Məhkəmə qərarları › İş №2-1(112)-2328/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2328/2020

30.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2328/2020 30.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan), İddiaçının nümayəndəsi və vəkili X15 (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X11 (hüquq məsləhətçisi, ünvan 3i ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı fərdi yaşayış evinin qeydiyyata alınması və çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi, 27 saylı fərdi yaşayış evinin X5 məxsus 1/9 hissəsinin onun adına qeydiyyata alınaraq müvafiq çıxarış təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 13 mart 2020-ci il tarixli, 2-1(112)-2328/2020 saylı qərardadına əsasən "xxxx" MMC 3-cü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişdir. Məhkəmənin 29 sentyabr 2020-ci il tarixli, 2-1(112)-2328/2020 saylı qərardadına əsasən X12 3-cü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi, 27 saylı fərdi yaşayış evinə dair (paylı) hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2019-cu il tarixli ərizəsinə baxmış və xx.xx.2019-cu il tarixli, **********23 saylı məktubla ərizənin icrasından imtina etmişdir. İmtina məktubunu xx.xx.2019-cu il tarixdə almışdır. Hesab edir ki, cavabdehin imtinası tamamilə əsassız və qanunsuzdur. Belə ki, cavabdeh imtinanın əsası olaraq qeyd etmişdir ki, icra vərəqəsində mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi qeyd edilməmişdir. Yoxlamaölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmamışdır. Cavabdeh imtinasının 1-ci hissəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 205.1-ci maddəsinə əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 205.1-ci maddəsinə əsasən mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması müqavilədə tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa məhkəmə qərarına əsasən həyata keçirilir. Bununla bağlı cavabdehin bu əsaslanması tamamilə yanlışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 8.0.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də qanuni qüvvəyə minmiş məhkəmə qərarlarıdır. Qanundan da açıq şəkildə görünür ki, açıq hərracın nəticələrinə dair yekun protokol və məhkəmə qərarı mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün hər biri ayrılıqda əsasdır. Tərəfindən cavabdehə xx.xx.2017-ci il tarixli 69/04 saylı X10 yekunları barədə Protokol təqdim edilməsinə baxmayaraq cavabdeh həmin protokolu nəzərə almamışdır. Halbuki bundan əvvəlki müraciətləridə cavabdeh tərəfindən imtina edilmiş və həmin imtinalarda isə protokolun olmamasına əsas gətirmişdir. Cavabdehin imtina məktubunda əsaslandığı Mülki Məcəllənin 139-1.1.2-ci maddəsində də qeyd edilir ki, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçinəsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Göründüyü kimi həm Mülki Məcəllənin, həm də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə əsasən cavabdeh ona təqdim etdiyi açıq hərracın nəticələrinə dair yekun protokolu əsas götürərək müvafiq mülkiyyət hüququnu qeydiyyata almalı olduğu halda qanunsuz olaraq məhkəmə qərarını bəhanə gətirərək imtina etmişdir. Cavabdehin imtinasının 2-ci hissəsinin hüquqi əsası olaraq göstərdiyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi isə adından da göründüyü kimi sırf daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı ilə bağlı hüquqi normadır. Həmin norma texniki göstəriciləri və ünvanı müəyyən edilməmiş ilkin qeydiyyata alınacaq daşınmaz əmlaklara tətbiq edilir. O isə müraciətində müvafiq daşınmaz əmlaka dair heç bir texniki sənəd tələb etməmişdir. Həmçinin həmin daşınmaz əmlaka dair çıxarış mövcuddur, yəni mülkiyyət hüququnun ilkin qeydiyyatı halı deyil. Göründüyü kimi cavabdehin imtinasının 2-ci hissəsi də tamamilə qanunsuzdur. Əlavə olaraq Nərimanov rayon icra və probasiya şöbəsi tərəfindən müvafiq icra işinin icrası ilə əlaqədar Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2018-ci il tarixli məktub göndərilərək Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi, 27 saylı evin X5 məxsus 1/9 hissəsinin İddiaçı adına qeydiyyata alınmasının təmin edilməsi xahiş olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Lakin cavabdeh qanunun tələblərini kobud şəkildə pozaraq müxtəlif əsassız bəhanələr gətirməklə icra şöbəsinin də qanuni tələblərini yerinə yetirməmişdir. Göründüyü kimi cavabdehin hərəkətləri qanunsuz və əsassızdır. Cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraza görə, əlavə edilmiş icra vərəqəsində mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi qeyd olunmamış, həmçinin yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə **********23 saylı, xx.xx.2019-cu il tarixli cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.24-cü bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırması həyata keçirilməli, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 205.1-ci maddəsinə əsasən mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması, müqavilədə tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa və ya məhkəmə qərarına əsasən həyata keçirilir; 205.2. Tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikat; 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Şifahi məhkəmə baxışı iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X21 iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında üçüncü şəxslərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********23 saylı, xx.xx.2019-cu il tarixli imtina məktubundan görünür ki, iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi, 27 saylı fərdi yaşayış evinə dair (paylı) hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə baxılmış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 205.1-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1, 11.1 və 15-ci maddələrinə istinad olunaraq, yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmadığı göstərilərək, ərizənin icrasından imtina edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2016-cı il tarixli, 2(103)-5795/2016 saylı qətnaməsindən görünür ki, cavabdehlər X12 və X26 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, cavabdeh X19 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 aprel 2016-cı il tarixli qətnaməsi iddia tələbinin cavabdeh X9 İddiaçı xeyrinə 2800 manat pulun tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbi qismən təmin edilərək, cavabdeh X9 300 manat məbləğində borcun alınıb İddiaçı verilməsi, cavabdeh X16 münasibətdə iddia tələbi qalan hissədə təmin edilməməsi, qətnamənin X12 və X20 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamə əsasında müəyyən edilənlərdən görünür ki, İddiaçı cavabdehlər X5, X13, X20, X6, X16 və X18 qarşı iddia ərizəsi və iddianın həcminin artırılması barədə ərizələr ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 45000 (qırx beş min) ABŞ dolları və 21600 (iyirmi bir min altı yüz) manat, cavabdeh X7 5000 (beş min) manat, cavabdeh X17 6400 (altı min dörd yüz) manat, cavabdeh X2 1100 (bir min bir yüz) manat, cavabdeh X9 2800 (iki min səkkiz yüz) manat və cavabdeh X14 4700 (dörd min yeddi yüz) manat məbləğində borcun, habelə cavabdehlərdən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 aprel 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. İşdə olan 2(103)-5795/2016 saylı icra vərəqəsinin surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2016-cı il tarixli, 2(103)- 5795/2016 saylı qətnaməsi 18 yanvar 2017-ci il tarixdə qanuni qüvvəsini almış və qətnamənin icrası ilə bağlı 21 fevral 2016-cı il tarixdə icra vərəqəsi verilmişdir. İşdə olan X10 yekunları barədə 25 dekabr 2017-ci il tarixli, 69/04 saylı protokolundan görünür ki, X5 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi, 27 saylı evin ona məxsus 1/9 hissəsi Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5795/2016 saylı, 02 avqust 2016-cı il tarixli icra vərəqəsinin və Nərimanov rayon İcra şöbəsinin xx/xx-85381/17-17800-3 saylı, xx.xx.2017-ci il tarixli sifariş məktubunun icrasına əsasən ilkin hərrac qiyməti 80000 manat məbləğinə hərraca çıxarılmışdır. İşdə olan hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 25 dekabr 2017-ci il tarixli müqavilədən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5795/2016 saylı, 02 avqust 2016-cı il tarixli icra vərəqəsinin və Nərimanov rayon İcra şöbəsinin xx/xx- 85381/17-17800-3 saylı, xx.xx.2017-ci il tarixli sifariş məktubunun icrasına əsasən “İxtisaslaşdırılmış Təşkilat” "xxxx" MMC-nin direktoru X22 və tələbkar (alıcı) İddiaçı arasında X5 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi, 27 saylı evin ona məxsus 1/9 hissəsinə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Məhkəmə araşdırması dövründə Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsində yerləşən 27 saylı fərdi yaşayış evinin 1/9 hissəsinin paylı mülkiyyət hüququ üzrə hazırda X3 adına qeydiyyatda olub-olmaması barədə məlumat sorğu əsasında cavabdehdən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********66 saylı, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi, 27 saylı fərdi yaşayış evinin 1/9 hissəsi X3 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İddiaçı tərəfindən mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi, 27 saylı fərdi yaşayış evinin yerləşdiyi ərazidə "xxxx" MMC tərəfindən söküntü və tikinti işlərinin aparıldığını göstərildiyindən, 1/9 hissədə X5 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi, 27 saylı fərdi yaşayış evinin aparılan tikinti işləri ilə bağlı sökülüb-sökülməməsi, söküldüyü halda əmlaka görə kompensasiya ödənilib-ödənilməməsi barədə məlumatı və buna əsas olmuş sənədlərin təsdiq edilmiş surəti sorğu əsasında "xxxx" MMC-dən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən verilmiş 55 saylı, 29 iyul 2020-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 339 saylı, xx.xx.2016-cı il tarixli sərəncamına əsasən Pilot layihə üzrə Ə.Ağaoğlu, A.Alı, Ə.Dəmirçizadə və Y.Bakuvi küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülərək yerində yeni müasir binanın tikintisinə razılıq verilmişdir. Ə.Dəmirçizadə küçəsi 27 ünvanında yerləşən fərdi yaşayış evinin X8 məxsus 1/9 hissəsi yəni 64 kv.metr sahəsi 25.05.18-ci il tarixdə sökülərək əvəzində B bloku 5-ci mərtəbədən 90.4 kv.metr tam təmirli mənzilin verilməsi üçün müqavilə bağlanmış, M.Musayev kirayə yaşaması üçün həmin tarixdən yeni mənzilə köçürülənədək hər ay 500 (beş yüz) manat məbləğində vəsaitin ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 13000 manat məbləğində vəsait ödənilmişdir. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 339 saylı sərəncamından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2016-cı il tarixli, 43 №li məktub ilə Rayon İcra Hakimiyyətinə (RİH) müraciət edərək, rayonun Ə.Ağaoğlu, A.Alı, Dəmirçizadə və Y.Bakuvi küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının, orada yaşayan sakinləri "xxxx" MMC-nin vəsaiti hesabına, hər ay kirayə haqqı ödənilməklə kirayəyə köçürülməsi və gələcəkdə tam təmirli mənzillərlə təmin olunması şərtilə sökülməsini və həmin binaların yerində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisinə razılıq verməsini xahiş etmişdir. Rayonun Ə.Ağaoğlu, A.Alı, Dəmirçizadə və Y.Bakuvi küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə rayonun Ə.Ağaoğlu, A.Alı, Dəmirçizadə və Y.Bakuvi küçələrinin kəsişməsində 1,76 ha torpaq sahəsi "xxxx" MMC-nin daimi istifadəsinə verilmiş, rayonun Ə.Ağaoğlu, A.Alı, Dəmirçizadə 27 və Y.Bakuvi 9/11,9a, 13,17,19 ünvanlarında yeni çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə başlanılması məqsədi ilə "xxxx" MMC-yə ayrılmış torpaq sahəsini yerində qəbul etməsi və onun sanitar vəziyyətinə nəzarət etməsi, rayonun Dəmirçizadə 27 və Y.Bakuvi 9/11, 9a, 13, 17, 19 ünvanlarında yerləşən yaşayış binalarının sakinlərinin qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Dəmirçizadə 27 və Y.Bakuvi 9/11, 9a, 13, 17, 19 ünvanlarında yerləşən yaşayış binalarının sökülməsi qərara alınmışdır. Həmin məktuba əlavə edilmiş "xxxx" MMC ilə X12 arasında bağlanmış 05 oktyabr 2016-cı il tarixli, B3a saylı müqavilədən görünür ki, "xxxx" MMC Əbdüləzəl Dəmirçizadə küçəsi, ev 27 ünvanda yerləşən yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda X5 məxsus mənzilin söküntüsü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada M.Musayevin sökünütüsü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı 64 kv.metr mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-25% əlavə etməklə tam təmirli 3 otaqlı 80+3 kv.metr mənzili M.Musayevin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. (Açıq eyvan B bloku 5-ci mərtəbə, 90.4 kv.metr.) M.Musayev isə müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün "xxxx" MMC-yə təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Məktuba əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın dublikatının surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 1/9 hissəsi ********** qeydiyyat nömrəsi, **********05-10301 reyestr nömrəsi ilə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 203 nömrəli reyestr kitabının 18783 nömrəli vərəqində xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 1/9 hissəsi X3 mülkiyyətindədir. Həmin əmlak Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5795/2016 saylı, 02 avqust 2016-cı il tarixli icra vərəqəsinin icrası ilə bağlı hərraca çıxarılmış və həmin icra işi üzrə tələbkar olan İddiaçı satılmışdır. Buna dair hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 25 dekabr 2017-ci il tarixli müqavilə bağlanmışdır. İddiaçı daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətin təmin edilməsindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 205.1-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1, 11.1 və 15-ci maddələrinə istinad olunaraq, yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmadığı əsası ilə imtina edilmişdir. Məhkəmə tərəfindən imtinada göstərilən əsaslarla bağlı araşdırma aparılmış və araşdırma nəticəsində müəyyən edilmişdir ki, X5 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 1/9 hissəsi pilot layihə üzrə Ə.Ağaoğlu, A.Alı, Ə.Dəmirçizadə və Y.Bakuvi küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülərək yerində yeni müasir binanın tikintisi ilə bağlı "xxxx" MMC barəsində verilmiş Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 339 saylı, xx.xx.2016-cı il tarixli sərəncamının icrası ilə bağlı sonuncu ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixdə sökülmüş, əvəzində M.Musayevə tikiləcək olan B bloku 5-ci mərtəbədən 90.4 kv.metr tam təmirli mənzilin verilməsi üçün müqavilə bağlanmış, həmçinin kirayə yaşaması üçün həmin tarixdən yeni mənzilə köçürülənədək hər ay 500 (beş yüz) manat məbləğində vəsaitin ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək M.Musayevə 13000 manat məbləğində vəsait ödənilmişdir. Hazırki iddia tələbi üzrə iddiaçı açıq hərracın nəticələrinə dair yekun protokola və alqı-satqı müqaviləsinə əsaslanaraq, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun onun adına dövlət reyestrində qeydiyyata alınmasını tələb edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun tələbinə əsasən ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Lakin hazırki mübahisəyə münasibətdə göstərilən əsasla iddianın təmin edilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun formal qeydiyyatına əsas yaradacaqdır. Belə ki, işdə olan sənədlərdən də göründüyü kimi mübahisə predmeti olan daşınmaz əmlaka dair 25 dekabr 2017-ci il tarixdə ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol qəbul edilərək, həmin tarixdə iddiaçı ilə alqı-satqı müqaviləsi bağlansa da, lakin daşınmaz əmlak üzərində mülkiyyət hüququ uzun müddət X4 adına reyestrdə qeydiyyatda qalmış, əmlak üzərində M.Musayevin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olduğu dövrdə Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 339 saylı, xx.xx.2016-cı il tarixli sərəncamının icrası ilə sonuncu tərəfindən əmlakın söküntüsünə razılıq verilərək, xx.xx.2018-ci il tarixdə əmlak "xxxx" MMC tərəfindən sökülmüşdür. Həmin əmlak söküldükdən sonra iddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Belə olan halda cavabdeh tərəfindən əsaslı olaraq sökülmüş, yəni artıq mövcud olmayan əmlak üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. Mülki Məcəllənin 150.2-ci maddəsinə əsasən istənilən maraqlı şəxs qeydiyyatın ləğvi barəsində bundan xəbər tutduğu vaxtdan on gün ərzində məhkəməyə şikayət edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 18.1-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Həmin Qanunun 18.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Göründüyü kimi qanunvericilikdə məhv olunmuş daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı nəzərdə tutulmamışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının onun adına mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etdiyi Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi, 27 saylı fərdi yaşayış evinin X5 məxsus 1/9 hissəsi artıq söküldüyündən, iddiaçının mövcud olmayan həmin əmlak üzərində mülkiyyət hüququnun formal olaraq qeydiyyata alınması barədə tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) tərəflər apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar