçürülür. DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının pensiya işində olan məlumat vərəqəsinə əsasən, pensiyasının tərkibi aşağıdakı kimi göstərir: vəzifə maaşı 1370 manat, hərbi rütbə 159,0 manat, xidmət illərinə görə əlavə 50% - 764,5 manat, məharət dərəcəsi “usta” 35% - 479,5 manat, ərzaq payı əvəzinə verilən pul - 64 manat təşkil edir ki, cəmi 2837 manat edir ki, bu da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1 yanvar 2021 il tarixinədək qüvvədə olmuş 19.1.7.3-cü maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinə 55 manat “əlavə edildiyi” barədə cavabının doğru olmadığı deməkdir. Bu da xx.xx.2020-ci il tarixindən 1705 manat vəsait deməkdir. Yuxarıda göstərilənlərə, “Əmək pensiyaları haqqında” Qanunun 17.1.3-cü maddəsinə istinad edərək iddiaçı tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki İddiaçı xx.xx.2022-ci il tarixdə Mərkəzi filiala ərizə ilə müraciət edərək, “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7.3-cü maddəsinə əsasən 55 manat məbləğində əlavənin ona verilmədiyini bildirmişdir. İddiaçının ərizəsinə aidiyyəti üzrə baxılaraq iddiaçının pensiya tərkibi barədə məlumat verilmiş, həmçinin sözügedən əlavənin hesablanaraq ödənildiyi bildirilmişdir. Cavabdeh bildiririr ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun V fəslinin müvafiq müddəalarına uyğun olaraq əmək pensiyalarına əlavə iki kateqoriyaya bölünür: əmək pensiyasının sığorta hissəsinə əlavələr; qulluq stajına görə əmək pensiyalarına əlavələr. Həmin Qanunun 9.5-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə güzəştli şərtlərlə pensiya amaq hüququ vardır. Həmin Qanunun 20.14-cü maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası hüququ qazanmış hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməkiə təminat xərciliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır. Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 10 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə həmin qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər hesablanır. İddiaçıya sözügedən maddələrin tələblərinə uyğun qaydada hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası ödənilir. İddiaçının əmək pensiyası aşağıdakı tərkibdən ibarət olmaqla cəmi 2837,00 manat məbləğində müəyyən edilmişdir: əmək pensiyasının sığorta hissəsi - 379,17 manat; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 yanvar 2021-ci il tarixədək qüvvədə olmuş 19.1.7.3-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinə əlavə - 55,00 manat, qulluq stajına görə əmək pensiyasına əlavə - 2402,83 manat. Əlavə olaraq bildirilir ki, 1 yanvar 2022-ci il tarixdən hesablanmaqla iddiaçıya "Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi 283,70 manat maddi yardım ödənilir. Göstərilənlərə əsasən, iddianın təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı sonradan iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək ona xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 19.1.7.3-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsinə 55 manat məbləğində əlavənin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadına əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının hazırkı tələbi ilə bağlı müraciətinə baxılmış və etirazdakı əsaslara uyğun imtina verilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik altsistemindən çıxarışdan görünür ki, xx.xx.1961-cı il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi səbəbi ilə İİİ dərəcəli əlillik təyin edilmişdir. Məhkəmənin sorğusu ilə cavabdeh tərəfindən iddiaçının pensiya işinin materiallarının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə əlavə edilmiş: -AR Müdafiə Nazilriyi tərəfindən verilmiş əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında məlumat vərəqindən görünür ki, Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi Hərbi Təhsil İdarəsinin rəisi işləmiş, hərbi rütbəsi polkovnik olan İddiaçı 38 il 10 ay 25 gün təqvim üzrə xidmət ili olmaqla, cəmi iş stajı və xidmət illəri 58 il 03 ay 28 gün, cəmi pul təminatı 2148,75 (iki min yüz qırx səkkiz manat 75 qəpik) təşkil etmişdir. xx.xx.2017-ci il tarixdə "Hərbi xidmət və hərbi vəzifə haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.2-ci maddəsinə uyğun olaraq tərxis olunmuşdur. -AR DSMF-in HQXRŞİİ-nin 17/8820 saylı 20 iyun 2017-ci il tarixli qərarından müəyyən edilir ki, xx xxxx 1961-ci il təvəllüdlü İddiaçı 01 iyul 2017-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.14.1-ci maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. -Cavabdeh DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, iddiaçıya 1 iyul 2017-ci il tarixdən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış sığorta kapitalı 22916,50 manat təşkil edir. -Məhkəmənin iddiaçının əmək pensiyasının sığorta hissəsinə (379,17 manat) daxil olan ödəmələr barəsində məlumat verilməsi ilə bağlı sorğusuna cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, İddiaçı 1 iyul 2017-ci il tarixindən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilib. İlkin təyinat tarixinə onun fərdi hesabının sığorta hissəsində toplanmış sığorta kapitalı 51749,02 manat təşkil edib. Bununla əlaqədar olaraq, adıçəkilən şəxsin əmək pensiyasının sığorta hissəsi 1 iyul 2017-ci il tarixindən 394,44 manat məbləğində müəyyən edilib. İddiaçı əmək pensiyası təyin olunduğu xx.xx.2017-ci il tarixinədək onun fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı, habelə xx.xx.2006-cı il tarixinədək mövcud olmuş iş stajına uyğun şərti çevrilmiş kapital ona pensiya təyin edilərkən istifadə olunmuşdur. Beləliklə, faktiki hallarından görünür ki, iddiaçı 2017-ci ilin iyul ayından yaşa görə ehtiyata ehtiyata buraxılmış hərbi qulluqçudur. Təqvim üzrə xidmət illəri 38 il, 10 ay, 25 gün gün təşkil edir. İddiaçıya 01 iyul 2017-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.14.1-ci maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. Yaşa görə əmək pensiyası təyin edildikdən sonra iddiaçıya xx.xx.2020-ci il tarixdən 5 il müddətinə Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi səbəbi ilə İİİ dərəcə əlillik təyin edilmişdir. Bununla əlaqədar iddiaçı, xx.xx.2020ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Qanunun 19.1.7.3-cü maddəsinə uyğun olaraq onun əmək pensiyasının sığorta hissəsinə 55 manat məbləğində əlavənin təyin olunması və həmin əlavənin xx.xx.2020-ci il tarixdən hesablanaraq ona ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinə verilmiş cavabdan narazı qaldığından hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının tələbinin əsaslı olduğunu hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı, təminat xərcliyindən hesablanır ki, təminat xərcliyi də (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 4.1-cü maddəsinə əsasən bu qanuna uyğun olaraq əmək pensiyalarının aşağıdakı növləri müəyyən edilmişdir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası sığorta hissəsindən və yığım hissəsindən ibarətdir: Sadalanmış müddəaların iddiaçının tələblərinə münasibətdə mənası ondan ibarətdir ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət etmiş hərbi rütbəsi olan şəxslər hərbi qulluqçular hesab olunurlar. Qanunda müxtəlif növ pensiyalar müəyyən edilmiş, onların sırasında yaşa görə əmək pensiyası nəzərdə tutulmuşdur ki, həmin pensiyanın tərkibini sığorta və yığım hissələri təşkil edir. 01 yanvar 2021-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun sığorta hissəsinə əlavələr adlanan 19-cu maddəsində göstərilirdi ki, yaşa görə əmək pensiyası alan müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə (X1 ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) və müharibə iştirakçıları sırasından İİİ dərəcə əlilliyi olan şəxslərə 55 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə əlavələr ödənilir (19.1.7, 19.1.7.3-cü maddələr). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2020-ci il tarixli, 240-VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə 19-cu maddə ləğv edilmişdir (1.4-cü bənd). Həmin Qanunun 3-cü bəndində qeyd olunur ki, bu Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir. “Əmək pensiyaları haqqında” Qanunun 26.1-ci maddəsinə əsasən, 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır; 26.2-ci maddəsinə əsasən, 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən bu Qanunun 19-cu maddəsinə uyğun əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 5 noyabr 2022-ci il, №627-VİQD tarixli qanunla ləğv edilmişdir) bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırılmaqla, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Göründüyü kimi, yaşa görə əmək pensiyası alan İİİ dərəcə müharibə əlillərinə və müharibə iştirakçıları sırasından olan əlillərə 55 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə əlavələr hesablanmalı olduğundan iddiaçıya münasibətdə istinad olunmuş Qanunun 19.1.7-ci maddəsinin tətbiqini zəruri edən bütün şərtlər mövcuddur. Buna baxmayaraq məhkəmənin iş materiallarında olan sənədlərlə iddiaçının pensiyasının sığorta hissəsinə əlavələrin nəzərə alındığı müəyyən olunmur. Belə ki, cavabdeh inzibati orqan qeyd olunan ödənişlərin iddiaçıya ödənilməsini bildirsə də, bununla bağlı hər hansı tutarlı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, iddiaçı ona İİİ dərəcə əlillik təyin edildiyi xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 19.1.7.3-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsinə 55 manat məbləğində əlavənin hesablanıb ödənilməsi tələbində haqlıdır. “Əmək pensiyaları haqqında”Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərlə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 377 nömrəli Fərmanın 2.3-cü bəndinə əsasən həmin Qanunun 30.1ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və İddiaçı xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2020ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 19.1.7.3-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsinə 55 manat məbləğində əlavənin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 19.1.7.3-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsinə 55 manat məbləğində əlavənin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-2317/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2317/2023
07.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver