Məhkəmə qərarları › İş №2-1(112)-2321/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2321/2023

19.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2321/2023 19.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, X3 yaşayış məntəqələrinin torpaqlarından ona ayrılmış və hazırda xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin texniki pasportunun tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya Bakı şəhəri, Xəzər rayonu, X3 yaşayış məntəqələrinin torpaqlarından 0.06 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair sənədləri cavabdeh orqana təqdim etmiş və həmin torpaq sahəsinə dair iddiaçının xüsusi mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. Lakin torpaq sahəsinin texniki pasportu tərtib edilərək iddiaçıya verilməmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək mülkiyyətində olan həmin torpaq sahəsinin texniki pasportunun tərtib edilərək ona verilməsini xahiş etmiş, lakin cavabdeh orqan ona verilmiş **********41 nömrəli xx.xx.2022-ci il tarixli cavab məktubunda qanuni xahişinin yerinə yetirməkdən imtina etmişdir. Verilmiş imtina məktubunda göstərilmişdir ki, “yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyindən sənəd üzrə sahəni müəyyənləşdirmək mümkün olmur və bu səbəbdən texniki pasport tərtib edilməsi mümkün olmamışdır. İddiaçı verilmiş imtinanı qanunsuz və əsassız hesab edir və mülkiyyətində olan torpaq sahəsinin texniki pasportun tərtib edilərək verilməsi vəzifəsinin məhkəmə qaydasında cavabdehə həvalə edilməsini xahiş etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırmasını (yeklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X3 yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və plan ölçünün tərtib edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixində idarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X3 yerləşən 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququ ********** qeydiyyat nömrə ilə, xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyindən və torpaq sahəsinin ümumi hasarlanmış sahə daxilində olduğundan sənəd üzrə torpaq sahəsinin yerini müəyyənləşdirmək mümkün olmadığı üçün “torpaq sahəsinin plan və ölçü” sənədi tərtib edilməmiş və bununla bağlı İddiaçı **********41 saylı, xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. Məlumat üçün bildirilir ki, müvafiq daşınmaz əmlaka İdarənin mütəxəssisləri tərəfindən texniki baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi bir tərəfdən mişar daşı ilə hasarlanmış, digər sərhədləri isə şərtidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1 hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4.dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.1-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq cavabdeh orqan məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

4. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi iddiaçının ərizəsi əsasında “Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X4 ərazisində yerləşən X2 məxsus 0,06 ha torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

5. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpağın mülkiyyətə verilməsinə dair JN-155H KOD 00600036 Şəhadətnaməsinə əsasən Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 162 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş sahəsi 0,06 hektar olan torpaq sahəsi iddiaçı X2 verilmişdir.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X3 0,06 ha torpaq sahəsi iddiaçı X1 xüsusi mülkiyyətindədir.

7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi.

8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

9. İddia tələbi torpaq sahəsinə plan-ölçü sənədinin verilməsidir. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

10. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

11. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinə əsasən “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilmişdir.

13. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

14. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

15. Torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil və faktiki olaraq ölçüsü 0,06 ha olmaqla iddiaçının mülkiyyətindədir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpağın mülkiyyətə verilməsinə dair JN-155H KOD 00600036 Şəhadətnaməsinə əsasən Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 162 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş sahəsi 0,06 hektar olan torpaq sahəsi iddiaçı X2 verilmiş və torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü və torpaq sahəsinin yerləşdiyi yerin sxemi verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X3 0,06 ha torpaq sahəsi iddiaçı X1 xüsusi mülkiyyətindədir. Torpaqla bağlı hər hansı mübahisə mövcud deyil.

16. İddiaçının adına torpaq sahəsinin plan və ölçü-sənədinin tərtib edilməsindən cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

18. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

19. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsindən: 1.3. DƏDKR bu Nizamnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir. 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək;

20. X6 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

21. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsinin plan və ölçü sənədinin tərtib edilməməsinin ağlabatan əsaslandırılması yoxdur. Cavabdeh tərəfindən bildirilən dəlillər (yerləşmə cizgisində istinad və məsafələrin qeyd edilməməsi və torpaq sahəsinin ümumi hasarlanmış sahə daxilində olması) həmin sənədin tərtibindən imtina üçün əsas ola bilməz. Belə ki, qeyd edilən işlər inzibati orqan tərəfindən bilavasitə torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparılması işləri çərçivəsində aparılaraq müəyyən edilməlidir. Torpaq sahəsinin ümumi hasar daxilində yerləşməsinə münasibətdə məhkəmə qeyd edir ki, Hazırkı işin hallarına əsasən torpaq sahəsinin sərhədləri ilə bağlı mübahisənin olduğu müəyyən edilmir. Mülki Məcəllənin 176.3-cü maddəsinə əsasən, əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir.

22. Torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtinindən imtina iddiaçının X6 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.

23. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

24. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

25. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

26. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

27. Q Ə R A R A A L D İ :

İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X4 ərazisində yerləşən İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus 0,06 ha torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilərək verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar