Məhkəmə qərarları › İş №2-1(112)-2324/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2324/2021

25.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2324/2021 25.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, iddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “tikintiyə müdaxilənin qanunsuz hesab edilməsi və qanunsuz müdaxilədən çəkinmə” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən ünvan 1 ünvanda fərdi yaşayış evinin tikintisinə qanunsuz müdaxilənin qadağan edilməsi və məlumatlandırma icraatı qaydasında tikintiinşaat işlərinə maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında onun tərəfindən məlumatlandırma icraatı qaydasında aparılan fərdi yaşayış evinin tikintisinə cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən edilən müdaxilənin qanunsuz hesab edilməsi və onun tərəfindən həmin ünvanda məlumatlandırma icraatı qaydasında aparılan fərdi yaşayış evinin tikintisinə qanunsuz müdaxilədən çəkinmə öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 izahatında bildirdi ki, 14.04.2020-ci il tarixli ********** saylı çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətində olan və ünvan 3 ünvanda 0,02793 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisi məqsədilə qüvvədə olan Şəhərsalma və Tikinti Məcəlləsinin 79 və 80-ci maddələrinin tələbinə uyğun olaraq müvafiq sənədlər 13.05.2020-cı il tarixdə ərizə ilə Cavabdehnə təqdim olunmuşdur. Göstərilən qanunda nəzərdə tutulan müddətdə iddiaçının təqdim etdiyi layihəyə dair heç bir irad daxil olmamışdır. Bununla belə iddiaçının nümayəndəsi, yəni atası - o, cavab üçün Səbail rayon İcra Hakimiyətinə müraciət etmiş, RİH-nin başçısı Vüqar Zeynalovun rəsmi qəbulunda ona məsələnin qanuni həlli tapacağı söz verilsə də, müraciətə rəsmi şəkildə yenə heç bir cavab verilməmişdir. Yenə bir müddət keçdikdən qanunda nəzərdə tutulduğu kimi İcra Hakimiyyəti tərəfindən heç bir irad daxil olmadığını görərək Şəhərsalma və Tikinti Məcəlləsinin tələbinə əsasən 2020-ci ilin avqust ayında yenidənqurma və tikinti işlərinə başlanılmışdır. Tikinti işləri başlayandan bir müddət sonra özünü yerli icra hakimiyyətinin əməkdaşları kimi təqdim edən bir neçə şəxs sahə müvəkkili ilə birlikdə tikinti yerinə gələrək işləri dayandırmağı tələb etmişlər. Yenə rayon icra hakimiyyətinə müraciət etdikdə, 14.10.2020-ci il tarixdə İcra Hakimiyyətinin ümumi şöbəsi tərəfindən ona Cavabdeh təsərrüfat şöbəsinin müdiri Vüqar Məmmədov tərəfindən imzalanmış 22.05.2020-ci il tarixli 10-M-118-151 saylı məktubun surəti təqdim olunmuşdur. Məktubda, layihəinin guya «Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun tərtib olunmadığ» göstərilmiş, lakin qanuna zidd olaraq bu «uygunsuzlugun» nədən ibarət olması göstərilməmiş, cavab heç nə ilə əsaslandırılmamışdır. Halbuki Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində konkret göstərilir: «...layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır». Beləliklə, Cavabdeh qanunsuz müdaxiləsi nəticəsində tikinti işləri dayandırılmışdır. Cavabdeh sözügedən Məcəllənin 80-ci maddəsinin tələbinə müvafiq olaraq 10 günlük müddət ərzində layihəyə dair irad bildirmək (mənfi, yaxud müsbət) əvəzinə, qəsdən Qanunda nəzərdə tutulmuş müddət bitdikdən xeyli sonra «...layihənin Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olmaması» barədə şablon cavab təqdim etmiş, layihənin hansı hissələrinin Məcəllənin hansı müddəalarına uyğun olmaması və ya layihədə hansı çatışmamazlıqlar və ya yanlışlıqlar olması barədə heç nə göstərilməmişdir. Cavabdehin müvafiq vəzifəli şəxslərinin hərəkətləri qanunsuzdur, bu hərəkətlərlə onlar fərdi yaşayış evinin tikintisinə qanunsuz müdaxilə edir və maneə yaradır. Əslində onun təqdim etdiyi layihə qüvvədə olan Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə tam riayət olunmaqla tərtib olunduğundan və lazım olan bütün sənədlər toplusu təqdim olunduğundan Cavabdeh hər hansı konkret irad bildirə bilməmiş, bu səbəbdən şablon cavabla kifayətlənmişdir. Beləliklə, hər bir halda cavabdehin vəzifəli şəxslərinin hərəkətləri qanunsuzdur, onun təqdim etdiyi layihəyə Qanunda nəzərdə tutulduğundan gec və heç bir əsas göstərmədən guya «irad» bildirmələri, tikiləcək evin inşasına maneçilik etmələri Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində nəzərdə tutulmuş qanunla qorunan mülkiyyət, habelə əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarına kobud şəkildə qanunsuz müdaxilədən başqa bir şey deyil. Həmin ev iddiaçının babasına məxsus olmuş, 1951-ci ildə tikilmiş və mülkiyyət sənədləri olmuşdur. Hazırda həmin tikili sökülərək yerində eyni ölçüdə məlumatlandırma icraatı qaydasında yeni ev tikilməsi nəzərdə tutulub. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və iş üzrə iddiaya qarşı cavabdeh tərəfindən məhkəməyə etiraz təqdim edilməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışının surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə (204.8 kv.m) və torpaq sahəsinə (0.02793 ha) İddiaçı xüsusi mülkiyyət hüququ (tam) 14.04.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 13.04.2020-ci il tarixdə İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki pasport tərtib edilmişdir. İş materiallarında olan eskiz layihənin surətindən görünür ki, “xxxx” MMC tərəfindən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin yenidən qurulması barədə eskiz layihə hazırlanmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 22.05.2020-ci il tarixli 10-M-118-151 saylı məktubda qeyd olunur: Tikinti işlərinin aparılmasına icazə verilməsi barədə Cavabdehnə ünvanladığınız M-118-151 saylı, 13.05.2020-ci il tarixli müraciətinizə baxılmışdır. Təqdim etdiyiniz eskiz-layihə Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun tərtib edilmədiyindən qaldırılan məsələnin icrası məqsədəmüvafiq hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxx” MMC-nin 5 saylı Poçt filialı Milli Operator tərəfindən fərdi qaydada fəaliyyət göstərən vəkil Ərəstun Ağayevə ünvanlanmış 11.11.2020-ciil tarixli məktubdan görünür ki, ünvan 7 ünvanına İddiaçı adına 13.05.2020-ci il tarixindən 13.06.2020-ci il tarixinədək olan dövrdə heç bir qeydiyyatlı poçt göndərişi olmamışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur; 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur; 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur; 80.3-cü maddəsinə əsasən barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır; 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır; 80.5-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi) həyata keçirir; 80.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsində müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti layihəsi barədə müvafiq məlumatı Tikintilərin Dövlət reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə (204.8 kv.m) və torpaq sahəsinə (0.02793 ha) İddiaçı xüsusi mülkiyyət hüququ (tam) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin ünvanda yerləşən fərdi yaşayış evinin yenidən qurulması məqsədi ilə eskiz layihə hazırlanmış və Cavabdehnə təqdim edilmişdir. Lakin cavabdeh tərəfindən layihəyə dair hər hansı irad təqdim edilməmişdir. Sonradan iddiaçıya təqdim edilmiş Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 22.05.2020-ci il tarixli məktubda təqdim edilən eskiz-layihənin Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun tərtib edilmədiyindən qaldırılan məsələnin icrasının məqsədəmüvafiq hesab edilmədiyi bildirilir. Lakin Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxx” MMC-nin 5 saylı Poçt filialı Milli Operatorun 11.11.2020-ci il tarixli məktubundan görünür ki, ünvan 7 ünvanına İddiaçı adına 13.05.2020-ci il tarixindən 13.06.2020-ci il tarixinədək olan dövrdə heç bir qeydiyyatlı poçt göndərişi olmamışdır. Yuxarıda qeyd olunan normanın tələblərindən də göründüyü kimi, cavabdeh tərəfindən 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilməlidir, belə bir irad təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. Bundan başqa, məhkəmə qeyd edir ki, qeyd olunan məktubda təqdim edilən eskizlayihənin Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun tərtib edilmədiyi göstərilsə də, cavabdeh tərəfindən göstərilən irad normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmamışdır. Halbuki yuxarıda qeyd olunan normanın tələblərindən də göründüyü kimi, cavabdeh tərəfindən iradlar olduqda həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58.1, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 2 ünvanında İddiaçı tərəfindən məlumatlandırma icraatı qaydasında aparılan fərdi yaşayış evinin tikintisinə cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən edilən müdaxilə qanunsuz hesab edilsin və İddiaçı tərəfindən həmin ünvanda məlumatlandırma icraatı qaydasında aparılan fərdi yaşayış evinin tikintisinə qanunsuz müdaxilədən çəkinmə öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar