Məhkəmə qərarları › İş №2-1(112)-232/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-232/2022

20.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-232/2022 20.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı Buluqxan oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı xx xxxxxx 1963-cü il tarixdə doğulmuşdur. 1 mart 1981-ci il tarixdə hərbi xidmətə çağırılmış, iki il hərbi xidmət dövrü başa çatdıqdan sonra tərxis edilmişdir. 1984-cü ilin yanvar ayında Bakı səhəri 86 nömrəli Peşə Məktəbinə qaynaqçı peşəsi üzrə qəbul olunmuş və 1984-cü iin avqust ayında peşə məktəbini bitirərək, qaynaqçı peşəsinə yiyələnmişdir. 20 avqust 1984-cü il tarixdə Bakı Elektroterm Elmi İstehsalat Birliyinnin nəzdindəki Zavodda əl qaynaqçısı vəzifəsinə işə qəbul olunmuş, 9 aprel 1998-ci il tarixədək həmin işdə çalışmışdır. 17 aprel 2000-ci il tarixdə “X9” Poladəritmə Zavodunda mexaniki təmir sexində qaynaqçı vəzifəsinə qəbul edilmiş, 15 oktyabr 2001-ci il tarixdə əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı isdən azad edilmişdir. 1 aprel 2002-ci il tarixdə yenidən “X9” Şirkətinə mexaniklər sahəsinə qaynaqçı vəzifəsinə qəbul edilmiş, hal-hazıra kimi həmin zavodda işləyir. İddiaçının iki il hərbi xidmət keçməsi, 8 ay peşə təhsili alması daxil olmaqla 17 avqust 2003-cü il tarixədək 20 il ümumi əmək stajı və 17 il xüsusi stajı var. «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarın 1 nömrəli siyahısının aşağıdakı əlavəsində onun işlədiyi istehsal sahələri, daşıdığı vəzifələr öz əksini tapmışdır: təmirçi çilingər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyorları “1030100a – 1753a” və “1030200a – 1753a” kodları ilə. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olabn şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdirlər: “a” yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 saylı Siyahısı üzrə: kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini zəmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Qanuna dəyişiklik edilməsi haqında 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1-dək hər il altı ay artırılır. İddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün tələb olunan ümumi əmək stajı 17 avqust 2003-cü il tarixdə tamam olduğuna görə 10 fevral 2016-cı il tarixdə onun 53 yaşı tamam olduqda güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır. AR Dövlət Sosial Müdafiə Fondu Kollegiyasının 21 noyabr 2011-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçı 17 fevral 2020-ci il tarixli ərizə ilə DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müracit edərək, ona əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışan şəxs kimi qazandığı ümumi və xüsusi sığorta stajına uyğun olaraq 53 yaşı tamam olduğu 10 fevral 2016-cı il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə qərar verilməsini xahiş etmişdir. Ərizə 19 fevral 2020-ci il tarixdə İdarənin vəzifəli şəxsi tərəfindən qəbul edilmişdir. Lakin DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi ərizənin təmin edilib-edilməməsi ilə bağlı ona heç bir məlumat verməmişdir. Bu hal onun Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş sosial təminat hüququnun pozulmasına səbəb olduğundan, iddiaçı hesab edir ki, cavabdehin hərəkətsizliyi qanunsuz hesab edilməli və tələbi üzrə məcburetmə haqqında qərar qəbul edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 38, 60-cı maddələrinə, «Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə, İPM-in 33.1, 45, 46-cı maddələrinə əsaslanaraq, ona (iddiaçıya) 53 yaşdan, yəni 10 fevral 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdehin nümayəndəsi məhkəməyə “iddianın mümkün sayılmaması barədə” vəsatət etmişdir. Vəsatətdə qeyd olunur ki, İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edərək, ona 53 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. İdarənin 4 mart 2020-ci il tarixli məktubunda ərizəçiyə (iddiaçıya) bildirilmişdir ki, ona pensiya təyin edilməsi üçün sənədləri əslləri tam şəkildə İdarəyə təqdim edildikdən sonra müvafiq müraciətə baxıla bilər. İddiaçı pensiya təyinatı üçün zəruri olan sənədləri tam şəkildə təqdim etmək əvəzinə, birbaşa məhkəmədə iddia qaldırmışdır. İdarə iddiaçıya pensiya təyin etməkdən imtina etməmiş, zəruri sənədləri tələb etmişdir. İddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 30 mart 2021-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin “iddianın mümkün sayılmaması barədə” 23 oktyabr 2020-ci il tarixli qərardadı ləğv edilmiş və iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadında məhkəmə kollegiyası vurğulamışdır ki, işin yenidən birinci instansiya icraatı zamanı hazırkı iş üzrə iddiaçıya cavabdeh inzibati orqanın 4 mart 2020-ci il tarixli məktubunun çatdırılıb-çatdırılmadığı müəyyən edilməlidir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış ərizəyə qoşma kimi arayışların surətlərinin əlavə olunması qeyd edilsə də, nə işin birinci instansiya, nə də apellyasiya icraatı zamanı qeyd olunan arayışlar məhkəməyə təqdim edilməmişdir. İş materialları Bakı İnzibati Məhkəməsinə qaytarıldıqdan sonra, cavabdehin nümayəndəsi məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazıı münasibətində bildirmişdir ki, cavabdeh İddiaçı iddiasını qəbul etmir. İddia ərizəsində iddia edilir ki, onun işləmiş olduğu peşələr ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün əsasdır. İddiaçının dəlili əsassızdır. Belə ki, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunu iddiaçıya münasibətdə tətbiq edilə bilməz. «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin “b” bəndinə görə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər 57 yaşma çatdıqda və azı 25 il iş stajı olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Göründüyü kimi, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun ona şamil edilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixədək (yəni, «Əmək pensiyaları haqqında» Qanun qüvvəyə minənədək) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşma çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) iddiaçının işlədiyi peşənin AR Nazirlər Kabinetinin «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında» 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2-ci şərtə əməl edilməmişdir. İddiaçının əmək kitabçasına əsasən hərbi xidmət, təhsil və işləmiş olduğu bütün dövrləri nəzərə alındığı təqdirdə, 1 yanvar 2006-cı il tarixədək onun ümumi iş stajı 25 ildən az (21 il 6 ay 3 gün) təşkil edir. «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Bu mənada, «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Qeyd olunmalıdır ki, hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 30 mart 2021-ci il tarixli qərardadında məhkəmə kollegiyasının hüquqi mövqeyinə uyğun olaraq müvafiq xüsusatlar araşdırılmışdır. Məhkəmə icraatında (iş materialları apellyasiya instansiyası məhkəməsindən qaytarıdıqdan sonra) cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 4 mart 2020-ci il tarixli məktubunun iddiaçıya çatdırılması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmə iddiaçının müraciəti üzrə cavabdehin hərəkətsizliyi nəticəsində inzibati mübahisənin mövcud olması qənaətinə gəlir və mübahisəni mahiyyəti üzrə qiymətləndirir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə (etirazda) göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan “X9” MMC-nin 10 fevral 2020-ci il tarixli 192/A nömrəli arayışında qeyd olunur ki, İddiaçı “X9 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində çalışmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi yanında X3 Salan Mərkəz tərəfindən tərtib edilmiş “X9 Limited” Şirkətinin arxiv fondunun materiallarında aşağıdakı məlumatlar qeyd edilib: 17 aprel 2000-ci il tarixdən 15 oktyabr 2001-ci il tarixədək Mexaniklər xidmətində zərərli iş şəraitində qaynaqçı vəzifəsində və 1 aprel 2002-ci il tarixdən 14 sentyabr 2009-cu il tarixədək Mexaniklər xidmətində zərərli iş şəraitində qaynaqçı vəzifəsində çalışmışdır. Əsas: Azərbaycan Respublikası Milli Arxiv İdarəsi yanında X3 Salan Mərkəz tərəfindən tərtib edilmiş Arxiv fondunun materialları (Fond №1, Siyahı №1Ş, 2 №li saxlama vahidi, 43 №li saxlama vahidi. Fond №1, Siyahı №1Ş, 21 №li saxlama vahidi, 371 №li saxlama vahidi). Qeyd edilmiş peşə AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 3-cü Metallurgiya İstehsalatı bəndinin 3.2 (a) bəndində əl ilə elektrik qaynaqçıları kimi öz əksini tapmışdır. İş materiallarında olan "xxxx" ASC-nin 10 fevral 2020-ci il tarixli 5 nömrəli arayışında qeyd olunur ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı "xxxx" X2 Bakı Elektrik Termik Avadanlığı Zavodunda (indiki "xxxx" ASC-də) 20 avqust 1984-cü il tarixdən (əmr № 537/ok, xx.xx.1984-cü il) 1 oktyabr 1996-ci il tarixədək güzəştli şərtlərlə elektrik qaynaqçısı peşəsində, 1 iyul 1997-cı il tarixdən 8 aprel 1998-ci il tarixədək zavod mühafizəsində nəzarətçi qismində işləmiş, 1 oktyabr 1996-ci il tarixdən 1 iyul 1997-ci il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur (Əsas: Forma T-2, əmrlər kitabı). "xxxx" İstehsalat Birliyinin Bakı X6 adı yuxarı orqanların qərarları əsasında bir neçə dəfə dəyişilmişdir. Belə ki, keçmiş SSRİ Elektrotexnika Sənayesi Nazirliyinin 7 mart 1984-cü il tarixli 170 №-li əmri ilə "xxxx" İstehsalat Birliyinin Bakı X7 “Bakı Elektrik Termik Avadanlığı Zavodu” adlandırılmışdır. "xxxx" İstehsalat Birliyi isə SSRİ Elektrotexnika Sənayesi Nazirliyinin 29 mart 1988-ci il tarixli 175 №-li əmri ilə "xxxx" X4 ("xxxx" EİB-ə) çevrilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 27 noyabr 2001-ci il tarixli 243 №-li sərəncamına əsasən "xxxx" EİB-nin Bakı Elektrik Termik Avadanlığı Zavodu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Mövcud qanunvericiliyə görə "xxxx" ASC yuxarıda adı göstərilən müəssisələrin hüquqi varisidir. İş materiallarında olan "xxxx" ASC-nin məhkəmənin müvafiq sorğusuna cavab olaraq göndərilmiş 23 noyabr 2021-ci il tarixli 39 nömrəli arayışında qeyd olunur ki, İddiaçı əritmə və müqavimət peçlərinin (sobalarının) əsas gövdələrinin elektrodla qaynaq edilməsi ilə məşğul olub. AR Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş siyahıda elektrik qaynaqçısı XXXİİİ bölümün “Ümumi peşələr” bəndində 23200000 – 19906 kodu ilə qeyd olunub. AR Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıda əl ilə qaynaq aparatı, elektrik qaynaqçısı XXXV bölüm “Ümumi peşələr”də 68-ci sırada qeyd olunub. İş materiallarında olan “X9” MMC-nin məhkəmənin müvafiq sorğusuna cavab olaraq ünvanlanmış 15 noyabr 2021-ci il tarixli məktubunda qeyd olunur ki, əmək kitabçasına əsasən İddiaçı 17 aprel 2000-ci il tarixdən 15 oktyabr 2001-ci il tarixədək və 1 aprel 2002-ci il tarixdən 14 sentyabr 2009-cu il tarixədək “X9 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində qaynaqçı peşəsində çalışmışdır. Bu barədə vətəndaşa 10 fevral 2020-ci il tarixli 192/A nömrəli arxiv arayışı təqdim olunmuşdur. 1 may 2014-cü il tarixdən 3 noyabr 2014-cü il tarixədək “X9” MMC-də quraşdırıcı elektrik qaynaqçısı, 3 noyabr 2014-cü il tarixdən hal-hazıradək qeyri-standart avadanlıq üzrə qaynaqçı peşəsində çalışır. İddiaçı qaynaqçı kimi əsas vəzifə borcu müxtəlif növ detalların və konstruksiyaların əl ilə qaynaq işlərini aparmaqdır. “X9” MMC-nin istehsalat sahələrinin texniki xarakteristikasına əsasən avtomat qaynaq aparatlarından ümumiyyətlə istifadə olunmur. Müəssisənin bütün istehsalat sahələrində yalnız əl ilə qaynaq aparatları ilə qaynaq işləri aparılır. Qeyd edilmiş peşə AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.2 (a) bəndində “əl ilə elektrik qaynaqçıları” və 35- ci Ümumi peşələr bölməsində “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” kimi öz əksini tapmışdır. Həmin peşə AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı (hazırda qüvvədə düşmüş) ilə təsdiq edilmiş siyahının 3-cü Metallurgiya istehsalatı bölməsinin 2-ci Polad və ferroərintilər istehsalatı yarımbölməsində qeyd edilən 1030200а – 1753а şifrəyə (əl ilə elektrik qaynaqçıları) və 33-cü Ümumi peşələr bölməsinin 23200000 – 19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları şifrəyə aiddir. Aparılmış iş yerlərinin attestasiyanın nəticələrinə görə iş şəraiti zərərli və ağır olduğu üçün əl ilə qaynaq aparan elektrik qaynaqçılarına əmək şəraitinə görə güzəştlər: əmək haqqına əlavə və 6 gün əlavə məzuniyyət günləri verilir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «İnzibati icraat haqqında» Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: - (a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; - (b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1-dək hər il 6 ay artırılır. AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» Qanuna uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin qərarla təsdiq edilmiş 1 nömrəli Siyahının “Metallurgiya istehsalatı” bölməsinin 2-ci “Polad və ferroərintilər istehsalatı” bəndində təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları peşələri 1030200a – 1753a kodu ilə nəzərdə tutulmuşdur. Eləcə də, həmin qərarla təsdiq edilmiş 2 nömrəli Siyahının “XXXİİİ. Ümumi peşələr” bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşələri 23200000 – 19906 kodu ilə nəzərdə tutulmuşdur. Göründüyü kimi, mövcud qanunvericilik normaları nəzərdə tutur ki, 1 yanvar 2006-cı il tarixədək 20 il ümumi iş stajına, o cümlədən 10 il AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 1 nömrəli Siyahıda göstərilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə iş stajına malik kişilər 52 yaşına çatdıqda, eləcə də həmin tarixədək 25 il ümumi iş stajına, o cümlədən 12 il 6 ay AR Nazirlər Kabinetinin sözügedən qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıda əks olunan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə staja malik kişilər 57 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Nəzərə alınmalıdır ki, iddiaçı iddiasının əsası üzrə ona 52 yaşdan, yəni 10 fevral 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etdiyindən, həmin yaş üzrə pensiya təyinatını şərtləndirən hallar kimi onun 1 yanvar 2006-cı il tarixədək 20 il ümumi sığorta stajının, o cümlədən 10 il AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahıda nəzərdə tutulan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə iş stajının toplanıb-toplanmaması qiymətləndirilməlidir. , Hazırkı işin hallarına görə isə, İddiaçı 1 yanvar 2006-cı il tarixədək hərbi xidmət və peşə təhsili də daxil olaqla 20 ildən artıq ümumi sığorta stajını toplasa da, həmin tarixədək onun işlədiyi “əl ilə elektrik qaynaqçısı” peşəsi «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinə və AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 və 2 nömrəli siyahılarda nəzərdə tutulan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aiddir, lakin həmin peşələrdə ayrı-ayrılıqda iş stajları müvafiq olaraq 10 ildən və 12 il 6 aydan azdır. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensuyası hüququ yaranmır. Odur ki, məhkəmə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinasını qanua zidd qiymətləndirmir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar