Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2320/2025 17.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “müalicə müavinətinin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “müalicə müavinətinin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 17 iyun 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xidmət illərində hər il üçün ödənilməli olan müavinətin ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əsl olmayan cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsini əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz edərək, 20 aprel 2000-ci il tarixdən 19 iyul 2019-cu il tarixədək Azərbaycan Respublikası Daxili İşlər orqanlarının əməkdaşı kimi müalicə olunması üçün ildə bir dəfə bir aylıq əməkhaqqı məbləğində müavinətin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmiş, əsl olmayan cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddia tələbi xx.xx.2000-ci il tarixdən xx.xx.2011-ci il tarixədək olan hissəsinə münasibətdə mümkün sayılmamışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1996-cı ildən DİN-də kiçik rəis heyətinə xidmətə qəbul olunmuşdur. Sonuncu dəfə DİN-in Abşeron rayon mühafizə polisi idarəsində kiçik rəis heyətində xidmətini ilə görə tamamlayıb 2019-cu ildə təqaüdə çıxmışdır. Xidmət müddətinə ildə bir dəfə almalı olduğu müalicə müavinətini almamışdır. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 aprel 2000-ci il tarixli 73 nömrəli qərarına əsasən daxili işlər orqanları əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əməkhaqqı məbləğində pul müavinəti verilir. Sabiq əməkdaşın xidmət etdiyi dövrdə qüvvədə olan DİN-in xx.xx.2005-ci il tarixli 35\xiü nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarına müalicə olunmaları ilə əlaqədar pul müavinətinin verilməsi Qaydası”na əsasən daxili işlər orqanlarının əməkdaşlarına müalicə olunma ilə əlaqədar pul müavinəti əməkdaşın raportu, müalicənin zəruriliyini və ya müalicə olunmanı təsdiqləyən sənəd əsasında xidmət keçdikləri orqanda yaradılmış müvafiq komissiyanın rəyi ilə verilirdi. DİN-in xx.xx.2019-ci il tarixli Ə893-001-19 nömrəli əmrinə əsasən xx.xx.2020-ci ildən əməkdaşlara müalicə olunmaları ilə əlaqədar bir aylıq əmək haqqı məbləğində pul müavinəti bir qayda olaraq məzuniyyət vəsiqəsinə əsasən, digər hallarda onların xidmət etdiyi qurumun rəisinin (komandirinin) adına yazdığı raport əsasında əlavə sənəd tələb edilmədən, ildə bir dəfə verilir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının vəkili məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş, cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, İddiaçı Azərbaycan Respublikasının daxili işlər orqanlarında xx.xx.2019-cu il tarixədək xidmət etmiş, xidmət müddəti təqvimi 25 il 02 ay 09 gündür. Müalicə müavinətinin ödənilməsi üçün müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”:
97. Daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində pulsuz tibb xidməti göstərilir. Daxili işlər orqanları əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əməkhaqqı məbləğində pul müavinəti verilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarı ilə, təsdiq edilmiş, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları”:
9. ... Daxili işlər orqanları əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir.
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: İddiaçıya cavabdeh tərəfindən xidmət etdiyi dövrdə müalicə müavinətinin ödənilməməsi işin mübahisəsiz haldır. Cavabdeh iddiaçı tərəfindən müalicə müavinətinin ödənilməsi üçün müalicəyə dair arayışların raportla ona təqdim olunmadığını bildirmişdir. xx.xx.2020-ci il tarixədək DİNin xx.xx.2005-ci il tarixli, 35/XİÜ nömrəli əmrinə əsasən, polis əməkdaşına sözügedən müavinət yalnız DİN-in Hospitalı və ya müvafiq poliklinikası tərəfindən müalicəyə dair verilmiş arayış həmin inzibati orqana rəsmi olaraq raportla təqdim edildiyi təqdirdə ödənilirdi. Başqa sözlə, sözügedən müavinətin ödənilməsi üçün polis əməkdaşı xidmət etdiyi inzibati orqana rəsmi müraciət etməli və həmin müraciətə müvafiq tibbi arayışı əlavə etməli idi. Bununla bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə həmin sənədlərin qeyd edilən qaydada və müvafiq illərdə cavabdeh inzibati orqana təqdim etdiyinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Odur ki, iddia xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə müavinətlərin ödənilməsi hissəsində təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “müalicə müavinətinin ödənilməsi” tələbinə dair iddiası xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə müavinətlərin ödənilməsi hissəsində təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həmid Ağalarov