Məhkəmə qərarları › İş №2-1(112)-2320/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2320/2021

14.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2320/2021 14.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddaçının torpaq sahəsinə və onun üzərində inşa olunmuş fərdi yaşayış evinə hüquqlarının qeydiyyata alınması»na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddaçının torpaq sahəsinə və onun üzərində inşa olunmuş fərdi yaşayış evinə hüquqlarının qeydiyyata alınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində qeyd edilir ki, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 7 iyun 1996-cı il tarixli 343 nömrəli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi məqdədilə iddiaçıya (İddiaçı) ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı tərəfindən həmin torpaq sahəsində eskiz layihəsinə əsasən fərdi yaşayış evi inşa edilmişdir. İddiaçı ona ayrılmış torpaq sahəsinə və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı hazırkı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh 8 aprel 2020-ci il tarixli məktubla məsələnin həllindən (sənədlərin qəbulundan) imtina etmişdir. İmtinaya əsas kimi torpağın yeri barədə Qaradağ RİH tərəfindən tərtib olunmuş cizgi sənədinin təqdim olunmadığı bildirilmişdir. Azərbaycan Respublikası Dövlət Atxivinin Bakı Filialının 18 dekabr 2019-cu il tarixli 768 nömrəli məktubu ilə arxivə saxlanması üçün verilmiş sərəncama cizgi sənədinin əlavə olunmadığı bildirilmişdir. İddiaçı hesab edir ki, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfındən ərizənin qəbul edilməsindən imtina olunması qanunsuzdur. Belə ki, Azərbaycan Respublikasimn Prezidentinin 5 fevral 2015-ci il tarixli Fərmanına əsasən AR Dövlət Torpaq və Xəriətəçəkmə Komitəsi ləğv edilmiş, onun bu səlahiyyətləri AR Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Azərbaycan Respublikasimn Prezidentinin 29 sentyabr 2015-ci il tarixli Fərmanı ilə “Torpaq sahəsinin planı və ölçüsü nümunələrinin və təsvirlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasimn 28 fevral 2007-ci il tarixli 553 nömrəli Fərmanı ləğv edilmiş və Azərbaycan Respublikasimn Prezidentinin 17 iyun 2015-ci il tarixli Fərmanı ilə “Torpaq sahəsinin planı və ölçüsü” nün təsviri təsdiq edilmiş, Fərmanda plan və ölçü sənədinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında» Əsasnamənin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələrinə aid edilmişdir. Göstərilənlərə və İPM-in 2.2.2, 33, 68 – 75-ci maddələrinə əsaslanaraq, iddiaçının ünvan 2 ünvanda yerləşən 600 kv.metr torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə hüquqlarının ilkin qeydiyyata alınması öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahş olunur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə təqdim olunmuş 19 noyabr 2020-ci il tarixli məktubunda iddia ilə bağlı məktubunda (etirazda) aşağıdakılar bildirilir: - İddiaçı iddiası etirazla qarşılanır. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, vətəndaş tərəfindən İdarəyə təqdim edilmiş sənədlər kserosurətdir və torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilməmişdir. Bu səbəbdən torpaq sahəsini təyin etmək mümkün olmamışdır. Həmçinin, təqdim edilmiş sərəncam üzrə torpaq sahəsi 600 kv,m olsa da, vətəndaş tərəfindən göstərilən sahənin ölçüsü 717 kv.m-dir. Ərizəyə fərdi yaşayış evinə dair sənədlər əlavə edilməmişdir. Göstərilənlərə və Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8.0.1, 8.0.9, 8.0.10, 10, 11-ci maddələrinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq, iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə (etirazda) göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamsını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəısinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Torpaq islahatı haqqında» AR Qanununun 9-cu maddəsinə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - (8.0.9) AR Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: - (8.0.9.1) hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: - (8.0.9.1.1) icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; - (8.0.9.1.2) məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; - (8.0.10) AR Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: - (8.0.10.1) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; - (8.0.10.2) məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd. Həmin Qanunun 10.1-ci maddəsinə görəhüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı oğluna Bakı şəhəri Qaradağ RİH başçısının 7 iyun 1996-cı il tarixli 343 nömrəli sərəncamı ilə ünvan 3 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. O, həmin torpaq sahəsinə və üzərindəki fərdi yaşayış evinə hquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə cavabdeh DƏDRX 1 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, İdarəyə təqdim edilmiş sənədlər kserosurətdir və torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilmədiyindən, torpaq sahəsinin yerini təyin etmək mümkün olmamışdır, təqdim edilmiş sərəncam üzrə torpaq sahəsi 600 kv,m olsa da, vətəndaş tərəfindən göstərilən sahənin ölçüsü 717 kv.m-dir, ərizəyə fərdi yaşayış evinə dair sənədlər əlavə edilməmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» AR Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Qaradağ rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh DƏDR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.1-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Qaradağ rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə qeyd edir ki, iddiaçıya Bakı şəhəri Qaradağ RİH başçısının 7 iyun 1996-cı il tarixli 343 nömrəli sərəncamı ilə Qaradağ rayonunun Ələt qəsəbəsində ayrılmış 600 kv.m ölçüdə torpaq sahəsinə və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün həmin torpaq sahəsinin cizgisinin təqdim edilməsi zəruridir. Bu qənaət ondan irəli gəlir ki, torpaq sahəsinə hüquqların qeudiyata alınması üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 10-cu maddəsi torpaq sahəsinin cizgisinin ərizəyə əlavə edilməsini birbaşa nəzərdə tutur. Həmçinin həçin Qanunun 8-ci maddəsi torpaq sahəsi üzərində 2013-cü ilin yanvar ayının 1-dək və həmin tarixdən sonrakı dövrdə inşa edilmiş müvafiq fərdi yaşayış evlərinə münasibətdə torpaq sahəsinə dair hüquq müəyyənedici sənədin təqdim olunmasını mütləq şəkildə müəyyən edir. Odur ki, torpaq sahəsinin cizgisinin təqdim edilmədiyi təqdirdə, həmin torpaq sahəsinə və üzərindəki tikililərə hüquq qeydiyyata alına bilməz. Bundan başqa, torpaq sahəsi üzərindəki tikililərə hüququn qeydiyyatı həm həmin torpağın hüquq müəyyən edici sənədlərinin, həm də 2013-cü ilin 1 yanvar tarixindən sonrakı dövrdə tikiliyə aid məlumatlandırma icraatı üzrə sənədlərin təqdim edilməsi ilə şərtləndirilir. Həmin sənədlər, eləcə də torpaq sahəsinəı mülkiyyət sənədi təqdim edilmədiyindən torpaq sahəsində tikilən fərdo yaşayış evinin qeydiyyatı aparıla bilməz. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinasındakı “sənədlər kserosurətdir” və “torpaq sahəsinin sənəd üzrə və faktiki ölçülərinin fərqli olması” dəlilləri isə, imtina üçün əsas sayıla bilməz, formal xarakterli qiymətləndirilir. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçının Bakı şəhəri, Qaradağ rayonu Ələt qəsəbəsindəki müvafiq torpaq sahəsinə və onun üzərindəki fərdi yaşayış evinə hüquqlarının qeydiyyata alınmasından cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən imtina olunması qanuna zidd sayılmamalı və həmin imtina iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istfadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddaçının torpaq sahəsinə və onun üzərində inşa olunmuş fərdi yaşayış evinə hüquqlarının qeydiyyata alınması» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddaçının torpaq sahəsinə və onun üzərində inşa olunmuş fərdi yaşayış evinə hüquqlarının qeydiyyata alınması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar