Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2319/2020 20.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Kazımov Rəşad Süleyman oğlunun iştirаkı ilə, İddiaçıcavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsinə qarşı “müavinətin əvvəlki 3 il üçün hesablanaraq birdəfəlik ödənilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranlığına görə verilən müavinətin 18 iyun 2016-cı il tarixdən 18 iyun 2019-cu il tarixədək hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 18 iyun 2019-cu il tarixdə 032693 nömrəli müharibə veteranı vəsiqəsini almışdır. Hazırda o, müharibə veteranı vəsiqəsinin verilməsindən əvvəlki 3 il üçün müavinətin hesablanaraq ödənilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Sabunçu Rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən ona ünvanlanan məktubda onun müraciətinin təmin edilməsindən imtina edilmiş və bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin etiraz ərizəsi onunla əsaslandırılmışdır ki,xx.xx.1994-cü il tarixdən qüvvədə olan “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin ilkin redaksiyasında müharibə veteranları üçün mənzil, rabitə və kommunal xidmətləri haqqının ödənilməsinə görə güzəştlərin verilməsi nəzərdə tutulmuş, sonradan həmin maddəyə bir neçə dəfə müvafiq dəyişikliklər edilmiş (02 may 1995-ci il tarixli 1029 nömrəli, 20 iyun 1995-ci il tarixli 1067 nömrəli və 15 noyabr 2001-ci il tarixli 214-İİQD nömrəli Qanunlarla) və sonuncu dəyişikliyə əsasən bu güzəştlər müavinətlə əvəz olunmaqla, maddənin hazırkı redaksiyası belədir: “İkinci Dünya müharibəsi iştirakçılarına, bu Qanunun 3-cü maddəsinin ikinci, dördüncü, beşinci və altıncı abzaslarında qeyd edilən şəxslərdən həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir”. Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanı ilə kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlər müavinətlərlə əvəz olunmuş və həmin Fərmana xx.xx.2005-ci il tarixli, 257 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müəyyən məbləğdə müavinət təyin edilmişdir. Nəhayət, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. Beləliklə, iddiaçı prezident təqaüdü alır, bir halda ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında ölkə başçısının 15 aprel 2019-cu il tarixli Fərmanı 01 aprel 2019-cu il tarixdən tətbiq edildiyindən və iddiaçıya “müharibə veteranı vəsiqəsi” 18 iyun 2019-cu il tarixdə verildiyindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əvvəlki üç il üçün ödənilməsi qaydası nəzərdə tutulmadığından hesab edir ki, hazırkı halda, iddiaçının müharibə veteranı vəsiqəsi verildiyi tarixdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququ istisna edilir. Həmçinin, veteranların sosial müavinət almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Qanunvericilik müharibə veteranları üçün aylıq müavinətlərin ödənilməsini buna görə nə vaxt müraciət edilməsindən asılı olmayaraq birmənalı şəkildə Qanunun qüvvəyə mindiyi gündən sonra həmin müavinəti almaq hüququnun yarandığı günlə şərtləndirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 032693 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, **********6 saylı məktubunda qeyd edilir ki, İddiaçı müharibə veteranı vəsiqəsini xx.xx.2019-cu il tarixində aldığı üçün onun müharibə veteranlarına müavinət almaq hüququ həmin gündən yaranır. Bu səbəbdən ona əvvəlki 3 illik dövr üçün müavinət təyin edilməsindən imtina edilmişdir. Məhkəmə gedişatı zamanı cavabdeh tərəfindən təqdim olunmuş sənədlərdən (müavinət işindən) görünür ki, iddiaçıya müharibə iştirakçısı olduğu üçün 80 manat məbləğində sosial müavinət xx.xx.2019-cu ildən ömürlük təyin edilmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, müharibə veteranıdır. İddiaçıya xx.xx.2019-cu il tarixdə müharibə veteranı vəsiqəsi verilmişdir. İddiaçıya müharibə veteranı adı və vəsiqəsi verildikdən sonra iddiaçı qanunla müəyyən edilmiş imtiyazlardan istifadə etmək (müharibə veteranlarına verilən kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinəti almaq) hüququnu həyata keçirmək üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən - xx.xx.2019-cu ildən iddiaçının qeyd edilən təqaüdünü almaq hüququnun yarandığını bildirərək, əvvəlki 3 il üçün müavinətin ödənilməsi barədə iddiaçının müraciətini təmin etməmişdir. Hazırda iddiaçı müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin iyun 2016 -ci ildən, yəni müharibə veteranı vəsiqəsi verildiyi 18 iyun 2019-cu il tarixdən geriyə 3 il üçün hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə görə hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. “Veteranlar haqqında Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə görə müharibə və silahlı qüvvələrin veteranlarına veteran adını və sənədlərini müvafiq olaraq Azərbaycan Respublikasının müdafiə, daxili işlər və milli təhlükəsizlik nazirlikləri verirlər. Həmin Qanunun 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müharibə, əmək və silahlı qüvvələr veteranı adını daşıyanlara üzərində “Azərbaycan Respublikasının veteranı” sözləri yazılmış vəsiqə verilir. Vəsiqənin nümunəsini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, «Veteranlar haqqında» Qanunun qeyd olunan norması cavabdeh tərəfindən düzgün təfsir olunmur. Belə ki, Həmin normada, güzəştlərin veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilməsi anlamı, məhz veteran vəsiqəsinin verildiyi tarixindən belə güzəştlərin tətbiq edilməsini ehtiva etmir. Burada qanunverici sadəcə olaraq nəzərdə tutur ki, müavinətin verilməsi üçün veteran vəsiqəsinin mövcudluğu tələb olunur. Güzəştlərin, o cümlədən, müavinətlərin verilməsi mexanizminin isə qanunvericiliklə tənzimlənən digər qaydaları vardır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra - müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 7.0.6-cı maddəsinə əsasən müavinətlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Qanunun yuxarıda sadalanan normalarından göründüyü kimi, veteranlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslər üçün nəzərdə tutulmuş kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət almaq hüququna malikdirlər və qanunla bu müavinatın “Sosial müavinatlar haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən lakin, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə aylıq verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə müəyyən etdi ki, cavabdeh iddiaçıya müharibə veteranları üçün ödənilən müavinətin əvvəlki illər üçün ödənilməsindən imtina edərkən iddiaçıya müharibə veteranı vəsiqəsinin xx.xx.2019-cu il tarixdə verildiyini və iddiaçının əvvəlki illərə görə müavinətin almaq hüququnun olmadığını əsas götürmüşdür. Мəhkəmə bununla bağlı hesab edir ki, iddiaçıya müharibə veteranı vəsiqəsinin xx.xx.2019-cu il tarixdə verilməsi iddiaçının məhz həmin tarixdə müharibə veteranı olması kimi qəbul edilə bilməz. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müharibə veteranı sayılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri nəzərə alınmaqla iddiaçının iddia tələbi qismən, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək müharibə veteranlığına görə verilən müavinətin hesablanıb ödənilməsi hissəsində əsaslıdır və ona görə qismən təmin edilməlidir. Belə ki, “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Sərəncamının 1.11-ci bəndinə əsasən, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi nəzərdə tutulmuş, prezident təqaüdünün ödənilməsinə xx.xx.2019-cu il tarixdən başlanılmış və həmin tarixdən müharibə veteranlarına müavinətlərin ödənilməsi dayandırılmışdır. Başqa sözlə, xx.xx.2019-cu il tarixdən müharibə veteranlarına ödənilən müavinət Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə əvəz edilmişdir. Ona görə də, iddiaçıya müharibə veteranı vəsiqəsi xx.xx.2019-cu il tarixdə verildiyindən, məhkəmə hesab edir ki, iddaçıya müharibə veteranlarına ödənilən müavinət xx.xx.2016-cı il tarixdən müavinətin verilməsinin dayandırılaraq, Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə əvəz edildiyi xx.xx.2019-cu il tarixədək hesablanıb ödənilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Bütün qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, İddiaçıcavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsinə qarşı ona müharibə veteranlığına görə verilən müavinətin müharibə veteranı vəsiqəsini aldığı xx.xx.2019-cu ildən əvvəlki 3 il üçün hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi qismən təmin edilməli, ona müharibə veteranlığına görə verilən müavinətin xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsinin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı müharibə veteranlığına görə verilən müavinətin xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-2319/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2319/2020
20.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver