Məhkəmə qərarları › İş №2-1(112)-2322/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2322/2022

10.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2322/2022 10.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 22.06.1992-ci ildən 01.05.1998-ci ilədək “Səngəçal” X9 İdarəsində təmirçi çilingər olaraq əmək fəaliyyəti ilə məşğul olma faktının tanınması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 01.08.1983-cü ildən 22.06.1992-ci ilədək Laçın rayonunda müxtəlif sahələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. 1992-ci ilin may ayından Bakı şəhəri, Səngəçal qəsəbəsində yerləşən 4 saylı fəhlə yataqxanasında məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır. 22.06.1992-ci il tarixindən “Səngəçal” X9 İdarəsində “buruqlarda avadanlıqların təmiri üzrə təmirçi-çilingər” işinə 4-cü dərəcə ilə qəbul edilmişdir. 01.05.1998-ci ildə sözügedən idarə ləğv edilmiş və onun əsasında “Pirallahı” X9 İdarəsi yaradılmışıdır. O, hal-hazırda Səngəçalda yerləşən N.Nərimanov adına NQÇS-də işləyir. Onun 2006-cı ilə kimi ümumi iş stajı 23 il, neft sənayesində isə 14 il təşkil edir. Lakin 22.06.1992-ci ildən 01.05.1998-ci il tarixinədək olan iş stajı əmək kitabçasında göstərilməsinə baxmayaraq, Arxiv İdarəsi tərəfindən göndərilən arayışda qeyd edilməmişdir. Bu səbəbdən güzəştli şərtlərlə əmək pensiyası ala bilmir. Qeyd edilən müddətdə əmək stajının olmasını onun iş yoldaşları da təsdiq edirlər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, onun 52 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 14 sentyabr 2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, əmək kitabçası 22 iyun 1992-ci il tarixində Dövlət Neft Şirkəti tərəfindən açıldığı halda, 01.08.1983-29.03.1991-ci il tarixləri arasındakı dövr ərzində “Sovet Azərbaycanının 60 illliyi” adına sovxozda işlədiyi qeyd olunmuşdur. Bu səbəbdən də iddiaçının iş stajı 2006-cı il tarixinədək 20 ildən az (13 il 6 ay 9 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabehin nümayəndəsi iddiaya etiraz edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilməlidir ki, artıq uzun müddət ərzində formalaşmış təcrübəyə əsasən, əmək pensiyalarının təyin olunması barədə işlərə məhz öhdəlik xarakterli iddialar çərçivəsində baxılır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1966-cı ildə doğulmuşdur, Laçın rayonu, Təzəkənd kəndindən qeydiyyatdadır; H3 № ******* nömrəli hərbi biletinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 17.04.1984-cü ildən 24.06.1986-cı ilədək hərbi xidmətdə olmuşdur; DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 03 mart 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, əmək kitabçası 22 iyun 1992-ci il tarixində Dövlət Neft Şirkəti tərəfindən açıldığı halda, 01.08.1983-29.03.1991-ci il tarixləri arasındakı dövr ərzində “Sovet Azərbaycanının 60 illliyi” adına sovxozda işlədiyi qeyd olunmuşdur. Bu səbəbdən də iddiaçının iş stajı 2006-cı il tarixinədək 20 ildən az (13 il 6 ay 9 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir; Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “X6” Trestinin 01.04.2020ci il tarixli arxiv arayışı ilə müəyyən olunur ki, İddiaçı 01.06.1998-ci il tarixli 16-k №-li əmrlə 02.06.1998-ci ildə X2 Təmiri İdarəsinə 4-cü dərəcəli buruqlarda təmirçi-çilingər peşəsinə qəbul edilmiş, 01.08.1998-ci il tarixli 42-k №-li əmrlə 01.08.1998-ci ildə Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Ümumi iş stajı 1 ay, 29 gün təşkil edir. İddiaçı 22.06.1992-ci il tarixdən 01.05.1998-ci il tarixinə kimi X8 İşləri İdarəsindəki əmək fəaliyyətini təsdiq edən arxiv sənədləri “X6” trestinin arxivində aşkar olunmamışdır; Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və qazçıxarma idarəsinin 04 mart 2020-ci il tarixli “Güzəştli arayış”ında qeyd edilmişdir ki, 13.01.1996-cı il doğum tarixli İddiaçı 01.08.1998-ci il tarixdən 23.06.2015-ci il tarixinə qədər N.Nərimanov adına NQÇİ-nin Quyuların əsaslı və yeraltı təmiri sexində avadanlıqların təmiri üzrə təmirçi-çilingər peşəsində işləmişdir (Əmr № 390, 03.08.1998-ci il). İxtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır, Bölmə 10 (bənd 2 hasilat), şifr 1100000a-18559. Güzəştli staj ixtisasa əsasən 16 il 10 ay 22 gün. Arayışa əsasən 01.01.2006-cı il tarixinə güzəştli əmək stajı 7 il 05 ay təşkil edir. Yuxarıda qeyd olunmuş bütün ixtisaslar dəniz şəraitində neft və qazçıxarma stasionar özül obyektləri ilə əlaqədardır. Azərbaycan Respublikası NK-nin 12/Vİ-93-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş bu ixtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır. Arayış işçinin əmək fəaliyyətini əks etdirən T-2 formalı kartoçka və əmrlər əsasında verilir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Laçın Rayon Dövlət Arxivinin 04 oktyabr 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə əlaqədar 18 may 1992-ci il tarixə qədər rayonun bütün arxiv sənədləri işğalda qaldığı üçün İddiaçı məktubda göstərilən tarixlərdə Laçın rayon Təzəkənd kənd X3 İcraiyyə Komitəsində işləyibişləməməsi barədə arxivdə heç bir məlumat olmadığı üçün məktuba müsbət cavab vermək mümkün olmamışdır; Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “X6” Tresti tərəfindən təqdim edilmiş 07.10.2021-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı 01.06.1998-ci il tarixli 16-k №-li əmrlə 02.06.1998-ci ildə X7 İşləri İdarəsində buruqlarda avadanlıqların təmiri üzrə 4-cü dərəcəli təmirçi-çilingər peşəsinə qəbul edilmiş, 01.08.1998-ci il tarixli 42-k №-li əmrlə 01.08.1998-ci ildə Azərbaycan Respublikası ƏQMnin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1100000a-18559 bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingərlər peşəsi 01 ay, 29 gün güzəştli iş stajı təşkil edir; Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına NQÇİ tərəfindən təqdim edilmiş 22.02.2022-ci il tarixli “Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair” arayışında qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, 01.08.1998-23.06.2015-cı il tarixlərində (əmr № 390/k 03.08.1998-cü il, əmr № 162-k 23.06.2015-ci il) güzəştli şərtlə yaşa görə pensiya hüququ verən təmirçi çilingər peşəsində N.Nərimanov adına Neft və Qazçıxarma idarəsində Quyuların əsaslı və yeraltı təmiri sexində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 16 il 10 ay 23 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Neft-qaz istismar və xidmət avadanlıqlarının istismarı, quraşdırılması, qulluğu və təmir işlərinin yerinə yetirilməsi. Mürəkkəb və xüsusi mürəkkəb qovşaqların, mexanizmlərin, avadanlıqların, aqreqat və maşınların sökülməsi, təmiri, yığılması, sınanması, tənzimlənməsi, sazlanması, qaldırıcı nəqliyyat mexanizmləri və xüsusi alətlər tətbiq etməklə takelaj işlərinin yerinə yetirilməsi. Mədəndə boruların sökülməsi, təmizlənməsi, təmiri və yerinə bağlanması. Buruqlarda dartqıların bərkidilməsi, polad burazın buruqlara bağlanmsı, beton bünövrənin basdırılması və burazın ona bərkidilməsi. Neft, su və hava xətlərinin çəkilməsi. Texnoloji rezervuarların təmiri. Siyirtmələrin və fləns birləşmələrinin dəyişdirilməsi, mədəndə boruların sınanması. Bu və digər vəzifə xüsusiyyətlərindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-ci il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 saylı Siyahının 10.2.a bəndində şifr 1100000а-18559 müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir; Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “X6” Tresti tərəfindən 01.03.2022-ci il tarixli məktubla təqdim edilmiş İddiaçı T-2 şəxsi vərəqəsinin surətindən görünür ki, o, 02.06.1998-ci ildən 01.08.1998-ci ilədək X8 İşləri idarəsinin Qazma Avadanlığının Təmiri sexində təmirçi çilingər peşəsində işləmişdir; İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1966-cı il təvəllüdlüdür, 52 yaşı tamam olduğuna görə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajının yetərli olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı ona adıçəkilən qanunun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. “Qaydalar”ın 4.1.10-cu bəndinə əsasən, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının 01.01.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 01.01.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının (1 nömrəli siyahı üzrə) mövcud olması. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə qeyd edilən şərtlər birlikdə mövcud olmamışdır. Cavabdeh imtina məktubunda və iddia ərizəsinə etirazında əmək kitabçasındakı qeydləri şübhə altına alaraq göstərmişdir ki, əmək kitabçası 22 iyun 1992-ci il tarixində Dövlət Neft Şirkəti tərəfindən açıldığı halda, 01.08.1983-29.03.1991-ci il tarixləri arasındakı dövr ərzində Sovet Azərbaycan 60 illiyi adına Sovxozda işlədiyi qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı iddiaçının əmək kitabçasının əslinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, ИТ-İ ******* nömrəli əmək kitabçasının 1-ci səhifəsində açıldığı tarix kimi 22.06.1992-ci il göstərilsə də, 2-ci səhifəsində 01.08.1983-29.03.1991-ci il tarixləri arasındakı dövr ərzində Sovet Azərbaycan 60 illiyi adına Sovxozda, 02.04.1991- 27.05.1992-ci il tarixləri arasındakı dövr ərzində isə Laçın rayon Təzəkənd XDS İK katibi işləməsi qeyd olunmuşdur. İddiaçının həmin dövr üzrə əmək faəliyyətinə dair sənədlər araşdırma zamanı əldə olunmadığından, bu sənədlər iddiaçı tərəfindən də təqdim edilmədiyindən, əmək kitabçasında həmin illərə dair qeydlərin həqiqiliyinə şübhə olduğundan, qeyd edilən dövr sığorta stajı kimi qəbul edilə bilməz. Bundan əlavə, iddiaçının 22.06.1992-ci ildən 01.05.1998-ci ilədək “Səngəçal” X9 İdarəsində təmirçi çilingər olaraq işləməsi qeyd edilsə də, işə qəbul edilməsi barədə qeydlər işəgötürənin-həmin müəssisə rəhbərliyinin imza və möhürü ilə təsdiq edilməmişdir. Məhkəmə araşdırması zamanı sorğulara cavab olaraq, təqdim edilmiş arxiv arayışında iddiaçının 02.06.1998-ci ildən 01.08.1998-ci ilədək X7 İşləri İdarəsinə buruqlarda avadanlıqların təmiri üzrə 4-cü dərəcəli təmirçi-çilingər işləməsi qeyd olunmuşdur. Həmçinin, iddiaçının şəxsi vərəqəsində də, 02.06.1992-01.05.1998 dövrü üzrə hər hansı qeyd aparılmamış, yalnız 02.06.1998-01.08.1998 dövrü qeydlərlə öz təsdiqini tapmışdır. Belə olan halda, 22.06.1992-01.05.1998 dövrü üzrə əmək faəliyyətinə dair sənədlər məhkəmə araşdırması zamanı əldə olunmadığından, bu sənədlər iddiaçı tərəfindən də təqdim edilmədiyindən, əmək kitabçasında həmin illərə dair qeydlərin həqiqiliyinə şübhə olduğundan, qeyd edilən dövr sığorta stajı kimi qəbul edilə bilməz. Hazırkı iş üzrə iddiaçıya məxsus əmək kitabçasında aparılmış 01.05.1998-ci il tarixədək olan dövr üzrə qeydlərin mötəbərliyi öz təsdiqini tapmır. Göründüyü kimi, iddiaçının 01.01.2006-cı ilə qədər ümumi iş stajı 20 ildən, xüsusi iş stajı 10 ildən az olmaqla ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün tələb olunan heç bir şərt ödənilməmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar