Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2328/2021 16.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı nümayəndəsi, eyni zamanda vəkili Nümayəndə (Ünvan: Abşeron rayonu, Masazır kəndi; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: “Faiq Nağıyev və Partnyorları” vəkil bürosunun vəkili), cavabdehin nümayəndəsi X17 (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Əjdər Xanbabayev 1; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquq şöbəsində böyük məsləhətçi) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə 3-cü şəxslər - X23 və X14 qarşı “arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 2308b nömrəli bağ sahəsinə hüququn mərhum həyat yoldaşı X10 məxsus olması barədə arayışın (Forma 37) iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı 22.12.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmənin 30.03.2021-ci il tarixli qərardadı ilə X23 və X14 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 16.11.2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində göstərilmişdir ki, Azərbaycan SSR Bakı şəhər X21 İcraiyyə Komitəsinin "Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi" tərəfindən 10.08.1989-cu il tarixli Orderlə Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 2308b saylı 1200 kv.m. ibarət torpaq sahəsi mərhum həyat yoldaşı X10 ayrılmışdır. Mərhum X2 səhhətindəki xəstəliklə əlaqədar bağ sahəsinə çıxarış alınması üçün müraciət edə bilməmişdir. Lakin onlar uzun müddət birlikdə həmin bağ sahəsində yaşamışlar. 20.10.2007-ci ildə həyat yoldaşı vəfat etmişdir, hazırda sözügedən bağ sahəsi iddiaçının istifadəsindədir və orada yaşayır. Bununla bağlı 16.07.2020-ci il tarixdə mirasın qəbul edilməsi ilə bağlı Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinə müraciət edərək, digər vərəsələrin onlara məxsus pay hissədə iddiaçının xeyrinə imtina etmələri və onun vərəsəlik hüququnun rəsmiləşdirilməsini xahiş etmişdir. Bakı şəhəri 7 saylı xüsusi notariat kontoru tərəfindən DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsinə ünvanlanmış 16.07.2020-ci il tarixli 535 saylı məktubla ünvan ünvanında yerləşən 1200 kv.m. torpaq sahəsinə dair Çıxarış verilməsini xahiş etmişdir. Eyni zamanda 24.08.2020-ci il ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 2308b saylı bağ sahəsinə hüququn mərhum həyat yoldaşı X10 məxsus olması haqqında 37 saylı forma arayışının verilməsini xahiş etmişdir. Ərizəsi daxil olduqdan sonra səlahiyyətli şəxslər bağ sahəsinə gələrək, ölçmə işləri aparmışdır. Lakin ərizəsi 26.08.2020-ci il tarixdə qəbul edilsə də, hər hansı cavab verilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, eyni zamanda vəkili göstərilənlərə əsasən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, göstərilən bağ sahəsi bağların bölgü sxemi ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən sahə 2312 saylı bağın yerinə uyğun gəlir. Həmçinin 2308 b saylı bağ sahəsi eyni BTK-ın nəzdində digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Məlumat üçün qeyd edirlər ki, 2308b saylı bağ sahəsi 13.12.2013-cü il tarixində ilkin olaraq X19 adına qeydiyyatdan keçmişdir. Hal-hazırda sözügedən torpaq sahəsi üzərindəki ev ilə birlikdə vahid əmlak kimi X7 mülkiyyətindədir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır və bu barədə vətəndaşa **********44 saylı 13.10.2020-ci il tarixli məktub ünvanlanmışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən “2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, “kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış” daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, 10.08.1989-cu il tarixli 25 nömrəli Orderə əsasən Bakı şəhəri, Mərdəkan massivi ünvanında yerləşən 0.12 ha sahəsi olan 2308b saylı bağ sahəsi X8 istifadəsinə verilmişdir. X15 20.10.2010-cu il tarixdə ölmüşdür. X8 vərəsəsi kimi onun arvadı İddiaçı tanınmışdır. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq 11.06.2021-ci il tarixli məktubla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Mərdəkan qəsəbəsində yerləşən 2308b saylı bağ evinə və X8 adına 25 nömrəli order əsasında ayrılmış 0.12 hektar torpaq sahəsi olan 2308b saylı bağ sahəsinə dair müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. Cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: Bakı şəhəri Nərimanov rayon xalq deputatları Soveti İcraiyyə Komitəsinin X31 Bağlar Təsərrüfatı İdarəsinə 22.06.1988-ci il tarixli müraciəti əsasında Bakı Şəhər İcraiyyə Komitəsinin 4/151 nömrəli 19.05.1989-cu il tarixli qərarı ilə X10 Mərdəkan massivi ünvanında yerləşən 0.12 ha sahəsi olan 2308b saylı bağ sahəsi ayrılmışdır. Bu barədə 10.08.1989-cu il tarixli 25 nömrəli Order verilmişdir. Б/C nömrəli Orderə əsasən Bakı Şəhər İcraiyyə Komitəsinin 14/519 nömrəli 22.12.1989-cu il tarixli qərarı ilə Bakı şəhəri, Mərdəkan bağlar sahəsi ünvanında yerləşən 0.12 ha sahəsi olan 2308b saylı bağ sahəsi X11 istifadəsinə verilmişdir. X11 ölümündən sonra onun arvadı X12 ərizəsi əsasında 2308b saylı bağ sahəsi 1 saylı X3 istifadəsinə verilmişdir. X12 razılığı və X20 ərizəsi əsasında Bakı şəhəri, Mərdəkan bağlar sahəsi ünvanında yerləşən 0.12 ha sahəsi olan 2308b saylı bağ sahəsi X20 istifadəsinə verilmişdir. Bu barədə 37533 nömrəli 27.04.2006-cı il tarixli Müqavilə bağlanılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2308b saylı bağ sahəsi X20 adına qeydiyyatdan keçmişdir. 03.03.2014-cü il tarixli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinə əsasən X24 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2308b saylı bağ sahəsini X4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2308b saylı bağ sahəsi X22 adına qeydiyyatdan keçmişdir. 29.04.2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinə əsasən X32 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2308b saylı bağ sahəsini X1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2308b saylı bağ sahəsi X6 adına qeydiyyatdan keçmişdir. Göründüyü kimi, mübahisə predmeti olan 2308b nömrəli bağ sahəsinin ilkin olaraq 10.08.1989-cu il tarixli 25 nömrəli Orderlə Bakı Şəhər İcraiyyə Komitəsinin 4/151 nömrəli 19.05.1989-cu il tarixli qərarı əsasında iddiaçının mərhum əri X10 ayrılması cavabdeh inzibati orqan tərəfindən təqdim edilən sənədlərlə öz təsdiqini tapmışdır. Lakin, 10.08.1989-cu il tarixli 25 nömrəli Order qüvvədə olduğu halda (həmin orderin ləğv edilməsi qüvvədə düşməsinə dair hər hansı sübut təqdim edilməmişdir) hansı əsaslarla eyni bağ sahəsinin X16 ayrılmasına dair hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Belə ki, X8 2308b nömrəli bağ sahəsinin digər şəxsin adına verilməsi (bağışlanması) barədə ərizəsinin olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmamışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında qeyd olunmuşdur ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun n 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan imtina məktubunu və iddiaya dair yazılı etirazını göstərilən sahənin 2312 saylı bağın yerinə uyğun gəlməsi ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq 11.06.2021-ci il tarixli məktubla bildirmişdir ki, İdarənin arxivində X13 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 2312 nömrəli bağ sahəsinə dair 12.11.1987-ci il tarixli, 18146 nömrəli müqavilə mövcuddur. Arxiv qovluğunda mövcud olan sənədlərə əsasən sözügedən bağ sahəsinin icarədarının köçüb getməsi ilə əlaqədar həmin (18146) müqavilə ləğv edilmişdir. Həmçinin, cavabdeh inzibati orqan imtina məktubunu və iddiaya dair yazılı etirazını 2308 b saylı bağ sahəsi eyni BTK-ın nəzdində digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı hazırkı tələblə mübahisə predmeti olan torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməsini deyil, müvafiq arayışın verilməsini tələb edir. Həmçinin məhkəmə qeyd edir ki, X10 Mərdəkan massivi ünvanında yerləşən 0.12 ha sahəsi olan 2308b saylı bağ sahəsi ayrılmasına dair 10.08.1989-cu il tarixli 25 nömrəli Orderin qüvvədə olması (ləğv və ya etibarsız hesab edilməmişdir) işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi, müvafiq ünvanda olan bağ sahəsinin iddiaçının mərhum ərinə məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Mövcud qanunvericilik isə, şəxsin mülkiyyət hüququnu qeydiyyata alınanadək öldüyü halda, qeydiyyat orqanı tərəfindən onun vərəsələrinə “hüququn ölmüş şəxsə məxsus olması barədə arayış” verilməsini nəzərdə tutur. Belə olan halda, məhkəmə hesab edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsi cavabdeh tərəfindən iddiaçının atasına məxsus bağ sahəsinə dair arayış verilməsini mümkün sayır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 2308b nömrəli bağ sahəsinə hüququn mərhum həyat yoldaşı X10 məxsus olması barədə arayışın (Forma 37) İddiaçı verilməsi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 2308b nömrəli bağ sahəsinə hüququn mərhum həyat yoldaşı X10 məxsus olması barədə arayışın (Forma 37) İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-2328/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2328/2021
16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver