Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2331/2021 06.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Aşurbəyovlar küçəsi (Çaparidze), ev 11, 3 saylı mənzilə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 22.05.2013-cü il tarixli 149 №-li Sərəncamına əsasən ünvan 2 ünvanında yerləşən, ev 11, mərtəbə 2, yaşayış sahəsi 29,51 kv.m olan 2 otaqlı, 3 saylı mənzil 3 nəfər ailə üzvü (özü, həyat yoldaşı, oğlu) olmaqla ona ayrılmışdır. Artıq 7 (yeddi) ildən artıq müddətdir ki, o, ailəsi ilə birlikdə ünvan 2, ev 11, mənzil 3 ünvanında yaşayır. Lakin ona ayrılmış mənzil ilə bağlı çıxarış mövcud deyil, bu səbəbdən 24.08.2020-ci il tarixində cavabdehə rəsmi qaydada müraciət etsə də, 06.10.2020-ci il tarixli cavab məktubu ilə onun ərizəsinə imtina edilmişdir. İmtina qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahatında bildirdi ki, iddiaçıya qeyd olunan mənzilə dair Bakı şəhəri Səbail Rayonu İcra Hakimiyyətinin Başçısı tərəfindən 149 saylı sərəncam 22.05.2013-cü il tarixdə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalnız istifadəyə verilə bilər. Bu səbəbdən də iddia ərizəsi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 06.10.2020-ci il tarixli, **********18 saylı məktubda qeyd edilir: Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Aşurbəyovlar küçəsi (Çaparidze küçəsi), 11 saylı evin, 3 mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, 24.08.2020-ci il tarixli ərizənizə və sənəd surətlərinə tərəfimizdən baxılmışdır. Aparılan araşdırma zamanı vətəndaş İddiaçı qeyd olunan mənzilə dair Bakı şəhəri Səbail Rayonu İcra Hakimiyyətinin Başçısı tərəfindən 149 saylı sərəncamın 22.05.2013-cü il tarixdə verildiyi müəyyən edilmiş və bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalnız istifadəyə verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. İş materiallarında olan Səbail rayon İcra Hakimiyyəti Başçısının 149 saylı 22 may 2013-cü il tarixli sərəmcamından çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 11 və 28 mart, 08 və 16 aprel 2013-cü il tarixli, 29-809 M1, 29-424 BB, 29-572 BB və 29-640 BB saylı məktubları ilə daxil olmuş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi və Azərbaycan Neft Qaz X1 İttifaqı Respublika Komitəsinin birgə iclaslarının protokol qərarlarına (pr. № 11, 9, 6, 15) əsasən Şirkətin mərkəzləşdirilmiş mənzil uçotu siyahısı üzrə ... İddiaçı ... və qeyrilərinin mənzil ilə təmin edildikləri ... bildirilməklə qərarların təsdiq olunması xahiş edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 02.11.2011-ci il tarixli, 7-4469/17 saylı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 11 və 28 mart, 08 və 16 aprel 2013-cü il tarixli, 29-809 Ml, 29-424 BB, 29-572 BB və 29-640 BB saylı məktublarını və Səbail rayon İcra Hakimiyyəti Başçısının Mənzil məsələləri üzrə ictimai komissiyasının 04.04.2013-cü il tarixli rəyini (pr.№ 4) nəzərə alaraq 1.Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və Azərbaycan Neft Qaz X1 İttifaqı Respublika Komitəsinin birgə iclasının aşağıda “adları qeyd edilən işçilərin mənzillə təmin edildikləri, mənzil növbəsinin addanada keçirilməsi, mənzil növbəsinin bərpası və mənzil növbəsindən çıxarılmaları” barədə 12 yanvar, 27 sentyabr, 27 dekabr 2011-ci il, 13 iyun, 03 və 17 iyul, 14 avqust, 06 dekabr 2012-ci il və 18 mart 2013-cü il tarixli 2, 3, 6, 8, 9, 10, 11 və 15 saylı protokol qərarlarından çıxarışların təsdiq edilməsi, 8.İddiaçı 3 nəfər ailə üzvü ilə (özü, həyat yoldaşı, oğlu) ünvan 5 ünvanda yerləşən, mərtəbə 2, yaşayış sahəsi 29,51 kv.m olan 2 otaqlı, 3 saylı mənzilin ayrılması və mənzil növbəsindən çıxarılmaları qərara alınmışdır (İddiaçı - 1949-cu il təvəllüdlü, özü, X3 - 1953-cü il təvəllüdlü, həyat yoldaşı, X5 1988-ci il təvəllüdlü, oğlu). İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının 06.12.2012-ci il tarixli 15 nömrəli protokolundan çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ARDNŞ-nin mənzil uçot siyahısı üzrə 2-ci sırada olan keçmiş “Balaxanınefit” NQÇİ-nin işçisidir, 01.11.2006-cı ildən təqaüddədir, o, 13.06.1984-cü ildə mənzil uçotuna götürülmüşdür, qeydiyyatda olduqları və yaşadıqları 1 otaqdan ibarət 18 kv.m yaşayış sahəsi olan Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.Aydınbəyov küçəsi, ev 6, mənzil 13 onun adına özəl mənzil olmuş və o, bu mənzili 2007-ci ildə qızı Hicrana bağışlamışdır. İddiaçı qeydiyyatda olduqları və yaşadıqları özəl mənzil nəzərə alınmaqla bölgüsü aparılan ünvan 5 ünvanındakı 2 mərtəbəli yaşayış binasında, mərtəbə 2, 2 otaqdan ibarət 29,51 kv.m yaşayış sahəsi olan 3 nömrəli mənzil təklif edilmişdir. O, bu mənzilə köçməyə razılığını bildirmiş, öz razılığını yazılı ərizəsi ilə təsdiq etmişdir. Göstərilənlərə əsasən ünvan 5 ünvanındakı 2 mərtəbəli yaşayış binasında, mərtəbə 2, 2 otaqdan ibarət 29,51 kv.m yaşayış sahəsi olan 3 nömrəli mənzilin İddiaçı 3 nəfərdən ibarət aşağıdakı ailə tərkibinə ayrılması (özü - İddiaçı, 1949-cu il təvəllüdlü, arvadı - X3, 1953-cü il təvəllüdlü, oğlu - X5, 1988-ci il təvəllüdlü), İddiaçı mənzil uçotundan çıxarılması, ayrılan mənzilə müvafiq hüquqi sənədin verilməsi məqsədilə mənzil uçot qovluğunun Səbail rayon İcra Hakimiyyətinə göndərilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mənzil uçot siyahısında olmuş, keçmiş “Balaxanınefit” NQÇİ-nin işçisi olmuş, 01.11.2006-cı ildən təqaüddədir və 13.06.1984-cü ildə mənzil uçotuna götürülmüşdür. İddiaçıya qeydiyyatda olduqları və yaşadıqları özəl mənzil nəzərə alınmaqla bölgüsü aparılan ünvan 5 ünvanındakı 2 mərtəbəli yaşayış binasında, mərtəbə 2, 2 otaqdan ibarət 29,51 kv.m yaşayış sahəsi olan 3 nömrəli mənzil təklif edilmişdir və o, bu mənzilə köçməyə yazılı razılığını bildirmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının 06.12.2012-ci il tarixli qərarı ilə (06.12.2012-ci il tarixli 15 nömrəli protokol) həmin mənzilin İddiaçı 3 nəfərdən ibarət aşağıdakı ailə tərkibinə ayrılması (özü - İddiaçı, 1949-cu il təvəllüdlü, arvadı - X3, 1953-cü il təvəllüdlü, oğlu - X5, 1988-ci il təvəllüdlü), İddiaçı mənzil uçotundan çıxarılması, ayrılan mənzilə müvafiq hüquqi sənədin verilməsi məqsədilə mənzil uçot qovluğunun Səbail rayon İcra Hakimiyyətinə göndərilməsi qərara alınmışdır. Bundan sonra Səbail rayon İcra Hakimiyyəti Başçısının 149 saylı 22 may 2013-cü il tarixli sərəmcamına əsasən iddiaçıya 3 nəfər ailə üzvü ilə (özü, həyat yoldaşı, oğlu) ünvan 5 ünvanda yerləşən, mərtəbə 2, yaşayış sahəsi 29,51 kv.m olan 2 otaqlı, 3 saylı mənzilin ayrılması və onun mənzil növbəsindən çıxarılması qərara alınmışdır. İddiaçı qeyd olunan mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar müraciət etsə də, cavabdeh inzibati orqan iddiaçının adına qeyd olunan mənzilə dair Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti Başçısı tərəfindən 149 saylı sərəncamın 22.05.2013-cü il tarixdə verildiyini bildirməklə müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, qeyd olunan sərəncam 22.05.2013-cü il tarixdə imzalansa da, iddiaçının mübahisəli mənzilə hüquqları həmin tarixdən deyil, daha əvvəl, yeni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixədək - 01.10.2009-cu ilədək yaranmışdır. Belə ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mənzil uçot siyahısında olmuş, keçmiş “Balaxanınefit” NQÇİ-nin işçisi olmuş, 13.06.1984-cü ildə mənzil uçotuna götürülmüş, onun qeydiyyatda olduğu və yaşadığı mənzil nəzərə alınmaqla bölgüsü aparılan ünvan 5 ünvanındakı 2 mərtəbəli yaşayış binasında, mərtəbə 2, 2 otaqdan ibarət 29,51 kv.m yaşayış sahəsi olan 3 nömrəli mənzil təklif edilmişdir, o, bu mənzilə köçməyə yazılı razılığını bildirmiş, bundan sonra həmin mənzil iddiaçıya ayrılmış və o, mənzil növbəsindən çıxarılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139-1.1.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Həmin qərarda göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0.8-ci və 8.0.11-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinin 2-ci hissəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci hissəsinə əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Məhkəmə, cavabdeh inzibati orqanın imtina üçün istinad etdiyi halları əsassız hesab edərək həmin halları hüquqların dövlət qeydiyyatından imtina üçün əsas hesab etmir. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilərək göstərilmişdir. Həmin maddəyə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Sadalanan əsaslardan hər hansının olması barədə cavabdeh tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir. İş materialları ilə də hər hansı halın mövcud olduğu müəyyən edilməmişdir. Cavabdeh inzibati orqan iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin və dəlillərin hüquqların dövlət qeydiyyatı üçün əsas olmadığını sübut edə bilməmişdir. Qanunvericiliyin tələbi baxımından həmin sənədlər hüquqların qeydiyyatı üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün heç bir əsas olmadığına görə cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-2331/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2331/2021
06.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver