Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2320/2022 13.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı «iddiaçının diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdehlər Təhsildə Keyfiyyət Təminatı Agentliyinə və Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı «iddiaçının diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı 1 mart 1981-ci il tarixdə Quba rayonunun Zərqava kəndində doğulmuşdur. Orta təhsilini bitirdikdən sonra 2003-cü ildə Bakı Sənaye- Pedaqoji Texnikumun ibtidai təhsil ixtisası üzrə təhsili ixtisasına qəbul olunmuş, həmin təhsil müəssisəsini 2008-ci ildə ibtidai sinif müəllimi kimi bitirmişdir. İddiaçı Bakı Sənaye- Pedaqoji Texnikumuna qəbul olunduqdan bir il sonra Quba rayonu Zərqava kənd tam orta məktəbində işə qəbul olunmuşdur və hal-hazıradək həmin məktəbdə işləyir. Bundan sonra təhsilini daha da artırmaq üçün ali təhsil almaq qərarına gəlmişdir. Ali təhsilini isə, Rusiya Federasiyasında almaq üçün 2016-cı ildə X4 Universitetinin ibtidai sinif müəllimi fakültəsinə qəbul olunmuşdur. 2016-cı ildən 2020-ci ilin fevral ayınadək X5 Universitetində ibtidai sinif müəllimi ixtisası üzrə qiyabi formada təhsil almışdır. Universitetdə oxuduğu 3 il yarım ərzində bütün dərslərdə iştirak etmişdir. Bu barədə onun sərhəd keçmə haqqında məlumatları xarici pasportunda öz əksini tapmışdır. Ona ali təhsilini bitirdikdən sonra ali təhsili haqqında 7 fevral 2020-ci il tarixdə bakalavr diplomu verilmişdir. Diploma oxuduğu müddət ərzində dərslərdən aldığı qiymətlərə cədvəl verilmişdir. Bundan sonra iddiaçı X5 Universiteti tərəfindən ona verilmiş 100527 ******* nömrəli diplomun tanınması və ekvivalentliyinin (nostrifikasiyası) müəyyən edilməsi ilə bağlı hazırkı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Agentlik tərəfindən diplomun tanınması üçün 20 iyul 2021-ci il tarixdə onlayn görüş təşkil edilmiş, həmin görüşdə onun dil biliyi barədə suallar verilmişdir. İddiaçı bu barədə müvafiq suallara cavab vermişdir. Onlayn görüş bitdikdən bir ay sonra ona 20 avqust 2021-ci il tarixli NA00002399 nömrəli xarici dövlətlərin ali təhsil ixtasaslarının tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Həmin qərarda ekspertiza zamanı ərizəçinin tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Cavabdeh diplomun tanınmasının imtinasında AR Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»nın 3.6 və 3.7ci bəndlərinə istinad etmişdir. İddiaçı hesab edir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 20 avqust 2021-ci il tarixli qərarı – imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı 1997-ci il 11 aprel tarixli «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Lissabon Konvensiyasının və Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında» Sazişin müddəalarına, İPM-in 2, 8, 33, 45, 46-cı maddələrinə, «Təhsil haqqında» AR Qanununun 27.4, 29.0.21, 44-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 1 mart 2005-ci il Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə»nin 8-ci bəndinə, «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»nın 1, 3-cü bəndlərinə əsaslanaraq, Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən iddiaçıya verilmiş 100527 ******* nömrəli 2020-cı il 07 fevral tarixli (registrasiya nömrəsi 14872) bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı diplomu üzrə aldığı kvalifikasiyanın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Agentlik müraciətə baxaraq tədris dili üzrə biliklərinin yoxlanılması zamanı tədris dilini bilmə səviyyəsinin aldığı ixtisasın mənimsənilməsi üçün qənaətbəxş hesab olunmaması səbəbilə iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir. Bu imtina barədə cavabdeh tərəfindən qəbul edilmiş qanuni əlverişsiz inzibati akt 20 avqust 2021-ci il tarixdə iddiaçıya elektron qaydada onun şəxsi kabinetinə yerləşdirilməklə təqdim edilmişdir. Cavabdehin imtinası qanuni və əsaslı hesab edilir. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən onun ixtisasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq olunmuş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»na uyğun gəlmədiyi müəyyən edilmişdir. Qaydaların 3.2-ci bəndinə əsasən ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada həyata keçirilir: 1) Ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; 2) xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Göstərilənlərə və Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın, Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş «Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr»in, «Təhsil haqqında» AR Qanununun 1.0.43, 11.1.3, 11.1.4, 11.1.5-ci maddələrinə, AR Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»na, 18 iyul 2018-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq təsdiq təsdiq edilmiş «Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi»nin müddəalarına əsaslanaraq, İddiaçı iddiasının rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmənin qərardadı ilə iddia cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə münasibətdə mümkün sayılmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.3-cü bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Həmin Qaydaların 1.7-ci bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması, ekvivalentliyinin müəyyən edilməsi və müvafiq Şəhadətnamənin verilməsi sənəd sahibinin ərizəsi və ya maraqlı olan təşkilatın, hüquqi və fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən onun həmin təhsil müəssisəsini bitirməsi barədə 100527 ******* nömrəli 2020-cı il 07 fevral tarixli (registrasiya nömrəsi 14872) bakalavr diplomu verilmişdir. İddiaçı həmin diplom üzrə ixtisasın tanınması ilə bağlı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının tədris dilini bilmə səviyyəsi qənaətbəxş deyil, bu hal onun ixtisasını mənimsəməsini şübhə altına alır. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər (8.1.1 – 8.13-1-ci maddələrindən başqa) hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nizami rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli 907 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilmiş «Təhsildə Keyfiyyət Təminatı Agentliyi»nin Nizamnaməsinin 1.1-ci bəndinə görə Təhsildə Keyfiyyət Təminatı Agentliyi mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən dövlət təhsil sənədinin verilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Nizaminamənin 2.2-ci bəndində nəzərdə tutulmuş Agentliyin fəaliyyət istiqamətləri sırasına xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirmək də daxildir. Məhkəmə qeyd edir ki, cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi iddiaçının müvafiq müraciəti üzrə qaldlırılan məsələnin həllindən 20 avqust 2021-ci il tarixli məktubla imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Eləcə də cavabdehin imtinasından 17 gün sonra iddiaçı məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət etdiyindən, iddia iddia müddəti buraxılmadan qaldırılmışdır. Məhkəmə yuxarıdakılarla yanaşı iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehin olduğu yer (Bakı şəhərinin Nizami rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Nəzərə alınmalıdır ki, iddia ərizəsi məhkəməyə 6 sentyabr 2021-ci il tarixdə daxil olduğundan, İPM-in 8.1.2-ci maddəsinə münasibətdə 1 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş dəyişiliklər hazırkı işə şamil oluna bilməz. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ hissəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda, təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa), xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmaq barəsində Azərbaycan Respublikasının 05 mart 2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmuşdur. Konvensiyanın 1-ci maddəsinə əsasən bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanının və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsnə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Konvensiyanın 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyi, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Konvensiyanın 3-cü maddəsinə əsasən imzanın həqiqliyi, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallaıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən onun həmin təhsil müəssisəsini bitirməsi barədə 100527 ******* nömrəli 2020-cı il 07 fevral tarixli (registrasiya nömrəsi 14872) bakalavr diplomuna həmin ölkənin səlahiyyətli orqanı tərəfindən “apostil möhürü vurulmaqla, həmin ölkədə diplomun qanuniliyi tanınmışdır. Cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan imtinasını və etirazını formal mülahizələrlə əsaslandırmış, inzibati icraatı tələb olunan səviyyədə həyata keçirməmişdir. İnzibati orqan tərəfindən inzibati icraatda iddiaçının tədris dilini bilmə səviyyəsi bir neçə mütəxəssisin iştirakı ilə, daha optimal vaxt çərçivəsində, adekvat suallar qoyulmaqla qiymətləndirilə bilər. Halbuki, qeyd olunanlara riayət edilməklə qiymətləndirmənin aparıldığı hazırkı məhkəmə icraatında təsdiqini tapmır. Göstərilənlərə əsasən, məhkəmənin hüquqi mövqeyi belədir ki, cavabdeh inzibati orqan Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən iddiaçının müraciəti əsasında başlanılmış inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar tam və hərtərəfli araşdırılmaması iş materialları ilə öz təsdiqini tapdığından, Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən onun həmin təhsil müəssisəsini bitirməsi barədə 100527 ******* nömrəli 2020-cı il 07 fevral tarixli (registrasiya nömrəsi 14872) bakalavr diplomu üzrə ixtisasın tanınması və alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi məqsədilə, onunla təkrar müsahibə aparılmalıdır. Cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında başlanılmış inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamaqla «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13, 24-cü maddələrinin tələblərini pozmuşdur. İPMin 68-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək İddiaçı Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən onun həmin təhsil müəssisəsini bitirməsi barədə 100527 ******* nömrəli 2020-cı il 07 fevral tarixli (registrasiya nömrəsi 14872) bakalavr diplomu üzrə ixtisasın tanınması ilə bağlı onun müraciəti əsasında təkrar müsahibənin aparılması öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 73, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. İddiaçı Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən onun həmin təhsil müəssisəsini bitirməsi barədə 100527 ******* nömrəli 2020-cı il 07 fevral tarixli (registrasiya nömrəsi 14872) bakalavr diplomu üzrə ixtisasın tanınması ilə bağlı onun müraciəti əsasında təkrar müsahibənin aparılması öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2320/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2320/2022
13.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver