Məhkəmə qərarları › İş №2-1(112)-232/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-232/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-232/2024 25.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı “X4, S.A” Şirkətinin cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı 3-cü şəxs X9 işə cəlb edilməklə “qərarın ləğv edilməsi və qeydiyyatın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X14 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı “X4, S.A” Şirkətinin cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı 3-cü şəxs X9 işə cəlb edilməklə “qərarın ləğv edilməsi və qeydiyyatın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı “X4, S.A” Şirkəti cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının A196-7/21, 13 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsi və X9 (Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 2, mənzil 7) adına (“Sakura + təsvir) əmtəə nişanının 2021 1454 (ilkinlik xx.xx.2019 ərizə № 2019 01947) 25-ci sinif – “geyim, ayaqqabı, baş geyimləri” və 35-ci sinif “geyim, ayaqqabı, baş geyimlərinin satışı və reklamı üzrə xidmətlər” əmtəə və xidmətləri üzrə qeydiyyatının etibarsız sayılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X4, S.A.” adına Azərbaycan Respublikası ərazisində 25-ci sinif əmtəələri üzrə daha əvvəl ilkinliklə mühafizə olunan 923621 (ilkinlik PT, xx.xx.2006) saylı “Sacoor brothers + təsvir” və ******* (ilkinlik 2015/38 Gaz, xx.xx.2015) saylı “Sacoor KİDS” beynəlxalq əmtəə nişanlarına hüquqlar əsasında həmin əmtəə nişanlarına qarışdırılacaq dərəcədə oxşar olan, üçüncü şəxs X9 (Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 2, mənzil 7) adına “Sakura+təsvir” əmtəə nişanının 2021 1454 (ilkinlik xx.xx.2019 ərizə № 2019 01947) 25-ci sinif – “geyim, ayaqqabı, baş geyimləri” və 35-ci sinif “geyim, ayaqqabı, baş geyimlərinin satışı və reklamı üzrə xidmətlər “əmtəələri və xidmətləri üzrə qeydiyyatının etibarsız sayılması barədə verilmiş əsaslandırılmış etiraz ərizəsi Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının № A196- 7/2021, 13 yanvar 2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir. “Cavabdeh” qərar verərkən, 2021 1454 (ilkinlik xx.xx.2019 ərizə № 2019 01947) “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 6-cı maddəsinin “b” bəndindən irəli gələn əsasların pozulması ilə qeydiyyata alındığı üçün həmin Qanunun 29-cu maddəsinə uyğun “Əmtəə nişanlarının qeydə alınması və ekspertizası qaydalarının” (sonralar “Qaydalar”) 29.6.1, 29.6.2, 29.6.3, 29.6.4-cü bəndlərinə əsasən səsli (fonetik), qrafik (görünüşlü) və məna ifadəli (semantik) oxşarlığının qarışdırılacaq dərəcədə oxşar olmadığı, istehlakılar arasında yanıltma, qarışdırma yaratmadığını, bu sözlərin qarışdırılacaq dərəcədə oxşar olmadığı barədə sübutları əsassız və qanunsuz olaraq nəzərə almadığını nəzərə alaraq № A 196-7/21, 13 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsi barədə iddia tələbləri təmin edilməlidir. İş materiallarına əlaə edilmiş sənədlərdən görünür ki, “X5, S.A” adına “Sacoor brothers+ təsvir” əmtəə nişanı 923621 (ilkinlik PT, xx.xx.2006), beynəlxalq qeydiyyatla 03-cü, 09-cu, 18-ci, 25-ci və 43-cü siniflər üzrə xx.xx.2007-ci il tarixdən Azərbaycan Respublikası ərazisində mühafizə olunur. “X5, S.A” adına “Sacoor KİDS” sözdən ibarət əmtəə nişanı ******* (ilkinlik 2015/38 Gaz, xx.xx.2015), beynəlxalq qeydiyyatla 25-ci sinif əmtəələri üzrə xx.xx.2015-ci il tarixdən Azərbaycan Respublikası ərazisində eləcə də, dünyanın 67 ölkəsində AG, AL, AM, AU, AZ, BA, BH, BQ, BT, BW, BY CH, CN, CO, CU, CW, DZ, EG, EM, GE, GH, İL, İN, İR, İS, JP, KE, KG, KR, KZ, Lİ, LR, LS, MA, MC, MD, ME, MG, MK, MN, MX, MZ, NA, NO, NZ, OM, PH, RS, RU, RW, SD, SG, SL, SM, ST, SX, SY, SZ, TJ, TM, TR, UA, US, UZ, VN, ZM mühafizə olunur. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Patent və X1 Mərkəzi xx.xx.2020-ci il tarixli “Əmtəə nişanının qeydiyyata alınmasından imtina edilməsi haqqında” bildiriş”-lə 2019 01947 nömrəli iddia ərizəsinə 25-ci sinif - əmtəələri üzrə “Sakura + təsvir” əmtəə nişanına ekspertiza nəticəsində aşkar edilmiş, qeydiyyatdan keçmiş oxşar “Sacoor KİDS” sözdən ibarət əmtəə nişanı (ilkinlik tarixi xx.xx.2015, bildirmə tarixi xx.xx.2015) “X5, S.A” adına 25-ci sinif əmtəələri üzrə ******* nömrəli beynəlxalq qeydiyyata qarşı qoyularaq imtina edilmişdir. Apellyasiya Şurası 29.6.5-ci maddənin əsaslarını “Qaydaların 29.6.1- 29.6.4-cü bəndlərində göstərilənlərin hər biri istər ayrıca və istərsə də, müxtəlif quraşmalarda (birləşmələrdə) nəzərdə alına bilər” normaları tətbiq etməklə hüquqi qiymət verməli olduğu halda, qanunsuz olaraq təsviri hissədə xırda fərqləri qabartmaqla səhv qərar vermişdir. Apellyasiya Şurası bu nişanlarda Qaydaların 29.9.1 və 29.9.2-ci bəndlərini ümumiyyətlə nəzərə almamışdır. 29.9.1-ci bəndə əsasən əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır. 29.9.2-ci bəndə əsasən əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır. “X5, S.A” Portuqaliya şirkəti "SACOOR KİDS" və "SACOOR brothers + təsvir" əmtəə nişanları 25-ci sinifdə mühafizə edilən əmtəələrin bütövlükdə "Sakura +təsvir" əmtəə nişanın 25-ci sinif: "geyim, ayaqqabı, baş geyimləri" əmtəələrini əhatə etməsi və istehlakçılarda eyni təsəvvür yaratması və istehlakçıları yanılması ilə bazarda yanaşı mövcud ola biləməyəcəyini, çaşmaya səbəb olduğunu nəzərə alaraq özünün qanunla qorunan hüquqlarının müdafiəsi üçün Apellyasiya Şurasına müraciət etmişdir. Nişan sahibi "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanunun" 25-ci maddəsindən irəli gələn hüquqları əsaslanaraq: "Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir" müraciət etmişdir. Apellyasiya Şurası bu əsaslarla verilən müraciətə qiymət verərkən -"Əmtəə nişanının təyinatına uyğun olaraq onun əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarların əmtəələrindən və göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir" göstərsə də, nişan sahibinin qanunla qorunan hüquqlarının müdafiəsi üçün müraciət etməsi mövqeyinə əks qiymət vermişdir. Halbuki, Azərbaycan Respublikası bazarında – “Sacoor KİDS” və “Sacoor brothers + təsvir” əmtəə nişanları ilə sahibkar fəaliyyəti göstərən “X5, S.A” Portuqaliya şirkəti özünün qanunla qorunan hüquqlarının müdafiəsi üçün Apellyasiya Şurasına müraciət etmişdir.

3. Məhkəmənin 2-1(112)-7459/2022 saylı 21 iyul 2022-ci il tarixli qərardadı ilə X9 inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, “Sakura” (2021 1454) əmtəə nişanı ƏXBT-ni 25-ci sinif (“geyim, ayaqqabı, baş geyimləri”) və 35-ci sinif (“Geyim, ayaqqabı, baş geyimlərinin satışı və reklamı üzrə xidmətlər”) əmtəələri və xidmətləri üzrə 2021-ci il 28 iyul tarixində X7 adına Azərbaycan Respublikasında 2021 1454 nömrə ilə qeydiyata alınmışdır. Nişan düzbucaqlı həndəsi fiqur içərisində verilmiş, qara fon üzərində çəhrayı rəngdə, qrafik formada “Sakura” sözü yazılmış, “S” hərfi xüsusilə vurğulanaraq uc hissəsində gül təsviri verilmiş, yuxarı hissədə isə kiçik ulduz təsvirləri verilmişdir. “Sacoor brothers” (923621) əmtəə nişanı “X4, S.A.” Şirkəti tərəfindən ******* beynəlxalq qeydiyyat nömrəli “Sacoor KİDS” əmtəə nişanı ƏXBT-nin 25-ci sinif əmtəələri üzrə 2015-ci il 23 iyun tarixində beynəlxalq qeydiyyata alınmış və onun qeydiyyatı 2015-ci il 01 oktyabr tarixində Azərbaycan Respublikasının ərazisində iddia edilmişdir. Nişan hazırda Azərbaycan Respublikası ərazisində qüvvədədir. Nişan Mərkəzi hissədə qrafik formada yazılmış “sacoor” sözündən, ondan aşağıda yazılmış “brothers” sözündən və yuxarı hissədə verilmiş təsvirdən ibarət nişandır. “Sacoor KİDS” (1266947) “X4, S.A.” Şirkəti tərəfindən 923621 beynəlxalq qeydiyyat nömrəli əmtəə nişanı ƏXBT-nin 03, 09, 18, 25 və 433-cü sinif əmtəələri üzrə 2007-ci il 07 mart tarixdə beynəlxalq qeydiyyata alınmş və onun qeydiyyatı xx.xx.2008-ci il tarixində Azərbaycan Respublikasının ərazisində iddia edilmişdir. Nişan hal-hazırda Azərbaycan Respublikası ərazisində qüvvədədir. “Sacoor KİDS” nişanı qara rəngdə, standart şriftlə yazılmış “sacoor və kids” sözlərindən ibarət nişandır. İddiaçı “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 29cu maddəsinə və 6-cı maddəsinin a) bəndinə əsasən 2021 1454 nömrəli “Sakura” əmtəə nişanının qeydiyyatının etibarsız hesab edilməsi barədə müraciət etmişdir. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində X2 şurası (bundan sonra- Apellyasiya şurası) aparılmış araşdırılmaya əsasən, “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.6.2-ci, 29.6.3-ci, 29.6.4-cü bəndlərini nəzərə alaraq, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin birinci hissəsinin (a) bəndini, 29-cu maddəsini rəhbər tutaraq, verilmiş etiraz ərizəsi əsassız hesab olunmuş və təmin edilməmişdir. "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, əmtəə nişanı dedikdə “sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşması (kombinasiyası)" başa düşülür. Normanında məzmunundan göründüyü kimi, əmtəə nişanının təyinatına uyğun olaraq onun əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Qeyd edilən nişanlar müqayisə olunarkən orta istehlakçıda yarada biləcək təəssürata nəzərən (ümumi görünüşlü (müşahidə) təəssüratı) bütövlükdə yanaşılmalıdır. Bildiririk ki, qeyd edilən əmtəə nişanlarının qrafik fərqlərə malik olması, fonetik və vizual cəhətlərdən qarışdırılacaq dərəcədə oxşar olmaması, istehlakçılarda eyni təsəvvür yaratmaması və istehlakçıları yanıltmadan bazarda yanaşı mövcud ola bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydalarının (bundan sonra - Qaydalar) 29.6-cı bəndinə əsasən, sözlərdən ibarət iddia edilən nişanların yoxlanılması zamanı sözlərdən ibarət olan nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilir, səs üzrə (fonetik) oxşarlıq, qrafiki (görünüşlü) oxşarlıq və məna etibarı ilə (semantik) oxşarlıq Qaydaların qeyd olunmuş bəndlərində nəzərdə tutulmuş əlamətlər üzrə müəyyən edilir. Qaydaların 29.9.1-2-ci bəndlərinə əsasən, “Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır.” Yuxarıda qeyd olunanlar nəzərə alınaraq müqayisə aparıldığı təqdirdə müqayisə edilən nişanların bazarda eyni zamanda mövcud ola biləcəyi və bu, istehlakçılar arasında çaşqınlıq yaratmayacaq qənaətinə gəlmək olar. Hesab edirik ki, hazırki iş üzrə təqdim edilmiş dəlillər 2021 1454 nömrəli “Sakura” əmtəə nişanının qeydiyyatına xitam verilməsi üçün yetərli hesab edilə bilməz. Buna görə də, yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirlər ki, Apellyasiya şurasının 2022-ci il 13 yanvar tarixli A196-7/21 nömrəli qərarı qanuni və əsaslıdır, hazırki inzibati iş üzrə Agentliyə qarşı qaldırılmış iddia tələbi və iddia ərizəsində irəli sürülmüş dəlillər isə əsassızdır.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və 3-cü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəməyə gəlməmələrinin səbəbi barəsində hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı icraatı çərçivəsində cavabdehin nümayəndəsinin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində X2 Şurasının 13 yanvar 2022-ci il tarixli A196-7/21 nömrəli qərarına əsasən X8 məxsus 2021 1454 qeydiyyat nömrəli “Sakura” əmtəə nişanının 25-ci və 35-ci sinif əmtəə və xidmətləri üzrə qeydiyyatına qarşı iddiaçının (ərizəçinin) nümayəndəsi, patent müvəkkili Nümayəndə1 verilmiş etiraz ərizəsi əsassız hesab olunmuş və təmin edilməmişdir.

9. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən PHŞ/2-2- 2022-276 nömrəli 11 may 2022-ci il tarixli məktubla Agentliyin sənaye mülkiyyətinin mühafizəsi sahəsində X2 Şurasının 2022-ci il 13 yanvar tarixli A1967/21 nömrəli qərarı ilə bağlı icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

10. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən PHŞ/2-2- 2022-379 nömrəli 22 iyun 2022-ci il tarixli məktubla iddiaçı “X5, S.A” Şirkətinin nümayəndəsi tərəfindən verilmiş və məhkəmə tərəfindən təmin edilmiş 2022-ci il 31 may tarixli vəsatətlə əlaqədar, N 2021 1454 qeydiyyat nömrəli əmtəə nişanına dair 2019 01947 nömrəli iddia sənədi üzrə aparılmış ekspertiza materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

11. Məhkəmənin 2-1(112)-7459/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə linqvistik və əqli mülkiyyət obyektlərinin məhkəmə ekspertizası təyin edilmiş, həmin qərardadın icrası ilə əlaqədar olaraq məhkəmə linqvistik ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 27 mart 2023-cü il tarixli 5/272-4/345 nömrəli ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Ekspertizanın tədqiqatının nəticəsinə əsasən təqdim edilmiş 2021 1454 nömrə ilə qeydiyyata alınmış “Sakura” əmtəə nişanı ******* nömrə ilə beynəlxalq qeydiyyata alınmış “Sacoor KİDS” və 923621 nömrə ilə beynəlxalq qeydiyyat aalınmış “Sacoor brothers” əmtə nişanları ilə səsli (fonetik) məna ifadəli (semantik) əlamətlərinə görə fərqlidirlər.

12. Məhkəmənin 2-1(112)-943/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əqli mülkiyyət obyektlərinin məhkəmə ekspertizası təyin edilmişdir. Əqli mülkiyyət obyektlərinin məhkəmə ekspertizasının icrası patent müvəkkilinin tədqiqatda iştirak etməməsi səbəbindən mümkün olmamışdır.

13. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən 11-4/2- 514/2023 24 avqust 2023-cü il tarixli məktubla bildirilmişdir ki, Agentliyin sənaye mülkiyyətinin mühafizəsi sahəsində X2 Şursaının 2022-ci il 13 yanvar tarixli A-196-7/21 nömrəli qərarı ilə bağlı icraat materialları və N 2021 1454 qeydiyyat nömrəli əmtəə nişanına dair 2019 01947 nömrəli iddia sənədi üzrə aparılmış ekspertiza materiallarının təsdiq olunmuş surətləri Agentliyin 2022-ci il 11 may tarixli PHŞ/2-2-2022-276 və 2022-ci il 22 iyun tarixli PHŞ/2-2-2022-379 nömrəli məktubları ilə məhkəməyə təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.

15. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

18. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər

19. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.

20. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.

21. Hazırkı iş üzrə işin hallarından müəyyən edimişdir ki, iddiaçı tərəfindən cavabdehin mübahisəli qərarı qanunverciliklə müəyyən edilmiş müddətdə mübahisələndirilmişdir.

22. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

23. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir.

24. Məhkəmə mübahisə ilə bağlı qanunvericiliyin aşağıdakı normalarını qeyd etməyi zəruri hesab edir.

25. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır). Həmin Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 4-cü maddəsinə əsasən əmtəə nişanı kimi aşağıdakı nişanlar qeydə alına bilər: sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması. Həmin Qanunun 6-cı maddəsinin (a) bəndinə əsasən Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları ilə eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır. Həmin Qanunun 29-cu maddəsinin 1-ci hissəsinə əsasən Əmtəə nişanı bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı anlayışına uyğun gəlmirsə və ya 5-ci maddənin tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər. Maddənin 3-cü hissəsinə əsasən əmtəə nişanının qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir: əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə; əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə. Maddənin 4-cü hissəsinə əsasən əmtəə nişanı və ya onun əsas hissəsi geniş tanınmış əmtəə nişanına aid olan əmtəələr və ya xidmətlərlə qarışdırılacaq dərəcədə eyni və ya oxşar olan, başqa şəxsin adına qeydiyyata alınmış geniş tanınmış nişanın oxşatması, tərcüməsi və ya transliterasiyasıdırsa, bu cür əmtəə nişanının qeydiyyatının ləğvinə dair tələb, bu əmtəə nişanı barədə məlumatın dərc olunduğu tarixdən etibarən, qüvvədə olduğu müddət ərzində verilə bilər.

26. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”na əsasən: 29.6.2. Səs üzrə (fonetik) oxşarlıq aşağıdakı əlamətlərlə müəyyən edilir: a) müqayisə edilən nişanda (işarədə) yaxın və uyğun səslərin mövcudluğu; b) nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı; c) yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) biri-birinə nəzərən yerləşməsi; ç) uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu; d) işarədə olan hecaların miqdarı; e) işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer; ə) kar və cingiltili tərkibin yaxınlığı; f) nişanın (işarənin) üst-üstə düşən hissələrinin xarakteri; g) bir nişandan (işarədən) digərinə daxil olma; ğ) vurğu. 29.6.3. Qrafiki (görünüşlü) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) ümumi görünüşlü (müşahidə) təəssüratı; b) şriftin növü; c) hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər, böyük və ya sətri hərflər); ç) hərflərin biri-birinə nəzərən yerləşməsi; d) hərflərlə yazılmış sözlərin əlifbası; e) rəng və ya rənglərin uzlaşması (kombinasiyası). 29.6.4. Məna etibarı ilə (semantik) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu, o cümlədən nişanda (işarədə) öz əksini tapan müxtəlif dillərdə olan ifadələrin mənaca üst-üstə düşməsi; b) nişanda (işarədə) olan elementlərdən birinin üzərinə düşən, müstəqil əhəmiyyətə malik məntiqi vurğuların üst-üstə düşməsi; c) nişanda (işarədə) öz əksini tapan məna və ideyaların əkslikləri.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydalarının (bundan sonra – Qaydalar) 29.6-cı bəndinə əsasən, sözlərdən ibarət iddia edilən nişanların yoxlanılması zamanı sözlərdən ibarət olan nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilir, səs üzrə (fonetik) oxşarlıq, qrafiki (görünüşlü) oxşarlıq və məna etibarı ilə (semantik) oxşarlıq Qaydaların qeyd olunmuş bəndlərində nəzərdə tutulmuş əlamət üzrə müəyyən edilir. Həmin Qaydaların 29.9.1-2-ci bəndlərinə əsasən, “Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır.”

28. Hazırki işin hallarından müəyyən edilir ki, iddiaçı “X6, S.A” Portuqaliya Şirkəti “Sacoor KİDS” və “Sacoor brothers +təsvir” əmtəə nişanları 25-ci sinifdə mühafizə edilən əmtəələrin bütövlükdə “Sakura + təsvir” əmtəə nişanının 25-ci sinif : “geyim, ayaqqabı, baş geyimləri” əmtəələrini əhatə etməsi və istehlakçılarda eyni təsəvvür yaratması və istehlakçıları yanılması ilə bazarda yanaşı mövcud ola bilməyəcəyini, çaşmaya səbəb olduğunu nəzərə alaraq özünün qanunla qorunan hüquqlarının müdafiəsi üçün “X8 məxsus 2012 1454 qeydiyyat nömrəli “Sakura” əmtəə nişanının 25-ci və 35-ci sinif əmtəə və xidmətləri üzrə qeydiyyatına qarşı” etiraz ərizəsi ilə Apellyasiya Şurasına müraciət etmişdir. İddiaçı hesab etmişdir ki, “Sacoor KİDS”,“Sacoor brother və şəkil” və “Sakura və şəkil” əmtəə nişanlarının qarşıdılacaq dərəcədə oxşar olmasının müəyyən ediləsi üçün “Əmtəə nişanlarının qeydə alınması və ekspertizası Qaydalarının” (sonralar “Qaydalar) 29.6.1, 29.6.2, 29.6.3, 29.6.4-cü bəndlərinə əsasən səsli (fonetik), qrafik (görünüşlü) və məna ifadəli (semantik) oxşarlığı araşdırılsa bu sözlərin qarışdırılacaq dərəcədə oxşar olduğu sübuta yetəcəkdir. “Sacoor” – “sa-ku-ur” altı hərfdən, üç hecadan ibarət olmaqla, altı hərfdən, üç hecdan ibarət “Sakura” – “sa-ku-ra” sözü ilə “sa-ku” iki heca eyni olmaqla “ur” və “ra” səsində isə vurğu “r” səsinə düşməklə qarşdırılacaq dərəcədə oxşar səslənir. Müqayisə edilən “Sacoor” və “Sakura” sözləri latın qrafikası ilə verilməklə qrafiki-görünüşcədə qarşırılacaq dərəcədə oxşardır. “X6, S.A” Portuqaliya Şirkətinə aid “Sacoor KİDS” ******* və “Sacoor brothers” 923621 beynəlxalq qeydiyyatlarla mühafizə olunan 25-ci sinif əmtəələri X9 tərəfindən qeydiyata alınmış “Sakura və şəkil” əmtəə nişanının 25 və 35-ci sinif “geyim, ayaqqabı və baş geyimləri” əmtəə və xidmətləri ilə həmcinsdirlər və bununla da, “Əmtəə nişanlarının qeydə alınması və ekspertizası qaydalarının” (sonralar “Qaydalar”) 29.9.1, 29.9.2-ci bəndlərinin tələblərini pozmaqla qeydə alındığı sübuta yetirilir. Apellyasiya Şurası mübahisəli qərarı ilə iddiaçının ərizəsini təmin etməyərək, nişanların oxşarlığını müəyyən etmək üçün “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 2.6.1-ci “Sözlərdən ibarət nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilir”, 29.6.2-ci “Səs üzrə (fonetik) oxşarlıq”, 29.6.3-cü “Qrafiki (görünüşlü) oxşarlıq”, 29.6.4-cü “Məna etibarı ilə”, 29.9.1-ci (“Əmtəələrin və göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır”) və 29.9.2-ci (“Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır”) bəndlərində göstərilən əlamətləri nəzərə alaraq, hesab etmişdir ki, 2021 1454 saylı “Sakura” və onunla müqayisə edilən “Sacoor KİDS” (1266947) və “Sacoor brother” (923621) əmtəə nişanları fonetik, qrafik və semantik cəhətdən oxşar deyillər. Mübahisələndirilən nişan düzbucaqlı həndəsi fiqur içərisində verilmiş, qara fon üzərində çəhrayı rəngdə, qrafik formada “Sakura” sözü yazılmış, “S” hərfi xüsusilə vurğulanaraq uc hissəsində gül təsviri verilmiş, yuxarı hissədə isə kiçik ulduz təsvirləri verilmişdir. “Sacoor KİDS” nişanı qara rəngdə, standart şriftlə yazılmış “Sacoor və kids” sözlərindən ibarət nişandır. “Sacoor brothers” nişanı isə mərkəzi hissədə qrafik formada yazılmış “Sacoor” sözündən, ondan aşağıda yazılmış “brothers” sözündən və yuxarı hissədə verilmiş təsvirdən ibarət nişandır. Qeyd edilən nişanlar müqayisə olunarkən orta istehlakçıda yarada biləcək təəssürata nəzərən (ümumi görünüşlü (müşahidə) təəssüratı) bütövlükdə yanaşılmalıdır. Apellyasiya Şurası qeyd edilən əmtəə nişanlarının qrafik fərqlərə malik olması, fonetik və vizual cəhətlərdən qarşıdırılacaq dərəcədə oxşar olmaması, istehlakçılarda eyni təsəvvür yaratmaması və istehlakçıları yanıltmadan bazarda yanaşı mövcud ola biləcəyini, əmtəə nişanının təyinatına uyğun olaraq onun əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Odur ki, Apellyasiya Şurası hesab etmişdir ki, müqayisə edilən nişanlar bazarda eyni zamanda mövcud ola bilər və bu, istehlakçılar arasında çaşqaınlıq yaratmayacaqdır. Hazırki ərizə əsasında təqdim edilmiş dəlillər 2021 1454 saylı “Sakura” əmtəə nişanının qeydiyyata xitam verilməsi üçün yetərli hesab edilə bilməz.

29. İddiaçı eyni əsaslarla Apellyasiya Şurasının mübahisəli qərarından narazı qalaraq hazırki tələblə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən işin hallarının hər tərəfli araşdırılması məqsədilə mübahisəli əmtəə nişanlarının fonetik, məna ifadəli (semantik) və qrafiki (görünüşcə) əlamətlərinə görə oxşarlıq əlamətlərinin müəyyən edilməsi məqsədilə məhkəmə linqvistik və əqli mülkiyyət obyektlərinin tədqiqi barədə məhkəmə ekspertizası təyin etmiş, “19. Əqli mülkiyyət obektlərinin məhkəmə ekspertizası”, 19.1. Əqli mülkiyyət obyektlərinin tədqiqi”, “5. Məhkəmə linqvistik ekspertizası”, “5.1. Nitq fəaliyyəti məhsullarının tədqiqi” ekspertiza və ixtisas sahəsi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 27 mart 2023-cü il tarixli 5/272-4/345 nömrəli ekspert rəyi təqdim edilərək tədqiqatın nəticəsində göstərilmişdir ki, təqdim edilmiş 2021 1454 nömrə ilə qeydiyyata alınmış “Sakura” əmtəə nişanı ******* nömrə ilə beynəlxalq qeydiyyata alınmış “Sacoor KİDS” və 923621 nömrə ilə beynəlxalq qeydiyyata alınmış “Sacoor brothers” əmtəə nişanları ilə səsli (fonetik) və məna ifadəli (semantik) əlamətlərinə görə fərqlidirlər.

30. İddiaçı tərəfindən mühafizə olunan “Sacoor” sözü ilə mübahisə predmeti olan “Sakura” sözünün semantik əlamətərə görə oxşarlığının mübahisə predmeti olmadığı əsas gətirilərək həmin ekspert rəyinə etiraz edilmiş, əlavə ekspertizanın təyin edilməsi barədə yenidən qərardad qəbul edilmiş, lakin, məhkəmə qərardadının icrası əqli mülkiyyət obyektlərinin ekspertizasının aparılması üçün ekspert vəsatətinə əsasən patent müvəkkilinin ayrılmaması səbəbindən mümkün olmamışdır.

31. Məhkəmə iş üzrə təqdim edilmiş yuxarıda qeyd edilən ekspert rəyini və eləcə də, mübahisəli qərarla bağlı icraat materiallarını, həmçinin həmin qərarda qeyd edilmiş Apellyasiya Şurasının mövqeyini nəzərə alaraq hesab edir ki, Apellyasiya Şurasının qərarı əsaslı olmuşdur.

32. Belə ki, işin hallarından göründüyü kimi, “Sakura” (2021 1454) əmtəə nişanı ƏXBT-ni 25-ci sinif (“geyim, ayaqqabı, baş geyimləri”) və 35-ci sinif (“Geyim, ayaqqabı, baş geyimlərinin satışı və reklamı üzrə xidmətlər”) əmtəələri və xidmətləri üzrə 2021-ci il 28 iyul tarixində X7 adına Azərbaycan Respublikasında 2021 1454 nömrə ilə qeydiyata alınmışdır. Nişan düzbucaqlı həndəsi fiqur içərisində verilmiş, qara fon üzərində çəhrayı rəngdə, qrafik formada “Sakura” sözü yazılmış, “S” hərfi xüsusilə vurğulanaraq uc hissəsində gül təsviri verilmiş, yuxarı hissədə isə kiçik ulduz təsvirləri verilmişdir. “Sacoor brothers” (923621) əmtəə nişanı “X4, S.A.” Şirkəti tərəfindən ******* beynəlxalq qeydiyyat nömrəli “Sacoor KİDS” əmtəə nişanı ƏXBT-nin 25-ci sinif əmtəələri üzrə 2015ci il 23 iyun tarixində beynəlxalq qeydiyyata alınmış və onun qeydiyyatı 2015-ci il 01 oktyabr tarixində Azərbaycan Respublikasının ərazisində iddia edilmişdir. Nişan hazırda Azərbaycan Respublikası ərazisində qüvvədədir. Nişan Mərkəzi hissədə qrafik formada yazılmış “sacoor” sözündən, ondan aşağıda yazılmış “brothers” sözündən və yuxarı hissədə verilmiş təsvirdən ibarət nişandır. “Sacoor KİDS” (1266947) “X4, S.A.” Şirkəti tərəfindən 923621 beynəlxalq qeydiyyat nömrəli əmtəə nişanı ƏXBT-nin 03, 09, 18, 25 və 433-cü sinif əmtəələri üzrə 2007-ci il 07 mart tarixdə beynəlxalq qeydiyyata alınmş və onun qeydiyyatı xx.xx.2008-ci il tarixində Azərbaycan Respublikasının ərazisində iddia edilmişdir. Nişan hal-hazırda Azərbaycan Respublikası ərazisində qüvvədədir. “Sacoor KİDS” nişanı qara rəngdə, standart şriftlə yazılmış “sacoor və kids” sözlərindən ibarət nişandır. Göründüyü kimi, qeyd edilən əmtəə nişanları qrafik fərqlərə malik olmaqla, eyni zamanda fonetik və vizual cəhətlərdən, eləcə də, semantik cəhətdən qarşıdırılacaq dərəcədə oxşar deyildirlər. Onlar istehlakçılarda eyni təsəvvür yaratmırlar və istehlakçıları yanıltmadan bazarda yanaşı mövcud ola bilərlər.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.

37. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 27 mart 2023-cü il tarixli, 5/272-4/345 saylı ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 300 (üç yüz) manatdır və iddiaçıdan 300 (üç yüz) manat ekspertiza xərci tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat məbləğində pul iddiaçı “X4, S.A” Şirkətindən Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22, hesab AZ34CTRE**********2088501) xeyrinə tutulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar