Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2323/2020 17.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı müavinətin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə (bundan sonra mətndə DSMF Xətai rayon şöbəsi) qarşı “müavinətlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1994-cü il tarixdən aylıq müavinətlərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 05.12.2016-cı il tarixdən 05.12.2019-cu il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xətai rayon şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, aylıq müavinətlərin ödənilməsi bağlı olaraq cavabdeh DSMF Xətai rayon şöbəsinə ərizə ilə müraciət etmiş, lakin ərizə cavabdeh tərəfindən imtina məktubu ilə cavablandırılmışdır. Aylıq müavinətlərin ödənilməsi ilə əlaqədar ərizənin cavabdeh tərəfindən təmin olunmamasını əsassız və qanunsuz hesab edir. Cavabdeh DSMF Xətai rayon şöbəsi məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanına əsasən 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə Azərbaycan Prezidentinin təqaüdü təyin edilir. Azərbaycan Respublikasının Səfərbəylik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş 05.12.2019-cu il tarixli 01026 nömrəli müharibə veteranı vəsiqəsinə əsasən İddiaçı Prezident təqaüdü almaq hüququna 05.12.2019-cu il tarixdən malik olmuşdur və həmin tarixdən də ona Prezident təqaüdü təyin olunmuşdur. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən vətəndaşın hüququ yaranarsa, onun ən çoxu 3 (üç) il əvvələ sosial müavinət almaq hüququ vardır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1958-ci ildə Naxçıvan MR, Şərur rayonu, Sədərək kəndində doğulmuşdur. 01026 nömrəli müharibə veteranı vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, qeyd olunan vəsiqə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 05 dekabr 2019-cu il tarixdə İddiaçı verilmişdir. Azərbaycan Respublikası Səfərbəylik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinin 18.12.2019-cu il tarixli 445 nömrəli arayışından görünür ki, 1958-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir və 28.06.1994-cü il tarixli Qanuna əsasən Azərbaycan Respublikasının “Müharibə Veteranı”dır. DSMF Xətai rayon şöbəsinin “Müavinət və təqaüd təyinatı üzrə Dövlət Sosial Müdafiə Fondunun” 18.12.2019-cu il tarixli **********6 nömrəli qərarından görünür ki, İddiaçı 05.12.2019-cu il tarixdən müddətsiz 80 manat müavinət təyin edilmişdir. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF Xətai rayon şöbəsi tərəfindən verilmiş 28.12.2019-cu il tarixli **********7 №li imtina məktubunda göstərilmişdir ki, “Sosial müavinətlər haqqında Azərbaycan Respublikası Qanunu”nun 9.1-ci maddəsinə əsasən aylıq müavinətlər müraciət etmə vaxtından asılı olmayaraq (ən çoxu müraciət tarixindən əvvəlki 3 il üçün vətəndaşın hüququ yaranarsa) vətəndaşın hüququ yaranan gündən ödənilir. “Veteranlar haqqında Azərbaycan Respublikası Qanunu”nun 7-ci madəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. 05.12.2019-cu il tarixli 1026 nömrəli vəsiqəyə əsasən müharibə veteranı kimi hüququ həmin tarixdən yaranmışdır. Bu səbəbdən göstərilən tarixdən əvvəlki müddət üçün tələb olunan sosial müavinətin ödənilməsi mümkün deyil. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, işin hallarından müəyyən olunduğu kimi, iddiaçıya Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müharibə veteranı vəsiqəsinin verildiyi 05 dekabr 2019-cu il tarixdən etibarən cavabdeh tərəfindən müavinətlərin təyin edilərək, ödənilməsi həyata keçirilir. Hazırkı mübahisə həmin müavinətin müharibə veteranı adının verildiyi tarixdən əvvəlki üç il üçün ödənilməsinin mümkünlüyü ilə bağlıdır. Cavabdehin mövqeyinə görə, yalnız müharibə veteranı adı və vəsiqəsinin verildiyi tarixdən başlanılmaqla müavinətin verilməsi mümkündür, qanunvericilik əvvəlki dövrlər üçün belə ödəmələrin verilməsini nəzərdə tutmur. Məhkəmə aşağıda göstərilənlərə əsasən cavabdehin mövqeyini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə, sosial müavinətlər–bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edlməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 641 saylı 15 aprel 2019-cu il tarixli Fərmanında qeyd olunmuşdur ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun (bənd 1). Müəyyən edilsin ki: bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir (bənd 2.1.1). “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı adı verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Qanunvericiliyin istinad olunan müddəaları ilə bağlı olaraq məhkəmə qeyd edir ki, ilk növbədə şəxsin müharibə veteranı statusu alması ilə, bu statusdan irəli gələn hüquq, güzəşt və imtiyazlardan istifadəsi imkanları fərqləndirilməlidir. Yuxarıda qeyd olunan “Veteranlar haqqında” Qanunun 2-ci maddəsindən də göründüyü kimi veteranlar haqqında qanunvericilik yalnız “Veteranlar haqqında” Qanunun özündən ibarət deyil, o, həmçinin bütün digər başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından da ibarətdir. Bu isə o deməkdir ki, veteranlar həmin statusu əldə etdikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş çoxşaxəli hüquq, güzəşt və imtiyazlardan istifadə imkanları qazanırlar. Müvafiq olaraq sözügedən hüquq, güzəşt və imtiyazlardan da məhz onların təsbit olunduğu qanunvericiliyin müəyyən etdiyi qaydaya uyğun istifadə edə bilərlər. Həmin hüquqi mövqeyinə uyğun olaraq məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbi “Sosial müavinətlər haqqında” Qanundan irəli gələn müavinətin alınması ilə bağlı olduğundan bu tələbin əsaslılığına, o cümlədən əsaslı olduğu halda, müavinətin hansı tarixdən təyin edilməli və hansı dövrlər üzrə ödənilməli olduğuna dair məsələyə “Veteranlar haqqında” Qanunun normalarına görə deyil, məhz həmin sosial müavinətin verilməsi məsələsini həll edən xüsusi qanun kimi çıxış edən “Sosial müavinətlər haqqında” Qanunun normalarına əsasən qiymət verilməlidir. Məhkəmə hesab edir ki, müharibə veteranı olmuş şəxsin müharibə veteranı olması faktını təsdiq edən sənədi nə zaman almasından asılı olmayaraq ona ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq “Sosial müavinət haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilməlidir. Belə ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etdiyi üçün “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə uyğun olaraq müharibə veteranı sayılmış və ona bu hüququ təsdiq edən müvafiq vəsiqə verilmişdir. Lakin o, müharibə veteranı kimi hüquqlarını həmin Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirməyə başlasa da, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsini tələb edə bilər. Nəzərə almaq lazımdır ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gətirir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki Qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir–yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. Beləliklə, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsas verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Hazırkı işin hallarından isə müəyyən olunur ki, iddiaçıya müharibə veteranı vəsiqəsi 05 dekabr 2019-cu il tarixdə verilmiş və həmin vəsiqəni aldıqdan sonra o, cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən ona müharibə veteranı vəsiqəsi təqdim edilən andan etibarən, yəni 05 dekabr 2019-cu il tarixdən müavinət təyin olunmuş, ödənişlər həyata keçirilməyə başlanılmışdır. Lakin əvvəlki üç il müddət üçün müavinətlərin ödənilməsindən imtina edilmişdir. Buna görə də, əvvəlki üç il üçün müavinətin ödənilməsi öhdəliyini cavabdehə həvalə edilməsini tələb etməkdə iddiaçı haqlıdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona əvvəlki üç il üçün müavinətin ödənilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Veteranlar haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunları ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM- 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 05.12.2016-cı il tarixdən 05.12.2019-cu il tarixədək Müharibə Veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyi cavabdeh DSMF Xətai rayon şöbəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 05.12.2016-cı il tarixdən 05.12.2019-cu il tarixədək Müharibə Veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2323/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2323/2020
17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver