Məhkəmə qərarları › İş №2-1(112)-2318/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2318/2022

26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2318/2022 26.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Əliyeva Zərif Nəzər qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla yaşayış yeri üzrə qeydiyyatın bərpa olunması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov rayon Polis İdarəsinin şəxsiyyət vəsiqəsi və qeydiyyat bölməsi tərəfindən onun ünvan 1 ünvanından Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)1541/2020 saylı, 16.03.2020-ci il tarixli qərarı əsasında pasport qeydiyyatından qanunsuz çıxarılmağı barədə qəbul etdiyi inzibati aktın ləğv olunması və həmin ünvana qeydiyyatının bərpa olunması öhdəliyinin cavabdeh təşkilatın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 02.11.2021-ci il tarixli, 2-1(112)-10140/2021 nömrəli qərardadı ilə X11 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Nərimanov rayon Polis İdarəsinin şəxsiyyət vəsiqəsi və qeydiyyat bölməsi tərəfindən qeydiyyatda olduğu Nərimanov rayonu, Y.Hüseynov küçəsi, ev 6 ünvandan pasport qeydiyyatından çıxarılıb. Cavabdeh təşkilata ərizə ilə müraciət edərək pasport qeydiyyatından qanunsuz çıxarıldığı üçün qeydiyyatının yenidən bərpa etsinlər. Lakin 13.01.2021-ci il tarixdən Nərimanov rayon Polis İdarəsi onun Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1541/2020-ci il seriyalı 16.03.2020-ci il tarixli qərarına əsasən çıxarılmağı barədə rəsmi cavab verərək onun pasport qeydiyyatının bərpa olunmasına imtina etmişdirlər. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh təşkilatın qəbul etdiyi inzibati akt qanunsuzdur və məhkəmə qərarına əsasən ləğv olunmalıdır. Belə ki, onun mərhum nənəsi X5 rayonu, Y.Hüseynov küçəsi, ev 6 ünvanında nənəsi sağ ikən qeydiyyatda olub və onunla birlikdə yaşayıb. Nənəsi 2012-ci ildə dünyasını dəyişmişdir. O, 2019-cu il tarixdə Nərimanov rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək nənəsindən miras qalmış Nərimanov rayonu, Y.Hüseynov küçəsi, ev 6 nömrəli evdən vərəsəlik hüququna əsasən məcburi pay ayırmasını xahiş etmişdir. 2019-cu ildə nənəsinin Y.Hüseynov küçəsi, ev 6 nömrəli evə vəsiyyətnamə əsasında mülkiyyət hüququ əldə etmiş əmisioğlu X11 qarşılıqlı iddia ilə müraciət edərək İddiaçı onun mülkiyyətində olan (miras əmlakı) Nərimanov rayonu, Y.Hüseynov küçəsi, 6 nömrəli evdən istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatından çıxarılmağı barədə məhkəmədən qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 17.04.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilmiş, mübahisəli miras əmlakdan məcburi olaraq 1/8 payın ayrılması qət edilmişdir. Ayxan Xaşalovun iddia tələbi tamamilə rədd edilmişdir. Eyni zamanda qətnamənin axırıncı səhifəsində məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binanın tərkib hissəsi mülkiyyətçinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binanın tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şətləri və xitamı mülkiyyətçi ilə bağlanan notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq konpensasiya verilməsi yolu ilə xitam verilir. Ayxan Xaşalov mübahisəli miras əmlaka 2019-cu ildə sahib olub və İddiaçıyla onun arasında heç bir razılaşma olmayıb. Hər ikisi nəvədir və ailə üzvü hesab olunur. Lakin qətnamədən narazı qalan tərəflər apellyasiya şikayəti vermişdirlər. Bakı Apellyasiya Məhkəməsinin 30 avqust 2019-cu il qətnaməsi ilə Nərimanov rayonu Məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, həm onun, həm də Ayxan Xaşalovun iddiaları təmin edilməmişdir. Lakin hakim iddia tələbindən kənara çıxaraq qətnamənin sonuncu abzasında göstərmişdir ki, hazırki qətnamə İddiaçı ünvan 1 ünvanından çıxarılması üçün əsasdır. Lakin “kompensasiya” verilməklə sözünün qəsdən qeyd etməmişdir. Əgər iddiaçının tələbi rədd edilirsə daha hansı tələbə hüquqi qiymət verilə bilər? X17 tərəfindən yaşayış hüququna xitam verilməsi, qeydiyyatdan çıxarılması yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələbinə uyğun olaraq həyata keçirilə bilər. Bu da yeni məhkəmə mübahisəsi yaradır, lakin Ayxan Xaşalov bu hüquqdan qəsdən istifadə etmir, apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verməmişdir. O, apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti versə də 16 mart 2020-ci il tarixli Ali Məhkəmənin Mülki Kollegiyasının qərarı ilə şikayəti təmin edilməmişdir. Ali Məhkəmənin 2(102)-1541/120 saylı qərarının təsviri hissəsində Ayxan Xaşalovun iddiası və onun mübahisəli mənzildən qeydiyyatdan çıxarılmağı barədə bir cümlə belə yazılmayıb və qərarla qət edilməyib. Nərimanov rayonu Polis İdarəsinə Ali Məhkəmə tərəfindən qərarın icrası ilə bağlı icra vərəqəsi verilə bilməz və verilməyib. Polis İdarəsinin əməkdaşları özbaşına olaraq qərarı qeyri-prossessual formada əmisi Xaşalov Natiq tərəfindən əllə təqdim etməsi və onlara rüşvət vermə vasitəsi ilə icra edilmişdir. Hesab edir ki, Nərimanov rayon Polis İdarəsinin onun mübahisəli mənzildən pasport qeydiyyatının çıxarılmağı barədə qəbul etdikləri inzibati akt qanunsuz və əsassızdır, məhkəmə qaydasında ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verib tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxs lazımi qaydada xəbərdar edilmiş, cavabdeh məhkəməyə məktub ünvanlayaraq inzibati iş üzrə məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmiş, üçüncü şəxs isə məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının 26.07.2018-ci il tarixli, AZE ******** №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci ildə Bakı şəhərində doğulmuşdur, yaşayış yeri ünvan 1 ünvanıdır. - Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-471/2019 nömrəli, 17.04.2019cu il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə İddiaçı cavabdehlər X3, X4, X1 və X7 qarşı vərəsəlik hüququnun, məcburi pay hüququnun tanınması, miras əmlakdan payın ayrılması, həmin pay üzərində mülkiyyət hüququnun tanınaraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində Qeydiyyata alınmasına və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Y.Hüseynov küç.ev 6 ünvanında yerləşən daşınmaz əmlaka 1/8 pay hüququnun müəyyən edilməsi qət edilmiş, iddia ərizəsi qalan hissədə təmin edilməmiş, iddiaçı X6 cavabdeh İddiaçı qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi rədd edilmişdir. - Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30.08.2019-cu il tarixli, 2(103)-10016/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsi tərəfindən qəbul edilmiş 17 aprel 2019cu il tarixli qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər X11, X8, X9 və Nəbiyeva Melisida qızına qarşı “məcburi pay hüququnun tanınması və sair tələbləri barədə” iddiası təmin edilməmiş, X6 İddiaçı qarşı “yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi tələbi barədə” iddiası təmin edilməmişdir. Müəyyən edilmişdir ki, hazırki qətnamə İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Y.Hüseynov küçəsində yerləşən 6 №-li evdən qeydiyyatdan çıxarılması üçün əsasdır. - Qeyd olunan qətnamədən həmçinin görünür ki, iş baxan məhkəmə hesab etmişdir ki, İddiaçı mübahisəli evə istifadə hüququ dövlət reyestrində qeydə alınmadığından onun mübahisəli yaşayış sahəsinə istifadə hüququ yaranmamışdır, yaranmamış hüquqa isə məhkəmə qaydasında xitam verilməsindən söhbət gedə bilməz. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16.03.2020-ci il tarixli, 2(102)-1541/20 nömrəli qərarının surətindən görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2019-cu il tarixli, 2(103)-10016/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 28.09.2021-ci il tarixli, **********71 nömrəli məktuba əlavə edilmiş ünvan 1 ünvanına dair müvafiq sənədlərin surətindən görünür ki, Nərimanov rayonu, Y.Hüseynov küçəsi, ev 6 ünvanında yerləşən daşınmaz əmlak X2 xüsusi mülkiyyətində olmuş və vəsiyyətnamə üzrə vərəsəlik hüquq haqqında şəhadətnaməyə əsasən 19.10.2018-ci il tarixdən X6 xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 07.10.2021-ci tarixli, 078-26828- 1221 nömrəli məktubdan görünür ki, İddiaçı tərəfindən özünün ünvan 1 ünvanına qeydiyyata alınması barədə müraciəti Nərimanov RPİ-nə daxil olmuşdur. 13.01.2021-ci il tarixdə məktubla tərəflərindən ərizəçiyə rəsmi qaydada cavab olaraq bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşadığı evin müvafiq sənədini (dövlət reyestrindən çıxarış, icarə-kirayə müqaviləsi, yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi və s.) təqdim etmək tələb olunur. Əks təqdirdə qeydiyyata alınma tərəflərindən mümkün olmadığını və bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməsini məqsədəmüvafiq hesab edildiyi qeyd edilmişdir. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 22.12.2021-ci tarixli, 078-35152- 1221 nömrəli və 22.12.2021-ci il tarixli, 078-35183-1221 nömrəli məktublardan görünür ki, vətəndaş İddiaçı ünvan 6 ünvandan Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1541/2020 saylı 16.03.2020-ci il tarixli qərarı əsasında qeydiyyatdan çıxarılmışdır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 13.08.2021-ci il tarixli, 078-20504X nömrəli məktubdan görünür ki, ərizəsinə baxılmışdır. Ərizəsinə cavab olaraq bildirilir ki, qeydiyyatda olduğu ünvan 6 ünvandan Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1541/2020 saylı, 16.03.2020ci il tarixli qərarı əsasında qeydiyyatdan çıxarılmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Nərimanov rayonu, Y.Hüseynov küçəsi, ev 6 ünvanında yerləşən daşınmaz əmlak X2 xüsusi mülkiyyətində olmuş və vəsiyyətnamə üzrə vərəsəlik hüquq haqqında şəhadətnaməyə əsasən 19.10.2018-ci il tarixdən X6 xüsusi mülkiyyətindədir. İddiaçı həmin daşınmaz əmlakın yerləşdiyi ünvan üzrə qeydiyyatda olmuşdur. İddiaçı ilə üçüncü şəxs X11 arasında mübahisəli evə istifadə hüququnun itirilməsi barədə mülki mübahisə olmuş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2019-cu il tarixli, 2(103)- 10016/2019 nömrəli qətnaməsi ilə İddiaçı mübahisəli evə istifadə hüququnun dövlət reyestrində qeydə alınmadığından onun mübahisəli yaşayış sahəsinə istifadə hüququnun yaranmaması müəyyən edilmiş, ona görə də həmin qətnamə ilə X6 İddiaçı qarşı yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi tələbi barədə iddiası təmin edilməmiş, həmin qətnamənin İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Y.Hüseynov küçəsində yerləşən 6 №-li evdən qeydiyyatdan çıxarılması üçün əsas olması müəyyən edilmişdir. Qeyd olunan qətnamə kassasiya instansiyası məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Cavabdeh inzibati orqan mülki mübahisə üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1541/2020 saylı 16.03.2020-ci il tarixli qərarını əsas götürərək iddiaçını ünvan 6 ünvanından qeydiyyatdan çıxarmışdır. Hazırda iddiaçı cavabdeh inzibati orqanın hərəkətlərini inzibati icraat qaydasında mübahisələndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. - 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. - 228.5-ci maddəsinin birinci cümləsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; - həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin ikinci hissəsində olan digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MM-nin 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Prosessial Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı mübahisəli ünvanda istifadə hüquqlarının olmaması müəyyən edilmiş, həmçinin məhkəmə iclasında iddiaçı həmin ünvanda yaşamadığını, hal-hazırda daimi yaşayış yerinin olmadığını bildirmişdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yeri üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycar Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqan: vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası: vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunverciliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi) - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 24.09.2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verir. Hazırki mübahisə üzrə işin hallarına qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının mübahisəli yaşayış sahəsinə əmlak hüquqlarının mövcud olmaması qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında müəyyən edildiyindən, iddiaçı hal-hazırda mübahisəli yaşayış sahəsində yaşamadığından, qanunvericiliyin tələblərinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2019-cu il tarixli, 2(103)- 10016/2019 nömrəli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1541/2020 nömrəli, 16.03.2020-ci il tarixli qərarı ilə qanuni qüvvəsini aldığından cavabdeh inzibati orqanın Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1541/2020 nömrəli, 16.03.2020-ci il tarixli qərarını əsas göstərməklə iddiaçının mübahisəli yaşayış sahəsindən qeydiyyatdan çıxarılması nəticəsinə gəlməsi qanunvericiliyin tələblərinin pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Ona görə də cavabdeh inzibati orqan tərəfindən iddiaçının mübahisəli yaşayış sahəsindən qeydiyyatdan çıxarılması zamanı qanunvericiliyin tələblərinə əməl edildiyindən, iddianın təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar