Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-233/2021 06.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Murad oğlunun (Bakı şəhərində qeydiyyatdadır, vəkil) cavabdehin nümayəndəsi X9 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq şöbəsində hüquq məsləhətçisi işləyir) iştirakı ilə, iddiaçı Hacıyev Şükür Çərkəz oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “xxxx” bağçılıq-yoldaşlıq birliyi və Dövlət Neft Şirkəti üçüncü şəxs qismində cəlb edilməklə çıxarış və texniki sənədin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Hacıyev Şükür Çərkəz oğlu cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 1926 və 1927 nömrəli bağ sahəsinə aid mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınmaqla çıxarış və texniki sənədlərin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər XDS İK-nin 12.10.1985ci il tarixli, 16/358 nömrəli qərarı ilə bağçılıq yoldaşlığının yaradılması məqsədi ilə Bakı Məişət xxxxləri Zavodunun işçilərinə Hövsan qəsəbəsində torpaq sahəsi ayrılmışdır. “xxxx” bağçılıq birliyinin müşavirəsinin 03.02.1992-ci il tarixli, 4 nömrəli protokoluna əsasən iddiaçı həmin birliyə üzv qəbul edilmiş və 1926 və 1927 nömrəli sahələr ona verilmişdir. Həmin torpaq sahəsi Suraxanı rayon Hövsan bağ massivində yerləşir.İddiaçı 1926 və 1927 nömrəli bağ sahələrinə aid plan ölçünün tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınması və çıxarış verilməsi üçün cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 1926 və 1927 nömrəli bağ sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəyə əlavə olunmuş əlavələr surətdir. Göstərilən bağ sahəsi bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi T.Yeganlı iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və vəkilini və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Cavabdehin iddiaçının nümayəndəsinə ünvanlanmış 14.06.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 1926 və 1927 nömrəli bağ sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəyə əlavə olunmuş əlavələr surətdir. Göstərilən bağ sahəsi bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. “xxxx” bağçılıq birliyinin 03.02.1992-ci il tarixdə keçirilmiş müşavirəsinin 04 №li protokolundan çıxarışa əsasən İddiaçı Çərkəz oğlunun adına 1926 və 1927 nömrəli bağlar keçirilmişdir. “Bağ sahəsinin planı”na əsasən 1886, 1886A, 1887, 1925, 1926 və 1927 nömrəli bağ sahələri “xxxx” bağçılıq birliyinin nəzdində olmuşlar. “xxxx” bağçılıq birliyinin planına əsasən 1926 və 1927 nömrəli bağ sahələri “xxxx” bağçılıq birliyinə aid bağların hüdudlarında yerləşir. “xxxx” bağçılıq yoldaşlığına daxil olmuş şəxslərin siyahısında iddiaçının adı “599” nömrəsinə uyğun göstərilmişdir. Bakı şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 12.10.1985-ci il tarixli qərarına əsasən həmin qərarla Bakı məişət xxxxləri zavoduna 600 nəfərdən ibarət Bağçılıq Yoldaşlığının yaradılması üçün Hövsan qəsəbəsində torpaq sahəsi ayrılmışdır. “xxxx” Bağçılıq Yoldaşlığının sədri tərəfindən imzalanaraq möhürlə təsdiq edilmiş üzvlük kitabçasına əsasən iddiaçıya sahəsi 1000 kv metr olan 1926 və 1927 nömrəli bağ sahələri ayrılmışdır. Bakı Apelyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2-1(103)-160/2018 nömrəli iş üzrə 26.01.2018-ci il tarixli qərarına əsasən iddiaçı Rəhimov Təhmasib Fərzi oğlunun cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 1932 və 1933 saylı bağ sahələri üzərində mülkiyyət hüququnun həmin şəxsin adına qeydə alınmaqla çıxarışın və plan ölçünün tərtib edilməsi vəzifəsinin qoyulması barədə iddiası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən təmin edilmiş, həmin qərar apelyasiya instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır.Qeyd edilən qərardan göründüyü kimi Rəhimov Təhmasib Fərzi oğlunun iddia ərizəsində göstərilən 1932 və 1933 saylı bağ sahələri “xxxx” bağçılıq yoldaşlığına ayrılmış torpaq sahəsində yerləşmişlər.Həmin qərardan verilən kassasiya şikayəti də Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 may 2018-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-775/2019 nömrəli, 09.04.2019-cu il tarixli qərarına əsasən cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə və məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətlə həmin iş üzrə məhkəməyə müraciət etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, müvafq torpaq sahəsi (“xxxx” bağçılıq yoldaşlığı tərəfindən iddiaçı Rəhimov Təhmasib Fərzi oğluna ayrılmış 1932 və 1933 nömrəli bağ sahələri) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ayrılmış ərazidə yerləşir və həmin hal daha əvvəl nə cavabdehə, nə də məhkəməyə məlum olmadığından həmin məsələ məhkəmədə araşdırılmamış və nəticədə məhkəmə tərəfindən düzgün qərar qəbul edilməmişdir.Odur ki, həmin hal iş üzrə icraatın dayandırılması üçün əsasdır.Həmin ərizə və vəsatət 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən təmin edilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin bu barədə qərardadlarından verilən apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 04.12.2018-ci il tarixli qərardadı ilə təmin edilməmişdir.Ali Məhkəmənin qərarında qeyd edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin mövqeyinə görə mübahisəli torpaq sahəsinin Dövlət Neft Şirkətinin ərazisində yerləşməsi və ayrıc aktından kənarda olması halının müəyyən edilməsi cavabdeh inzibati orqanın səlahiyyətlərinə aiddir, lakin cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında iştirak etməsinə baxmayaraq bu barədə məhkəmələrə hər hansı bir məlumat veriməmişdir.Həmçinin cavabdeh tərəfindən qeyd edilən halı təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi 2-1(102)-775/2019 nömrəli, 09.04.2019-cu il tarixli qərarında Bakı Apelyasiya Məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşaraq həmin qərardaddan verilən kassasiya şikayətini təmin etməmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “xxxx” B/Y-nın 1937 saylı bağ sahəsi mülkiyyət hüququ ilə Adışirinov Nemət Fikrət oğlunun adına qeydə alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “xxxx” B/Y-nın 1930-1931 saylı bağ sahəsi mülkiyyət hüququ ilə Fərzəliyev Məmməd Ənvər oğlunun adına qeydə alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “xxxx” B/Y-nın 1932 saylı bağ sahəsi mülkiyyət hüququ ilə Rəhimov Təhmasib Fərzi oğlunun adına qeydə alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2- 1(102)-2015/2016 nömrəli, 29.12.2016-cı il tarixli qərarına əsasən iddiaçı Nəhmətov Elşad Hümbət oğlunun cavabdeh Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “xxxx” bağçılıq yoldaşlığının üzvlərinin 12 iyun 1991-ci il tarixli, 06 nömrəli protokoluna əsasən ona ayrılmış 1928 və 1929 nömrəli torpaq sahələri üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə tələbi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30.09.2015-ci il tarixli qərarı ilə təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin inzibati –iqtisadi kollegiyasının 16.08.2016-cı il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır, cavabdehin sonuncu qərardan verdiyi kassasiya şikayəti də təmin edilməmişdir.Həmin qərardan göründüyü kimi 1928 və 1929 nömrəli bağlar Nəhmətov Elşad Hümmət oğluna “xxxx” Bağçılıq yoldaşlığının üzvü kimi verilmişdir,cavabdeh orqan bağ sahəsinin Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu mühafizə zolağının altında olan torpaq sahələrinə aid olduğuna və bağçılığa ayrımş ayrıc aktından kənara düşdüyünə görə iddiaçının həmin bağ sahələri üzərində mülkiyyət hüququnu qeydə almaqdan imtina etmişdir, lakin Bakı Apelyasiya Məhkəməsi işə baxan zaman o nəticəyə gəlmişdir ki, inzibati orqan olan cavabdeh qeyd edilən bağ sahələrinin Xəzər dənizinin sahilboyu mühafizə zolağının altında olan torpaq sahələrinə aid olduğunu sübut etməmişdir, Azərbaycan Respublikasının Ali Məhkəməsi isə apelyasiya instansiyasının gəldiyi nəticə ilə razılaşmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “xxxx” B/Y-nın 1928-1929 saylı bağ sahəsi mülkiyyət hüququ ilə Bədəlov Fuad Murad oğlunun adına qeydə alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1923 saylı bağ sahəsi mülkiyyət hüququ ilə Qurqunayeva Firəngiz Nəcməddin qızının adına qeydə alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2- 1(102)-1458/2016 nömrəli, 12.10.2016-cı il tarixli qərarına əsasən iddiaçı Fərzəliyev Məmməd Ənvər oğlunun cavabdeh Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “xxxx” bağçılıq yoldaşlığının üzvlərinin 12 iyun 1991-ci il tarixli, 06 nömrəli protokoluna əsasən iddiaçıya ayrılmış 1930 və 1931 nömrəli torpaq sahələri üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə tələbi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.04.2015-ci il tarixli qərarı ilə təmin edilmişdir, həmin qərar Bakı Apelyasiya Məhkəməsinin 23.05.2016-cı il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır, həmin qərardan verilən kassasiya şikayəti təmin edilməmişdir, Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarında işin müəyyən edilmiş halı kimi mübahisəli bağ sahəsinin Xəzər dənizinin sahilindən 93 metr məsafədə yerləşməsi, yəni sahilboyu 20-50 metrlik zolağa düşməməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, iddiaçıya üzvü olduğu “xxxx” bağçılıq yoldaşlığı tərəfindən kooperativə ayrılmış torpaq sahəsində - Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində 1926 və 1927 nömrəli bağ sahələri ayrılmışdır, iddiaçı həmin bağ sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı, cavabdehin imtinasını isə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;.. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir...Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İşin faktiki hallarına əsasən iddiaçı həqiqətən də “xxxx” bağçılıq yoldaşlığının üzvü olmuşdur, qeyd edilən bağçılıq yoldaşlığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində bağ sahələri üçün ona ayrılmış torpaq sahəsində yerləşən 1926 və 1927 nömrəli bağ sahəsini iddiaçıya ayırmışdır və iddiaçıya bağçının üzvlük kitabçası verilmişdir.İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş sənədləri cavabdehə təqdim edərək həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də müraciəti təmin edilməmişdir, imtinanın əsası kimi 1926 və 1927 nömrəli bağ sahəsinin bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsi göstərilmişdir. Məhkəmə cavabdehin qeyd edilən əsasla imtinasını əsassız hesab edir ki, belə ki, iş materiallarında olan bağın yerləşmə sxeminə əsasən iddiaçıya ayrılmış bağ sahələrindən sonrakı sırada yerləşən, “xxxx” bağçılıq yoldaşlığının üzvləri olmuş şəxslərə ayrılmış 1928-1929,1930-1931,1932-1933 nömrəli bağ sahələri üzərində mülkiyyət hüquqları qanuni qüvvəyə minmiş məhkəmə aktları əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışlar və həmin məhkəmə aktlarında bağ sahəlrinin yerləşdiyi ərazinin Dövlət Neft Şirkətinə məxsus olması müəyyən edilməmişdir, həmin işlərə baxılan zaman cavabdehin imtinasının əsası kimi bağların torpoq sahələrinin Xəzər dənizinin sahil mühafizə zonasına aid olması göstərilmişdir ki, bu hal da işin faktiki halları ilə təsdiqlənməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-775/2019 nömrəli, 09.04.2019-cu il tarixli qərarına əsasən cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəsində ` iddiaçıya ayrılmış 1926 və 1927 nömrəli bağ sahəsindən sonrakı sırada yerləşən müvafq (“xxxx” bağçılıq yoldaşlığı tərəfindən ayrılmış 1932 və 1933 nömrəli bağ sahələrinin) torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ayrılmış ərazidə yerlədiyini göstərsə də həmin mübahisəli torpaq sahəsinin Dövlət Neft Şirkətinin ərazisində yerləşməsi və ayrıc aktından kənarda olması halı həmin işə baxılan zaman müəyyən edilməmiş və cavabdeh tərəfindən qeyd edilən halı təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir.Belə olan halda iddiaçıya ayrılmış bağ sahəsi heç bir halda Dövlət Neft Şirkətinin istifadəsinə ayrılmış torpaq sahəsində yerləşə bilməzdi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 1926 və 1927 nömrəli bağ sahəsinə aid mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınmaqla çıxarış və texniki sənədlərin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yannda Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 1926 və 1927 nömrəli bağ sahəsinə aid mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınmaqla çıxarış və texniki sənədlərin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yannda Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-233/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-233/2021
06.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver