Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2322/2023 07.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, X2 yaşayış məntəqələrinin torpaqlarından İddiaçı ayrılmış və hazırda xüsusi mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin plan cizgisinin və texniki pasportun tərtib edilərək verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, X2 yaşayış məntəqələrinin torpaqlarından 0,12 ha.torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinə dair sənədləri cavabdeh təşkilata təqdim etmiş və həmin torpaq sahəsinə dair onun xüsusi mülkiyyət hüququnu təsdiq edən ********** qeydiyyat nömrəli, xx.xx.2022ci il tarixli çıxarış verilmişdir. Lakin torpaq sahəsinin texniki pasportu tərtib edilərək iddiaçıya verilməmişdir. Cavabdeh təşkilat tərəfindən ona verilmiş **********71 nömrəli xx.xx.2022-ci il tarixli məktubla həmin torpaq sahəsinin plan ölçüsünün tərtib edilməsinin mümkün olmaması qeyd edilmişdir. Verilmiş imtina məktubunda göstərilmişdir ki, “elektron kadastr məlumatlarına əsasən arxiv tərəfindən təqdim edilmiş torpaq sahəsinə dair yerləşmə cizgisində istinad və məsafələr dəqiq göstərilmədiyindən sənəd üzrə sahənin yerləşməsini müəyyənləşdirmək mümkün olmamışdır. İddiaçı verilmiş imtinanı qanunsuz və əsassız hesab edir və mülkiyyətində olan həmin torpaq sahəsinin plan ölçüsünün cizilərək, texniki posportunıın tərtib edilərək ona verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini vacib hesab edir. Belə ki, əgər iddiaçının qeyd olunan torpaq sahəsinin yerləşdiyi sahə müəyyən olmasa idi ona həmin torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış da verilə bilməzdi. Belə ki, torpaq sahəsi iddiaçıya ayrıldığı qaydada hasara alınmış və heç bir digər torpaq sahəsi ilə sərhədləri üst-üstə düşmür. Eyni zamanda verilmiş cavabdan da görünür ki, təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələr göstərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 23.1-ci, İPM-in 2, 33, 73.1-ci, Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddələrinə istinad etməklə iddiasının təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirmişdir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, X2 yaşayış məntəqələrinin torpaqlarından ona ayrılmış və hazırda xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin plan cizgisinin və texniki pasportunun tərtib edilərək ona verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X2 yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və plan ölçünün tərtib edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixində İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X2 yerləşən 0,12 ha torpaq sahəsinə mülkiyyət hüququ ********** qeydiyyat nömrə ilə, xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyindən və torpaq sahəsi ümumi hasarlanmış sahə daxilində olduğundan sənəd üzrə torpaq sahəsinin yerini müəyyənləşdirmək mümkün olmadığı üçün “torpaq sahəsinin plan və ölçü” sənədi tərtib edilməmiş və bununla bağlı İddiaçı **********71 saylı, xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. Cavabdeh Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.1, 67, 68, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2.1, 10.2.2, 10.2.3, 10.2.4, 11, 23-cü maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xəzər rayonu, X2 İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsinin plan ölçüsünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi hər hansı səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəyə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********71 saylı məktubdan görünür ki, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, X2 yerləşən 0,12 ha torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** nömrəli ərizəyə baxılaraq elektron kadastr məlumatına əsasən arxiv tərəfindən təqdim edilmiş torpaq sahəsinə dair yerləşmə cizgisində istinad və məsafələrin dəqiq göstərilmədiyindən sənəd üzrə sahənin yerləşməsinin müəyyən edilməsinin mümkün olmadığı, o cümlədən Azərbaycan Respublikası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 11.1-ci maddəsinə istinad edilməklə iddiaçının müraciətini təmin edilməsindən imtina edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən 0.12 ha-dan ibarət torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında hüquqi qeydiyyata alınmışdır. - ünvan 2 ünvanda yerləşən 0.12 ha torpaq sahəsinə dair sənədlərin surətinin təqdim edilməsi barədə məhkəmənin sorğusuna cavabdeh inzibati orqan tərəfindən verilmiş cavab məktubu əsasında qeyd olunan torpaq sahəsinə dair arxiv qovluğunun təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Qeyd olunan sənədlər aşağıdakılardan ibarətdir: - Abşeron rayon X3 üzrə 25 dekabr 1998-ci il tarixli, 28 №li əmrdən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Abşeron Rayon İcra Hakimiyyətinin 23 yanvar 1998-ci il tarixli, 40№li məktubu və İslahat komissiyasının 1998-ci il tarixli, 03 №li Protokoluna əsasən Sovxozda icarə üsulu ilə işləyən və mənzil sahəsinə ehtiyacı olan işçilərdən ərizə ilə müraciət edən İddiaçı fərdi ev tikmək üçün 0,12 hektar torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən tərtib və təsdiq edilmiş İddiaçı adına ayrılan 0,12 ha torpaq sahəsinin əks olunduğu yerquruluşu planından çıxarışdan görünür ki, qeyd olunan torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, ********* qeydiyat nömrəli, **********43 reyestr nömrəli dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı (indiki Xəzər rayonu) rayonu, X3 ərazisində, yaşayış məntəqələri torpaq sahəsində 0.12 ha-dan ibarət torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında hüquqi qeydiyyata alınmışdır. - Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, torpaq sahəsi ümumi hasarlı ərazinin bir hissəsi oduğu (ara sərhədləri məlum deyil), sahənin ilkin cizgilərində istinad məlumatı və məsafə ölçülərinin qeyd olunmadığı, bu səbəbdən də ümumi hasar daxilindəki torpaq sahələrinin sənəd üzrə ölçülərinə uyğun bölgü eskizinin tərtib edilməsinin məqsədəuyğun olduğu bildirilmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 10-cu maddəsində hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin siyahısı göstərilmişdir: - 10.1-ci maddəyə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 10.2-ci maddəyə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: - 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; - 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; - 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; - 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli 553 nömrəli Fərmanı ilə “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilmişdir. Sənədin 4-cü bəndinə görə plan və ölçüdə aşağıdakılar göstərilir: Komitənin, habelə onun strukturuna daxil olan, plan və ölçünü verən qurumun adı, torpaq sahəsinin ünvanı, ünvan olmadıqda isə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə uyğun olaraq onun yerləşdiyi ərazi vahidi, torpaq sahəsi üzərində hüquq sahibi haqqında məlumat, torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı), torpaq sahəsinin mülkiyyət növü, torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan hüququn növü, torpaq sahəsinə daşınmaz əmlak obyekti kimi verilən reyestr nömrəsi, torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərdə əksini tapmış sahəsi (hektarla), torpaq sahəsinin inventarlaşdırılma (çöl ölçmə) işləri nəticəsində müəyyən edilmiş faktiki sahəsi (hektarla), torpaq sahəsində mövcud olan servitutlar barədə məlumat, plan və ölçünün tərtib edilməsi üçün əsas olan sənədin rekvizitləri, plan və ölçünün tərtib edilməsi tarixi, torpaq sahəsinin kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı), torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr, torpaq sahələri üzrə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış, şərti işarələr (rəqəmli (elektron) kadastr xəritəsindən çıxarışda göstərilən işarələrin təsviri), torpaq sahəsinin qonşu sərhədləri, torpaq sahəsinin ölçüsünə müvafiq miqyasda tərtib olunmuş torpaq sahəsinin planı, plan və ölçünün X4 Kitabında uçota alındığı nömrə və tarix (üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsinə dair tərtib edilən plan və ölçü istisna olmaqla), Komitənin strukturuna daxil olan qurumun möhür yeri, vəzifəli şəxsinin imzası, soyadı, adı, atasının adı, plan və ölçünü tərtib etmiş icraçının imzası, soyadı, adı, atasının adı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Hazırkı işin hallarından isə məlum olur ki, İddiaçı fərdi ev tikmək üçün 0,12 hektar torpaq sahəsi ayrılmışdır. Qeyd olunan torpaq sahəsinin yerquruluşu planı tərtib olunaraq (Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən) müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş və iddiaçının qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Bununla belə, iddiaçıya torpaq sahəsinin plan-ölçüsü tərtib edilməmişdir. İddiaçı mövcud tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, elektron kadastr məlumatına əsasən arxiv tərəfindən təqdim edilmiş torpaq sahəsinə dair yerləşmə cizgisində istinad və məsafələrin dəqiq göstərilmədiyindən sənəd üzrə sahənin yerləşməsinin müəyyən edilməsinin mümkün olmadığı səbəbi ilə sonuncu tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə aşağıdakılara əsasən imtinanın dəlilləri ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin maddənin xx.xx.2008-ci il tarixədək qüvvədə olan 3-cü bəndinə görə torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 176 saylı 4 avqust 1999-cu il tarixli Fərmanının 2.2-ci bəndinə görə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (əvvəlki Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi) həyata keçirir. Göründüyü kimi, iddaçının adına ayrılmış torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsa da, həmin torpaq sahəsinin planı və ölçüsünün tərtib olunması təmin edilməmişdir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.2-ci maddəsində nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünün hüquqların qeydiyyata alınması ilə bağlı ərizəyə əlavə edilməli sənədlərin siyahısında göstərilmişdir. İddiaçının torpaq sahəsinə hüquqları qeydə alınmış, bu barədə mübahisə və iddiaçının müraciəti olmamışdır. Digər tərəfdən, hüquqların qeydiyyatı zamanı belə torpaq sahəsinin planı və ölçüsü sənədi olmadıqda, cavabdeh inzibati orqanın Əsasnaməsinin tələbinə görə belə sənədi tərtib edib vermək onun vəzifəsidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Məhkəmə vurğulayır ki, daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alındığından və həmin qeydiyyat hazırda qüvvədə olduğundan torpaq sahəsinin planı və ölçüsü qeydiyyat orqanı tərəfindən mülkiyyətçinin adına şərtsiz olaraq tərtib edilməlidir. Belə olan halda, məhkəmə cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmır və qeyd olunan torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsünün tərtib edilərək iddiaçıya verilməsi cavabdehin vəzifəsi olduğundan iddiaçını tələbində haqlı sayır. Məhkəmə göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, X2 İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsinin plan ölçüsünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, X2 İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsinin plan ölçüsünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-2322/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2322/2023
07.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver